Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsi Ali Xalq Komitəsinin xarici əlaqələr və beynəlxalq əməkdaşlıq katibinin (nazirinin) siyasi məsələlər üzrə müavini Səd Mustafa Mücbirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 20 noyabr 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mən sizi salamlayıram. Hesab edirəm ki, sizin bu səfəriniz ölkələrimiz arasındakı əlaqələrin inkişafına yardım edəcəkdir.

Mənə deyiblər ki, siz bir neçə görüşlər keçirmisiniz. İndi isə mən sizinlə görüşürəm. Buyurun.

Səd Mustafa Mücbir: Zati-aliləri cənab prezident, işlərinizin çox olmasına baxmayaraq, lütf göstərib bizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Biz bunu deməyi şərəf bilirik ki, Sizin iş həvalə etdiyiniz şəxslərlə, rəhbərlərlə, məsul şəxslər ilə görüşmüşük. Onlar Azərbaycanı yüksək səviyyədə təmsil edirlər və bizimlə lazımi görüşləri keçiriblər. Siz dediyiniz kimi, biz, qardaş ölkələr burada bir neçə dövlət işçiləri ilə görüşlər keçirdik. Mən belə düşünürəm və ümid edirəm ki, onlar bu görüşlər haqqında məlumatı zati-alinizə çatdırıblar.

Heydər Əliyev: Bəli, çatdırıblar.

Səd Mustafa Mücbir: Mən bir məsələni təkrar etmək, vurğulamaq istəyirəm.

Bu da ondan ibarətdir ki, Siz böyük, zəngin təcrübəyə malik bir şəxsiyyətsiniz. Vaxtilə Siyasi Büroda, SSRİ Nazirlər Sovetində, ümumiyyətlə, SSRİ rəhbərliyində yeganə müsəlman olaraq yüksək mövqe tutmağınızla qazandığınız zəngin təcrübədən biz də ölkələrimiz üçün lazımi şəkildə istifadə etməliyik.

Qardaşınız, Liviya inqilabının rəhbəri Müəmmər Qəddafi Sizi Liviya Cəmahiriyyəsinə dəvət edir. Çox təəssüf ki, müstəqilliyinizin doqquz ili ərzində biz bunu indiyədək həyata keçirə bilməmişik. Siz bir çox məsələlərlə, o cümlədən müharibə ilə bağlı və müasir bir dövlət quruculuğu məsələləri ilə məşğul idiniz. Biz isə blokadadan əziyyətlər çəkirdik. Blokada ilə bağlı problemlərlə məşğul idik.

Sizin müdrikliyiniz sayəsində Qarabağda qan tökülməsinin qarşısı alındı, dayandırıldı və indi Azərbaycan xalqının oğulları həlak olmurlar. Biz də qəbul etdirilmiş blokadanın problemlərindən yaxa qurtara bildik. Siz öz köhnə dostunuz polkovnik Müəmmər Qəddafi ilə görüşsəniz, Sizin bu görüşünüz və eyni zamanda Sizin zəngin təcrübəniz bizə Liviyada daha nə etmək lazım gəldiyini öyrədər. Belə bir görüş eyni zamanda həm ikitərəfli, həm regional, həm də beynəlxalq miqyasda əlaqələrin möhkəmləndirilməsi üçün hansı işlərin görülməsini müəyyən edər.

Mən bugünkü görüşlərimdə, xüsusilə baş nazirlə, Milli Məclisin sədri ilə görüşlərimdə bildirdim - çox təəssüf ki, bizim bu vaxta qədər gördüyümüz işlər nə Fələstin probleminin, nə də Dağlıq Qarabağ probleminin həllinə gətirib çıxarmayıbdır. Ona görə də artıq biz yeni yolların, vasitələrin axtarışında olmalıyıq. Mən belə düşünürəm ki qardaşınız polkovnik Müəmmər Qəddafi ilə görüşünüz bu istiqamətdə bir addım olar.

Bu region, ölkəniz vaxtilə islam aləminə, mədəniyyətinə böyük alimlər, mütəfəkkirlər, şairlər, ədiblər vermişdir. İndiki dövrdə də bizim Sizin müdrikliyinizə ehtiyacımız vardır. Qardaşınız polkovnik Müəmmər Qəddafinin Sizə göndərdiyi məktubda deyilir ki, burada tarixi Siz yaradırsınız və burada regional toplantılar, cəmiyyətlər, birliklər yaradılmasında iştirak edirsiniz. Qardaşınız Qəddəfi də Afrika Birliyinin yaradılması işini bitirmək üzrədir. Təxminən üç-dörd aydan sonra Liviyada çağırılacaq fövqəladə sessiyada belə bir birliyin yaradılması elan ediləcəkdir. Bu, təxminən 700 milyon əhalini əhatə edəcək birlik olacaqdır. Bütün ilkin materiallar, yəni xammal mənbələri bu regiondadır. Qardaşınız polkovnik Qəddafi Sizinlə bu məsələni strateji baxımdan müzakirə etmək istəyir.

Bütün görüşlərimizdə, o cümlədən Milli Məclisin sədri, baş nazir ilə və nazirlərlə görüşlərdə biz bir çox məsələlərdə oxşar mövqedən çıxış etdik. Ümumiyyətlə, biz dostluq haqqında çox danışmışıq. İndi işə keçmək lazımdır, konkret işlər görmək lazımdır. Əgər Siz polkovnik Qəddafi ilə görüşdə hər iki tərəfə strateji sahələrdə müəyyən yolları göstərsəniz, biz - liviyadakılar, eyni zamanda burdakılar bu məsələdə Sizin sadiq əsgərləriniz olarıq. Sağ olun.

Heydər Əliyev: Dəyərli sözlərinizə görə, dostum, qardaşım Müəmmər Qəddafinin mənə göndərdiyi dəvət məktubuna görə və mənim haqqımda Sizin dediyiniz xoş sözlərə görə təşəkkür edirəm.

Həqiqətən bizim qardaş ölkələrimizin hər birinin çox çətin və ağır problemləri vardır. Çox məmnunam ki, siz məsafəcə bizdən uzaqda olmağınıza baxmayaraq, bizim müstəqil ölkəmizə, Azərbaycana maraq göstərirsiniz, bizim problemlərimizi bilirsiniz. O cümlədən Ermənistanın Azərbaycana etdiyi təcavüzü və bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasını, bir milyondan artıq azərbaycanlının, müsəlmanın yerindən-yurdundan didərgin düşüb köçkün vəziyyətində yaşamasını bilirsiniz.

Bizim ölkəmizə, xalqımıza qarşı böyük ədalətsizliklər edilibdir. Siz doğru dediniz, biz atəşi altı il bundan öncə dayandırmışıq, atəşkəs haqqında saziş imzalamışıq. Ancaq iş bundadır ki, hələ məsələni həll edə bilməmişik və işğal olunmuş torpaqlar azad olmayıbdır, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıtmayıblar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıbdır.

Mən çox məmnunam ki, siz bu problemləri bilərək, eyni zamanda bizimlə daim tərəfdaşsınız. Azərbaycana qarşı edilmiş ədalətsizliklə əlaqədar beynəlxalq təşkilatlarda, xüsusən İslam Konfransı Təşkilatında qətnamənin qəbul olunmasında sizin ölkəniz də fəal iştirak edibdir.

Biz bilirik ki, sizin də çox ağır problemləriniz vardır. Biz həmişə ədalətin, haqqın tərəfdarı olmuşuq. Sizin xalqınız bir çox illər böyük məhrumiyyətlərə məruz qalmışdır. Allaha şükürlər olsun ki, siz indi bu vəziyyətdən çıxırsınız. Çox sevindirici haldır ki, Afrika üçün belə bir böyük məsələni, Afrika Birliyini yaratmaq sahəsində hörmətli Müəmmər Qəddafi böyük işlər görübdür və bildirdiyiniz kimi, artıq yaxşı nəticələr verir. İnanıram ki, Allahın yardımı ilə siz bu işləri uğurla aparacaqsınız, yaxşı nəticələr əldə edəcəksiniz.

Hörmətli cənab Müəmmər Qəddafinin mənə göndərdiyi bu dəvət məktubunu çox məmnuniyyətlə qəbul edirəm. Təbiidir ki, mən bu dəvəti qəbul edirəm və bunu həyata keçirəcəyəm. Mən bunun üçün çox maraqlıyam və bunu çox arzu edirəm.

Qardaşım Müəmmər Qəddafi ilə mən Moskvada işləyərkən orada görüşmüşəm. Çox yaxşı danışıqlarımız olubdur. Mən bu görüşü, danışıqları həmişə böyük hisslərlə xatırlayıram. Amma sizin ölkədə olmamışam. Mənim üçün çox əziz olacaqdır ki, həm sizin ölkənizi ziyarət edim, həm də sizin xalqınızın lideri ilə lazım olan söhbətləri aparım.

Xahiş edirəm, mənim qardaşlıq salamlarımı birinci növbədə hörmətli Müəmmər Qəddafiyə çatdırasınız, Liviya xalqına çatdırasınız. Mən sizin xalqınıza tutduğu yolda böyük uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 21 noyabr 2000-ci il.