Böyük Britaniya Xarici İnkişaf Nazirliyinin dövlət naziri zati-aliləri Baronessa Çalmer of Volesiyə - 4 fevral 1994-cü il


Hörmətli xanım dövlət naziri!

Azərbaycanın heç bir təqsiri olmayan bir milyon nəfərdən çox vətəndaşı öz doğma ərazisində qaçqın vəziyyətinə düşmüşdür. Onlara humanitar yardım göstərilməsinə Britaniya hökumətinin qayğısı və bu sahədə sizin şəxsi fəaliyyətiniz məni riqqətə gətirir.

Doğrudan da qış şəraitində palçığın içində çadırlarda yaşamağa məcbur olan dinc əhalinin - qadınların, uşaqların, ahıl adamların iztirablarını sözlə ifadə etmək çətindir. Bütün bunlar Ermənistan Respublikasının mənim xalqıma qarşı təcavüzünün, bütün beynəlxalq hüquq normalarını, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini pozaraq ərazi ələ keçirmək arzusu ilə suveren Azərbaycanın torpaqlarının işğalını davam etdirən sərsəm siyasətçilərin siyasi təkəbbürlərinin nəticəsidir.

Mən Britaniya hökumətinə və şəxsən sizə olduqca minnətdaram ki, Azərbaycanın nahaq məhrumiyyətlərə düçar edilən günahsız vətəndaşlarına yardım göstərir və onların taleyinə acıyırsınız. Sizi əmin edirəm ki, bizə göstərilən humanitar yardımdan səmərəli istifadə olunması üçün Azərbaycan hökuməti öz tərəfindən bütün lazımi tədbirləri görəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 5 fevral 1994-cü il.