Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avstriyanın Xarici İşlər naziri, ATƏT-in hazırkı sədri xanım Benuta Ferrero-Valdner ilə görüşdə söhbəti - Vyana, Prezident aparatı 4 iyul 2000-ci il


Ferrero-Valdner: Xoş gəlmisiniz, cənab Prezident! Sizinlə - görkəmli dövlət xadimi ilə görüşdən şərəf duyuram. Əmin olduğumu bildirirəm ki, Vyanaya rəsmi səfəriniz Azərbaycan-Avstriya əməkdaşlığının inkişafında yeni mərhələ yaradacaqdır.

Heydər Əliyev: Xoş sözlərinizə görə təşəkkür edirəm, xanım Ferrero-Valdner. Azərbaycan ilə Avstriya arasındakı əlaqələrin bütün sahələrdə sürətlə inkişaf etməsi həqiqətən də vacibdir.

Demokratik inkişaf və bazar münasibətləri yolunu seçmiş müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində artıq xeyli iş görülmüş, islahatlar müvəffəqiyyətlə aparılmış, nəticədə böyük uğurlar əldə olunmuşdur. Azərbaycanın üzləşdiyi ən ağrılı, çətin problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyünə qəsd edilmiş, torpaqlarımızın 20 faizi işğal olunmuşdur. Bütün bunları Siz bu xəritədə aşkar görə bilərsiniz. Bir milyondan çox vətəndaşımız doğma yurdundan zorla qovulmuş, uzun illərdən bəri çadırlarda ağır vəziyyətdə yaşayır.

Bu münaqişənin aradan qaldırılması üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. 1994-cü ildə müharibədə atəşkəs rejimi barədə saziş imzalandı, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon, 1999-cu il İstanbul sammitlərində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi müzakirə edildiyi nəzərdə tutulmuşdur. Lakin münaqişənin aradan qaldırılması üçün Lissabon sammitində qəbul olunmuş üç əsas prinsip, təcavüzkar Ermənistan beynəlxalq hüquq normalarına, nüfuzlu təşkilatların qərar və qətnamələrinə məhəl qoymur. Bu münaqişənin ATƏT-in prinsiplərinə, beynəlxalq hüquq normalarına uyğun şəkildə, sülh yolu ilə həllinə Azərbaycan tərəfdardır. Son illər Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqlar olmuşdur. Lakin Minsk qrupunun həmsədrləri olan Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın sülh prosesini sürətləndirmək sahəsində səylərinin artırılmasına ehtiyac duyulur. ATƏT-in bu sahədəki fəaliyyətinə Azərbaycan böyük ümidlər bəsləyir. Ümidvar olduğumu bildirirəm ki, Avstriya ATƏT-ə sədrlik etdiyi dövrdə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün lazımi səylər göstərəcəkdir.

Ferrero-Valdner: Hörmətli cənab Prezident! Sizin uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın haqq işinin qalib gələcəyinə, münaqişənin sülh yolu ilə aradan qaldırılacağına əmin olduğumu bildirirəm. Mən bu yaxınlarda Sizin bölgənizə səfər edəcəyəm.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll olunması üçün Avstriya ATƏT-in hazırkı sədri kimi, bütün imkanlarından istifadə edəcəkdir.

Heydər Əliyev: Biz buna böyük ümid edirik. Mən həmçinin, ümidvaram ki, Azərbaycan-Avstriya əlaqələri daha genişləndiriləcək, bölgədə vəziyyət axır ki, sabitləşəcək.