Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezidenti Türkiyənin Səhiyyə Naziri Osman Durmuş ilə görüşdə söhbəti - Prezident sarayı, 19 aprel 2000-ci il


Hörmətli nazir!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda salamlayıram. Xoş gəlmisiniz, səfa gətirmisiniz!

Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri xüsusi xarakter daşıyır və bu əlaqələr daim inkişaf edir, genişlənir. Bu baxımdan, indi Türkiyənin səhiyyə nazirinin Azərbaycana gəlməsi və səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təbiidir ki, bizim üçün çox əhəmiyyətlidir. Səhiyyə sahəsi hər dövlət üçün, hər ölkə üçün mühüm bir sahədir. Keçmiş zamanlarda biz Sovetlər İttifaqının tərkibində olanda 70 il ərzində burada xüsusi bir səhiyyə sistemi qurulubdur. Səhiyyə pullu yox, pulsuz olubdur. Ancaq mən sizə deyərəm ki, çox da işlər görülübdür. İndi baxın, Azərbaycanda nə qədər xəstəxana binaları var, nə qədər ambulatoriya binaları var, nə qədər elmi-tədqiqat institutları var. Bunların heç birisi Azərbaycanda yox idi.

1920-ci ildə Azərbaycanda ola bilər ki, 10-15 azərbaycanlı həkim var idi. Ola bilər, iki-üç dəfə də ondan artıq yəhudi, yaxud rus həkimləri var idi. Amma sonra bizdə tibb institutu, daha sonra universitet yarandı. Azərbaycanda Dövlət Universiteti 1919-cu ildə yarananda onun tərkibində tibb fakültəsi də olmuşdu. Amma sonra, təxminən 1930-cu ildə tibb fakültəsindən tibb institutu yarandı. Azərbaycanda nə qədər həkimlər hazırlanıbdır, nə qədər elmi-tədqiqat institutları yaranıbdır. Yəni sovet hakimiyyəti dövründə biz bu social sahədə ümumiyyətlə, çox nailiyyətlər əldə etmişik. Xüsusən də səhiyyə sahəsində. İndi bizdə həkimlərin sayı çoxdur. Amma bu keçid dövrü, təbiidir ki, səhiyyədə də çox gərginliklər yaradıbdır.

Mən keçmiş zamanlarda Azərbaycana rəhbərlik edərkən səhiyyə sahəsi ilə çox məşğul olurdum və o dövrdə, mənim işlədiyim dövrdə çox xəstəxanalar yarandı, çox böyük işlər görüldü. Sonra isə mən Moskvada Baş nazirin - siz buna "baş bakan" deyirsiniz - birinci müavini işləyirdim və səhiyyəyə tamamilə mən rəhbərlik edirdim. O vaxt orada sahənin iki nazirliyi var idi: biri Səhiyyə Nazirliyi, biri də Tibb Sənayesi Nazirliyi. Amma orada çox böyük elmi-tədqiqat institutları da var idi, çox böyük tibb mərkəzləri də var idi. Sizə deyə bilərəm ki, indi mən Rusiyanı başqa ölkələrlə müqayisə edirəm. Məsələn, Rusiyada, yəni Sovetlər İttifaqında səhiyyə çox inkişaf etmişdi, çox yüksək səviyyəli mütəxəssislər var idi. Ancaq Sovetlər İttifaqı dağılanda, respublikalar müstəqillik alanda hər şey dağılmağa başladı. Sovetlər İttifaqının dağılması bizim üçün çox yaxşı oldu. Sovetlər İttifaqı dağılmasaydı biz müstəqillik əldə edə bilməzdik. Amma iş burasındadır ki, bununla bərabər çox şeylər də dağıldı: sənayedə çox şeylər dağıldı, iqtisadiyyatda çox şeylər dağıldı, təhsildə çox şeylər dağıldı və səhiyyədə də çox şeylər dağıldı. Biz indi bunu yenidən qururuq və güman edirəm ki, indi biz müstəqil dövlət kimi dünya səhiyyə sistemində olan prinsipləri qəbul edərək qururuq. İndi görülən işlər də az deyildir, amma gələcəkdə görüləsi işlər də hələ çoxdur. Güman edirəm, sizin bura gəlməyiniz, buradakı vəziyyətlə tanış olmağınız

Türkiyə ilə Azərbaycan arasındakı səhiyyə əlaqələri - həm müalicə məsələləri, həm profilaktika məsələləri, həm də elmi tədqiqatlar sahəsində çox xeyirli olacaqdır. Ona görə mən sizə təşəkkür edirəm ki, Azərbaycana gəlmisiniz və bildiyim kimi, iki gündür ki, burada bizim Səhiyyə Nazirliyi ilə bərabər işlər görürsünüz. Təşəkkür edirəm. Mən sizi xatırlayıram. Mən sizinlə Türkiyədə görüşdüm və xüsusən İspartada bir yerdə idik. İsparta Universitetində gərək ki, siz də nitq söylədiniz, elədirmi?

Osman Durmuş: Bəli.

Heydər Əliyev: Mənim əziz dostum, qardaşım, cümhur başkanı Süleyman Dəmirəl orada çox gözəl bir nitq söylədi. Siz də nitq söylədiniz. Sonra, gərək ki, orada təhsil naziri var idi, o da nitq söylədi. Mən də bir nitq söylədim. Orada çox gözəl bir görüş oldu. Sizinlə orada tanış olmuşduq. İndi də Azərbaycana gəlmisiniz. Azərbaycana ilk dəfədir gəlirsiniz?

Osman Durmuş: Bəli, ilk dəfədir gəlirəm.

Heydər Əliyev: Bu, çox əhəmiyyətlidir. Çünki Azərbaycanı kənardan görməklə tanımaq olmaz. Azərbaycanı tanımaq üçün gərək Azərbaycanda olasan, Azərbaycana gələsən, Azərbaycanı gözünlə görəsən. Təşəkkür edirəm. Buyurun.

Osman Durmuş: Hörmətli Cümhur başkanım, mən də Sizə təşəkkür edirəm. Həmkarım hörmətli Əli İnsanovun dəvəti ilə Azərbaycana iki günlük səfərə gəlmişəm. Buraya ziyarətimiz çərçivəsində Azərbaycanın müstəqillik qazandıqdan sonra inkişaf edən yeni səhiyyə müəssisələrini və yeni açılmış sağlamlıq ocaqlarını birlikdə gəzdik. Cənab nazir əvvəlcə bizi respublika 1 nömrəli Mərkəzi Klinik Xəstəxanasına apardı. Orada aparılan inşaat işləri ilə tanış olduq. Sonra Təcili Yardım Xidməti Mərkəzini ziyarət etdik. Bu, olduqca inkişaf etmiş gözəl bir mərkəzdir. Daha sonra Azərbaycan Dövlət Tibb Universiteti ilə tanış olduq, müxtəlif fakültələri gəzdik. Orada çox yüksək səviyyəli anatomiya muzeyini və bacarıqlı, qabiliyyətli professor-müəllim heyətini gördük. Orada, tarixi bir binada dərs verilən yerdə, içərisində insan maketləri olan, uşaqdan tutmuş böyüklərə qədər skeletlər olan muzeyin bir filialının Türkiyə universitetlərində yaradılmasının böyük faydası ola biləcəyini dedim. Orada tələbələrlə, müəllimlərlə görüşlərimiz oldu. Həmin görüşdə tibb təhsilinin və tibb xidmətlərinin çox qiymətli olduğunu, bu sahədə texnologiyanın çox inkişaf etdiyini bildirdim, bu texnologiyanın Azərbaycana gətirilməsinin və qurulan təsislərin davam etdirilməsi üçün əsas şərtlərin - sizin ifadənizlə desək, yəni pullu şəkildə görülməsinin gərəkliyini söylədim. Belə olan halda həm çalışanlara, həm də o xidməti alan insanlara daha yaxşı qulluq göstəriləcəyini ifadə etdim.

Bizim Türkiyədən gələn və burada tibbi təhsil alan tələbələrin dərsliklə bağlı müəyyən problemləri vardır. Türkiyə Yüksək Öyrətim Qurumunun təhsil üçün hazırladığı kitablar, dərs proqramları və digərləri buradakı ilə eyni olmadığına görə tələbələr iki dəfə imtahan verdiklərini bildirdilər. Avropa və Amerika təhsil məktəblərinin bu gün dünya tibbində irəlidə getdiyi məlumdur. Türkiyədə də belə məktəblər yaradılmışdır. Türkiyədəki tibb fakültələri və universitetlərinin bu gün Mərkəzi Avropanın bir çox universitetlərindən yaxşı səviyyədə olduğunu onların nəzərinə çatdırdım, latın dili ilə yazılan tibbi kitabların burada təhsil üçün vacibliyini vurğuladım. Adətən, anatomiyanı latınca öyrədirlər. Neçə illərdir bu sahədə çox dəyərli müəllimlər yetişibdir. Xüsusilə Azərbaycan Dövlət Tibb Universitetinin anatomiya, fiziologiya və s. Kafedralarında yetərli bilikli, yaxşı təhsil verən kadrlar vardır. Ancaq klinik xəstəxanaların yenidən qurulmasına ehtiyac vardır. Hörmətli həmkarım Əli İnsanov bu gün bizi Göz Xəstəlikləri İnstitutuna apardı, oranı gəzdik. Fövqəladə gözəl inkişafa nail olmuşlar, gözəl inkişaf vardır. Bina, texnologiya yenidən qurulmuş, insanlar gözəl bir şəkildə yaxşı işlər görürlər. Yaxşı iş görməyin şərti müasir texnologiyaya, yaxşı biliyə sahib olmaqdır. Dünən imzaladığımız niyyət protokolu çərçivəsində 1 nömrəli mərkəzi klinik xəstəxanasında xidmət göstərəcək 40 həkimdən 20-sinin qruplar halında Türkiyənin çox təcrübəli yeddi xəstəxanasında, iyirmi klinikasında ixtisasartırma kursları keçməsi, təkrar təhsil alması işi qarşılıqlı surətdə yerinə yetiriləcəkdir. Bunu qısa müddətdə həyata keçirəcəyik. Burada o xəstəxana fəaliyyətə başlasa, çox yaxşı olacaqdır və o klinikada təhsil verən müəllimlərə, azərbaycanlı həkimlərə yardım etməyin vacibliyi söhbət zamanı qeyd olundu.

Biz bir qədər əvvəl hörmətli cümhur başkanı Süleyman Dəmirəl ilə birlikdə Vanda ürək-damar cərrahiyyə əməliyyatı aparılmasının şahidi olduq və bu, televiziya vasitəsilə canlı göstərildi. Eyni zamanda, Vanda xəstəxananın açılışı mərasimində burada ürək-damar cərrahiyyə əməliyyatı aparıla biləcəyini və bütün Azərbaycanda və Qafqazda seyr ediləcəyini, buranın tibb mərkəzi ola biləcəyini söylədik. Belə bir sistemin yaradılması çox önəmlidir. Əgər bu, öz gəliri ilə özünü təmin edən bir qurum olarsa, xəstə, həkim, pul məsələləri aradan qaldırılarsa, belə bir sistemlə bizim həkimlərimiz, müəllimlərimiz gəlib sizin həkimlərinizlə işbirliyi qura bilər, birlikdə əməliyyat apara bilər və bunları bir-birinə öyrədə bilərlər. Həmin 40 nəfərlik həkim qrupu Türkiyədə əlavə təhsil aldıqdan sonra bütün işləri özləri görəcəklər. Belə olan halda Azərbaycan qonşularına da bu xidməti göstərən bir mərkəz ola bilər. Biz bunu düşünürük və ümid edirəm ki, bütün bunlar həyata keçəcəkdir.

Hörmətli cümhur başkanım, sizə Türkiyənin səhiyyə sistemi barədə qısa məlumat vermək istəyirəm. Türkiyə Cümhuriyyətində Səhiyyə Nazirliyinə tabe olan 735 xəstəxana vardır. Türkiyədəki 1230 xəstəxananın böyük hissəsi Səhiyyə Nazirliyinə aiddir. Bundan əlavə, universitet, özəl, vəqf xəstəxanaları kimi səhiyyə müəssisələri vardır. Hətta Türkiyədə yaşayan xaricilərin qurduğu xəstəxanalar da vardır. Bu xəstəxanalarda yataq sahəsinin yüzdə əllisindən çoxu Səhiyyə Nazirliyinə aiddir. Bəzi xəstəxanalarda bu, yüzdə səksəni keçir. Təhsil verən xəstəxanalarımızın sayı 30-a yaxındır. İndi 42 xəstəxanada iki növbədə çalışırlar. Türkiyədə cərrahlar böyük şəhərlərdə çox olduğu üçün müalicə xidmətini iki yerə böldük - səhərdən saat 16- dək və 16-dan gecə saat 12-yə qədər həkim qrupları çalışır, müayinə və müalicə xidmətləri göstərirlər. Bu da xəstəxanalarımızın vəziyyətini xeyli yaxşılaşdırdı. 1999-cu ildə sərmayə ilə çalışan xəstəxananın büdcəsi 35 trilyon türk lirəsi idi, bir ildə bu, 100 trilyon lirə oldu. Belə olan halda həm xidmətin səviyyəsi yüksəlir, həm də binalar yenidən qurulur. Hazırda işlərimiz bu yöndə davam edir. Biz dünya səhiyyə təşkilatının üzvüyük. Hörmətli həmkarım ilə Cenevrədə görüşəcəyik. Bu xəstəxananın xidmətləri bəlli bir nöqtəyə gəlsə, bu işləri necə yerinə yetirəcəyimizi orada birlikdə müzakirə edəcəyik.

Sizin də bir az əvvəl ifadə etdiyiniz kimi, Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra xəstəxanalarda da ciddi dəyişikliklər baş vermişdir. İndi xəstəxanalarınızı yenidən qurmusunuz, həkimlərin sayını artırmısınız, xidmət səviyyəsini dəyişdirmisiniz. Bu, gözəl bir inkişafdır. Ümumiyyətlə, xəstəxanaların özü-özünə yetərli xəstəxana halına gəlməsi, universitetlərin Avropa və Amerika sistemi ilə inteqrasiyaya girməsi vacibdir. Əgər Türkiyə universitetləri qısa zamanda Avropa və Amerika təhsil proqramına keçirsə, deməli, çox qısa zamanda bu imkanları səfərbər edən, iş bilən mütəxəssislərin köməyi ilə Azərbaycanın gözəl gələcəyini düşünürəm.

Mən fürsətdən istifadə edərək, Baş nazirin müavini hörmətli Dövlət Baxçalının salamını, hörmət və ehtiramını Sizə çatdırmaqdan məmnunluq duyuram.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Sizin verdiyiniz bu məlumatlar və sizin fikirləriniz elə bizim fikirlərimizlə eynidir, üst-üstə düşür.

Mən bildirdim ki, bizim səhiyyə sistemi ölkəmizin bütün sahələri kimi, bir keçid dövrü yaşayır və bunun istiqaməti də ondan ibarətdir ki, Azərbaycanda səhiyyə sisteminin həm quruluşu, həm də təşkil edilməsi gərək Avropa, yəni Qərb, Amerika beynəlxalq standartlara get-gedə yaxınlaşsın. Çünki Amerikada və Avropa ölkələrində səhiyyə son vaxtlar çox inkişaf etmişdir. Həm xəstələri müalicə etmək üçün, yaxud cərrahiyyə əməliyyatı aparmaq üçün müxtəlif alətlər, cihazlar yaradılmışdır və onlardan istifadə olunur, həm də ki, həkimlərin, bütün səhiyyə işçilərinin biliyi, təcrübəsi, səviyyəsi çox artmışdır. Türkiyə bu barədə çox irəliləyibdir. Yəni Türkiyə Qərblə - Avropa ilə, Amerika ilə bağlı olduğuna görə və o yol ilə getdiyinə görə o təcrübəni alıbdır, mənimsəyibdir. Mən çox sevindim ki, Türkiyədə indi siz deyirsiniz ki, Vanda açıq cərrahiyyə əməliyyatı aparılıbdır. Ancaq hələ Bakıda bu yoxdur. İndi Van ilə Bakını da müqayisə etmək olmaz. Bakı böyük bir şəhərdir, böyük bir elm mərkəzidir, böyük tibb mərkəzidir. Ancaq Türkiyəyə o xarici texnologiya, xarici bilik son illərdə çox güclü gəlibdir və siz xaricdə, yəni Avropada, Amerikada kadrlar hazırlamısınız, onlardan cihazlar, alətlər ala bilmisiniz, - yəni bu ilaclardır, filanlardır, - onları ala bilmisiniz və bunu etmisiniz. Bu, çox təqdirəlayiq bir haldır. Mən buna çox sevinirəm.

Bilirsiniz, mən bir il bundan öncə Amerikada, Klivlenddə cərrahiyyə əməliyyatı keçirdim. Ondan sonar Azərbaycana dönərkən dostum, qardaşım hörmətli Süleyman Dəmirəl məni Türkiyəyə dəvət etdi ki, Azərbaycana qayıtmazdan əvvəl gəlim, orada bir az dincəlim. Gəldim, bir neçə gün Ankarada qaldım, sonra Antalyaya getdim. Mən elə bilirdim ki, Antalya bir istirahət yeridir, şəhəridir. Amma orada Antalyadan bir-iki həkim gəlib mənə baxırdı, onlar mənə dedilər ki, Antalya Universitetində nə qədər qəlb cərrahiyyə əməliyyatı aparıblar. İndi siz deyirsiniz ki, Vanda da keçirilibdir. Bu, böyük nailiyyətdir və bu barədə Türkiyədəki irəliləyişi çox yüksək qiymətləndirirəm.

Mən keçən ilin yanvar ayında, yəni ocaq ayında bir balaca xəstələndim. Buradan Gülhanəyə getdim. Bilirsiniz. Məsələn, mən Gülhanə Tibb Akademiyasını çox yüksək səviyyəli tibb - həm elm, həm də müalicə ocağı kimi gördüm. Bunun yüz il tarixi var. Çox gözəl bir tibb mərkəzidir. Türkiyədə başqalarını görməmişəm, ancaq Gülhanəni çox görmüşəm və sevmişəm. O vaxt mənim bir az xəstələnib Türkiyəyə getməyim dünyada çox böyük bir çaşqınlıq yaratdı: "Nə oldu, Heydər Əliyev heç vaxt xəstələnməyib". Nə qədər işləmişəm, mənim heç həkimim də olmayıbdır. Mən Moskvadan 1990-cı ildə ayrıldım, getdim Naxçıvana, üç il orada yaşadım, sonra 1993-cü ildə bura gəldim, - heç bir həkimlə əlaqəm olmayıbdır. Amma Moskvada mənim həkimim var idi. Moskvadan Naxçıvana gələndə belə fikirdə idim ki, mən özümü dəryaya atıram. Dəryada nə qədər üzə biləcəyəm, o qədər də üzə biləcəyəm. Daha mənə bir yardımçı, həkim-filan lazım deyil. Sağlamlığım məni nə qədər yaşadacaq, o qədər də yaşadacaqdır. Yaşatdı da. Amma 1999-cu ilin yanvar ayında qripdən sonra məndə bir balaca kriz oldu. Yenə də, nə etmək, - əlbəttə ki, bizim həkimlər müəyyən tədbirlər gördülər, ancaq mənim oğlum dostum, qardaşım Süleyman Dəmirələ telefon etdi. Mən dərhal Türkiyəyə gəldim, Gülhanədə iki həftə müalicə olundum. O vaxt bütün dünya qəzetləri bunu çox yazdılar və xüsusən Moskva, Rusiya qəzetləri çox yazdılar ki, Heydər Əliyev uzun müddət Moskvada yaşamış, Moskvada bütün həkimləri tanıyır, onlara vaxtilə başçılıq etmişdir, indi nə üçün öz səhhətini Moskvaya, Rusiyaya etibar etmədi, Türkiyəyə getdi?

Mən bir neçə dəfə dedim. Dedim, bəli, mən indi bütün sağlamlığımı Türkiyəyə etibar etmişəm. Əgər Türkiyə mənim sağlamlığımı istəyirsə, o, bunu möhkəmləndirməlidir. Əgər istəməsə, onda özləri bilərlər. Məni orada iki həftə yaxşı müalicə etdilər. Bilirsiniz ki, mən Amerikada səfərdə ikən qəflətən bir hadisə oldu, sonra mən Klivlenddə müalicə olundum. Klivlenddə Murat Tuzcu adlı bir türk həkim var. Əgər o, orada işləməsəydi, mən cərrahiyyə əməliyyatına getməyəcəkdim. Siz Ertən Paşanı tanıyırsınız? O, çox gözəl bir insandır, kardioloqdur, professordur. O, Vaşinqtonda mənimlə bir yerdə idi. Ertən Paşa Klivlendə getməyim barədə mənə çox təbliğat apardı. Biz Klivlendə getdik. Mən bəzi müayinələri istəmirdim. Amma o, mənə anlatdı ki, bütün bunlar, cərrahiyyə əməliyyatı lazımdır. Yəni orada amerikalılarla bərabər turkiyəli gözəl bir həkim var. Murat Tuzcu gözəl bir insandır. O, Klivlenddə çox yüksək hörmətə malikdir. Beləliklə, təbiidir ki, Türkiyənin səhiyyəsi Amerikanın və Avropa ölkələrinin səhiyyəsinə yaxınlaşır. Doğrudur, indi Türkiyədən də bir çox adamlar cərrahiyyə əməliyyatı üçün Amerikaya gedirlər. Klivlend klinikasına Türkiyədən çoxlu adam gedir. Gördüm ki, həmin klinikanın bəzi otaqlarının qarşısında türkcə yazılar var idi. Orada həm ərəbcə, həm də türkcə yazılar var idi. Soruşdum ki, bu yazılar nə üçündür? Dedilər ki, buraya çoxlu türk və ərəb gəlir. Ona görə belə yazılar yazılır ki, onlar üçün bir çətinlik olmasın.

Bəzən insanlar özlərində olan keyfiyyətləri o qədər də qiymətləndirə bilmirlər. Elə bilirlər ki, o birisi bundan yaxşıdır. Bu da təbiidir. İndi Amerika ilə, yaxud Almaniya ilə bu sahədə yaxın əlaqələr qurmaq bizim üçün bir az çətindir. Ancaq Türkiyə ilə səhiyyə sahəsində əlaqələr yaratmaq Azərbaycan üçün asandır. Ona görə ki, Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri buna yaxşı şərait yaradır. Bu baxımdan mən sizin buradakı danışıqlarınızın, əldə etdiyiniz razılıqların hamısını dəstəkləyirəm, bəyənirəm. Hesab edirəm ki, belə də davam etmək lazımdır.

İndi bizim ölkələrimizin təhsil sahəsində çox geniş əlaqələri vardır. Azərbaycanın təhsil naziri dəfələrlə Türkiyədə olubdur, Türkiyənin təhsil naziri də buraya gəlibdir. Təbiidir ki, iqtisadi sahədə də əlaqələrimiz yaxşıdır. Ancaq ölkələrimizin əlaqələri ən çox siyasi sahədədir. Bunun da çox böyük faydası vardır. Çünki Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman Türkiyə respublikamızın müstəqilliyini birinci tanıyan ölkə olubdur. Azərbaycana dəstək veribdir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyə həmişə Azərbaycanın tərəfində olubdur, indi də tərəfindədir. Biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Türkiyə Minsk qrupunun üzvüdür və bu işdə çox fəallıq göstərir. Biz hansı məsələni necə həll etmək barədə Türkiyə ilə çox məsləhətləşirik. Bu yaxınlarda Bakıda Türkdilli Dövlətlər Birliyinin zirvə görüşü keçirildi. Bu da türk dünyası, türkdilli dövlətlər üçün gözəl bir işdir. Bilirsiniz ki, Türkdilli Dövlətlər Birliyini 1992-ci ilin oktyabr ayında Ankarada yaradıblar. O vaxt mərhum Turqut Özal, indiki prezident, mənim dostum Süleyman Dəmirəl bu işin təşəbbüskarı olublar və türkdilli dövlətlərin başçılarını ilk dəfə bir yerə yığıblar. Bundan sonra bu birlik yaranıbdır və o, indi də davam edir. Biz VI zirvə görüşünü burada, Azərbaycanda keçirdik. Qərara aldıq ki, növbəti zirvə görüşünü İstanbulda keçirək. Bunun çox böyük faydası var. Çünki bir kökə, bir dilə, mənəvi dəyərlərə, adət-ənənələrə mənsub olan xalqların, millətlərin birləşməsi indi çox lazımlıdır. Keçmişdə biz bir ayrı düşmüşdük. Amma indi baxırıq ki, kökümüz birdir.

Biz "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyini keçirdik. İndi Türkiyə deyir ki, "Kitabi-Dədə Qorqud" bizimdir, qazax deyir bizimdir, türkmən deyir bizimdir, Azərbaycan deyir bizimdir, özbək deyir bizimdir. Bu da çox gözəldir. O hamınındır. Yəni "Kitabi-Dədə Qorqud" türkdilli ölkələrin hamısına mənsubdur. Deyirlər ki, Dədə Qorqudun bir çox yerlərdə, o cümlədən Azərbaycanda da qəbri vardır. Nursultan Nazarbayev burada nitq söyləyəndə dedi ki, Sır-Dəryada Dədə Qorquda böyük bir abidə qoyulubdur. Dədə Qorqudun məkanı ora olubdur. Amma biz deyirik ki, Dədə Qorqudun məkanı Azərbaycandır. Türkiyədə, Bayburtda neçə dəfə yubiley keçiriblər. Bakıdakı yubiley mərasimlərinə ən çox qonaqlar Türkiyədən - həm elm adamları, professorlar, rektorlar, həm də bir sıra valilər gəlmişdilər. Yəni bu, bizi birləşdirən bir amildir. Amma 5-6 il bundan öncə Dədə Qorqudu heç Azərbaycanda da tanımırdılar. Bunun da tarixi bir az fəciəlidir. Təbiidir ki, keçmişdə Türkiyədə də, Azərbaycanda da, hətta Qərb ölkələrində də alimlər "Kitabi-Dədə Qorqud"u tədqiq ediblər. Amma sonra, sovet dövründə "Kitabi-Dədə Qorqud" qadağan olunubdur. Hətta 1950-51-ci illərdə bizim bəzi alimlərimiz, o cümlədən Həmid Araslı, Əbdüləziz Dəmirçizadə, Əli Sultanlı "Kitabi-Dədə Qorqud" haqqında bəzi elmi əsərlər yazıblar. Bartold "Kitabi-Dədə Qorqud"u rus dilinə tərcumə edibdir, Həmid Araslı isə onu Azərbaycan dilinə tərcümə edib nəşr etdirəndə onların hamısını günahlandırıblar ki, siz pantürkistsiniz. Yəni o vaxt bizim üzərimizə bir pantürkist damğası vurmuşdular. Ona görə də Türkiyə ilə hər bir xırda əlaqə qadağan idi. Kimin Türkiyədə bir qohumu var idisə, o, pantürkist hesab olunurdu. Pantürkist ideologiyasını, damğasını bütün türkdilli xalqlara düşmən olan, təbiidir ki, birinci növbədə sovet hakimiyyəti yaratmışdı. Amma bu pantürkist ideologiyasını təkcə sovet hökuməti yox, bizim xalqların birləşməsinin əleyhinə olanlar, onun qarşısını almaq istəyənlər yaratmışdılar. 1937-38-ci illərdə Azərbaycanda repressiyalar oldu. Yəni insanlar həbs edildi, cəzalandırıldı. Onların bir qisminin heç bir günahı yox idi. Amma "bu pantürkistdir" deyə, onları həbs etdilər, edam etdilər, yaxud da bu adamlara böyük cəzalar verdilər.

İndi, Allaha şükür olsun ki, Azərbaycan müstəqil dövlətdir. Nə qorxuruq, nə çəkinirik, car çəkərək dünyaya bəyan edirik ki, bəli, Dədə Qorqud bizim babamızdır, əcdadımızdır. "Kitabi-Dədə Qorqud" bizim keçmişimizdir və bu keçmişlə fəxr edirik. Türkdilli Dövlətlər Birliyinin yaranmasında, inkişaf etməsində Türkiyənin böyük xidmətləri vardır. Mən bunu VI zirvə görüşündə də, "Kitabi-Dədə Qorqud"un yubiley mərasimində də dedim ki, türkdilli dövlətləri Türkiyə bir yerə yığıbdır. Bu gün də deyirəm ki, əgər Türkiyənin bu barədə təşəbbüsü, güclü fəaliyyəti olmasa, ola bilər, bu, bir az zəifləsin. Çünki bu birliyi zəiflətmək istəyən qüvvələr çoxdur. Yəni türkdilli dövlətlərin bir yerə yığışmasının, birləşməsinin əleyhinə olan qüvvələr çoxdur. Belələri həm bizim ölkələrimizdə, həm də xaricdə vardır. Amma Türkiyənin bu dövlətlər birliyinə sahib çıxması, - mən yeddi ildir buradayam, - Türkiyə prezidenti Süleyman Dəmirəlin bu yeddi il ərzində böyük fəaliyyəti nəticəsində bu birlik yaşayır və inkişaf edir. Prezident Süleyman Dəmirəl türkdilli dövlətlərə indiyədək nə qədər səfərlər edibdir. O, dəfələrlə Qazaxıstana, Qırğızıstana, Türkmənistana, Özbəkistana, Azərbaycana gəlibdir. Təbiidir ki, türkdilli ölkələrin prezidentləri də Türkiyədə səfərdə olublar. Bunlar hamısı bizim birliyimizi təmin edibdir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr inkişaf etməlidir. Biz bir tərəfdən qədim köklərimizi aşkar edib göstəririk, ikinci tərəfdən də bu günümüzü yaratmalıyıq, inkişaf etdirməliyik, gələcəyə getməliyik. Gələcəyə getmək üçün isə bir-birimizə yardım, kömək etməliyik. Mən söhbətimizin əvvəlində də dedim, - bu baxımdan Türkiyə-Azərbaycan əlaqələri xüsusi xarakter daşıyır. Biz bu əlaqələri daim inkişaf etdiririk və etdirəcəyik. Baxmayaraq ki, buna görə də bizə təzyiqlər var. Məsələn, Bakı-Ceyhan əsas ixrac boru kəmərini götürün. Biz indi bu işi sona çatdırırıq. Amma beş ildir ki, Türkiyə ilə Azərbaycan, şəxsən Süleyman Dəmirəl ilə Heydər Əliyev bu işin yaranması üçün çalışırlar. 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayanda bizə bir çox ölkələrdən - Rusiyadan, digər qonşu ölkələrdən də nə qədər təzyiqlər oldu. Həm Qərbdə, həm də Rusiyada indi təbliğat aparırlar ki, "Bakı- Ceyhan əsas ixrac boru kəməri real deyildir, olmayacaqdır". Amma Bakı- Ceyhan tamam real məsələdir və onu biz reallaşdırmamışıq. Təbiidir ki, onun böyük iqtisadi əhəmiyyəti vardır. Biz Xəzər dənizindən çoxlu neft çıxaracağıq. İmzaladığımız birinci müqaviləni əhatə edən "Azəri", "Çıraq" yataqlarında və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsindən ildə təxminən 50-60 milyon ton neft çıxacaqdır. Amma biz sonra daha 18 müqavilə imzalamışıq. Bunların sayı indi 19-dur. "Şahdəniz" yatağında böyük qaz ehtiyatları vardır. İndi biz qaz ixracı haqqında düşünürük. Biz indiyədək çalışırdıq ki, Türkmənistan qazını Xəzər dənizindən, Azərbaycandan, Gürcüstandan Türkiyəyə keçirək. Biz bu layihəni yenə də dəstəkləyirik. Amma Türkmənistanın prezidenti bir gün belə, bir gün elə deyir. Lakin belə bir məsələ var ki, biz 2002-ci ildə qaz ixrac etməyə başlayacağıq. Bu qazı hara ixrac etməliyik? Biz onu Türkiyəyə ixrac etməliyik. Hörmətli Süleyman Dəmirələ buradakı mətbuat konfransında sual verdilər ki, bəs Türkiyə nə qədər Azərbaycan qazı alacaqdır? O da cavab verdi ki, Azərbaycan nə qədər qaz versə, biz onu alacağıq. Çünki Türkiyənin qaza ehtiyacı çoxdur. Yəni biz, şübhəsiz ki, hələ bir qaz kəməri də çəkəcəyik. Bakı-Ceyhan kəməri çəkiləcək, Qazaxıstan nefti də bu kəmər vasitəsilə nəql ediləcəkdir.

Onların hamısı həm böyük iqtisadi, həm də siyasi xarakter daşıyır. Bunlar bölgədə təhlükəsizliyin təmin olunması xarakteri daşıyır. Təbiidir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması bizim üçün əsas şərtdir. Əgər bu olmasa, nəinki Qafqazda, Türkiyə ilə Qafqaz arasında da sülh yaranmayacaqdır. Çünki bu müqaviləyə görə Türkiyə ilə Ermənistan arasında heç bir əlaqə, yəni diplomatik əlaqə, ticarət əlaqəsi yoxdur. Ermənistan bu əlaqələri yaratmaq istəyir. Ancaq Türkiyədə deyiblər - hörmətli Süleyman Dəmirəl də, hörmətli Bülənd Ecevit də deyiblər. Keçmiş baş nazirlər də deyiblər ki, Türkiyə- Ermənistan sərhədlərinin açarı Azərbaycandadır. Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayana qədər, yəni Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarını - torpaqlarımızın 20 faizi onların işğalı altındadır - azad etməyənə qədər, bir milyondan artıq azərbaycanlı qaçqın öz yerinə qayıtmayana qədər Türkiyə ilə Ermənistan arasında sərhədlər açıla bilməz. Əgər sərhədlər açılmayacaqsa, demək, burada təhlükəsizlik yenə də təmin olunmayacaqdır. Ermənistan - Azərbaycan münaqişəsi ədalətlə həll olunanda, - bunun da əsas prinsipləri Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması, bir milyondan artıq vətəndaşımızın öz yerinə-yurduna qayıtması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsidir, - təbiidir ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılacaqdır, Azərbaycanla Ermənistan arasında sülh yaranacaqdır. Beləliklə, bu regionda sülhün, təhlükəsizliyin təmin edilməsi mümkün olacaqdır. Bu da çox vacibdir. Çünki onda iqtisadi əlaqələr də genişlənəcəkdir.

Görürsünüz, nə qədər problemlərimiz var. Bu problemlərin həll olunmasında da Türkiyə-Azərbaycan əlaqələri çox böyük əhəmiyyət daşıyır. Biz bu əlaqələrə xüsusi fikir veririk. Siz də səhiyyə sahəsində əlaqələri möhkəmləndirin. Hörmətli Dövlət Baxçalının göndərdiyi salama görə təşəkkür edirəm. Mən Baş nazirin müavini, sizin partiyanın başkanı, hörmətli Dövlət Baxçalı ilə ilk dəfə bir neçə ay bundan əvvəl Ankarada görüşmüşəm. O vaxta qədər mən onunla heç vaxt görüşməmişdim. Türkiyəyə səfərlərim zamanı mərhum Türkeş ilə mən bir neçə dəfə görüşmüşdüm. Xatirimdədir, vaxtilə mən Naxçıvanda yaşayırdım, muxtar respublika Ali Məclisinin sədri idim, ilk dəfə Türkiyəyə getmişdim. Biz orada görüşdük, söhbət etdik. Xatirimdədir, bundan sonra, 1992-ci ildə İzmirdə bir iqtisadi konfrans var idi, biz orada birgə olduq. Mən Azərbaycan prezidenti seçiləndən sonra Türkiyəyə səfərlərim zamanı o, gəlib məni həmişə ziyarət edirdi, görüşürdük. Ancaq o, vəfat edəndən sonra sizin partiyanın başçısı ilə mənim görüşüm olmamışdı. Biz Dövlət Baxçalı ilə görüşdük, mən bundan çox məmnun oldum. Yaxşı danışıq apardıq, söhbət etdik. Təbiidir ki, mərhum Türkeş Türkiyədə çox xidmət göstərmiş, böyük hörmətə malik insan idi. Ondan sonra sizin partiyanıza Dövlət Baxçalı kimi ziyalı, elm adamı, professor rəhbərlik etdi. Mən onu çox mədəni bir insan kimi gördüm. İndi siz Bülənd Ecevitin partiyası ilə koalision bir hökumət yaratmısınız. Allahdan arzu edirəm ki, sizin bu koalision hökumətiniz yaşasın. Çünki əvvəllər bir neçə koalisionlar yaranıb, amma dağılıbdır. İndi sizin bu koalisiya gərək ki, bir ildir yaşayır. Deyəsən, bu ayın sonunda bir ili tamam olacaqdır. Sizin ölkədə hökumət dörd ilə seçilir?

Osman Durmuş: Bəli.

Heydər Əliyev: Allah eləsin ki, sizin bu koalision hökumətiniz bundan sonra üç il də yaşasın. Hörmətli Baş nazir Bülənd Ecevit də çox dəyərli bir insandır. Mənim ona çox böyük hörmətim var. Bizim onunla qədim əlaqələrimiz vardır. Əlbəttə ki, Türkiyədə mənim üçün ən yüksək, ən dəyərli insan Süleyman Dəmirəldir. O, təkcə mənim üçün yox, bütün Azərbaycan xalqı üçün belədir. Güman edirəm ki, Türkiyə vətəndaşları üçün də belədir. Ölkəmiz müstəqillik əldə edəndən sonra Azərbaycan - Türkiyə əlaqələrinin inkişaf etməsində Sülyeman Dəmirəlin xidmətləri həddindən artıq böyükdür. Ona görə də Türkiyədə ona necə "baba" deyirlərsə, burada da "baba" deyirlər. Ancaq burada "ata", orada "baba" deyirlər. Bunun fərqi yoxdur. Azərbaycanda dədə də, baba da deyirlər. O, elə babadır, xalqımız üçün həmişə baba olacaqdır. Təbiidir ki, Süleyman Dəmirəlin 1990-cı ildən indiyədək Türkiyədəki xidmətləri çox böyük olubdur. Güman edirəm ki, o, bundan sonra da Türkiyənin ictimai-siyasi həyatında öz görkəmli yerini tutacaqdır.

Biz Süleyman Dəmirəli Azərbaycanın ən yüksək dövlət mükafatı olan "İstiqlal" ordeni ilə təltif etmişik və son dəfə ona "Azərbaycan Respublikasının fəxri vətəndaşı" adı verdik. Bu ad ilk dəfə verilibdir. Mən "Azərbaycan Respublikasının fəxri vətəndaşı" adının yaranması haqqında keçən ilin sonunda fərman verdim. Amma bu adı indiyə qədər heç kəsə verməmişdik, onu birinci dəfə Süleyman Dəmirələ verdik. Biz "İstiqlal" ordenini də Azərbaycan vətəndaşlarına vermişdik. Amma xarici ölkə başçılarından, yaxud vətəndaşlarından heç kəsə bu ordeni verməmişdik. Onların arasında "İstiqlal" ordenini birinci dəfə Sülyeman Dəmirəl aldı. Bu ordeni ikinci - Ukrayna prezidenti Leonid Kuçma, üçüncü isə Gürcüstan prezidenti Eduard Şevardnadze alıbdır. Bu ölkələr də bizə dost dövlətlərdir. Gürcüstanla Azərbaycan arasında çox yaxşı dostluq əlaqələri vardır. Gürcüstanla Türkiyə arasında da çox yaxşı əlaqələr mövcuddur. Bu əlaqələrin yaranmasında da Süleyman Dəmirəlin və Eduard Şevardnadzenin çox böyük rolu vardır. Mən bunu yaxşı bilirəm. Bizim Ukrayna ilə də çox yaxşı əlaqələrimiz var. Ukraynanın prezidenti Leonid Kuçmanın Süleyman Dəmirələ çox böyük hörməti vardır. Ukrayna prezidenti Türkiyə ilə əlaqələrə də böyük əhəmiyyət verir. O, son zamanlar Azərbaycanda olanda da biz bu barədə danışdıq.

Beləliklə, Türkiyənin çox gözəl liderləri vardır: Süleyman Dəmirəl, Bülənd Ecevit, indi yeni bir lider Dövlət Baxçalı və başqaları. Mən arzu edirəm ki, bu liderlər Türkiyəni daim irəli aparsınlar. Bu təbiidir, buna şübhə yoxdur. Çünki böyük öndər Mustafa Kamal Atatürk Türkiyədə elə bir cümhuriyyət yaradıbdır ki, nə olur-olsun o yaşayır və yaşayacaqdır. Doğrudur, sizin ölkənin seçim sistemi bəzən o qədər də etibarlı görünmür. Ona görə də bir hökuməti qurursunuz, bəzən bir aydan sonra pozub yeni bir hökumət yaradırsınız. Başqa ölkədə xalq buna dözə bilməz. Lakin sizin ölkədə xalq buna dözür. Nə üçün? Çünki Mustafa Kamal Atatürkün qurduğu cümhuriyyət, yaratdığı bir ölkə, ona sadiq xalq vardır. Bir də sizin ölkənin çox gözəl iqtisadiyyatı vardır. Özəl sektor yaşayır. Bu gün hökumət var, yaxud sabah dəyişiləcək - bütün bunların iqtisadiyyatın inkişafına təsiri olmur.

Çox məmnun oldum ki, mənə "Beynəlxalq Atatürk sülh mükafatı" verildi. Çankaya köşkündə bu mükafatın təqdim olunması mərasimindəki nitqimdə də söylədim ki, - hörmətli Dövlət Baxçalı da, Bülənd Ecevit də, sizin hökumətin üzvlərinin hamısı orada idi - mən çox böyük həyat yaşamışam, dünyanın bir sıra yüksək mükafatlarını almışam. Sovetlər Birliyi kimi bir fövqəldövlətin ən yüksək mükafatlarını, ordenlərini, medallarını almışam. Mən bir çox başqa ölkələrin də mükafatlarına layiq görülmüşəm. Amma "Beynəlxalq Atatürk sülh mükafatı" mənim üçün bunların hamısından üstündür. Bu mükafat Azərbaycanda da çox yüksək qiymətləndirilir. Çünki Mustafa Kamal Atatürk bizim hamımız üçün örnəkdir. Türkiyənin bütün işləri, Atatürkün yolu ilə gedən işləri bizim hamımız üçün örnəkdir.

Hörmətli Dövlət Baxçalıya mənim salamlarımı, hörmət və ehtiramımı çatdırın. Mən son görüşümüzdə onu Azərbaycana dəvət etmişəm. Güman edirəm ki, gərək o, bu dəvəti yerinə yetirsin, gəlib Azərbaycanı görsün. Siz birinci dəfədir ki, Azərbaycana gəlirsiniz. Görürsünüz, Azərbaycan səkkiz ildir müstəqildir, amma siz buraya ilk dəfədir ki, gəlirsiniz. Mən buna görə sizi günahlandırmıram, - yəqin imkan olmayıbdır. Yenə də deyirəm, Azərbaycanı yaxşı bilmək üçün gəlib onu görmək lazımdır. Mən çox arzu edirəm ki, hörmətli Dövlət Baxçalı da, başqaları da Azərbaycana gəlsinlər, ölkəmizi görsünlər. Mən Türkiyənin Baş naziri hörmətli Bülənd Eceviti də Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Amma sizin ölkədə hələ bəzi işlər həll olunmalıdır, yəqin ondan sonra o, Azərbaycanı ziyarət edəcəkdir. Mən Türkiyənin bütün nazirlərini ölkəmizə səfərə dəvət edirəm. Gəlin, görün, görüşək.

Osman Durmuş: Hörmətli prezident, həm biz, həm də Türkiyə Cümhuriyyəti sizin fikirlərinizi həmişə yüksək qiymətləndiririk. Müstəqil Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə qədər Azərbaycanın dostları Türkiyənin dostları olacaqdır. Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə imzalanmış saziş Azərbaycan üçün çox əhəmiyyətli məsələdir. Bu boru kəməri Türkiyədəki boğazların təhlükəsizliyi baxımından da çox dəyərlidir. Bakı-Ceyhan əsas ixrac boru kəməri hər iki dost ölkəmizə, eyni zamanda bölgəmizə böyük faydalar gətirəcəkdir. Həm Azərbaycan, həm də Türkmənistan Türkiyəyə nə qədər təbii qaz versə, ölkəmiz onu alacaqdır.

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından azad olunması çox mühüm məsələdir. Türkiyədə zəlzələ baş verən zaman Qızıl Xaç Komitəsi yaralıların bir qismini müalicə üçün Ermənistana göndərmək istəyirdi. Amma biz cavab verdik ki, Ermənistan birinci növbədə Azərbaycanla məsələləri həll etsin. Biz heç bir yaralını müalicə olunmaq üçün oraya göndərmədik. Çünki Azərbaycanın məsələlərinin həll olunmasında Türkiyə çox israrlıdır. Cənab prezident, Siz həm Amerikada, həm də Türkiyədə müalicə olunmusunuz. Sizin türk həkimlərinə müraciət etməyiniz əziz Atatürkün "Məni türk həkimlərinə əmanət edin" sözlərinə uyğun bir davranışdır. Biz bunu çox böyük hörmətlə qəbul edirik. Hörmətli prezident, biz Sizin söylədiyiniz fikirləri, sözləri Baş nazirə, Baş nazirin müavininə çatdıracağıq. Azərbaycan prezidentinin, digər dövlət adamlarının arzularını onlara yetirəcəyik. Ümid edirəm ki, Baş nazirin müavini Dövlət Baxçalı da yaxın zamanlarda Azərbaycanı ziyarət edəcəkdir. Mən sizə bir daha hörmət və ehtiramımızı bildirirəm.

Heydər Əliyev: Sağ olun.