GUAM-ın yaranması tarixi: Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilatdır. 10 oktyabr 1997-ci ildə adı çəkilən ölkələrin dövlət başçıları Strasburq bəyannaməsi imzalayaraq məşvərətçi forum kimi GUAM-ın əsasını qoyublar. Strasburq bəyannaməsində üzv ölkələr öz aralarında siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək və dünyaya inteqrasiya prosesində birgə iştirak etmək məqsədilə belə bir təşkilatın yaradılmasının zəruriliyini ifadə ediblər. Prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinin vurğulayıblar. Bu qurum həmçinin, üzv ölkələrin nəqliyyat-kommunikasiya magistrallarının və ərazilərində yerləşən müvafiq infrastrukturların bu dövlətlərin maraqlarına uyğun inkişafı və səmərəli istifadə olunması ilə də məşğul olur. GUAM elm, mədəniyyət və humanitar sahələrdə münasibətlərin inkişafına da xüsusi diqqət yetirir. 1999-cu ildə Özbəkistanın bu təşkilata daxil olması ilə əlaqədar olaraq, təşkilat GUÖAM adlandırılıb.
Lakin 2002-ci ildə Özbəkistan təşkilatı tərk edib. Özbəkistanın bu təşkilatdan çıxması ilə əvvəlki abbreviatura bərpa olunub. GUAM 2003-cü ilin dekabrında BMT-nin Baş Məclisində müşahidəçi statusu alıb. Təşkilatın baş qərargahı Kiyevdə yerləşir, baş katib isə 5 illik müddətə seçilir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin GUAM tarixində rolu: Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin GUAM-ın yaradılması və inkişaf etdirilməsində əvəzsiz xidmətləri olub. Heydər Əliyev GUAM tarixində olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton zirvə görüşündə, 2001 və 2002-ci illər Yaltada keçirilən zirvə toplantılarında şəxsən iştirak edib.
24 aprel 1999-cu il Vaşinqton zirvə görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti, GUAM təşkilatının sədri Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri üçün bəyanatla çıxış edib. Bəyanatında Özbəkistanın GUAM-a üzv olmasını alqışlayan dövlət başçısı - "... Biz təşkilatımızın keçən vaxt ərzindəki fəaliyyətini müzakirə etdik və təsdiq etdik ki, ötən müddət təşkilatın zəruriliyini və həyat qabiliyyətinə malik olduğunu göstərmişdir. Təşkilat hər şeydən öncə coğrafi prinsipə əsaslanır, ona daxil olan ölkələrin iqtisadi əməkdaşlığı və daha çox Transqafqaz magistralı vasitəsilə əməkdaşlığı məqsədlərinə xidmət edir..."- deyə qeyd edib.
4 may 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev GUÖAM-ın üzvü olan ölkələrin və bir sıra digər dövlətlərin ticarət-sənaye palatalarının rəhbərlərini qəbul edib. Qəbul zamanı Prezident Heydər Əliyev bildirib: "...Şadam ki, GUÖAM ölkələri və onlarla birlikdə Şərqi Avropanın digər ölkələri və Baltikyanı dövlətlər fikir mübadiləsi aparmaq, məsələləri müzakirə etmək və qarşılıqlı münasibətlərin, əlaqələrin daha da genişləndirilməsi imkanlarını araşdırmaq üçün ticarət-sənaye palataları səviyyəsində toplaşmağı qərara almışlar...".
7 iyun 2001-ci ildə Ukraynanın Yalta şəhərində GUÖAM-ın üzvü olan ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü keçirilib. Görüşdə GUÖAM-ın təşkilat kimi rəsmən qeydə alınması üçün BMT-yə müraciət qəbul olunub. Sammitdə üzv ölkələrin prezidentləri Yalta xartiyasını imzalayıblar. Sənəddə təşkilatın statusu, funksional sistemi, o cümlədən sədrlik məsələsi təsbit olunub. Həmçinin üzv ölkələrin ərazilərindən keçən, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA), nəqliyyat kommunikasiyaları infrastrukturunun inkişafı, səmərəli fəaliyyəti və təhlükəsizliyin təminatı ilə bağlı məsələlər müzakirə edilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Yalta zirvə görüşündə nitq söyləyib. Dünyada gedən prosesləri mürəkkəb proseslər kimi qiymətləndirən Prezident Heydər Əliyev bildirib: "...Əgər biz bir vaxtlar soyuq müharibədən əzab-əziyyət çəkirdiksə, totalitar sovet rejimindən əzab-əziyyət çəkirdiksə, indi bir çox digər hallar meydana çıxır və onlar ölkələri və xalqları heç də az müsibətlərə və çətinliklərə düçar etmir. Əlbəttə, bu baxımdan müxtəlif regionlardakı hərbi münaqişələr daha da təhlükəlidir ...".
2001-ci ilin sentyabr ayında GUÖAM ölkələri qadınlarının Bakıda birinci əməkdaşlıq forumu keçirilib. Prezident Heydər Əliyev forum iştirakçılarını qəbul edib. Forumun əhəmiyyətindən söhbət açan Heydər Əliyev onlara işlərində uğurlar arzulayıb.
20 iyul 2002-ci ildə GUÖAM-ın Yaltada növbəti Sammiti keçirilib. Bu görüş "GUÖAM-ın üzvü olan dövlətlər arasında azad ticarət zonası yaradılması haqqında saziş" və "Terrorizm, mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayətlərlə mübarizə sahəsində GUÖAM-ın üzvü olan dövlətlərin hökumətləri arasında saziş"in imzalanması ilə əlamətdar olub. Prezident Heydər Əliyev Yalta zirvə görüşündə nitq söyləyib. Bir sıra beynəlxalq məsələlərə toxunan ölkə başçısı bildirib: "...Müstəqil dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmasının bundan sonra da davam etməsi daha böyük fəlakətə gətirib çıxaracaqdır. Biz dincliklə nizamasalmada beynəlxalq birliyin yardımına ümid bəsləməklə yanaşı, bu təhdidlərə qarşı durmaq və münaqişələrin həllinə şərait yaratmaq üçün GUÖAM çərçivəsində səylərimizi birləşdirməliyik...". Üzv ölkələr arasında əməkdaşlığın daha da sürətləndirilməsi strategiyasını dəstəkləyən GUÖAM çərçivəsində beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilən proqramlar həyata keçirilir. Belə ki, TASİS çərçivəsində regional fəaliyyət proqramına əsasən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRASEKA) gələcək inkişafına yönələn layihə, Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-Təhlil Sistemi (VM/DİTS) layihəsi təşkilatın fəaliyyətinin güclənməsinə xidmət edir. Birinci layihə GUÖAM dövlətləri arasında ticarət və nəqliyyat sahəsində əlaqələrinin genişləndirilməsi və intensivləşdirilməsi məqsədini daşıyır. VM/DİTS layihəsi məlumat mübadiləsi və digər operativ xarakterli tədbirləri həyata keçirmək vasitəsilə ticarət və nəqliyyatın inkişafına, onun effektiv və təhlükəsiz fəaliyyət göstərməsinə təminat verir.
23 dekabr 2002-ci ildə ABŞ hökuməti ilə GUAM arasında əməkdaşlıq haqqında bəyanat imzalanıb. Sənədə əsasən üzv ölkələrin sərhəd infrastrukturlarının təkmilləşdirilməsi, o cümlədən lazımi tikinti işlərinin aparılması, buraxılış məntəqələri üçün müvafiq avadanlığın alınması, personal üçün təlimlərin keçirilməsi və Dünya Bankının konsessiya kreditlərinin alınmasına dair təkliflərin hazırlanmasını nəzərdə tutur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin GUAM-la bağlı siyasəti: 4 iyul 2004-cü il tarixində Yaltada ticarət və daşımalarda yardım layihəsinin həyata keçirilməsinə dair Memorandum imzalanıb. Həmin sənəddə 2002-ci il tarixində ABŞ hökuməti ilə GUAM arasında imzalanan əməkdaşlıq bəyanatının həyata keçirilməsinin məqsəd və mexanizmləri əks etdirilib.
22 may 2005-ci il tarixində təşkilatın Kişinyovda keçirilən Zirvə toplantısında üzv dövlətlərin dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış ediblər. Bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasının yaradılması üçün müvafiq qərar verilib. Bu qərara uyğun olaraq 22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM yaradılıb. Kiyev Zirvə Toplantısında prezidentlər GUAM-ın Nizamnaməsini qəbul ediblər. Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-ın yaradılması haqqında Kiyev Deklarasiyasında demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının, təhlükəsizliyinin və sabitliyinin təmin olunması, GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə, dinamik iqtisadi artım, sosial ahənglik və ətraf mühitin mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrinin gücləndirilməsi və s. prinsiplər qəbul edilib. Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə nitq söyləyib.
10 oktyabr 2007-ci ildə Vilnüs şəhərində GUAM-ın yubiley mərasimi baş tutub. Vilnüsdə üzv ölkələrin dövlət başçılarının iştirakilə Vilnüs bəyannaməsi qəbul olunub. Vilnüs bəyannaməsində bir daha üzv ölkələrin ərazilərindəki "donmuş münaqişələr"in bu ölkələrin və təşkilatın inkişafına ciddi dərəcədə maneə törətdiyini bildirilir. Bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin zəruriliyini bəyan olunur. Prezidentlər aqressiv millətçilik, silahlı separatçılığa qarşı çıxır, münaqişəni sülh yolu ilə həll etmək istədiklərini qeyd edərək, bütün dünya dövlətlərini GUAM ölkələrinin bu səyini qiymətləndirməyə və dəstəkləməyə çağırıblar. Son illərdə GUAM çərçivəsində keçirilən sammitlərdə də əsas məsələlər regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin koordinasiyası yönündədir. GUAM dövlətləri ərazilərində mövcud olan münaqişələrin həlli məqsədilə bir sıra tədbirlər görməkdədirlər. Belə ki, BMT və digər təşkilatlarda birgə mövqedən çıxış edərək məqsədyönlü şəkildə iş aparmaq üçün GUAM dövlətləri arasında razılaşma əldə olunub. GUAM dövlətlərinin beynəlxalq təşkilatlar nəzdindəki Daimi Nümayəndəliklərinin fəaliyyət planları qəbul edilib. Bu istiqamətdə aparılan işlərin nəticəsi kimi "GUAM ərazisində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizlik və inkişafa təsiri" adlanan 42-ci bənd BMT 61-ci sessiyasının gündəliyinə daxil edilib.
5 dekabr 2007-ci il tarixində bu bənd altında eyni adlı qətnamə layihəsi baxılması üçün BMT Baş Assambleyasında rəsmi yayılıb.
GUAM-da Azərbaycanın Sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə Toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə Toplantısınadək davam edib.
"GUAM: qitələri birləşdirərək" şüarı altında keçirilmiş Bakı Zirvə Toplantısı təşkilatın inkişafının uzunmüddətli prioritetlərini müəyyən edib, onu institusional cəhətdən möhkəmləndirib və tərəfdaş ölkələrlə "GUAM+" formatında əməkdaşlığım üstünlüklərini nümayiş etdirib. Azərbaycan Respublikasının Sədrlik proqramında əksini tapmış bu strateji istiqamətlər təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil edib. Təşkilat üzvü olan ölkələrin dövlət rəhbərlərilə yanaşı Bakı görüşündə həm də Litva, Rumıniya, Polşa prezidentləri, Bolqarıstanın vitse-prezidenti, ABŞ, Yaponiya, Latviya, Estoniya nümayəndə heyətləri də iştirak edib. Bu faktın özünü bir göstərici kimi dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşünün açılış mərasimindəki çıxışında qeyd edib: "...GUAM təşkilatı qısa müddət ərzində çox ciddi beynəlxalq təşkilata çevrilmişdir. GUAM-ın məramı, məqsədləri, niyyətləri dost ölkələr üçün də maraqlıdır. Biz ortaq maraqlar üzərində işləyirik. GUAM dövlətlərinin ikitərəfli formatda gözəl münasibətləri, çoxtərəfli formatda münasibətləri, əlbəttə ki, təşkilatın güclənməsinə gətirib çıxarır...".
Azərbaycanın sədrliyi üzv-dövlətlərin və Katibliyin əlaqələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və təşkilatın keyfiyyətcə yeni inkişafı ilə yadda qalıb.
01 iyul 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev GUAM dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə səfərə edib. Gürcüstanın Batumi şəhərində GUAM zirvə görüşünün geniş iclası keçirilib. İclasda GUAM-ın üzvü olan ölkələrin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Ukrayna Prezidenti Viktor Yuşşenko və Moldovanın daxili işlər naziri Valentin Mejinski, habelə qonaqlar - Polşa Prezidenti Lex Kaçinski, Litva Prezidenti Valdas Adamkus, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkel, Çexiyanın xarici işlər naziri Karel Şvartzenberq, Rumıniyanın, Yaponiyanın, Beynəlxalq Avtonəqliyyat İttifaqının, MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. GUAM-a sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bildirib ki, GUAM-ın beynəlxalq təşkilatlarla da əlaqələri genişlənir. Hazırda sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycan qlobal enerji və nəqliyyat dəhlizinə çevrilmişdir və iqtisadiyyatın müxtəlif sahələrində regional əməkdaşlığın inkişafına öz töhfəsini verir.
Azərbaycan "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM"-da strateji rola malikdir. Bu təşkilatın güclənməsi, regional və beynəlxalq təşkilatlarla, həmçinin ayrı-ayrı ölkələrlə əlaqələrinin genişlənməsi Azərbaycanın maraqlarına uyğundur. "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM" və ATƏT mütəşəkkil cinayətkarlıqla mübarizə və sərhəd əməkdaşlığı sahəsində qarşılıqlı fəaliyyəti fəallaşdırmaqla bağlı Kiyevdə ATƏT-in baş katibi Perren de Birşambo ilə GUAM-ın baş katibi Valeri Çeçelaşvili arasında keçirilən görüşdə razılıq əldə olunub. GUAM ABŞ, Yaponiya və Polşa kimi dövlətlərlə də müxtəlif proqramlar çərçivəsində öz əməkdaşlığını genişləndirir.
Ümumi tarixi arayış 12 iyun 2010-cu il tarixdə tərtib olunub.