Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti - 25 fevral 2002-ci il


Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Bu gün mən xalqımızın tarixində kədərli və faciəli bir səhifə olan Xocalı soyqırımı münasibətilə sizə müraciət edirəm. Bu qəddar və amansız soyqırımı aktı insanlığın tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi daxil olmuşdur.

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və Sovet hakimiyyəti dövründə ardıcıl davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma torpaqlarından qovulması, qaçqın və köçkünə çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin və sərsəm "Böyük Ermənistan" ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçılarının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə kənd və qəsəbənin dağılması, on minlərlə günahsız insanın qanının axıdılması, yüz minlərlə insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur. Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən, Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalifət qüvvələri də birbaşa məsuliyyət daşıyırlar. Əslində, o zaman respublikaya rəhbərlik edən şəxslər şəhərin müdafiəçilərinə təcili kömək göstərmək, faciə barədə dünya ictimaiyyətinə geniş məlumat vermək, beynəlxalq aləmə həyəcan təbili çalmaq əvəzinə, Xocalı dəhşətlərinin həqiqi miqyasını xalqdan gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişlər. Hətta sonralar da Xocalı faciəsinin mahiyyətini açmaq, onun günahkarlarını ifşa etmək, dünya ictimai fikrinə çatdırmaq üçün heç bir iş görülməmiş, əksinə, bu faciə hakimiyyətlə müxalifətin qarşılıqlı ittihamları və siyasi mübarizəsi vasitəsinə çevrilmişdir.

Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycanı sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatlarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.

Hazırda Azərbaycan dövləti, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı faciəsi haqqında həqiqətlərin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır, kitablar yazılır, jurnalist tədqiqatları aparılır. Ayrı-ayrı ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda bu faciə müzakirəyə çıxarılır, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilir. İndi məqsəd bu işi daha müntəzəm, ardıcıl və məqsədyönlü şəkildə aparmaqdan və faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdan ibarətdir.

Bu kədərli onuncu ildönümü günündə Xocalı şəhidlərinin əziz xatirəsini bir daha dərin hüznlə yad edir, onlara Allahdan rəhmət diləyir, həlak olanların yaxınlarını, doğmalarını, bütün Azərbaycan xalqını bir daha əmin edirəm ki, haqq-ədalət yerini tapacaq, Xocalı şəhidlərinin və qəhrəmanlarının uğrunda mübarizə apardığı ideallar - azad və müstəqil Azərbaycan Respublikası daim yaşayacaqdır.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 fevral 2002-ci il.