Azərbaycan - Dünya Bankı


Münasibətlərin qurulması və inkişafı: Dünya Bankı İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) adı ilə qurulmuş və daha sonra 1947-ci ildə BMT-nin müstəqil ixtisaslaşmış təşkilatlarından biri olub. Hal hazırda dünyanın 186 dövləti Bankın üzvüdür. Dünya Bankının verdiyi kreditlərdən yalnız üzv dövlətlər yararlanır. Kreditlər uzun müddətli olub, tələb edən ölkənin iqtisadi inkişaf proqramlarının ehtiyacına görə verilir.

BMT-nin ixtisaslaşmış təşkilatlarından olan Dünya Bankı Qrupuna aşağıdakı maliyyə institutları aiddir: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Çoxtərəfli Sərmayə Qoyuluşunu Sığortalayan Agentlik, Beynəlxalq Maliyyə Korporasiyası və Beynəlxalq İnvestisiya Mübahisələrinin Həlli Mərkəzi.

Azərbaycanın əməkdaşlıq etdiyi ən əhəmiyyətli qurumların başında Dünya Bankı gəlir. Müstəqilliyini əldə etdikdən az bir zaman sonra 1992-ci ildən Dünya Bankının üzvü olan Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verməkdədir. Dünya Bankı ölkənin inkişafı istiqamətində məsləhət, maliyyə və investisiya ilə yanaşı, dövlət büdcəsi və onun koordinasiyası ilə bağlı yardım göstərir. Dünya Bankı xüsusi ilə neft ehtiyatlarının istismarı ilə məşğul olan dövlət təşkilatlarının müstəqil fəaliyyətinin güclənməsi və onların məhsuldarlığının artırılması, eyni zamanda keçid dövrü dəyişikliklərini sürətləndirmək üçün islahatla bağlı təkliflərini verməkdədir. Azərbaycanda müstəqillik dövrünün ilk illərində ölkə əhalisinin yarısından çoxunun yoxsulluq həddində yaşaması Bankın Azərbaycanla əməkdaşlığını şərtləndirirdi. Çünki Dünya Bankının fəaliyyət sahəsinin mühüm bir hissəsi yoxsulluqla mübarizə aparmaqdır.

Dünya Bankı tərəfindən Azərbaycan üçün hazırlanan iqtisadi islahat proqramında Birinci Struktur İslahatlar Krediti (SAC 1) 1997-ci ildə təsdiq edilib və özündə ticarətin liberallaşdırılması, özəlləşdirmə, qanunvericilik və bank işi sahələrində islahatları cəmləşdirib. Həmçinin, SAC 1 çərçivəsində həmin dövrdə Rusiyada yaranan maliyyə böhranı zamanı Azərbaycanın əlverişsiz iqtisadi təsirdən qorunması üçün 7 milyon ABŞ dolları ayrılıb.

İkinci Struktur İslahatlar Krediti (SAC 2) 12 mart 2002-ci ildə təsdiq edilib və bunun üçün 60 milyon ABŞ dolları ayrılıb. SAC 2-də dövlətin maliyyə durumunun yaxşılaşdırılması, yoxsulluğun azaldılması, iqtisadi inkişafın tezləşdirilməsi üçün dövlətin sərf etdiyi xərclərin səmərəli istifadə olunması, yerli və xarici müəssisələr və xarici investisiyalar üçün iqtisadi mühitin yaxşılaşdırılması, faydalı islahatların həyata keçirilməsi, ölkədə fasiləsiz elektriklə təminat mexanizminin yaradılması, buxarla isitmə sisteminin və təmiz su ilə əhalinin təmin olunması nəzərdə tutulur.

Dünya Bankı 2005-ci ilin mayında imzalanan bəyannaməyə əsasən Azərbaycan hökuməti, Asiya İnkişaf Bankı (AsİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fondu (BVF) və BMT İnkişaf Proqramı (BMTİP) ilə birlikdə "Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 2015-ci ilə qədər Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Uzunmüddətli Strategiya" adlı proqramın həyata keçirilməsinə başlayıb. Bu proqramın həyata keçirilməsində ictimai sektorun idarəetməsində keyfiyyət və şəffaflığın artırılması, qeyri-neft sektorunun davamlı və balanslaşdırılmış inkişafı, sosial xidmətlərin keyfiyyətinin artırılması, ekoloji idarəetmənin yaxşılaşdırılması əsas məqsədlərdəndir.

 

Heydər Əliyevin Dünya Bankı ilə əməkdaşlığın qurulmasında rolu: Azərbaycan Prezidenti Heydər Əliyev 3-5 dekabr 1995-ci il tarixində xarici sərmayələrin və kreditlərin Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə nail olmaq, xarici tərəfdaşlar tapmaq, onlarla qarşılıqlı faydalılıq prinsipləri əsasında münasibətlərin qurulması məqsədilə Fransanın paytaxtı Parisdə işgüzar səfərdə olub. Heydər Əliyev Ümumdünya Bankının Parisdə yerləşən iqamətgahında təşkil edilən "Azərbaycan üçün investisiyalar" beynəlxalq konfransının açılış mərasimində çıxış edib. Konfransda Fransanın işgüzar dairələrinin nümayəndələri, Azərbaycana sərmayə yatırımlarında maraqlı olan xarici iş adamları, dünyanın bir çox ölkələrində istehsal, maliyyə, nəqliyyat və xidmət sahələri ilə məşğul olan şirkətlərin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Prezident Heydər Əliyev konfrans iştirakçılarına bildirib ki, ölkəmizlə Dünya Bankı arasında sıx qarşılıqlı münasibətlərdən məmnunluq duyur və bu əməkdaşlığın qısa müddəti ərzində konkret əməli nəticələrinin, konkret fayda olduğunu hiss edir.

Heydər Əliyev Azərbaycanın coğrafi mövqeyinin əhəmiyyətini vurğulayaraq bildirdib: "Azərbaycanda biz iqtisadi islahatlar aparılması, maliyyə sistemi, bank sistemi sahəsində islahatlar keçirilməsi yolu ilə qətiyyətlə gedirik. Beynəlxalq Valyuta Fondundan və Ümumdünya Bankından aldığımız kreditlərdən bu maliyyə mərkəzlərinin tələblərinə tam müvafiq surətdə valyutamızı - manatın qorunub saxlanması üçün, struktur dəyişiklikləri üçün, bizim bank sisteminin yenidən qurulması üçün istifadə edəcəyik."

Prezident Heydər Əliyev 25 oktyabr 1997-ci ildə Dünya Bankının vitse-prezidenti İohanos Linnlə görüş keçirib. Heydər Əliyev Dünya Bankı ilə əlaqələrin sıxlaşdırılması nəticəsində ölkəmizin iqtisadiyyatının inkişafında və maliyyə vəziyyətinin sağlamlaşdırılmasında böyük uğurlar əldə edildiyini və əməkdaşlığın gedişində verilən tövsiyələr, təkliflərin Azərbaycan üçün çox xeyirli olduğunu bildirib. İohanos Linn isə Azərbaycanda son illər görülən tədbirlərin Dünya Bankı tərəfindən diqqətlə izlənildiyini, respublikada iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sahəsində qazanılmış böyük uğurlardan məmnun qalıb. O, Dünya Bankının Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

29 may 1999-cu il tarixdə Prezident Heydər Əliyev Dünya Bankının Prezidenti Ceyms Vulfensonla görüşüb. Heydər Əliyev Dünya Bankının yardımının Azərbaycanda maliyyə məsələlərinin həll olunmasında, bütün maliyyə və bank sistemində islahatların həyata keçirilməsində əhəmiyyətini nəzərə çatdırıb. C.Vulfenson Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyi və ölkənin iqtisadiyyatının sürətli inkişafını heyranlıqla müşahidə etdiyini bildirib. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının strateji xarakter daşıdığını ifadə edib.

İlham Əliyevin Dünya Bankı ilə bağlı siyasəti: 11 noyabr 2003-cü ildə İlham Əliyev Prezident sarayında Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Donna Dousset-Koyrolonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident bildirib ki, "...Neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı ölkəmizdə sahibkarlığın inkişafı üçün prioritet məsələlərdir. Bu sahədə sizin həmişə köməyiniz olmuşdur və əminəm ki, bu, gələcəkdə də davam edəcəkdir. Çox sevindirici haldır ki, iqtisadi sahədə əməkdaşlıqla yanaşı, Dünya Bankı sosial məsələlərin həllinə də böyük diqqət yetirir və bu məqsədlə yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür..."

D.Dousset-Koyrolo kiçik və orta sahibkarlığı inkişaf etdirmək, orta həcmli müəssisələrin sayını artırmaq və bu sahəni daha da genişləndirmək məqsədini, təhsilə və səhiyyəyə xüsusi diqqət yetirildiyini, kənd yerlərində və ucqarlarda yaşayan insanların inkişafına böyük əhəmiyyət verildiyini bildirib.

 

31 iyul 2006-cı ildə Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur sektorunun direktoru Peter Tomsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İlham Əliyev Dünya Bankı ilə aparılan müzakirələrin faydalı olduğunu vurğulayıb. Prezident neft-qaz layihələrinin ölkəmizdə qeyri-neft sektorunun, özəl sektorun və infrastrukturun güclənməsinə imkan yaratdığını, Azərbaycanda əhalinin ehtiyaclarını təmin edə biləcək möhkəm iqtisadi siyasət aparıldığını bildirib. P.Tomson Azərbaycanda iqtisadi sahədə əldə edilən uğurların Dünya Bankı tərəfindən böyük maraqla qarşılandığını, keçən il ölkənin iqtisadi inkişaf baxımından dünyada liderlik etdiyini xüsusi vurğulayıb.

2008-ci ilin yanvarından etibarən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə sahibkarlıq subyektlərinin vahid qeydiyyat orqanı kimi Vergilər Nazirliyinin müəyyən edilməsi və "bir pəncərə" metodunun tətbiqi xüsusilə əhəmiyyətli olub. Bu vaxta qədər yeni hüquqi və fiziki şəxsin ölkədə rəsmi dövlət qeydiyyatına düşməsi bir ay çəkirdisə, 2008-ci il yanvarın 1-dən bunun 3 gün ərzində icra edilməsi təmin olundu. Dünya bankının struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business - 2009" hesabatında bu bənd birinci araşdırılıb və Azərbaycan keçən ilki 64-cü yerdən 13-cü yerə yüksəlib. Həmçinin hesabatda "bir pəncərə" qeydiyyat sisteminin tətbiqi dövlətin korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı zəruri addımlardan biri kimi qiymətləndirilib. Beləliklə, Azərbaycanda yeni iş qurmaq, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər heç bir maneəsiz qısa müddət ərzində bizneslərini qeydiyyatdan keçirə bilirlər.

26 May 2009-cu ildə İlham Əliyev Dünya Bankının sərəncamçı direktoru Nqozi Okonco-İveala ilə görüş keçirib. Azərbaycan ilə Dünya Bankı arasında məhsuldar əməkdaşlığın gələcəkdə də müvəffəqiyyətlə davam edəcəyinə ümidvar olduğunu ifadə edib.