Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin Böyük Millət Məclisinin deputatları Əli Günər, Aslan Haydar və Osman Gəzəgərlə görüşdə söhbəti - Ankara, Azərbaycan prezidentinin iqamətgahı - Camlı köşk, 16 mart 2001-ci il


Heydər Əliyev: Sizi, hörmətli millət vəkillərini səmimi-qəlbdən salamlayıram.

Əli Günər: Hörmətli Cümhur başqanım, Sizi görməkdən hədsiz məmnunuq və çox şadıq. Biz bu görüşdən böyük şərəf duyur, daha da sevinirik. Allah Sizi başımızın üstündən əskik etməsin. Mən bir neçə dəfə Bakıya gəlmişəm. Siz Naxçıvanda olan zaman da bizim əlaqələrimiz var idi. Mən Böyük Millət Məclisində İğdırdan seçilmiş millət vəkiliyəm. Aslan bəy də Qarsdan seçilmiş millət vəkilidir.

Heydər Əliyev: Sən Qars millət vəkilisən?

Aslan Haydar: Bəli.

Əli Günər: Cənab Prezident, İldırım Turan bizim bələdiyyə başqanımız idi. Həsən İpək də işləyir.

Heydər Əliyev: Həsən İpək kaymakam idi.

Əli Günər: Bəli, onda kaymakam idi. Sonra İzmirdə vali müavini oldu. Osman bəy də buradadır.

Heydər Əliyev: Osman bəy Qarsda əmniyyət müdiri idi.

Əli Günər: Bəli. Sonralar o, Bakıda oldu.

Aslan Haydar: Hörmətli Cümhur başqanım, mənim atam Borçalıdandır. Görüşümüzdən çox məmnun oldum. Siz həmişə fəxr etdiyimiz, iftixar duyduğumuz insansınız. Azərbaycanın ayaq üstə möhkəm durması millət vəkili kimi, bizləri və Türkiyə Cümhuriyyətini məmnun edəcəkdir. Biz hər yerdə söyləyirik ki, əgər sizin barmağınız qanasa, bizim ürəyimiz qanayar. Onun üçün də bizlər sizin əmrinizi gözləyirik, canla-başla hazırıq. İğdırla Qars bir-biri ilə bağlıdır, İğdır Qarsdan ayrılmışdır.

Əli Günər: Atamız Qarsdır.

Aslan Haydar: Bəli. Oradakı problemimiz, Şərq qapısının problemi Azərbaycanın da problemi olduğu üçün biz qapının açılmasına yol verə bilmərik. Həqiqətən Azərbaycanın, bizim soydaşlarımızın torpaqları işğaldan azad edilməyincə, o qapının açılmaması üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bunun üçün çalışırıq. Bu fikirləri Sizin Ankara Universitetindəki məzmunlu nitqinizdə də duyduq. Amma şəxsi fikrim kimi söyləyirəm. Türk dənizi içində ada olan bir ovuc erməni, hesab edirəm ki, bir gün daşan dənizin içində boğulacaqdır. Mən proqramı pozub çıxışımı uzatmaq istəmirəm. Biz ancaq söhbət etmək vəsiləsi ilə buraya gəldik. İnşallah, gələcək günlərdə yenidən görüşəcəyik. Bizə əmirləriniz olsa, hazırıq. Bütün soydaşlarımıza, qardaşlarımıza sizin şəxsinizdə hörmət və məhəbbətimizi bildiririk. Çox təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Türkiyə Azərbaycanın qardaşıdır. Azərbaycan da Türkiyənin qardaşıdır. Siz Böyük Millət Məclisində var idiniz. Mən orada bütün bu sözləri demişəm. Təkrar etməyə ehtiyac yoxdur. Amma Türkiyənin doğu hissəsində - Qars, İğdır, Ərzurum və başqa şəhərlərdə - Azərbaycandan köçmüş adamlar çoxdur. Orada yerli adamlar da elə azəri soyköklüdürlər. Mən bunlara təkcə Qarsda, İğdırda rast gəlmirəm. Onlar İstanbulda da, Ankarada da, başqa yerlərdə də çoxdur. Hətta Avropada da var. Məsələn, mən Brüsselə getmişdim. Orada məni qarşılamağa çox azərbaycanlılar gəldi. Onların 90 faizi İğdırdan idi. Yaxud İsveçrədə, Avropanın başqa yerlərində də var. Sizin bölgə Türkiyənin çox önəmli bir bölgəsidir. Çünki indi erməni problemi haqqında danışanda ermənilər hesab edirlər ki, guya o torpaqlar onlarınkıdır, vaxtilə guya soyqırımı edəndə erməniləri orada qırıblar, oradan qovublar. Bunları siz bilirsiniz. Bilmirəm, indi Qarsa, İğdıra necə, amma bilirəm ki, keçmişdə Fransadan, filandan Ərzuruma çoxlu turist gələrdi. Onlar qayıdanda oradakı qəbirlərin guya erməni qəbirləri olduğunu deyərdilər. Sonra Qarsda Ani adlı yer var. Bilirsiniz, ermənilər hesab edirlər ki, guya ora onların qədim paytaxtıdır. Ona görə siz bu barədə cəbhənin önündəsiniz. Təbiidir ki, öz vəzifələrinizi yerinə yetirməlisiniz. Mən bunu bir neçə dəfə açıq demişəm, son vaxtlar Avropa ölkələrində «soyqırımı» haqqında qəbul olunan qərarlara görə hiss etdik ki, burada, Türkiyədə ermənilərə qarşı bir az yumşalma əmələ gəlibdir. Ancaq mən Bakıda da dedim, buradakı görüşlərimdə də dedim. Qars qapısının açılması, o biri qapının açılması məsələsi yeni bir şey deyildir. Bunu hələ bir-iki-üç il bundan öncə hörmətli dostum Süleyman Dəmirəl mənə söyləmişdi. Deyir ki, mən Qarsa getmişdim. Orada gəlib mənə deyirlər ki, siz bu qapını açın, biz ticarət edək. Özü də mənə dedi ki, bunların hamısı azərilərdir. Mən də dedim ki, siz qəpik-quruşdan ötrü bizim böyük bir siyasətimizi pozmaq istəyirsiniz. Süleyman Dəmirəl də, digərləri də dəfələrlə demişdilər.

Bu dəfə mən yenə görüşdüm - Cümhur başqanı Əhməd Necdət Sezər, Baş nazir Bülənd Ecevit, başqaları, hamısı deyir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çıxmayınca, Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə ola bilməz. Yəni nə ticarət ola bilər, nə diplomatik əlaqələr ola bilər, nə də sərhədlər açıla bilər. Ona görə də siz sərhəddəsiniz, bu məsələdə çox bərk durun. Çünki orada bəzi adamlar anlamırlar. Bilirsiniz, onların başını pul daha da qatır. Onlar dövlət adamlarına deyirlər ki, qapını açın, nə üçün qapını açmaq istəmirsiniz? Bilirsiniz ki, İğdırda da bir qapı var. Bəziləri orada demişdilər ki, qapını açın. Ancaq belə ola bilməz. Mən bilirəm ki, bu ola bilməz.

Ziyarətim zamanı apardığım bütün danışıqlarda biz bir daha eyni fikirdə olduq ki, bu ola bilməz. Biz - Türkiyə və Azərbaycan gərək birlikdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasını təmin edək. Azərbaycanın torpaq bütövlüyünü təmin edək. Öz torpaqlarından zorla çıxarılmış bir milyondan artıq azərbaycanlı doğma yerlərinə qayıtmalıdır. Ondan sonra, təbiidir, başqa məsələlər də ola bilər. Türkiyə ilə Ermənistan arasında qapı da açıla bilər, sərhəd də açıla bilər.

Türkiyənin Ermənistanla böyük sərhədi var. Əgər bu sərhəd açıq olsaydı, ermənilər həm Türkiyə ilə, həm də başqa yerlərlə ticarət edə bilsəydilər, onlar belə çətin iqtisadi vəziyyətdə olmazdılar. İndi onların Mehri bölgəsində İranla kiçik, 42 kilometrlik sərhədləri var. Oradan böyük ticarət edirlər. Mənim xatirimdədir, Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan bir neçə dəfə demişdi ki, əgər İran ilə Ermənistan arasındakı o qapı iki gün bağlansa, Ermənistan boğulacaqdır. İndi görün, bunun nə qədər böyük əhəmiyyəti var. Ermənistanda iqtisadiyyat çox pisdir, vəziyyətləri ağırdır. İnsanların çoxu oradan çıxıb gedir. Özlərinə başqa ölkələrdə - Rusiyada, Avropada, Amerikada yer axtarırlar. Heç vəhclə, heç vaxt imkan vermək olmaz ki, burada Türkiyə onlarla hansısa bir əlaqədə olsun. Yenə deyirəm, siz orada cəbhənin önündəsiniz və millət vəkilisiniz, sizin səsiniz var. Siz bu səsinizdən istifadə etməlisiniz.

Aslan Haydar: Hörmətli Cümhur başqanım, vaxtımız keçir, amma bir şey söyləmək istəyirəm. Səlcuq sultanı Alp Arslanın dövründən ermənilər türkün gücünü bilirlər. Sizin dediyiniz kimi, biz Qarsdayıq. İğdır, Qars, Ərdahan, Ərzurum Ermənistan ilə sərhəddə yerləşir. Ümumiyyətlə, Azərbaycanda, Qarabağda, Xocalıda daim soyqırıma məruz qalan türklər olmuşlar. Biz bunların araşdırılması üçün Böyük Millət Məclisinə təkliflər verdik, müzakirələr apardıq. İndi vaxtın azlığından tam söyləyə bilmirik. Amma biz Böyük Millət Məclisində bunu təfərrüatı, tarixi faktlarla hazırladıq, sübut etdik və Allah nəsib edərsə, bütün dünyaya çatdıracağıq. Bir ovuc erməni türk millətinin tayı deyildir. Amma bir atalar misalı var: Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Onlar tarix boyu belə olublar. Fürsət düşən kimi, dünyaya car çəkirlər. Ona görə də, buyurduğunuz kimi, biz bunları bilən insanlarıq.

Sizin siyasi təcrübənizə də bələdik. Allah Sizi üstümüzdən əskik etməsin. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan - bu, Sizin sözünüzdür, həmişə söyləyirik - bir millətin iki dövlətidir. İnşallah, hər şey yaxşı olacaqdır. Bizim də könlümüz, Sizin də könlünüz rahatdır. Biz buna əminik. Sizə çox təşəkkür edirik.

Heydər Əliyev: İndi Gəncə ilə Qars qardaşlaşmış şəhər oldu. Biz anlaşma imzaladıq. Ona görə də Gəncə və Qars bir-birinə çox yaxın olmalıdır. Bu da bizim əlaqələrimizi artırmalıdır. Mən də Qarsa gələcəyəm. O vaxt Naxçıvanda yaşayanda Qarsda bir neçə dəfə oldum. Qarsda Qafqaz Universiteti var. Onlar mənə fəxri doktor adı veriblər. Mən həmin universitetdə olmalıyam, Qarsı görməliyəm. 1992-93-cü illərdən sonra Qarsı görməmişəm. Deyirlər, İğdır da çox gözəlləşib, dəyişibdir. Mən 1992-ci ildə İğdırda olanda, ora bir kənd idi. Amma biz orada Naxçıvan ilə dostluq qapısını açdıq. İndi orada ticarət gedir. Həm naxçıvanlılar gəlir götürür, həm də iğdırlılar. İndi İğdır böyük şəhər olubdur. Mən keçmişdə xəritədə baxırdım, kitablardan oxuyurdum. Mənim fikrimdə İğdır böyük bir şəhər idi. Amma 1992-ci ildə Naxçıvandan ilk dəfə İğdıra gələndə bir kənd gördüm. Amma indi inkişaf edibdir. Qars da çox dəyişilibdir. Mən sizə uğurlar arzulayıram.

Əli Günər: Hörmətli Cümhur başqanım, təbii, bizim boynumuza çox iş düşür, yəni boynumuzda böyük yük var. Azərbaycanın Dağlıq Qarabağ torpağını ermənilər işğal etmişlər, indi torpaqlar işğal altındadır. Türkiyə bunu bilir. Ermənilər o torpaqları işğal edib, indi də deyir ki, Ağrıdağ da, Qars da mənimdir. Əgər biz desək bura bizimdir, ora bizimdir, onda dünya ayağa qalxar. Onların istəklərini gözündə qoymaq lazımdır. Azərbaycanlı qardaşlarımızla, Naxçıvanla əlaqələrimiz həqiqətən, çox yaxşıdır. Bilirsiniz ki, Qars üç yerə - Qars, Ərdahan, bir də İğdıra bölündü. Sizin və cənab Süleyman Dəmirəlin vasitəsi və iştirakı ilə İğdırda qardaşlıq körpüsü açıldı.

Heydər Əliyev: Həm körpünü açdıq, həm də İğdırın yaxşı olması üçün mən çox səylər göstərdim. Hörmətli Süleyman Dəmirələ dəfələrlə dedim ki, İğdır ayrılmalıdır. Çünki Qarsla İğdır arasında 200 kilometrdən çox məsafə var. Çox böyük ərazidir. Qarsda keçirilən təntənələrdə gəlib iştirak etdim. Xatirinizdədir.

Əli Günər: Bəli. Həqiqətən, bu körpü açıldıqdan sonra qardaşlarımız, vətəndaşlarımız 70 illik həsrətə son qoydular.

Cənab Prezident, Qarabağ məsələsi bizim içərimizdə bir yaradır. Mən Bakıya çox gəlib gedirəm. Qaçqınların vəziyyətini görürəm. Əzab çəkirik. Görün, bir ovuc erməni bizim başımıza nə oyunlar açır. Amma inşallah, zaman gələcək, həqiqət bizim olacaqdır. Biz əl-ələ verərək, bir-birimizə səmimi olaraq, niyyətimizə çatacağıq. Hazırda İğdırdakı körpü vasitəsilə faydalı ticarət həyata keçirilir. Mən iki gündən bir Naxçıvanda oluram. Elə bil öz kəndimə gedirəm. Naxçıvanda hər kəs bizimlə dostdur. Naxçıvanın rəhbəri də buradadır. Biz onunla bu gün görüşdük. Cənab Prezident, mazut gətirilməsi daha da azalıbdır. Cəmi 15 min ton gəlir. Biz bunu tam yarıya bölürük. Yəni yarısını sizinkilərə, yarısını da bizimkilərə veririk.

Heydər Əliyev: Mən Baş nazir Bülənd Ecevitlə bu barədə danışdım. Naxçıvanın başçısı Vasif Talıbov da həmin bunu Baş nazirə söylədi, oradakı, sərhəddəki işin vəziyyəti barədə ona məlumat verdi ki, indi sən dediyin məsələlər çözülsün. Çünki bunlar sizin üçün də lazımdır, Naxçıvan üçün də lazımdır. Biz bunları etdik.

Əli Günər: Hörmətli Cümhur başqanım, çox gözəl. Millət vəkili kimi, bizim bir təklifimiz də var. Xüsusi bir sənəd olsa, yaxşı olar. Yəni şəxsiyyəti təsdiq edən sənədlə vətəndaşlar Naxçıvana getsin, Naxçıvandan da bizə gəlsinlər. Naxçıvanda çoxlu meyvə var.

Heydər Əliyev: Naxçıvanda meyvələr tökülüb qalır. Amma sizin gömrük imkan vermir ki, onlar gətirib burada satsınlar. Mən bunları bilirəm. Qarsda meyvə yox, Ərzurumda meyvə yox. Meyvə bircə İğdırdadır. Türkiyədə hər yerdə deyirlər ki, İğdırın əriyi ən ləzzətli ərikdir. Amma Ordubad əriyi, Naxçıvan əriyi o qədərdir ki, Qarsı da, Ərzurumu da, İğdırı da - hamısını təmin edə bilər. Amma orada sizin tərəf bir az problemlər yaradıbdır. Mən onu Baş nazir Bülənd Ecevitə dedim.

Əli Günər: Hörmətli Cümhur başqanım. Çox təşəkkür edirik. Sizə hörmət və ehtiramımızı bir daha bildiririk. Biz Sizin çörəyinizi çox yemişik. Siz də gəlin, bizə qonaq olun. Sizi İğdırda gözləyirik.

Heydər Əliyev: Gələcəyəm. İğdırda olacağam.

Əli Günər: Siz bizim böyük babamızsınız. Allah Sizə uzun ömür, cansağlığı versin. İnşallah, Qarabağ məsələsi də həll olunacaqdır. Ondan sonra hər kəs böyük fərəhlə öz evində oturub Sizə dualar edəcəkdir.

Aslan Haydar: Hörmətli Cümhur başqanım, Sizi Qarsda görməkdən şərəf duyacağıq.

Heydər Əliyev: Çox sağ olun. İğdırlılara, qarslılara salam söyləyin.

Osman Gəzəgər: Möhtərəm Cümhur başqanım, Allah Sizə cansağlığı, uzun ömür versin. İnanırıq ki, Azərbaycanın ən əsas problemi tezliklə həll olunacaqdır. Sizə dərin minnətdarlığımızı bildiririk.

Heydər Əliyev: İnşallah. Çox sağ olun. Təşəkkür edirəm.