Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin xarici işlər naziri İsmayıl Cəmin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 21 oktyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab nazir!

Azərbaycana xoş gəlmisiniz. Sizi və sizinlə bərabər Türkiyədən Azərbaycana gəlmiş qonaqların hamısını səmimi qəlbdən salamlayıram və bu görüşdən çox məmnunam. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri daim inkişaf edir. Bundan ötrü hər iki tərəfdən çox işlər görülür. Ancaq belə görüşlər, məsləhətləşmələr, bəzi məsələlər haqqında mövqelərin müəyyənləşdirilməsi də çox vacibdir. Yəni, bu bizim əlaqələrimizin əsas istiqamətlərindən biridir. Ona görə də mən sizin Azərbaycana səfərinizi qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz sizinlə həm Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr haqqında onların gələcəyi barədə söhbət edərik. Bir də ki, indi dünya çox qarmaqarışıqdır. Dünyada nə var, nə yox, nə proseslər gedir, Türkiyə buna necə baxır, Azərbaycan necə baxır, nə edirik, nə etməliyik... Təbiidir ki, bunlar barədə də müəyyən qədər fikir bölüşməsi edəcəyik. Mən sizi bir də salamlayıram.

İsmayıl Cəm: Sayın cümhur başqanım!

Öncə sayğılarımızı Sizə bildirmək istəyirəm. Bizə vaxt ayırdığınıza görə çox sağ olun. Həmişəki kimi, iki qardaş ölkə arasında çox faydalı görüşlərin gerçəkləşməsinə daha bir imkan yaratdınız. Mən əvvəlcə hörmətli prezidentimiz Sezərin dərin hörmət və ehtiramını Sizə çatdırmaq istəyirəm. Hörmətli baş nazirimizin sayğılarını və ehtiramını Sizə yetirirəm. Azərbaycanla Türkiyə arasındakı münasibətlər həqiqətən hər kəsə örnək olacaq səciyyə daşıyır. Bir-birimizi həmişə qardaş bilmişik və bir-birimizə arxa olmuşuq. Bunu, əlbəttə ki, daha yüksək səviyyədə davam etdirəcəyik. Ölkələrimiz arasında həmişə çox yaxşı ikitərəfli əlaqələr olmuşdur. İkitərəfli əlaqələrimizə son vaxtlar "Şahdəniz" layihəsinin daxil edilməsi ilə iqtisadi əməkdaşlığımız daha da inkişaf etməkdədir. Bundan böyük məmnunluq duymaqdayıq.

Buyurduğunuz kimi, dünyada qarışıq bir dövr yaşanmaqdadır. 11 sentyabr hadisələri, bunun ardınca Əfqanıstanda, habelə Gürcüstanda hadisələr baş verməkdədir. Mən bunlar haqqında sizin çox dəyərli fikirlərinizin, baxışlarınızın Türkiyə nöqteyi-nəzərindən həmişə çox faydalı olduğu düşüncəsindəyəm. Bu görüşümüzdə həmin məsələləri Sizin dəyərləndirməyiniz, bu barədə Sizin qənaətiniz bizim üçün son dərəcə əhəmiyyətlidir. İcazənizlə, bunlar haqqında Sizin fikirlərinizi bilmək istərdik.

Dünyada baş vermiş son hadisələr baxımından, adətən, insanları, mədəniyyətləri üz-üzə qoymaq istəyənlərlə qarşılaşmaqdayıq. Bunların qarşısını almaq, bunlara mane olmaq, məncə, həm Azərbaycanın, həm də Türkiyənin vəzifəsidir. Bununla bağlı biz Türkiyə olaraq bir təşəbbüs göstərdik. İslam Konfransı Təşkilatı ilə Avropa Birliyi arasında mədəniyyətlərin uyarlığına dair böyük bir toplantı keçirilməsini təklif edirik.

Bu toplantını İstanbulda keçirmək fikrindəyik. Bunu daha öncə İslam Konfransı Təşkilatının bəzi üzvləri ilə, bu beynəlxalq təşkilatın baş katibi ilə görüşümüzdə müzakirə etdik. Onlar mənə çox cəsarət verdilər, məni dəstəklədilər.

Dünən Avropa Birliyində bu beynəlxalq təşkilatın üzvü olmaq istəyən ölkələrlə həmin təşkilatın üzvləri olan ölkələrin təmsilçilərinin birgə toplantısı keçirildi. Biz Türkiyənin bu təklifini orada ətraflı bildirdik. Təşəbbüsümüz çox bəyənildi, Avropa Birliyinin üzvü olan ölkələrin toplantıda çıxış edən təmsilçilərinin hamısı təklifimizə tərəfdar oldular. Avropa Birliyinin fəaliyyətdə olan sədri bu məsələni birlikdə həyata keçirməyin, gerçəkləşdirməyin zəruriliyini bəyan etdi. Belə bir təşəbbüsün həyata keçirilməsində Azərbaycanın iştirak etməsi, öz töhfəsini verməsi bizim üçün son dərəcə önəmlidir. Bu məsələlərdə zati-alinizin iştirakını arzu etmək istəyirik.

Yenə son hadisələrlə bağlı biz Azərbaycanla, Orta Asiyadakı türk cümhuriyyətləri ilə birlikdə qardaş Əfqanıstan xalqına bir yardım göndərmək məsələsini Ankarada bu ölkələrin hörmətli səfirləri ilə müzakirə etdik. belə bir təşəbbüsü birlikdə göstərmək fikrindəyik. Bu məsələyə Sizin münasibətlərinizi bilmək istəyirik.

Həm ikitərəfli əlaqələrimizlə, həm dünyada baş verən hadisələrlə, həm də qardaş ölkələrimizin birlikdə görə biləcəyi işlərlə bağlı Sizin düşüncələrinizi bilmək bizim üçün çox əhəmiyyətlidir.

Hörmətli xarici işlər nazirinizə, azərbaycanlı qardaşlarımıza təşəkkür etmək istəyirəm.

Heydər Əliyev: Sizə təşəkkür edirəm. Birincisi, cümhur başqanı hörmətli Əhməd Necdət Sezərdən mənə gətirdiyiniz salama görə, baş nazir hörmətli Bülənd Ecevitdən gətirdiyiniz salama görə təşəkkürümü bildirirəm. Rica edirəm ki, mənim qardaşlıq salamlarımı, ən xoş arzularımı cümhur başqanına və baş nazirə yetirəsiniz. Bütün Türkiyə xalqına mənim hörmətimi, ehtiramımı, sevgimi, məhəbbətimi bir daha bəyan etmək istəyirəm.

Mən bir də qeyd edirəm ki, Azərbaycan müstəqil bir dövlət kimi, - siz bilirsiniz ki, bu günlərdə biz dövlət müstəqilliyimizin əldə olunmasının 10-cu ildönümünü bayram etdik və sizlərdən də çox gözəl təbrik məktubları aldıq, həm cümhur başqanından, baş nazirdən və həm də sizdən, bunlara görə təşəkkür edirəm, -Türkiyə ilə ən yaxın dostluq, əməkdaşlıq edir. Yəni biz bir yerdəyik, bərabərik və bundan sonra da birlikdə olacağıq. Ona görə də biz daim bu əlaqələrimizi bütün sahələrdə - həm iqtisadi, həm siyasi, həm mədəni sahələrdə inkişaf etdirməyə çalışırıq və çalışacağıq.

Son illər bizim iqtisadi əlaqələrimizdə ən önəmli yer tutan Azərbaycanın Xəzər dənizindəki neft-qaz yataqlarının dünyanın böyük neft şirkətləri ilə, o cümlədən "Türk petrolları" şirkəti ilə birlikdə işlənilməsi və enerji daşıyıcılarının dünya bazarına çıxarılması məsələsidir. Bu məsələ, - bilirsiniz ki, biz sizinlə birlikdə 4-5 ildir çalışırıq, - o qədər də asan bir iş olmadı. Çox ağır, çətin və mürəkkəb yol keçdik, artıq bunu keçmişik. Bakı-Ceyhanla bağlı bütün sahələrdə sazişləri, anlaşmaları imzaladıq. İndi artıq əməli işə başlanıbdır. "Şahdəniz" neft yatağından qazı ilk növbədə Türkiyəyə, Ərzuruma, ixrac olunaraq ondan sonra da, güman edirəm, dünya bazarlarına çıxarılacaqdır. Bu barədə də biz sizinlə çox faydalı əməkdaşlıq etdik. Mart ayında mən sizin ölkədə rəsmi səfərdə olduğum zaman biz Türkiyə ilə Azərbaycan arasındakı sazişi, anlaşmanı imzaladıq. Sonra Gürcüstanla danışıqlarımız getdi. Bilirsiniz ki, ötən ayın sonunda Gürcüstan prezidenti hörmətli Eduard Şevardnadze də Azərbaycana gəldi. Bütün bu danışıqlara son qoyduq, anlaşmaları imzaladıq.

Beləliklə, gələcəkdə hər iki ölkə üçün bu iki böyük proqramın əsasını qoyduq. İndi onun inşaat işlərinə başlayırıq. Güman edirəm ki, müəyyən edilən vaxtda - 2004-cü ildə Bakı-Ceyhan neft boru kəməri işə düşəcək, neft Ceyhana, qaz isə Ərzuruma çatdırılacaqdır. Bunlar hesab edirəm ki, bizim qardaşlıq, dostluq, əməkdaşlıq fəaliyyətimizdə əsas nəticələrdən biridir. Çünki bütün əlaqələrin yaranmasında iqtisadi əməkdaşlıq, iqtisadi əsas, təbiidir ki, həlledici xarakter daşıyır.

Başqa sahələrdə də biz sizinlə daim əməkdaşlıqdayıq. İndi dünyada yeni problemlər ortaya çıxıbdır. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarına qarşı edilən terror çox dəhşətli hadisəsidir. Biz bu terror hadisəsini dərhal pislədik və terrorçuların araşdırılması, yaxalanması və ümumiyyətlə, beynəlxalq terrora qarşı

mübarizənin aparılması və bu bəlaya son qoyulması üçün öz imkanlarımızı təqdim etdik. bu barədə Amerika Birləşmiş Ştatları ilə, sizin hamınızla bir alyansdayıq, bu işdə iştirak edirik və bundan sonra da iştirak edəcəyik.

Türkiyənin terrorla mübarizədə çox böyük təcrübəsi vardır. Amma yaxşı olardı ki, nə terror olaydı, nə də təcrübə olaydı. Təəssüflər olsun ki, son illərdə, yəni son 40-50 ili götürsək, terror ayn-ayrı ölkələrə artıq çox böyük ziyan verir və bu ölkələrdə sabitliyi pozur. Ümumiyyətlə, dövlətçiliyə çox böyük təhlükələr yaradır. Siz neçə il, - 10 il, 15 il terrorla mübarizə apardınız və terrorun qarşısını aldınız. Amma nə qədər şəhidlər verdiniz. Bunları bütün dünya bilir. Biz bunu daha da yaxşı bilirik. Çünki orada olan şəhidlər bizim şəhidlərimizdir. Ancaq təəssüflər olsun, bu gün demək lazımdır ki, bunu dünyanın çox ölkələrində anlaya bilmirdilər. O cümlədən bizim başımıza gələn işləri. Siz də bilirsiniz ki, 1988-ci ildən Ermənistan Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edib, hərbi təcavüz edibdir. Amma bu təcavüzün özü də terrordan başlayıbdır.

Ermənistan keçmişdə Türkiyənin müxtəlif ölkələrdəki səfirliklərinə etdikləri terrorlar, Türkiyə diplomatlarının qətlə yetirilməsi - bunların hamısı bizim hafizəmizdədir. Amma bəziləri bunu unudur. 1918-ci ildə Azərbaycanda ilk xalq cümhuriyyəti yaranandan sonra Azərbaycanın liderlərinin bəzilərinə qarşı terror edənlər də erməni daşnak qüvvələri idi.

Məsələn, bizim o illər baş nazir olan Fətəli xan Xoyskini Tiflisdə öldürmüşdülər. Sonra bizim başqa bir liderimizi Orta Asiyada, Buxarada öldürmüşdülər. Yaxud da ki, Berlində Tələt paşanı öldürmüşdülər. Bunların hamısı tarixdən bizə məlumdur. Kimin terrorçu olduğu da bizə məlumdur. Ancaq 1988-ci ildən Azərbaycana qarşı, yenə də deyirəm, bu torpaq iddiası, bu hərbi təcavüz terrordan başlayıbdır. O vaxtdan indiyə qədər bu terrorla mübarizə aparırıq. Bir tərəfdən onlar bizimlə müharibə edib, bəzi səbəblərdən torpaqlarımızın bir qismi işğal olunubdur. İkinci tərəfdən də Azərbaycanda bir çox terror hadisələri baş veribdir. Azərbaycanda metropoliteni iki dəfə partlatdılar. Sonradan biz onu araşdırdıq, bunu edənlər Ermənistanda hazırlanıb göndərilmiş qüvvələr idi. Burada dəmiryol vaqonlarını partlatdılar, insanları qətlə yetirdilər. Avtobusları partlatdılar, başqa bir çox belə şeylər etdilər.

Avropa Şurasının son toplantısında Azərbaycanın nümayəndə heyəti 32 fakt gətiribdir ki, son zamanlar Ermənistan terrorçuları Azərbaycana qarşı nə qədər terror aktları ediblər. Ona görə də biz terrorun nə olduğunu bilirik. Digərlərindən daha da yaxşı bilirik. Sizin kimi biz də bilirik. Biz terrordan ən çox zərər çəkmiş ölkələrdən biriyik. Amma təəssüf ki, digər ölkələrdə, Avropada terror olmadığına, yaxud az olduğuna görə, bunun təhlükəli olduğunu o qədər də anlaya bilmirdilər. İndi Amerika kimi böyük bir dövlətə, ömründə belə şeylər görməmiş bir ölkədə, müharibə görməmiş bir ölkədə, iqtisadi cəhətdən, hərbi cəhətdən böyük potensiala malik olan ölkədə belə bir dəhşətli terror hadisəsi meydana çıxdı. Təbiidir ki, bu bizi dəhşətlənirdi. Ancaq bu, artıq bütün dünyanı da oyatdı ki, terror adi bir şey deyildir. Siz də, biz də bunun nə qədər təhlükəli olduğunu bilirik. Ona görə də biz terrorla mübarizəyə qoşulmuşuq və axıra qədər çalışacağıq ki, terror tamamilə aradan götürülsün.

Təbiidir ki, bu barədə biz müəyyən fikir mübadilələri apara bilərik. Amma bununla yanaşı, bizim öz dərdimiz var. Öz dərdimiz də odur ki, bizim torpaqlarımız 1989-cu ildən Ermənistanın işğalı altındadır. Hələ Sovetlər Birliyinin içərisində Ermənistan və Azərbaycan bir-birinə qardaş cümhuriyyətlər kimi yaşadığı zaman ermənilər Azərbaycana qarşı bu separatçı hərəkətlərini başladılar. Hələ 1989-cu ildə sovet hökumətinin qərarı ilə Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb birbaşa Moskvaya tabe etdilər. Bununla Dağlıq Qarabağın Azərbaycandan qırılmasının təməlini qoydular, əsasını qoydular. Sonra müharibə başladı. Müharibə zamanı da bir tərəfdən Ermənistana çoxlu yardımlar edildi, - bunun səbəbləri məlumdur, - ikinci tərəfdən də, Azərbaycanın daxilində sabitlik olmadı, hakimiyyət uğrunda mübarizə getdi. O vaxt ermənilərin hamısı birləşdi. Amma Azərbaycanda parçalanma başladı. Bundan da Ermənistan istifadə etdi. Onlar bizim torpaqlarımızı işğal ediblər. Bir milyondan artıq bizim soydaşımız çadırlarda yaşayır.

Bu, bizim problemimizdir. İndi dünyada böyük bir problem meydana gələndə bu problem unudula bilər. Amma gərək bu da unudulmasın. Bunların hamısı paralel getsin. Bu barədə də biz sizinlə əməkdaşlıq edirik. Sizin dəstəyiniz bizim üçün çox əhəmiyyətlidir və bundan sonra da biz sizə arxalanırıq. Minsk qrupu, onu həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, - Türkiyə də Minsk qrupunun üzvüdür, - neçə vaxtdır məsələni sülh yolu ilə həll etmək istəyirlər. Amma hələ ki, həll edilə bilmir. Yeddi ildir biz müharibəni, savaşı dayandırmışı Atəşkəs var, amma sülh yoxdur. Ona görə də problemlərimiz çoxdur.

Bu problemlərin həll olunması üçün bizim tez-tez görüşməyimizə böyük ehtiyac var. Bu baxımdan da sizin Azərbaycana bu səfərinizi mən bir daha yüksək qiymətləndirirəm.

"Azərbaycan" qəzeti, 23 oktyabr 2001-ci il.