Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "YUNOKAL" şirkətinin prezidenti Con Ayml ilə görüşdə söhbətindən - Hyuston , "Vinham Varvik" oteli, 2 avqust 1997-ci il


Hörmətli cənab Ayml!

Sizin, Azərbaycan prezidentinin ABŞ-a ilk rəsmi səfərini tarixi əhəmiyyətli səfər kimi yüksək qiymətləndirməyinizi məmnunluqla qəbul edirəm və minnətdarlığımı bildirirəm.

... Nəzərə çatdırıram ki, səfir Mareska təcrübəli, dəyərli bir insandır və bizim bölgəmizi yaxşı tanıyır. O, bölgəmizdəki siyasi məsələlərlə məşğul olub, indi iqtisadiyyat sazəsində çalışsa da respublikamıza kömək edə bilər. Onun vaxtilə məşğul olduğu məsələnin həlli hələ başa çatmayıb, amma biz bu sahədə xırda-xırda irəliləyirik.

Bildirirəm ki, ABŞ Konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişin ləğv olunması üçün artıq əlverişli şərait yaranmışdır və mən bu barədə ABŞ-a rəsmi səfərim günlərində Kapitolidə parlamentin 40-dan çox üzvü ilə görüşlərimdə dəfələrlə xatırlatmışam. Konqresin Nümayəndələr Palatasının spikeri Qinqriçlə, Xarici Əlaqələr Komitəsinin sədri Gilmanla bu məsələ barədə müzakirələr apardığımı nəzərə çatdıraraq deyirəm: cənab Qinqriç və cənab Gilman mənə bildirdilər ki, onlar 907-ci düzəlişin aradan qaldırılması üçün çox ciddi addımlar atacaqlar. Mən konqresmen Kinqin 907-ci düzəlişin ləğv olunması ilə əlaqədar təqdim etdiyi layihəni yüksək qiymətləndirirəm.

Ağ evdə prezident Bill Klintonla keçirdiyim görüşdə də bu məsələ barəsində ətraflı danışıqlar aparmışam. Vurğulayım ki, cənab Bill Klinton 907-ci düzəlişin ləğvi barədə öz fikrini əvvəllər də bildirmişdi. Amma Ağ evdəki görüşümüzdə o, bu məsələ ilə əlaqədar öz qəti fikrini söylədi. Prezident Bill Klintonun və mənim imzaladığım Amerika-Azərbaycan münasibətləri haqqında Birgə bəyanatda da yazılıbdır ki, Bill Klinton düzəlişin ləğv olunması üçün qəti addımlar atacaqdır.

Mən "Yunokal" şirkətinin də həmin maddənin aradan qaldırılması sahəsindəki səylərindən razılıq edirəm və əmin olduğumu bildirirəm ki, onlar bu istiqamətdəki işlərini davam etdirəcək, daha da gücləndirəcəklər.

Bir daha deyirəm ki, 907-ci düzəlişin qüvvədə olması respublikamıza zərər vurmaqla yanaşı, həm də Azərbaycan-Amerika iqtisadi əlaqələrinin inkişaf etməsinə mane olur. Mən həmçinin, Amerika Birləşmiş Ştatlarında Azərbaycan haqqında düzgün, dolğun məlumatların yayılmasında da, güman edirəm, "Yunokal" şirkəti bizimlə gələcəkdə də əməkdaşlıq edəcəkdir.

Nəzərə çatdırıram ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli artıq yaxşı bir mərhələyə çatmışdır. Bildirirəm ki, "Yunokal" şirkətinin bu sahədə də ölkəmizə dəstək verməsi vacibdir.

... Ağ evdə müqavilələrin imzalanmasını tarixi hadisə kimi yüksək qiymətləndirirəm. Məsələn, müqayisə üçün deyək ki, "Tengiz" yatağının birgə işlənməsi barədə Qazaxıstanla "Şevron" şirkəti arasında müqavilə "Bleyer haus" iqamətgahında imzalanmış, orada ABŞ hökuməti tərəfindən bir səfir iştirak etmişdir. Amma bizim başladığımız müqavilələr Ağ evdə, prezident Bill Klintonla mənim danışıqlar apardığım zaman imzalandı, imzalanma mərasimində vitse-prezident Albert Qor nitq söylədi, Dövlət katibi xanım Olbrayt, nazirlər, Penya, Deyli və ABŞ hökumətinin yüksək vəzifəli digər şəxsləri iştirak etdilər. Deyirlər ki, Ağ evin tarixində belə bir hadisə olmamışdır, biz yeni bir səhifə yazdıq.

Azərbaycan gələcəkdə "Yunokal" şirkəti ilə də belə bir müqavilə imzalamağa hazırdır və bunun üçün lazımi tədbirlər görülməsi vacibdir.

Mən "Yunokal" şirkətinə müsbət münasibət bəslədiyimi, Azərbaycan-Amerika əməkdaşlığının yaradılmasında bu şirkətin müəyyən rolu olduğunu vurğulayıram. Ağ evdə prezident Bill Klintonla keçirdiyim görüşdə də ona "Yunokal" haqqında fikirlərimi bildirmişəm.