Azərbaycan Prezidenti Heydər Əliyevin "Xəzər" Beynəlxalq Neft Şirkətinin rəhbər heyətinin üzvləri ilə görüşərkən giriş sözü - 5 aprel 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən Xəzər dənizinin Azərbaycan sektorundakı "Qarabağ" neft yatağının müştərək işlənməsi ilə əlaqədar 1995-ci ilin noyabrında imzalanmış neft müqaviləsinin həyata keçirilməsi barədə sizin gördüyünüz işlərlə tanış olmaq üçün sizi bu gün buraya dəvət etmişəm. Bu, bizim, yeni Azərbaycan Respublikasının dünyanın trans-milli şirkətləri ilə imzaladığı ikinci böyük müqavilədir.

Bildiyiniz kimi, bu müqaviləni Azərbaycan Dövlət Neft Şirkəti ABŞ-ın "Pennzoyl", Rusiyanın "LUKoyl" şirkətləri, İtaliyanın "Acip" və "LUKAcip" birgə şirkəti ilə imzalamışdır. Müqavilə imzalanandan sonra Azərbaycan parlamenti tərəfindən təsdiq edilibdir. Müqavilənin qüvvəyə mindiyi gündən bir ildən çox vaxt keçibdir. Güman edirəm, siz özünüz də bu müddətdə görülən işləri müzakirə etmisiniz, onlara yekun vurmusunuz. Mənə verilən məlumatlara görə, siz bu gün də toplaşıb müzakirələr aparmısınız. İstərdim ki, siz bu barədə qısa məlumat verəsiniz.

Belə görüşlər, iş üslubu artıq müəyyən ənənəyə çevrilibdir. 1994-cü ilin sentyabrında imzalanmış ilk müqavilə ilə əlaqədar yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbərləri ilə mən bir neçə dəfə görüşmüşəm. Onlar gördükləri işlər barədə mənə məlumatlar, hesabatlar veriblər. Bu gün "Xəzər" Beynəlxalq Neft Şirkətinin rəhbər heyəti buraya toplaşmışdır. Sizin şirkətin rəhbər heyəti var, bunu siz özünüz müəyyən etmisiniz. Güman edirəm ki, ilk məlumatı bu beynəlxalq şirkətin prezidenti verəcəkdir.

Yekun Nitqi

- Mən sizin məlumatınızı çox böyük maraqla, həvəslə dinlədim. Mən belə bir məlumatı çoxdan dinləmək istəyirdim. Qeyd etdiyim kimi, "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar müqavilə 1995-ci ilin noyabrında imzalanıbdır. Sizi də, bizi də maraqlandıran məsələ bu müqavilədə imzalanandan sonra görülən işlər, bu işlərin sürəti və nəticələridir. Ona görə də belə müzakirəyə, görüşə ehtiyac var idi. Bu məsələ ilə əlaqədar mən öz arzumu həm "LUKoyl", həm də "Pennzoyl" şirkətlərinin rəhbərlərinə bildirmişdim, "Xəzər" Beynəlxalq Neft Şirkətinin rəhbər heyətinin burada, Bakıda toplanıb görülən işləri müzakirə etməsi və bunlara yekun vurmağımız çox əhəmiyyətli bir haldır.

Sizin verdiyiniz məlumatlar onu göstərir ki, müqavilə əməli surətdə həyata keçirilir. İndiyə qədər gördüyünüz işlər, qarşıda nəzərdə tutduğunuz planlar onu göstərir ki, müqavilə üzrə müəyyən edilmiş proqram artıq əməli surətdə həyata keçirilir. Mən qeyd etdim, müqavilənin imzalanmasından bir ildən çox vaxt keçir. Müqavilənin Azərbaycan parlamenti tərəfindən təsdiq olunmasından və qüvvəyə minməsindən də bir ildən çox vaxt keçir. Əlbəttə, biz istəyirik ki, bu müddətdə daha da çox iş görülmüş olsun. Hesab edirəm ki, görülən işləri müsbət qiymətləndirmək lazımdır.

Sizin verdiyiniz məlumatdan aydın oldu ki, 1996-cı il əsasən təşkilati məsələlərin həllinə həsr edilibdir. Məsələn, siz dediniz ki, 1996-cı ilin may, yaxud iyun ayında "Xəzər" Beynəlxalq Neft Şirkətini bizim Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmisiniz. Mən hesab edirəm ki, bunu ondan da tez etmək olardı. Yaxud, siz 1996-cı ilin sentyabrında "Xəzər" Beynəlxalq Neft Şirkətinin toplantısını keçirib, bu məsələni müzakirə etmisiniz. Hesab edirəm ki, bu da gecdir.

Siz dediniz ki, kəşfiyyat quyusunun qazılmasının yerini 1997-ci ilin fevralında müəyyən etmisiniz. Mən belə hesab etdim ki, sizdə qazma qurğusu yoxdur. Bu, bizim ikinci müqaviləmizdir. Bizim beş müqaviləmiz vardır. Əgər bu müqavilənin həyata keçirilməsi iki qurğu ilə olsa, hələ ki, bir qazma qurğumuz vardır, - onda nə qədər gec vaxt keçəcəkdir.

Ceyms A. Tilli: Əslində bu problemlərin hamısı qazma qurğusu ilə əlaqədar meydana çıxır. Plana görə iyun-iyulda biz artıq qazma işlərinə başlaya bilərdik. Ancaq Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Şirkəti qazma qurğusu ilə işləmək üçün növbədə bizdən əvvəldirlər.

Biz birinci quyunun qazılmasını başa çatdıracağıq, sonra testlər keçirəcəyik və ikinci quyunun yerini müəyyən edəcəyik.

Heydər Əliyev: Bu, bizim üçün mühüm bir məsələdir. Əgər siz bu barədə ciddi düşünmürsünüzsə, biz ciddi düşünməliyik. Amma siz də düşünməlisiniz. Çünki bütün quyular təkcə "Dədə Qorqud" yarımdamla və "Şelf-5" qazma qurğularının hesabına qazıla bilməz. "Şelf-5" qurğusu nə vaxt hazır olacaqdır?

Natiq Əliyev: 1996-ci ilin oktyabrında hazır olacaqdır.

Heydər Əliyev: Onda bizim bütün bu işlərimiz gecikəcəkdir ki.

Natiq Əliyev: Cənab Prezident, biz əvvəlcə tutduğumuz plana görə, "Dədə Qorqud", "Azəri", "Çıraq" yataqlarında qazma işlərini qurtarandan sonra, - bu il üç quyu qazılacaqdır, - avqustda "Əşrəfi", "Dan ulduzu" yataqlarına keçiriləcək və yenidən "Azəri" və "Cıraq" yataqlarına qayıdacaqdır. Biz işi elə planlaşdırmışıq ki, "Şelf-5" 1998-ci ilin oktyabrında bərpa edildikdən sonra gəlib "Şahdəniz"də işləyəcəkdir.

Cənab Prezident, Siz düz deyirsiniz, hazırda iki qazma qurğusu bu gün bizim üçün azdır. Biz fikirləşirik ki, "Elf Agiten" və "Total" şirkətləri ilə müqavilə bağlandıqdan sonra daha bir qazma qurğusunu bərpa etməliyik. Bu barədə söhbətlər gedir.

Heydər Əliyev: Siz çox gec fikirləşirsiniz. Mən hesab edirəm ki, sən burada günahkarsan. Sən bizim neft şirkətinin prezidentisən, gərək sən bu barədə təkliflərini verəsən. Milyonlarla dollar ora-bura xərclənir. Bir, iki, üç qurğunu təcili bərpa etməyə, yaxud da başqa yerdən alıb gətirməyə müəyyən qədər vəsait lazımdır, vəsait də bunlarda vardır. İndi biz bu qədər müqavilə imzalamışıq, gözləyək ki, "Dədə Qorqud" burada qazsın, sonra keçib orda, bundan başqa yerdə qazsın? Onda biz işimizi 15-20 il uzadacağıq? Sən burada günahkarsan. Gərək sən gəlib bu barədə deyəydin. Mən bu məsələni indi özüm üçün aşkar edirəm. Bunlar bağışlasınlar, tək bunlar yox, ümumiyyətlə, birinci müqavilə ilə bağlı neft şirkətləri və başqaları, görünür, bu məsələlər barədə lazımi səviyyədə düşünə bilmirlər. Sənin borcun, vəzifən o idi ki, bu məsələni bizim qarşımızda qaldırasan. Şübhəsiz ki, biz də bunun həll edilməsi yollarını axtarıb tapa bilərdik. Sən bunun yollarını da təklif edə bilərdin. Ona görə də mən bu işdən narazıyam.

Mən bu məsələni respublikanın Baş naziri Artur Rasizadəyə tapşırıram. Biz beş müqavilə imzalamışıq. Həmin müqavilələrin hamısının icra edilməsi, həyata keçirilməsi bu qazma qurğuları ilə bağlıdır. Biz bundan sonra da bir neçə müqavilə imzalayacağıq. Belə təkliflər, layihələr vardır. Ona görə də bu müqavilələrin həyata keçirilməsi proqramı və onların həyata keçirilməsi üçün lazım olan vasitələrin vaxtında hazırlanması lazımdır. Təkcə qazma qurğusu deyil. Başqa texniki vasitələr də lazımdır. Ona görə də mən Baş nazir Artur Rasizadəyə tapşırıram: Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin, "Xəzər" Beynəlxalq Neft Şirkətinin - "Şahdəniz", "Dan ulduzu", - "Əşrəfi", "Lənkəran-dəniz və "Talış-dəniz" müqavilələri ilə əlaqədar yaradılmış konsorsiumların rəhbərlərini sən dəvət etməlisən və onlarla birgə proqram tərtib etməlisiniz. Bu qazma işlərinin və ümumiyyətlə, həmin layihələrin həyata keçirilməsi üçün lazımi texniki vasitələrin haradan, nə cür, hansı vaxtlarda alınıb gətirilməsi, quraşdırılması, yaradılması proqramını müəyyən etməlisiniz.

Bizdə bu "Şelf-5"dən savayı başqa qazma qurğuları vardır, yoxsa yox?

Natiq Əliyev: Bəli vardır.

Heydər Əliyev: Bərpa edib onlardan istifadə etmək olar?

Natiq Əliyev: Bəzilərindən istifadə etmək olar. Ancaq bunlara hər qurğu yaramır.

Heydər Əliyev: Mən yarayan qurğuları soruşuram.

Natiq Əliyev: Bəli "Şelf-3" də bu iş üçün yarayır. Qalanlarinin üzərində isə işləyirik.

Heydər Əliyev: İşləyirsiniz, amma çox gec işləyirsiniz.

Natiq Əliyev: Bunun üçün xeyli vəsait lazımdır. Şirkətlər hələlik bu işə getmirlər.Onlar qazma qurğusunun ardıcıllıqla işləməsinə tərəfdardırlar.

Heydər Əliyev: Necə getmirlər, əgər onlar burada iş görmək istəyirlərsə, bunu etməlidirlər.

Natiq Əliyev: Cənab Prezident, biz bunların hamısını hesablamışıq. Mövcud iki qazma qurğusu hələlik bu işlər üçün bəs edir.

Heydər Əliyev: Axi necə bəs edir? Bunlar qazma aparmalıdırlar, amma gözləyirlər ki, ona iyun ayında qazma qurğusu versinlər, əgər qurğunu buna versələr, onda başqa yerdə iş dayanacaq. Həm də bu şirkət artıq qazmanın yerini müəyyən edib.

Natiq Əliyev: Cənab Prezident, onlar qazmanın yerini müəyyən ediblər, amma bu qazma seysmik işlərdən sonra aparılacaqdır. Məsələn, biz bir yerdə qazma işləri görmək istəyirdik, amma seysmik vəziyyətə görə onun yerini dəyişdik. Məsələ belədir ki, quyunu qazmaq, onu yenidən öyrənmək lazımdır. Sonra ikinci quyunun qazılmasına başlanmalıdır.

Heydər Əliyev: Mən sənin bu fikirlərinlə razı deyiləm. Çünki "Xəzər" Beynəlxalq Neft Şirkətinin prezidenti deyir ki, birinci quyu 60 günə qazılacaqdır. Ondan sonra 9 ay gözləyəcəkdir ki, ikinci quyunu qazsın. Niyə gözləyəcəkdir? Demək, qazma qurğusu yoxdur. Əgər qazma qurğusu olsaydı, ikinici quyunu da qazar. Mən onun verdiyi məlumatı deyirəm.

Sən düz demirsən. Biz buna vaxt itirməyəcəyik. Artıq Baş nazirə bu barədə tapşırıq verdim. Baş nazir bütün bu müqavilələrin icrası ilə məşğul olan şirkətlərin rəhbərləri ilə danışar. Lazımi tədbirlər görmək, işləri sürətləndirmək lazımdır. Yenə də deyirəm, gəlib respublikamızla müqavilə imzalayan şirkət buraya sərmayə qoyur və bu sərmayənin də tezliklə nəticəsini almaq istəyir. Azərbaycan Respublikası da bu müqavilələri imzalayarkən bunların əməli nəticəsini almaq istəyir. Bunların əməli nəticəsinin alınması üçün də işlər sürətlə getməlidir.

Məsələn, cənab prezident Tilli məlumat verdi ki, 2001-ci ildə artıq neft hasil edəcəkdir. Doğrudurmu?

Ceyms A.Tilli: Bəli.

Heydər Əliyev: Amma bu cür işləsəniz, 2001-ci ildə neft ala bilməyəcəksiniz. 2001-ci ilə nə qalıb? 1997-ci il yarıya çatdı. 1998, 1999, 2000, 2001-ci il. Bir şey qalmayıbdır.

Mən bir daha deyirəm, işləri sürətləndirmək lazımdır. İndiyədək görülən işlərə yüksək qiymət verirəm. "Qarabağ" neft yatağının müştərək işlənməsi ilə əlaqədar respublikamızla əməkdaşlığa qoşulmuş və artıq bizimlə birlikdə işləyən şirkətlərə təşəkkürümü bildirirəm. Amma eyni zamanda, bundan sonra işlərin daha da sürətlə aparılmasını arzu edirəm.

Bir daha qeyd edirəm, 1996-cı il sizin üçün əsasən təşkilati işlərə həsr olunub. Artıq təşkilati işlərin hamısı görülübdür. Ona görə də 1997-1998-ci illərdə əməli nəticələr almaq laızmdır.

Sizin burada gördüyünüz işlərə Azərbaycan Respublikası mütəxəssislərinin və işçi qüvvəsinin cəlb olunması haqqında dediyiniz rəqəmlər müsbət fikir doğurur. Bu fikri mən bir daha təsdiqləyirəm ki, bu müqavilələrin icrasında xarici ölkələrin şirkətlərindən gələn yüksək səviyyəli mütəxəssislər və menecerlərdən, yaxud başqa işçilərdən əlavə, qalan bütün işlərin hamısına Azərbaycanın vətəndaşları cəlb olunmalıdır. Siz dediniz ki, bu işlərdə çalışanların 79 faizi Azərbaycan vətəndaşlarıdır, düzdürmü?

Ceyms A.Tilli: Bəli.

Heydər Əliyev: Bu 79 faiz yaxşıdır, amma 85 faiz olsa daha yaxşıdır.

Mən bəzən eşidirəm ki, guya bu şirkətlər xarici ölkələrdən hətta ayrı-ayrı fəhlələr də gətirmək istəyirlər. Mən əvvəlcədən xəbərdarlıq edirəm və Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərinə göstəriş verirəm, nəzarət etsin ki, biz bunlarla razı ola bilmərik. Bilirsiniz ki, Azərbaycanın neftçiləri çox yüksək ixtisasa malikdirlər. Neft sahəsində Azərbaycanın çox dəyərli alimləri, mühəndisləri, yüksək ixtisaslı fəhlələri vardır. Bunlar hamısı mövcuddur. Neft müqavilələri imzaladığımız yataqların hamısını Azərbaycanın mütəxəssisləri, alimləri kəşf ediblər. Azərbaycan artıq 50 ildən çoxdur ki, dənizin dərin yerlərindən neft hasil edir. Azərbaycanın neftçiləri nəinki öz ölkəmizdə, vaxtilə gedib Vyetnamda da dənizdə neft çıxarmaqla məşğul olublar. Bilirsiniz, Vyetnamın cənubunda dənizdə Vunqtau deyilən bir yer vardır. Orada neftin kəşf olunmasına və çıxarılmasına ilk dəfə Azərbaycan neftçiləri başlayıblar. Mən 1983-cü ildə Vyetnama, Azərbaycan neftçilərinin işlədiyi həmin yerə də getmişəm və bunları görmüşəm. İndi Vyetnam oradan çox böyük miqdarda neft hasil edir.

Azərbaycan neftçiləri Kubada da, Hindistanda da, Rumıniyada da neft axtarmaqla çox məşğul olublar. Ona görə də Azərbaycan neftçiləri çox yüksək ixtisasa malik olan neftçilərdir. Hesab edirəm ki, Azərbaycanın həm mühəndisləri, həm də texnikləri, fəhlələri bu işlərə geniş cəlb olunmalıdırlar.

Məsələn, "Dədə Qorqud" yarımdalma qazma qurğusunu ziyarət edəndə gördüm ki, orada Qərb ölkələrindən gəlmiş yüksək ixtisaslı mütəxəssislərlə Azərbaycan Respublikasının yüksək ixtisaslı mütəxəssisləri bir yerdə işləyirlər və çox da yaxşı işləyirlər. Ona görə də rica edirəm ki, mənim bu fikrimi bütün gələcək işlərdə, ştatların təşkil olunmasında da nəzərə alasınız. Azərbaycan Dövlət Neft Şirkətinə və onun prezidentinə tapşırıram ki, bu məsələlərə bizim tərəfimizdən nəzarəti təmin etsin.

Biz imzaladığımız bu müqavilələrin hamısının müvəffəqiyyətlə həyata keçirilməsi üçün çalışırıq və bundan sonra da çalışacağıq, mən məmnunam, - Siz bəyan etdiniz, - burada Sizin işiniz üçün yaranmış şəraitdən razısınız. Biz xaricdən gələn şirkətlər, mütəxəssislər üçün bundan sonra da yaxşı şərait yaratmaqdan ötrü lazımi tədbirlər görəcəyik.

Dünyanın böyük neft şirkətləri ilə bizim əməkdaşlığımız uzunmüddətli xarakter daşıyır. İmzaladığımız müqavilələrin hamısının müddəti 30 ildir. Amma güman edirəm ki, iş nəticə verəndən sonra 30 ilin üstünə daha da çox illər gələcəkdir.

Cənab prezident Tilli, əgər hesab edirsiniz ki, 30 ildən sonra Sizin 82 yaşınız olacaqdır, mənim yaşım 100-dən çox olacaqdır. Amma elə işləməliyik ki, bizdən sonra gələnlər bizdən də yaxşı işləsinlər. Biz burada Azərbaycan üçün və gəlib respublikamızda iş görməyə başlamış dünyanın iri neft şirkətləri üçün böyük və yaxşı gələcəyi olan yol açırıq. Bu, bizim şərəfli vəzifəmizdir ki, biz bu yolu açırıq. Yəni biz ilk yol açanlarıq. Amma bu yolu elə açmalıyıq ki, bizdən sonra gələnlər çətinlik çəkməsinlər, bu yolla rahatlıqla getsinlər.

İndi bu işlərin hamısının təməli, əsası qoyulur. Biz çalışmalıyıq ki, bu təməl, əsas, bünövrə möhkəm olsun. Onda gələcək işlər də etibarlı olacaqdır. Mən əminəm ki, biz belə əməkdaşlıq edə biləcəyik.

Mən arzu edirəm ki, 1997-ci ildə nəzərdə tutduğunuz proqramı vaxtında yerinə yetirə biləsiniz, 1998-ci il üçün olan proqramın üzərində işləyəsiniz ki, o proqramı daha da genişləndirəısinizvə burada Sizin bəyan etdiyiniz kimi, 2001-ci ildə bu şirkət ilk neft hasil edə bilsin. Mən bu ümidlərlə də sizin hamınıza cansağlığı və uğurlar arzulayıram. Sağ olun.

"Heydər Əliyevin Neft strategiyasi" kitabından, Bakı 2001, II hissə, səh 242.