Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Böyük Millət Məclisinin sədri Yıldırım Akbulutu və TBMM-in nümayəndə heyətini qəbul edərkən söhbətindən - 9 fevral 2000-ci il


Heydər Əliyev: Hörmətli sədr!

Hörmətli millət vəkilləri!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz! Türkiyə Böyük Millət Məclisinin sədri hörmətli Yıldırım Akbulutun başçılığı ilə Türkiyə Böyük Millət Məclisinin geniş tərkibdə nümayəndə heyətinin Azərbaycana ziyarəti, səfəri bizim üçün çox əhəmiyyətlidir, Türkiyə və Azərbaycan, ölkələrimiz, dövlətlərimiz arasında əlaqələrin sürətlə inkişaf etməsinə əyani sübutdur.

Türkiyə-Azərbaycan əlaqələri dostluq, qardaşlıq, geniş əməkdaşlıq əlaqələridir. Bu əməkdaşlıq daim inkişaf edir və hər iki tərəfdən böyük səylər göstərilir ki, bizim əlaqələrimiz daha da sıx, yaxın olsun. Bəzən düşünürsən ki, biz o qədər doğmayıq, dostuq, qardaşıq ki, bunu bir az da yüksəltməyə imkan yoxdur. Amma bu, belə deyildir. Hələ çox çalışmalıyıq ki, Azərbaycanda da, Türkiyədə də hər bir insan, vətəndaş - Türkiyənin, Azərbaycanın vətəndaşı bu siyasətimizi həqiqətən qəlbən dəstəkləsin, bizimlə həmfikir, bərabər olsun.

Hörmətli sədr, mən sizinlə Türkiyədəki görüşümü məmnuniyyətlə xatırlayıram. Bilirsiniz ki, o vaxt mən Amerikada cərrahiyyə əməliyyatından sonra sizin ölkədə qısamüddətli istirahətdə idim. Bizimlə sizin çox dəyərli görüşümüz oldu. O vaxt mən sizə müraciət etdim ki, Azərbaycanı ziyarət edəsiniz. Azərbaycan Milli Məclisinin sədri də sizi ölkəmizə rəsmi ziyarətə dəvət edibdir. Mən çox məmnunam ki, siz bizim dəvətlərimizi qəbul etmisiniz, Azərbaycanı ziyarətə gəlmisiniz. Görürəm ki, Türkiyənin Böyük Millət Məclisində bütün partiyaları təmsil edən millət vəkilləri də sizinlə bərabərdir. Mən bundan çox məmnunam. Bir daha sizə deyirəm ki, Azərbaycana xoş gəlmisiniz!

Yıldırım Akbulut: Hörmətli cənab prezident!

Hər şeydən əvvəl, Azərbaycanda olduğumuz müddət ərzində bizə göstərilən qonaqpərvərlik üçün Azərbaycan Milli Məclisinin sədri hörmətli Murtuz Ələsgərova təşəkkür edirəm. Hörmətli Murtuz Ələsgərov ölkənizə qədəm qoyduğumuz ilk andan başlayaraq bizimlə bərabər oldu. Biz Türkiyə -Azərbaycan münasibətləri barədə məsələləri birlikdə müzakirə etdik. Bir sıra görüşlərimizdə parlamentlərarası münasibətlərin daha da gücləndirilməsi haqqında onun fikirlərini öyrəndik. Nümayəndə heyətimiz bütün bunlardan böyük məmnunluq duyur.

Hörmətli cənab prezident, mən hörmətli prezidentimiz Süleyman Dəmirəlin salamlarını Sizə çatdırmaqdan şərəf duyuram. Mən buraya gəlməmişdən bir gün əvvəl cənab prezident Süleyman Dəmirəllə görüşdüm və Azərbaycana səfərim, Sizinlə görüşəcəyim barədə ona məlumat verdim. Cənab Dəmirəl bundan çox məmnun oldu və onun səmimi salamlarını Sizə yetirməyimi xahiş etdi.

Hörmətli prezident, mən türk millətini təmsil edən Böyük Millət Məclisi üzvlərinin də salamlarını və xoş arzularını Sizə yetirirəm. Biz belə bir kəlamınızı hər zaman təkrar edirik: "Biz bir millət, iki dövlətik". Azərbaycanın müstəqillik uğrunda mübarizəsini Türkiyə həmişə dəstəkləmişdir və onunla birlikdə olmuşdur. Biz Azərbaycanın inkişafı və demokratikləşməsi uğrunda Sizin rəhbərliyiniz və liderliyinizlə aparılan mübarizəni dəstəkləyirik.

Məmnuniyyətlə qeyd etmək istəyirik ki, sərbəst bazar iqtisadiyyatı yolunu seçən və demokratikləşmənin getdikcə bərqərar olduğu Azərbaycanda hər şey yaxşılığa doğru dəyişir. Biz Sizin bu xəttinizi ürəkdən dəstəkləyir, bu sahədə Sizə əlimizdən gələn hər cür köməyi göstərəcəyimizi bəyan edirik. Türkiyənin bu sahədə xeyli təcrübəsi var və biz bu təcrübəni Sizinlə bölüşməyə həmişə hazırıq.

Cənab prezident, zati-alinizin təşəbbüsü və səyləri ilə Azərbaycan beynəlxalq birlikdə özünəlayiq yer tutmuşdur. Biz bunu çox yaxşı dərk edirik və bu sahədəki fəaliyyətinizi ürəkdən dəstəkləyirik.

Türkiyə Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasını eyni səmimiyyətlə arzulayır. Biz arzu edirik ki, Azərbaycan Avropa qurumlarında öz layiqli yerini tutsun. Biz bu işdə də Sizə hər cür dəstək verməyə hazırıq.

Biz prezident Heydər Əliyev ilə prezident Robert Koçaryan arasında aparılan birbaşa danışıqlar nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına inanır, bu görüşləri dəstəkləyir və danışıqların davam etdirilməsini arzulayırıq.

Biz bilirik ki, beynəlxalq hüquq qaydalarına zidd olaraq Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu münaqişənin ədalətli həlli üçün həmin torpaqlar azad edilməlidir.

Bu gün biz qaçqınların məskunlaşdığı yerə getdik, onların dözülməz şəraitdə yaşadıqlarını gördük. Həmin insanlarla söhbət etdik. Onların hamısı tezliklə öz doğma ocaqlarına qayıtmaqdan başqa heç bir arzuları olmadığını söylədilər. Biz də onlarla həmfikir olduğumuzu bildirdik. Ən böyük arzumuz budur ki, bu münaqişə tezliklə sülh yolu ilə həll edilsin.

Hörmətli cənab prezident, biz bu gün səhər Şəhidlər xiyabanında olduq. Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edən bu insanların məzarlarını böyük bir ehtiramla ziyarət etdik, onların ruhu qarşısında baş əydik.

Türkiyə vətəndaşları da 1918-ci ildə Azərbaycanın istiqlalı uğrunda mübarizədə iştirak edərkən azərbaycanlı qardaşları ilə birlikdə vuruşaraq şəhid olublar. Onların məzarları üzərində xatirə kompleksinin inşasında Sizin böyük əməyiniz vardır. Biz bunu yaxşı bilirik və göstərdiyiniz diqqətə, qayğıya görə Sizə xüsusilə minnətdarıq.

Cənab prezident, bizim səfərimiz bu gün başa çatır və sabah vətənə qayıdacağıq. Bildirmək istəyirəm ki, bu, son dərəcə faydalı bir səfər oldu. Bu səfər zamanı biz çox duyğulu və xoşbəxt anlar yaşadıq. Bildiyiniz kimi, biz şərqlilər çox hissiyyatlı insanlarıq.

Bu gün səhərdən bəri keçirdiyimiz görüşlər və apardığımız danışıqlar nəticəsində onu deyə bilərəm ki, biz ölkələrimiz arasındakı əməkdaşlığı daha da genişləndirməli və bunu konkret layihələrə çevirməliyik. Çalışmalıyıq ki, bu layihələrin həyata keçirilməsi həm Türkiyəyə, həm Azərbaycana, həm də türkdilli digər ölkələrə faydalar gətirsin. İnanırıq ki, bu, regionda sülhün və sabitliyin bərqərar olunmasına kömək göstərəcəkdir.

Cənab prezident, bizi qəbul etdiyiniz üçün Sizə bir daha öz səmimi təşəkkürlərimizi bildirmək istəyirik.

Heydər Əliyev: Hörmətli sədr, təşəkkür edirəm. Sizin bu məzmunlu və xoş sözləriniz elə bizim də qəlbimizdə olan sözlərdir. Azərbaycanın bu günü haqqında sizin fikirləriniz bizim üçün çox əhəmiyyətlidir.

Bizim problemlərimiz, işimizin çətin tərəfləri, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazimizin 20 faizinin işğal edilməsi və köçkün, qaçqın vəziyyətində yaşayan insanlarımız barədə, bu münaqişənin sülh yolu həll olunması, mənim Ermənistan prezidenti Robert Koçaryanla son bir il içərisində keçirdiyim görüşlər haqqında dediyiniz fikirlər məni sevindirir. Bizim üçün bir daha aydın olur ki, ölkəmiz doğru, düz yolla gedir.

Mən çox məmnunam ki, siz qısa müddətdə Azərbaycanın bugünkü mənzərəsini görmüsünüz. Azərbaycanın öz müstəqilliyini əldə etməsindən artıq 8 il keçibdir. Həmin illərin Azərbaycan üçün çox ağır və bəzən dəhşətli illər olduğunu nəzərə alsaq, bu, tarixi nöqteyi-nəzərdən o qədər böyük zaman deyildir.

Ermənistanın Azərbaycana təcavüzü, 1988-ci ildən münaqişənin başlanması, müharibənin getməsi, qan tökülməsi, şəhidlər verilməsi, torpaqlarımızın işğal olunması və bir milyondan artıq insanın öz yerindən-yurdundan çıxarılması bütün bunların bəlkə də dünyanın heç bir ölkəsində analoqu, bənzəri yoxdur. Çünki 8 milyon əhalisi olan bir ölkənin əhalisinin bir milyonu qaçqın vəziyyətindədir. Bu gün sizin görüşdüyünüz qaçqınlar heç olmasa Bakıda, bir binada məskunlaşıblar. Amma qaçqınların əksər hissəsi yeddi ildir ki, çadırlarda yaşayır. Bu, çox ağır bir həyatdır. Ancaq xalqımız bu illər ərzində sübut etdi ki, çox dözümlüdür, öz istəyinə, arzusuna nail olmaq üçün əzab-əziyyətə də dözür. Eyni zamanda, öz haqqını tələb etmək üçün xalqımızın qüdrəti də, cəsarəti də, ağlı da, zəkası da vardır.

Biz 1994-cü ilin may ayında atəşi dayandırdıq, atəşkəs haqqında saziş imzaladıq. Biz o illərdən indiyə qədər davamlı olaraq, dayanmadan bütün vasitələrdən istifadə edərək münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Ancaq ölkmizin qarşısındakı çətinliklər sizə yaxşı məlumdur. Çünki Ermənistan tərəfi torpaqlarımızı işğal etdiyinə görə, təbiidir ki, bizim üçün məqbul olmayan şərtlər irəli sürür.

Onu da etiraf etmək lazımdır ki, Türkiyə də bunu öz həyatında hiss edir, Ermənistanın dünyada, beynəlxalq aləmdə tərəfdarları həddindən artıq çoxdur. Elə Ermənistanın Türkiyəyə qarşı tam əsassız olaraq "genosid problemi"ni indiyə qədər qaldırması və ayrı-ayrı ölkələrdə parlamentdə, yaxud başqa bir qurumda bu məsələnin müzakirə edilməsi onların bir çox ölkələrdə nə qədər dəstəkləndiyini, tərəfdarları olduğunu göstərir. Beləliklə də bir tərəfdən torpaqlarımızı işğal etdiklərinə, ikinci tərəfdən dünyanın bir çox ölklərində müəyyən dəstəklərə malik olduqlarına görə onlar ədalətli şərtlərə gələ bilmirlər.

Ancaq biz çalışırıq. ATƏT-in Minsk qrupu bu illərdə fəaliyyət göstərib. Türkiyə də ATƏT-in Minsk qrupunun üzvüdür. İndi siz qeyd etdiniz, mən də onu bildirirəm ki, keçən ilin aprel ayından bəri Ermənistan prezidenti Robert Koçaryanla bir neçə dəfə görüşlər keçirmişəm. Bizim son görüşümüz bu yaxınlarda Davosda olubdur. Bu görüşlər çox əhəmiyyətlidir. Hesab edirəm, bu görüşlər münaqişənin sülh yolu ilə həll olunmasına ciddi təsir göstərə biləcəkdir.

Bax, biz öz müstəqilliyimizi, dövlətimizi belə bir böyük problem içərisində qururuq. Sizin bildiyiniz kimi, Azərbaycanın daxilində bir neçə il müddətində sabitliyin olmamasını, ayrı-ayrı silahlı dəstələrin burada mübarizə aparmasını və hakimiyyətin güclə devrilməsinə iki dəfə cəhd göstərilməsini və başqa halları əgər buna əlavə etsək, onda təsəvvür edə bilərsiniz ki, bu dövrdə Azərbaycan xalqı nə qədər böyük sınaqlardan keçibdir, amma eyni zamanda uğur əldə edibdir, irəliyə gedibdir.

Biz, demək olar ki, 1995-ci ildə Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirə bildik. Hesab edirəm ki, bu, bizim ən böyük nailiyyətimizdir. Çünki əgər 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayanda Azərbaycanda güclü dövlət, respublikamızın daxilində sabitlik olsaydı, təbiidir ki, Ermənistan Azərbaycana qarşı bu işləri edə bilməzdi. Onlar Azərbaycanın daxilindəki çəkişmələrdən, boğuşmalardan, hakimiyyət mübarizəsindən, qanunsuz silahlı dəstələrin bir-biri ilə toqquşmasından istifadə edərək çox böyük fürsət əldə etdilər və bunu da əldən vermədilər. Ona görə bizim üçün çox vacib idi ki, müharibədə atəşi dayandıraq. Çünki ölkənin belə vəziyyətində müharibəni davam etdirmək, təbiidir ki, uğursuz olacaqdı. Biz atəşi dayandırandan sonra Azərbaycanın daxilində vəziyyəti normallaşdırmaq, sabitləşdirmək lazım idi. Bu da asan iş deyildi.

Bilirsiniz ki, 1992-ci ildə Azərbaycanda hakimiyyət dəyişildi. 1993-cü ildə vətəndaş müharibəsi baş verdi, hakimiyyət dəyişildi. O vaxt Azərbaycan parçalanırdı və artıq parçalanmışdı, ölkəmizdə vətəndaş müharibəsi başlanmışdı. Biz vətəndaş müharibəsinin qarşısını aldıq, onu yatırtdıq. Ancaq bəzi insanlar yenə də öz bəd işlərindən əl çəkmədilər. 1994-cü ilin oktyabr ayında burada silahlı dövlət çevrilişinə cəhd edildi. Xalq bunun qarşısını aldı. Onlar silahlı idilər, amma xalq, millət Prezident Sarayının önünə yığıldı, toplandı və həmin silahlı cinayətkarların qarşısını aldı.

Ancaq bəzi insanlar yenə də öz bəd əməllərindən əl çəkmirdilər. 1995-ci ilin mart ayında biz böyük bir böhran keçirdik. Yəni böyük bir silahlı dəstə müxtəlif xarici ölkələrin xüsusi xidmət orqanlarından dəstək, kömək alaraq Azərbaycanda hakimiyyəti devirməyə, prezidenti qətlə yetirməyə, onu öldürməyə və hakimiyyəti ələ keçirməyə cəhd göstərdi. Biz bunun da qarşısını aldıq. Ondan sonra da Azərbaycanda bir neçə terror cəhdinin qarşısı alındı.

Bunun nəticəsində biz 1995-ci ilin sonundan ölkədə sabitliyi təmin etməyə başladıq. Allaha şükürlər olsun ki, hər il Azərbaycanda daxili vəziyyət daha da sabitləşir, möhkəmlənir və insanlar artıq rahat yaşayır və rahat yaşamağa da öyrənirlər. Cinayətkarlar da - onlar hələ tükənməyiblər - anlayıblar ki, daha o yollarla getmək olmaz. Ancaq bəziləri anlamayıblar. Bəziləri bu gün də hələ o fikirlə, o hava ilə yaşayırlar ki, Azərbaycanda yenidən hakimiyyəti güclə, silahla devirmək, ələ almaq olar.

Ancaq indi bizim dövlətimiz güclüdür. Xalqımız da dövləti dəstəkləyir. Belə xəyalda olan adamlar da onlardan əvvəl belə işləri görən adamlar kimi öz cəzalarını alacaqlar.

Bu illərdə Azərbaycanda bir çox istiqamətdə işlər gedibdir. Mən sizə deyirəm, birincisi, əsası o idi ki, sabitliyi əldə edək. Bununla bərabər Azərbaycanda demokratik, hüquqi dövlət quruculuq prosesisini həyata keçirək. Azərbaycanda bazar iqtisadiyyatına keçmək tədbirlərini təmin edək, islahatlar həyata keçirək. Bunların hər biri özlüyündə çox ağır, çətin problemdir. Çünki əgər insanlar 70 il bir ictimai-siyasi, iqtisadi sistemdə yaşayıbsa, - təkcə insanlar yox, dövlət, bütün millət, - qısa bir zamanda başqa sistemə keçmək asan iş deyildir.

Ancaq biz bu yolla çox inamla gedirik. İnamla getdiyimizə görə uğurlar da əldə edirik. O illərdə ki, Azərbaycanda daxili sabitlik pozulmuşdu, müharibə gedirdi, - və uğursuz müharibə gedirdi, - Azərbaycanın iqtisadiyyatı dağılmışdı. Mən sizə deyə bilərəm ki, keçmiş Sovetlər Birliyinin tərkibində 70-80-ci illərin sonuna qədər Azərbaycanın çox güclü iqtisadi potensialı olubdur. Siz Bakını seyr edərkən yəqin ki, bunun nişanələrini indi də görürsünüz. O dövrdə Azərbaycanın güclü, çox güclü potensialı olubdur. Sizin sözünüzlə desək, altyapı çox güclü olubdur.

Ancaq o illərdə bunların bir qismi dağılıbdır. Dağılmış bir şəraitdə, iqtisadiyyat inkişaf əvəzinə ilbəil tənəzzül etdiyi bir halda bunu dayandırmaq lazım idi. İqtisadi vəziyyəti sabitləşdirmək, sonra da inkişaf etdirmək lazım idi. 1996-cı ildən biz bu yolla gedirik, həyata keçirdiyimiz tədbirlər, demokratikləşmə, dövlət quruculuğu prosesi, çox dəyərli qanunların qəbul olunması və onların həyata keçirilməsi, iqtisadiyyatda görülən tədbirlər nəticəsində əldə edilən inkişaf göz qabağındadır.

Mən bu gün 1999-cu ilin iqtisadi göstəricilərinə dair rəqəmlərə baxırdım. Biz adətən özümüzü Müstəqil Dövlətlər Birliyində olan ölkələrlə müqayisə edirik, - özümüzü Türkiyə ilə, başqası ilə müqayisə edə bilmərik, - çünki keçmişdə o dövlətlərlə Sovetlər Birliyində, bir iqtisadi sistemdə olmuşuq və indi də onlarla bərabər Müstəqil Dövlətlər Birliyindəyik. Ona görə də iqtisadiyyatımızın vəziyyətini onlarla müqayisə edirik.

Müqayisədən görünür ki, 1999-cu ilin yekunlarına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olan 12 ölkə içərisində çox hallarda birinci yerdədir. Çox hallarda! Təsəvvür edin, bizdə sənaye istehsalı ilbəil 25 faiz aşağı düşürdü. Eləcə də kənd təsərrüfatı istehsalı, ümumi daxili məhsulun həcmi aşağı düşürdü. 1996-cı ildən isə inkişaf edir - ildə 4 faiz, 5 faiz. Məsələn, heç gözlənilməyən şeydir - 1999-cu ildə sənaye istehsalı 4 faiz inkişaf edibdir. Baxmayaraq ki, sənayemizin böyük hissəsi dayanıbdır, amma biz başqa sahələri canlandırmışıq, inkişaf edibdir. Məsələn, kənd təsərrüfatında 7 faiz artım var. Ümumi daxili məhsul 7 faiz artıbdır. Bunların nəticəsində bizdə büdcədən verilən maaşlar artır. İstehlak mallarının qiyməti sabitdir, ya da aşağı düşür. Neçə ildir ki, bizdə inflyasiya yoxdur, manatın dəyəri sabitdir. Bunlar belə bir ağır şəraitdə əldə olunan göstəricilərdir.

Təbiidir, biz bunların heç biri ilə öyünmürük, heç birini də böyük nəticə hesab etmirik. Biz hələ çox işlər görməli və çox böyük nəticələr əldə etməliyik. Xalqın hamısının rifah halını, yaşayışını yüksəltəməliyik. İqtisadi potensialımızı hərəkətə gətirməliyik. Biz bu yoldayıq, bu yolla gedirik. Hesab edirəm ki, bu yolda da uğurlar əldə edəcəyik.

Bir sözlə, mən sizə bildirmək istəyirəm ki, səkkiz illik müstəqillik dövrü bizə qürur hissi gətirir - böyük, tarixi nailiyyətdir ki, biz artıq müstəqil yaşayırıq, istiqlaliyyətimizə çatmışıq. Siz bildirdiyiniz kimi, Azərbaycan dünya miqyasında öz yerini tutubdur, onun öz imzası var, öz səsi var. Eyni zamanda problemlərimiz də çoxdur və bunları həll etməyə çalışırıq.

Yəni müstəqilliyimiz bizim üçün əsas nailiyyətdir. Amma bu müstəqillikdən istifadə edib sosial-iqtisadi inkişafı təmin etmək və müstəqillik şəraitində insanlarımızın həyat tərzini, rifahını keçmiş Sovetlər Biliyində olduğundan daha da yüksəklərə qaldırmaq bizim borcumuz, vəzifəmizdir. Bunu da edirik və edəcəyik.

Biz dünya təcrübəsindən istifadə edirik. Bizim üçün çox gözəl təcrübə mənbəyi Türkiyədir. Təbiidir ki, Türkiyənin keçdiyi yol böyük yoldur. Türkiyə Cümhuriyyəti böyük öndər Mustafa Kamal Atatürk tərəfindən yaranandan bəri 75 ildir ki, yaşayır və böyük nailiyyətlər əldə edibdir. Amma bəzən sizin mətbuatda da oxuyuram, mənim əziz dostum, qardaşım hörmətli Süleyman Dəmirəllə Türkiyənin müxtəlif yerlərində oluram. Məsələn, son vaxtlarda biz zəlzələ olan yerə birlikdə getmişdik. Kocaelidə idik, - deyəsən, burada Kocaelidən millət vəkili var, - oraya getmişdik, çox gözəl görüşlərimiz keçdi. Mən də insanlara xitab etdim, hörmətli Süleyman Dəmirəl də xitab etdi. Ondan sonra İspartada oldum, orada da bir neçə görüş oldu. Hörmətli Süleyman Dəmirəl İspartada, Süleyman Dəmirəl adına Universitetdə xalqa xitab etdi. Məsələn, hörmətli Süleyman Dəmirəl deyirdi: xatırlayın, cünhuriyyət yarananda 12 milyon nüfuzu olan Türkiyənin əhalisi indi 65 milyondur. Yaxud da, pulu olmayan o dövlət indi təkcə İsparta şəhərində iki məktəb açdı, nə qədər universitetlər var, insanlar nə qədər savadlanıblar.

Yəni cümhuriyyət yaranandan indiyə qədər Türkiyənin belə yüksək səviyyəyə çatması üçün, birincisi, zaman lazım idi. İkincisi, əlbəttə ki, Mustafa Kamal Atatürk kimi müdrik bir liderin liderliyi lazım idi. Ondan sonra isə böyük Atatürkün qoyduğu yolla sədaqətlə gedən dövlət və dövlət başçıları lazım idi. Bunlar hamısı var. Hesab edirəm, Türkiyənin ən böyük sərvəti ondan ibarətdir ki, onun cümhuriyyəti var, tarixi şəxsiyyət olan Mustafa Kamal Atatürk unudulmaz lideri və onun yolu ilə gedən, demokratiya yolu ilə gedən dövləti, hökuməti və xalqı var.

Bunlara görə də mən deyirəm ki, biz Türkiyənin təcrübəsindən çox istifadə edirik, Türkiyə bizim üçün örnəkdir. Məsələn, xüsusən nə üçün? Ona görə ki, Türkiyə xalqı ilə Azərbaycan xalqı qədər bir-birinə yaxın xalq, millət yoxdur. Siz də bunu ifadə etdiniz, mən də dəfələrlə demişəm ki, biz bir millət, iki dövlətik. Görürsünüz, dilimiz birdir. Türkdilli dövlətlər var, onlarla siz də görüşürsünüz, biz də görüşürük. Biz onlarla rusca danışırıq. Çünki mənim azərbaycanca danışdığımı özbək, ola bilər, 10 faiz anlasın, onun da danışdığını mən 10 faiz anlaya bilərəm. Eləcə də sizin aranızda. Mən bilirəm ki, siz də tərcümansız danışa bilmirsiniz. Amma görürsünüz, mənim dediklərimin hamısı sizin dediyiniz kimidir. Ola bilər ki, 3 faiz sözlərdə fərq var. Bu, birincisi.

İkincisi, bizim adətimiz, ənənələrimiz, mənəvi dəyərlərimiz - bunlar hamısı birdir. Ona görə də Türkiyə bizim üçün hər sahədə örnəkdir və çalışırıq ki, bundan səmərəli istifadə edək.

Bizim xalqımızda Türkiyəyə çox böyük məhəbbət var, - siz bunu hiss etdiniz, - çox böyük sevgi var. Mən Türkiyədə olarkən dəfələrlə bunu ifadə etmişəm. Hörmətli sədr, bir neçə ay bundan öncə Ankarada mənə Beynəlxalq Atatürk Sülh mükafatı verilərkən orada söylədiyim nitq sizin xatirinizdədir, orada da dedim. Bunun özü Azərbaycan xalqı üçün böyük bir tarixi hadisədir ki, Azərbaycanın prezidenti böyük öndər Atatürkün adını daşıyan Beynəlxalq Sülh mükafatına layiq görülübdür. Mən bunu təntənəli şəraitdə aldım, sizin hamınız - dövlət də, hökumət də, Böyük Millət Məclisi də - iştirak edirdiniz. Mən bunu həyatımda ən böyük hadisə hesab edirəm.

Xatirinizdədir, o vaxt mən orada dedim ki, həyatımda çox dövlət nişanları, çox mükafatlar almışam, Sovetlər Birliyinin ən yüksək dövlət nişanlarının, mükafatlarının, demək olar, hamısını almışam. Yalnız Sovetlər Birliyinin yox, bir neçə başqa dövlətlərin də. Ancaq 1996-cı ildə məni Türkiyənin dövlət nişanı ilə təltif etdilər, hörmətli cümhur başkanı Süleyman Dəmirəl onu mənə təqdim etdi. 1999-cu ildə isə - qərar aprel ayında qəbul olunmuşdur, ancaq xəstəxanada olduğuma görə təqdimat gecikdi - mənə Beynəlxalq Atatürk Sülh mükafatı verildi. Mən o vaxt da demişəm, bu gün də deyirəm: bu, bizim Azərbaycan xalqına Türkiyə dövləti tərəfindən göstərilən qayğıdır, hörmətdir. Gənc müstəqil Azərbaycan dövlətinə qayğıdır. Yəni bu mükafat təkcə mənə aid deyil, bütün xalqımıza, millətimizə, bütün dövlətimizə aiddir.

Türkiyənin həyatında Böyük Millət Məclisinin çox önəmli yeri var. 1996-cı ildə mən Böyük Millət Məclisində geniş nitq söylədim - ola bilər, sizlərdən orada olanı vardı, xatırlayırsınız. Orada mən dedim ki, keçmişdə, Sovetlər Birliyi zamanı qəzetlərdə yazırdılar ki, Türkiyənin Böyük Millət Məclisi bunu etdi, onu etdi. Bu, hər dəfə bizdə böyük qürur hissi doğururdu. Amma eyni zamanda müxtəlif duyğular yaradırdı. Çünki biz Sovetlər Birliyinin tərkibində olaraq qəlbimizdə Türkiyəyə, Böyük Millət Məclisinə, Mustafa Kamal Atatürk şəxsiyyətinə böyük hörmətlə yaşayırdıq. Məsələn, Böyük Millət Məclisi xalqımızın, o cümlədən mənim kimi bir insanın gözündə elə bir anlayış idi ki, o, dünyanın ən böyük məclislərindən biridir. Ona görə mən Böyük Millət Məclisində, bütün millət vəkillərinin qarşısında nitq söyləyərkən bu sözləri dedim. Dedim ki, Türkiyə Böyük Millət Məclisinin böyük tarixi var. Birincisi, bunun əsasını qoyan, bunu yaradan, bunun banisi Mustafa Kamal Atatürkdür. İkincisi, bu, böyük demokratiya yolu keçmiş millət məclisidir və Türkiyənin həyatında çox böyük rol oynayır, böyük təcrübəsi vardır.

Ona görə də biz sizin bu təcrübənizdən daim istifadə edirik. Bu baxımdan parlamentlərarası əlaqələrin də çox böyük əhəmiyyəti var. Mənə dedilər ki, siz bu gün Azərbaycanın Milli Məclisində çox dəyərli nitq söyləmisiniz. Sizin fikirləriniz, bizim millət vəkillərinin bir-biri ilə daimi əlaqələri təbiidir ki, bizə lazımdır.

Bizim parlament 1995-ci ildə seçilmiş Millət Məclisidir. Bu, gənc parlamentdir. Biz demokratiya qururuq və deyə bilmərəm ki, demokratiyanı istənilən səviyyəyə qaldıra bilmişik. Əgər belə desəydik, bu, yanlış, səhv olardı. Çünki qısa bir müddətdə belə ola bilməz. Türkiyə Böyük Millət Məclisinin nə qədər tarixi var - 1923-cü ildən indiyə qədər. Bəlkə parlament ondan da öncə yaranmışdır, cümhuriyyət ondan sonra yaranmışdır. Elədir, mən səhv etmirəm ki? Nə qədər böyük tarixi var, nə qədər böyük yol keçibdir.

Amma bu gün də yenə, - bu ifadəmə görə üzr istəyirəm - qüsursuz deyildir. Elədirmi? Ona görə bizim də Milli Məclisimiz yol keçir. Təbiidir, heç də düşünməməliyik ki, bizə 70 il lazımdır ki, gəlib sizin səviyyənizə çataq. Yox, biz sizin təcrübənizdən və dünyanın digər demokratik parlamentlərinin təcrübəsindən istifadə edərək daha da sürətlə gedəcəyik və tez bir zamanda gəlib çatacağıq. Amma bunun üçün zaman lazımdır.

Bu ilin sonunda, noyabr ayında bizdə yeni seçkilər olacaq, çünki beş il bitir. Güman edirəm ki, bu seçkilər daha da demokratik olacaq, Azərbaycan cəmiyyətini daha da geniş təmsil edəcək, Milli Məclisimiz bu beş ildə əldə etdiyi təcrübəni daha da artıracaqdır. Beləliklə, biz müstəqil Azərbaycanı yaşadacaq, inkişaf etdirəcəyik.

Bizim əlaqələrimiz haqqında çox danışmaq olar. Ancaq hesab edirəm, ən böyük nailiyyətimiz bir də odur ki, biz Azərbaycanın Xəzər dənizindəki böyük sərvətlərini - neft və qaz yataqlarını dünyaya təqdim etdik. 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzaladıq. Bu barədə Türkiyə ilə daim bərabər çalışdıq. Nəhayət, Bakı-Ceyhan neft kəmərinin yaranması haqqında noyabr ayında İstanbulda bir saziş imzaldıq.

Doğrudur, indi bizə çox sual verirlər ki, nə üçün işə başlamayıbdır? Bunu siz bilirsiniz, biz də bilirik. Türkiyə ilə Azərbaycan bu layihə barədə eyni mövqedədirlər. Amma Gürcüstan bəzi şərtlər qoyubdur. Bu yaxınlarda Ankarada bu barədə danışıqlar getdi. İndi, fevral ayının 12-də Azərbaycanda toplaşacaqlar. Hörmətli Süleyman Dəmirəl Gürcüstanda olarkən orada bu məsələni müzakirə etmişdir. Mən də Moskvada olarkən Gürcüstanın prezidenti Şevardnadze ilə bu barədə danışdım. Hesab edirəm ki, onlar o şərtləri aradan qaldıracaqlar və ondan sonra biz Bakı-Ceyhan neft kəmərinin tikilməsinə başlayacağıq.

Təbiidir ki, bu əsrlərə xidmət edən bir xətt olacaqdır. Yalnız Azərbaycan neftinin ixrac olunması üçün xətt yox, eyni zamanda dövlətlərimizin bir-biri ilə sıx bağlanması xəttidir. Yəni bu, böyük hadisədir, bunun böyük siyasi əhəmiyyəti var - bizim bölgədə, Azərbaycanda, Türkiyədə, Qafqazda, xüsusən Cənubi Qafqazda təhlükəsiliyin təmin edilməsi üçün böyük əhəmiyyəti var. Təbiidir ki, biz bunu da həll edəcək, həyata keçirəcəyik.

Əgər bu məsələlər barəsində danışsaq, neçə saat vaxt lazımdır. Ancaq mən bəzi məsələlərə toxundum. Bir də bildirmək istəyirəm ki, sizin buraya ziyarətiniz, təbiidir ki, bizim ictimaiyyət üçün çox əhəmiyyətlidir və xalqlarımız dövlətlərimiz arasında əlaqələrin daha da yüksəklərə qalxmasına yardım edəcəkdir. Buna görə də sizə və sizin bütün nümayəndə heyətinə öz təşəkkürümü bildirirəm.

"Azərbaycan" qəzeti, 9 fevral 2000-ci il.