Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərin şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqi - "Gülüstan" sarayı, 11 iyul 2000-ci il


Zati-aliləri, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz, hörmətli Əhməd Necdət Sezər!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Bu gün Türkiyə Cümhuriyyətinin prezidentinin Azərbaycana rəsmi səfəri başlanıbdır. Türkiyə Cümhuriyyətinin yeni seçilmiş prezidenti hörmətli Əhməd Necdət Sezərin Azərbaycana rəsmi səfəri Türkiyə-Azərbaycan əlaqələrində, ölkəmizin həyatında əlamətdar hadisədir. Yeni seçilmiş prezident xarici ölkəyə ilk səfərini Azərbaycana etdi. Bu, Türkiyə Cümhuriyyətinin və onun prezidentinin Azərbaycana böyük önəm verdiyini nümayiş etdirir. Bu, eyni zamanda, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının həm Türkiyə Cümhuriyyəti, həm də Azərbaycan Respublikası üçün nə qədər əziz olduğunu nümayiş etdirir.

Əziz dostum, mən Sizə təşəkkür edirəm ki, dəvətimi qəbul edib xarici ölkəyə ilk rəsmi səfərinizi Azərbaycana etmisiniz. Bu fürsətdən istifadə edib, Türkiyə Cümhuriyyətinin prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edirəm. Bu böyük, şərəfli işinizdə Sizə uğurlar arzulayıram.

Hörmətli prezident ilə, başqa qonaqlarla bu gün biz ətraflı danışıqlar apardıq. Türkiyə Cümhuriyyətinin prezidenti ilə mənim aramda təkbətək, baş-başa və çox uzun sürən danışıqlar oldu. Bu da təbiidir. Çünki biz dostuq, qardaşıq. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir. Bizim əlaqələrimizin çox dəyərli tarixi var. Buna görə də bu məsələləri bir daha xatırlamaq, bunlar haqqında fikir mübadiləsi aparmaq və fikirlərimizin eyni olduğunu müəyyən etmək lazım idi.

Hörmətli Prezident, mən bugünkü görüşümüzdən, danışıqlarımızdan çox məmnunam. Çünki bizim bu ilk görüşümüz, danışıqlarımız onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, əlaqələri ardıcıl surətdə davam edir, inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Bu onu göstərir ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq əlaqələrini heç bir hadisə dəyişdirə bilməz. Çünki bu əlaqələr dərin köklərə bağlıdır. Xalqlarımızın əlaqələrinin qədim tarixi vardır. Biz eyni kökə, dilə, dinə, adət-ənənələrə malik olan xalqlarıq. Biz öz tarixi keçmişimizlə daim fəxr etmişik və fəxr edirik. Eyni zamanda, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonrakı dövr Türkiyə-Azərbaycan əlaqələrində xüsusi yer tutur və böyük əhəmiyyətə malikdir. Azərbaycan əsrlər boyu azadlıq, müstəqillik arzusunda olubdur. Rus imperatorluğu dağılandan sonra 1918-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bəyan etdi, xalq cümhuriyyəti yarandı. Ancaq bu cümhuriyyət cəmi 23 ay yaşadı, ondan sonra Rusiyanın mərkəzində möhkəmlənmiş kommunist rejimi vaxtilə rus imperiyasına tabe olmuş əraziləri, torpaqları ələ keçirməyə çalışdı. Bunun nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Ondan sonrakı dövrdə - 70 ildə Azərbaycanın həyatının həm dəyərli, həm də faciəli səhifələri oldu. Bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq Azərbaycan xalqı yaşayıb, inkişaf edib, böyüyüb, təhsillənib, elmini, mədəniyyətini inkişaf etdiribdir. Azərbaycan məhz XX əsrdə keçdiyi böyük inkişaf yoluna güvənərək bu gün dünyəvi, inkişaf etmiş bir dövlətdir. Ancaq yenə də arzularla yaşayırıq ki, biz daim müstəqil olaq, daim öz taleyimizin sahibi olaq və müstəqil dövlət kimi, Dünya Birliyində öz yerimizi tutaq.

Sovetlər Birliyinin dağılması ilə əlaqədar 1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini bəyan etdi. Biz bu gün dövlət müstəqilliyimizin doqquzuncu ilini yaşayırıq. Amma həmin andan, ondan da öncə Türkiyə ilə Azərbaycan arasında əlaqələr artıq genişlənmişdir. Azərbaycan öz dövlət müstəqilliyini elan edən kimi, Azərbaycanın dövlət müstəqilliyini dünya ölkələri sırasında ilk tanıyan ölkə Türkiyə oldu. Həmin dövrdə biz hələ dünyanın bir çox ölkələri ilə əlaqələr qurmağa çalışırdıq. Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan kimi, ölkələrimiz arasındakı sərhədlər, qapılar dərhal açıldı, əlaqələr quruldu, qohumlar, dostlar bir-biri ilə görüşdü, insanlar uzun illərdən bəri çəkdikləri həsrətdən qurtuldular. Beləliklə də, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən indiyədək ölkəmizin ən yaxın dostu, Azərbaycanla ən yaxın əməkdaşlıq edən dövlət Türkiyə Cümhuriyyətidir. Azərbaycan da öz xarici siyasətində Türkiyə Cümhuriyyəti ilə dostluğa, əməkdaşlığa, qardaşlığa xüsusi əhəmiyyət verir.

Ötən illərdə bizim əlaqələrimiz inkişaf edibdir. Biz çox şeyə nail olmuşuq. Ən əsası odur ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, dönməzdir. Biz bütün sınaqlardan keçərək həm Türkiyə, həm də Azərbaycan üçün bunu müəyyən etmişik. Bizim gələcək əlaqələrimiz üçün bu çox gözəl bir təməl yaradıbdır. Biz böyük bir ağacın - palıd ağacının təməlini qoymuşuq. Bu ağac, yəni Türkiyə-Azərbaycan dostluğu əbədi olaraq yaşayacaqdır, inkişaf edəcəkdir, onun budaqları artacaqdır və xalqlarımız daha da birgə olacaqdır.

Öz müstəqilliyini elan edən kimi, Azərbaycan bəyan etmişdi ki, demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yolu ilə gedəcəkdir. İndi Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir. Biz bu sahədə çox böyük nailiyyətlər əldə etmişik. 1995-ci ildə Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olunubdur, parlament seçilibdir. Milli Məclis bu il öz fəaliyyətini başa çatdırır. Bu ilin noyabr ayında parlamentə yeni seçkilər təyin olunubdur. Şübhə yoxdur ki, yeni seçkilər də tam demokratik, aşkarlıq şəraitində keçəcək, xalqın seçimi ilə Azərbaycanın yeni parlamenti seçiləcəkdir. Azərbaycanda bütün insan azadlıqları - din, söz, mətbuat, fikir azadlığı təmin olunubdur və bundan sonra da təmin olunacaqdır. Bir sözlə, Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət kimi, indi inkişaf mərhələsindədir. Təbiidir ki, qarşımızda hələ çox vəzifələr var. Biz bu vəzifələri yerinə yetirmək üçün əsas yarada bilmişik.

Azərbaycan dövlət müstəqilliyini əldə edən kimi, bir çox problemlərlə rastlaşdı. Məlumdur ki, Azərbaycan hələ Sovetlər İttifaqının tərkibində olduğu zaman, 1988-ci ildə Ermənistan ölkəmizə təcavüz etmiş, torpaq iddiası qaldırmış, Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağı ələ keçirməyə çalışmışdır. O vaxtkı proseslər Azərbaycan üçün xeyirli olmamışdır. Bu gün təəssüflə deyə bilərik ki, Ermənistan qısa bir müddətdə Dağlıq Qarabağı işğal edə bilmiş, müharibə başlanmışdır. Bu müharibədə bizim çoxlu itkilərimiz olubdur, qan tökülübdür, torpaqlarımızın müdafiəsi uğrunda şəhidlər vermişik. Təbiidir ki, bu, müstəqil Azərbaycanın gənc müstəqil bir dövlət kimi daha da inkişaf etməsinə çox maneçilik törədibdir.

Digər tərəfdən, vaxtilə Azərbaycan Respublikasının daxilində ictimai-siyasi vəziyyət sabit olmayıbdır. Həm Ermənistanla aparılan müharibə, həm Azərbaycanda ictimai-siyasi sabitliyin olmaması ölkəmizdə dövlət quruculuğu prosesini və müxtəlif islahatların həyata keçirilməsini ləngidibdir. Azərbaycan ağır bir dövr yaşayıbdır. Vaxtilə 3-4 ilin içərisində Azərbaycanda üç dəfə hakimiyyət dəyişibdir.

Təbiidir ki, bunlar Azərbaycanın həyatının bütün sahələrinə mənfi təsir göstərib. Nəhayət, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Şükürlər olsun ki, biz bunların və 1994-cü ildə, 1995-ci illərdə dövlət çevrilişinə silahlı cəhdlərin qarşısını ala bilmişik. İndi Azərbaycanda möhkəm daxili sabitlik yaranıbdır. Azərbaycanın iqtisadiyyatı 1990-cı ildən başlayaraq böhran içərisində olubdur. Ümumiyyətlə, 1989-1990-cı illərdə Azərbaycan həm ictimai-siyasi, həm də iqtisadi cəhətdən böhran dövrü yaşayıbdır. Ölkənin iqtisadiyyatı inkişaf etmək əvəzinə ilbəil tənəzzülə uğrayıbdır. Yəni iqtisadiyyatın bütün sahələri üzrə göstəricilər hər il 20-25 faiz aşağı düşübdür. Biz 1995-ci ildə bunun da qarşısını ala bildik. Yaxşı bilirsiniz ki, 1994-cü ildə Azərbaycanda inflyasiya 1400-1600 faizə çatırdı. Dediyim kimi, iqtisadiyyat çox bərbad vəziyyətdə idi. Biz 1995-ci ildə sabitlik yaratdıq, 1996-cı ildən Azərbaycanda iqtisadiyyat inkişaf etməyə başladı. Bu inkişaf da hər il artır. Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, 2000-ci ilin birinci yarısında Azərbaycanın yaxşı iqtisadi göstəriciləri vardır. Ümumi daxili məhsul 8 faiz artıbdır. Sənaye məhsulu istehsalı 4 faiz, kənd təsərrüfatı məhsulu istehsalı 7 faiz artıbdır. Başqa sahələrdə də artım vardır. Azərbaycanda bir neçə ildir ki, inflyasiya sıfır faiz həddindədir. Belə olan halda istehlak mallarının qiyməti aşağı düşür. Azərbaycanda iqtisadiyyatın, xarici ticarətin liberallaşdırılması, iqtisadi islahatların həyata keçirilməsi ölkəmizə dünyanın hər yerindən müxtəlif növ istehlak mallarının gəlməsini təmin edibdir. Təbiidir ki, bu da insanlar üçün çox böyük rahatlıq yaradıbdır.

İqtisadi göstəricilərin əsasını Azərbaycan dövlətinin iqtisadi siyasəti təşkil edir. Ölkəmiz bazar iqtisadiyyatı yolu ilə gedir. Təbiidir ki, 70 il sosialist iqtisadiyyatı şəraitində yaşamış bir ölkədə qısa bir zamanda əvvəlki sistemin əksinə olan bir sistemə keçmək asan bir iş deyildir. Ancaq nə qədər çətin də olsa, biz bu yolla gedirik. Azərbaycanda bir sıra iqtisadi islahatlar həyata keçirilibdir, torpağın hamısı sahibinə - kəndlilərə paylanıbdır. Ölkəmizdə özəlləşdirmə proqramı həyata keçirilir, iqtisadiyyatımızın böyük bir hissəsi özəlləşdirilibdir. Bunların nəticəsində də, məsələn, sənaye istehsalı inkişafının 35-40 faizini özəl sektorun hesabına əldə edirik. Kənd təsərrüfatının təxminən 98 faizi, ticarətin 98 faizi özəl sektorun əlindədir. Başqa sahələrdə də belə yüksək göstəricilər vardır. Mən onların hamısını deyib vaxt almaq istəmirəm. Bir sözlə, bizim həyata keçirdiyimiz bütün islahatlar, struktur dəyişiklikləri çox yaxşı nəticələr veribdir və böyük perspektivlər açıbdır.

Ölkəmizin iqtisadiyyatının böyük bir hissəsini Azərbaycanın yeni neft strategiyası, xarici investisiyanın respublikamıza cəlb olunması təşkil edir. Biz 1994-cü ildən başlayaraq bu işlə ciddi məşğul oluruq. Məlumdur ki, 1994-cü ilin sentyabr ayında dünyanın 11 böyük neft şirkəti ilə ölkəmiz arasında Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi haqqında müqavilə imzalanmışdır. Bu müqavilə həyata keçirilir. Biz 1997-ci ildə həmin müqavilə üzrə neft hasil olunmasına başlamışıq, indi onu iki neft kəməri ilə ixrac edirik. Həmin kəmərlərdən biri Novorossiysk limanına, digəri isə Gürcüstanın Supsa limanına gedir və bu neft oradan dünya bazarlarına çıxarılır. Ancaq "Əsrin müqaviləsi" imzalanan zaman biz böyük neft kəmərinin yaranmasının əsasını qoymuşduq. Bu kəmər Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bundan sonra bir çox digər müqavilələr - 19 müqavilə imzalanıbdır. İndi dünyanın 32 böyük neft şirkəti Azərbaycanda fəaliyyət göstərir. Azərbaycana 5 milyard dollardan artıq investisiya gəlibdir. Onun 3 milyard dollardan çoxu neft sektoruna qoyulubdur.

Bizim bu və başqa tədbirlərimiz, ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatı ilə bağlanması sahəsində gördüyümüz işlər Azərbaycanda iqtisadiyyatın inkişafını, xalqımızın rifah halının yaxşılaşmasını təmin etmişdir. Biz dövlət büdcəsini tamamilə yerinə yetiririk. İlin ötən altı ayı üzrə dövlət büdcəsi tam yerinə yetirilibdir. Əhalinin maaşları, pensiyaları təmin olunubdur. Yeri gəlmişkən onu da deyə bilərəm ki, Dünya Bankının nümayəndəsi ilə bu günlərdəki görüşümdə o mənə dedi ki, bütün iqtisadi göstəricilərə görə və xüsusən kredit almaq imkanına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələr içərisində birinci yerdədir. Bütün bu nailiyyətlərin hamısı ölkəmizdə iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir.

Təbiidir ki, bütün bu proseslərdə Azərbaycan ilə Türkiyə əlaqələri - həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə olan əlaqələr xüsusi yer tutur. Onu deyə bilərəm ki, özünün nefti olmasa da indi Türkiyə neft ölkəsinə çevrilibdir. Çünki Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üzrə imzalanmış dörd müqavilədə Türk petrolları şirkətinin payı vardır və bu paylar artıq 35 faizə çatıbdır. Beləliklə, biz Türkiyə Cümhuriyyətini də neft istehsalına cəlb etmişik. Təbiidir ki, bu da bizim ölkələrin iqtisadi əlaqələri üçün çox böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri barədə biz beş il çətin yollardan keçərək iş apardıq. Çünki bu işə mane olanlar çox idi. Ancaq bizim iradəmiz - Türkiyənin və Azərbaycanın göstərdiyi iradə bütün maneələrin qarşısını aldı. Nəhayət, keçən ilin noyabrında ATƏT-in İstanbul zirvə görüşü keçirildiyi gündə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında saziş imzalandı. Ondan sonra Türkiyənin Böyük Millət Məclisi, Gürcüstan parlamenti və Azərbaycanın Milli Məclisi bu sazişi təsdiq etdi. İndi biz bu sahədə əməli işə başlamışıq. Beləliklə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri nəzəriyyədən əməli işə keçibdir.

Türkiyədən gələn qonaqlarımıza bildirmək istəyirəm - mən qardaş ölkəyə hər dəfə gələndə soruşurdular ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri olacaq, ya olmayacaq, nə vaxt olacaqdır? Mən ATƏT-in İstanbul zirvə görüşü zamanı da dedim, bu gün bir daha bildirirəm ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır. Bu da Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişaf etməsi üçün xüsusi əhəmiyyət daşıyır, rol oynayır. Bu həm iqtisadi əlaqələrimizi möhkəmləndirir, eyni zamanda xalqlarımızı, ölkələrimizi bütün sahələrdə bir-birinə daha da möhkəm bağlayır.

Azərbaycanın ən ağır, çətin problemi Ermənistanın təcavüzündən xilas olmaq və işğal edilmiş torpaqlarımızın azad olunmasıdır. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi müxtəlif səbəblərdən işğal altındadır. Bir milyondan artıq vətəndaşımız, azərbaycanlılar yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayırlar. Təbiidir ki, bu da Azərbaycanda həm ictimai, həm siyasi, həm də iqtisadi vəziyyəti ağırlaşdırır. Ancaq ən əsası odur ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi pozulubdur. Biz 1994-cü ildə müharibədə atəşi dayandırmışıq. İndi müharibə yoxdur. Altı ildən çoxdur ki, sülh əldə etmək istəyirik. Biz bu sahədə də Türkiyə ilə daim əməkdaşlıq edirik. Mən bu gün böyük məmnuniyyət, minnətdarlıq hissi ilə demək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiyə Azərbaycanla bir yerdə olubdur, ölkəmizi dəstəkləyibdir, müdafiə edibdir. Türkiyə Ermənistanı təcavüzkar bir ölkə kimi dünyada pisləyibdir. Bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsi müzakirə edilərkən Türkiyə həmin müzakirələrdə fəal iştirak edibdir. Bu münaqişənin həll olunması, Azərbaycana qarşı təcavüzün aradan götürülməsi üçün Türkiyə əlindən

gələni edibdir. Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. Türkiyə Cümhuriyyəti həm ATƏT-in Minsk qrupunun üzvü kimi, həm də Dünya Birliyində olan hörmətindən, imkanlarından istifadə edərək, Azərbaycanın qarşılaşdığı bu münaqişənin həll olunmasına çalışır. Ona görə də mən bir daha təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Ermənistan-Azərbaycan münaqişəsi çətin, ağır problemdir. Bəzi vaxtlarda biz bu münaqişənin həll olunmasına yaxınlaşırıq, bəzən ayrı-ayrı maneələr meydana çıxır. Ancaq bu gün biz Türkiyənin hörmətli prezidenti ilə bu barədə çox ətraflı danışdıq. Biz eyni fikirdəyik ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. Bundan sonra da səylərimizi artırıb münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olmaq lazımdır. Mən ümidvaram, inanıram ki, biz buna nail olacağıq və şübhə etmirəm ki, Türkiyə həmişə olduğu kimi, bundan sonra da bizimlə bərabər olacaqdır, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün bizimlə birgə çalışacaqdır.

Demokratik dövlət kimi, Azərbaycan bəşəri dəyərləri öz milli dəyərləri ilə birlikdə ölkəmizin hər yerində tətbiq etməyə çalışır. Məhz bunların və Azərbaycanda gedən proseslərin nəticəsidir ki, ölkəmiz Avropa Şurasına daxil olubdur. Avropa Şurasının Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması barədə iyunun 28-də qərar qəbul etmişdir. Mən bunu deyərək bildirmək istəyirəm ki, dörd ildir Azərbaycan Avropa Şurasında namizəd kimi təmsil olunur. Bu illərdə Türkiyə Cümhuriyyəti və onun Avropa Şurasının Parlament Assambleyasında təmsil edilən deputatları Azərbaycana hər dürlü yardım göstəriblər. Məhz Türkiyənin Azərbaycana yardımı ölkəmizin Avropa Şurasına üzv qəbul olunmasına çox kömək edibdir.

Hörmətli prezident ilə bu gün bizim apardığımız danışıqlar və Türkiyənin yeni prezidentinin Azərbaycanda rəsmi səfərdə olması Azərbaycan-Türkiyə əlaqələrində yeni bir addımdır. Təbiidir ki, nə Türkiyənin, nə də Azərbaycanın bizim əlaqələrimiz barədə siyasəti dəyişmir və dəyişməyəcəkdir. Ancaq bu əlaqələri inkişaf etdirmək üçün belə görüşlərin, danışıqların, fikir mübadilələrinin çox böyük əhəmiyyəti vardır. Mən çox məmnunam ki, hörmətli prezident Əhməd Necdət Sezər ilə apardığım danışıqlarda və bizim nümayəndə heyətləri ilə birgə apardığımız danışıqlarda bütün sahələr üzrə eyni fikirdə olduq. Biz həm beynəlxalq aləmdə gedən, həm Qafqazda olan proseslər, həm Azərbaycan-Türkiyə əlaqələri, həm də ölkələrimizin əlaqələrinin gələcəyi haqqında eyni mövqedə, fikirdə olduğumuzu bildirdik. Bu onu göstərir ki, biz bundan sonra daha sürətlə irəli gedə biləcəyik. Mən buna əminəm.

Mən çox şadam ki, biz bu gün yenə də bir yerdəyik. Baxmayaraq ki, Türkiyə prezidentinin Azərbaycana rəsmi səfəri çox qısamüddətlidir, ancaq bu səfər çox səmərəlidir, əhəmiyyətlidir. Bir daha bildirmək istəyirəm ki, Türkiyənin yeni prezidentinin ilk səfərinin Azərbaycana olması bütün dünyaya böyük bir işarə verir. Bu, eyni zamanda bizə göstərilən diqqət, münasibət və qayğıdır. Biz bunu yüksək qiymətləndiririk və qiymətləndirəcəyik.

Hörmətli qonaqlar!

Hörmətli cənab Prezident!

Azərbaycana rəsmi səfərə gəldiyinizə görə mən Sizə bir daha təşəkkür edirəm. Sizə, qardaş türk xalqına,Türkiyə Cümhuriyyətinə qarşıda duran bütün məsələlərin həll olunmasında uğurlar arzulayıram. Mən qardaş türk xalqına səadət, sülh, əmin-amanlıq arzulayıram.

Qədəhlərimizi Türkiyə Cümhuriyyətinin, Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostumuz cənab Əhməd Necdət Sezərin, bütün qonaqlarımızın şərəfinə qaldırmağınızı rica edirəm.