Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşdəki söhbətindən - Tehran, 8 dekabr 1997-ci il


Süleyman Dəmirəl: Azərbaycan Respublikasının hörmətli prezidenti, əziz qardaşım cənab Heydər Əliyev!

Sizi, İslam Konfransı Təşkilatının VIII Tehran zirvə görüşündə səmimiyyətlə salamlamağımdan hədsiz dərəcədə məmnunam və bildirirəm ki, Sizinlə hər bir görüş mənim üçün xüsusi əhəmiyyət daşıyır.

Əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Tehran görüşü islam dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq zirvə toplantısında Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyən çox lazımlı sənədlər qəbul ediləcəkdir. Yeri gəlmişkən mən sizə Türkiyədə hazırki ictimai-siyasi durum barədə geniş söhbət açmaq istəyirəm.

Heydər Əliyev: Hörmətli dostum, qardaşım Suleyman Dəmirəl, Sizinlə görüşümdən məmnun olduğumu, Azərbaycan-Türkiyə əməkdaşlığının hazırkı vəziyyətindən razı qaldığımı vurğulayıram və nəzərə çarpdırıram kı, bu əlaqələrin gündən-günə inkişaf etdirilməsi zəruridir.

Qeyd edirəm ki, bütün sahələrdə islahatları müvəffəqiyyətlə həyata keçirən müstəqil respublikamız qardaş Türkiyə ilə əlaqələrin daha da sıxlaşdırılmasına daim diqqət yetirir. Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlədilməsində dost Türkiyənin yaxından iştirakını yüksək qiymətləndirirəm. Xatırladıram ki, "Çıraq" yatağından ilkin neftin hasil edilməsi münasibətilə bu il noyabrın 12-də Bakıda təntənəli mərasim keçirildi. Biz nefti dünya bazarına çıxaracaq Bakı-Novorossiysk və Bakı-Ceyhan marşrutlarına üstünlük vermişik. Qazaxıstanın "Tengiz" yatağından hasil edilən neft də Azərbaycan ərazisi vasitəsilə nəql olunacaqdır. Beləliklə, Xəzər neftinin Türkiyədən dünya bazarına çıxarılmasının böyük əhəmiyyət daşıdığını bir daha vurğulayıram. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün hazırda ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır, bu baxımdan həmsədrlərin irəli sürdüyü son təkliflər ciddi maraq doğurur. Biz bu təklifləri əsas kimi qəbul etmişik. Vurğulayıram ki, münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində qardaş Türkiyənin dəstəyini Azərbaycan daim hiss etmişdir. Əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Tehran zirvə görüşündə Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyəcək sənədlərin qəbulunda da Türkiyə öz nüfuzundan səmərəli istifadə edəcəkdir.

Süleyman Dəmirəl: Prezident kimi mən bir daha bəyan edirəm ki, Türkiyənin Ermənistana münasibəti yalnız Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə başa çatdıqdan sonra müəyyənləşdirilə bilər.