Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının ölkəmizdə yeni fövqəladə və səlahiyyətli səfiri Osman Faruq Loğoğlunun etimadnaməsinin təqdimatında çıxışı - Prezident sarayı, 24 oktyabr 1996-cı il


Hörmətli cənab Osman Faruq Loğoğlu! Sizi Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm.

Turkiyə Respublikası ilə Azərbaycan arasında olan dövlətlərarası əlaqələr xüsusi xarakter daşıyır. Bu əlaqələrin xüsusiliyi ondan ibarətdir ki, xalqlarımızın birgə tarixi keçmişi var, xalqlarımız bir kökə, eyni ənənələrə malikdir. Dilimiz, milli-mənəvi ənənələrimiz əsrlərdən-əsrlərə xalqlarımızı birləşdirmişdir və bunların üzərində Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələr indi çox uğurla qurulmaqdadır.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman onun istiqlaliyyətini dünyada tanıyan ilk dövlət Türkiyə Respublikası olmuşdur. Bu, təbiidir, çünki Türkiyə ilə Azərbaycan arasında bir-birinə qovuşmaq, yaxınlaşmaq, daha six əlaqələr qurmaq arzusu daim yaşamışdır və Azərbaycan öz müstəqilliyini elan edən kimi, Türkiyə, türk xalqı buna səs vermis, Azərbaycanın müstəqilliyini birinci olaraq tanımışdır.

Keçən beş il ərzində Türkiyə ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf etmişdir. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir, həyatımızın bütün sahələrini - həm iqtisadi, həm də elmi, mədəni, mənəvi sahələri əhatə edir. Əlaqələrimizin bütün istiqamətlərdə inkişaf etməsi bizi çox sevindirir və bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz ölkəmizdə dövlət quruculuğunda olan dəyişikliklərdə Türkiyə Respublikasının keçdiyi böyük yoldan və təcrübədən daim istifadə edir, onlardan çox bəhrələnirik.

Bir neçə gün sonra biz Türkiyə Respublikasının yaranmasının 73-cü ilini birlikdə qeyd edəcək, bayram edəcəyik. 73 il ərzində respublika Türkiyə torpağına, Türkiyə xalqına böyük nailiyyətlər gətiribdir. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması söz, mətbuat azadlığı, bəşəri dəyərlərdən istifadə olunması Türkiyə Respublikasını demokratik, mütərəqqi, dünyəvi dövlətlərdən biri kimi tanıdıb və Türkiyənin dünya birliyində özünə layiq yer tutmasına imkan yaradıbdır. Türkiyə xalqı, Türkiyə Respublikası böyük öndər Mustafa Kamal Atatürkün qoyduğu yolla gedərək bütün sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Bizim xalqımız buna sevinir, bunları özünün nailiyyətləri hesab edir və qeyd etdiyim kimi, həm də bu müvəffəqiyyətlərdən, təcrübədən istifadə etməyə çalışır və bundan sonra da çalışacaqdır.

Bu müddətdə dövlətlərimiz arasında yaranmış əlaqələr həm Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, həm də ölkəmizin dünya birliyində, beynəlxalq təşkilatlarda özünə la­yiq yer tutmasına kömək edibdir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bütün beynəlxalq təşkilatlarda bütün beynəlxalq məsələlərin Türkiyəyə və Azərbaycana, bizim regiona aid olan məsələlərin həllində Türkiyə Respublikası ilə Azərbaycanın səsi, sözü, fikri eyni olubdur. Şübhəsiz ki, bu da beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda mövqeyimizin həm möhkəmlənməsinə, həm də bizim üçün maraqlı olan qərarların qəbuluna çox kömək edibdir.

Azərbaycanın həyatını ağırlaşdıran, çətinləşdirən problem Ermənistanın hərbi təcavüzüdür. Bu təcavüz səkkiz il öncə başlanıb. Ermənistan işğalçı qüvvələrinin Azərbaycana soxulması və bir neçə böyük dövlətin dəstəyi nəticəsində və bəzi başqa tarixi səbəblərə görə Azərbaycanın ərazisinin 20 faizi işğal olunub, işğal edilmiş torpaqlardan bir milyondan artıq vətəndaşımız didərgin düşüb, yerlərindən-yurdlarından məhrum olub və qaçqın vəziyyətində yaşayır. Biz bu problemin həll olunmasına çalışırıq. Bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini tam təmin etmək, sərhədlərinin toxunulmazlığını bərpa etməkdir. Bu məsələnin həllində Türkiyə həmişə Azərbaycanla bərabər olub, onu dəstəkləyib, Azərbaycanın mövqeyini öz mövqeyi kimi bilibdir. Bu, bizim üçün çox böyük köməkdir və buna görə Azərbaycan xalqı, dövləti Türkiyə xalqına və dövlətinə daim minnətdardır.

Biz bütün sahələrdə əməkdaşlıq edirik. Türkdilli dövlətlərin başçılarının görüşlərinin - əsası ilk dəfə 1992-ci ildə Ankarada qoyulmuş görüşlərin böyük nəticəsini biz hiss edirik. Oktyabrın 21-də Özbəkistanda - Daşkənddə türkdilli dövlətlərin başçılarının IV Zirvə görüşü olmuşdur. Bu görüş çox əhəmiyyətli və nəticəli olmuş, sübut etmişdir ki, belə bir forumun yaşaması çox zəruridir, bu günümüz və gələcəyimiz üçün böyük əhəmiyyəti var. Dövlətlərimizə, regionumuza aid olan məsələlərin belə görüşlərdə müzakirə edilməsi, fikir mübadiləsi aparılması, birgə mövqelərin müəyyənləşdirilməsi və bir cox qərarların qəbul edilməsi bizim dövlətlər üçün çox əhəmiyyətlidir. Azərbaycan Respublikası türkdilli dövlətlərin forumunda iştirakını çox əhəmiyyətli hesab edir və bu forumun inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəkdir.

Oktyabrın 21-22-də Türkiyənin Prezidenti, əziz dostum və qardaşım Süleyman Dəmirəl ilə, Türkiyə nümayəndə hey'əti ilə biz bərabər olmuşuq, Daşkənddə, Səmərqənddə birlikdə çox danışıqlar aparmış, görüşlər keçirmiş, həm türkdilli dövlətlərin başçılarının Zirvə görüşündə gündəlikdə duran məsələləri müzakirə etmişik, həm də özbək xalqının, bütün türkdilli xalqların böyük oğlu Əmir Teymurun anadan olmasının 660-cı ildönümünü birlikdə bayram etmişik, qeyd etmişik. Daşkənddə və Səmərqənddə keçirilən bu tədbirlər xalqlarımızın öz tarixi köklərinə, keçmişinə, ənənələrinə olan hörmət və ehtiramını bir daha nümayiş etdirib tarixi köklərimizin nə qədər dərin, bu günümüz, gələcəyimiz üçün nə qədər əhəmiyyətli olduğunu sübut edibdir.

Mən bu görüşlərdən çox böyük məmnunluq hissi keçirmişəm, xüsusən əziz dostum, qardaşım, Türkiyənin Prezidenti Süleyman Dəmirəl ilə xüsusi söhbətlərimdə və görüşlərimdə Türkiyə üçün, Azərbaycan üçün mühüm olan məsələlərin müzakirə edilməsindən çox razıyam. Eyni zamanda biz hörmətli Prezident Süleyman Dəmirəl ilə Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması və Lissabonda ATƏT-in qarşıdakı Ziryə görüşündə bu məsələnin həllinə dair lazımi tədbirlər hazırlanması məsələsini də müzakirə etmiş və fikir mübadiləsi aparmışıq. Bunlar və indiyədək gördüyümüz işlər ölkələrimizin bir-birinə nə qədər yaxın, dost və qardaş olduğunu bütün dünyaya nümayiş etdirir.

Əmin olduğumu bildirmək istəyirəm ki, siz Türkiyə Respublikasının Azərbaycanda səfiri kimi bizim bu əlaqələrimizin bundan sonra da inkişafına xidmət göstərəcək və öz fəaliyyətinizi buna həsr edəcəksiniz. Siz Azərbaycanda özünüzü öz evinizdəki kimi hiss edə bilərsiniz, burada bütün qapılar sizin üçün açıqdır. Uğurlu fəaliyyətiniz üçün bütün imkanlar mövcuddur və heç bir məsələ barəsində çətinliyə, nə də başqa bir maneəyə rast gəlməyəcəksiniz. Yenə deyirəm, özünüzü burada evinizdəki kimi hiss edə bilərsiniz və əməkdaşlığımızı bundan sonra da bu şəkildə aparacağıq. Sizi təbrik edir, böyük, şərəfli işinizdə uğurlar arzulayıram.