Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin Xarici İşlər Nazirinin müavini, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Osman Faruq Loğoğlu ilə görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 28 yanvar 1999-cu il


Osman Faruk Loğoğlu: Cənab prezident, sizi səmimi qəlbdən salamlayıram. Bu şəfa ocağında müayinə və müalicə olunmağınız, burada keçirdiyiniz görüşlər barədə xəbərləri Türkiyə mətbuatından diqqətlə izləyirəm. Səhhətinizin çox yaxşı olduğunu gördüyümə görə qəlbən sevindiyimi bildirirəm. Siz həm Azərbaycanın, ümumiyyətlə türk dünyasının görkəmli dövlət xadimisiniz.

Heydər Əliyev: Mənimlə görüşmək üçün Gülhanə Tibb Akademiyasına gəldiyinizə görə, cənab Loğoğlu, Sizə təşəkkür edirəm. Türkiyə prezidenti Süleyman Dəmirəlin böyük diqqət və qayğısından məmnun qaldığımı nəzərə çarpdırıram. Bu məşhur tibb müəssisəsindəki müayinə və müalicəni yüksək qiymətləndirirəm.

Osman Faruk Loğoğlu: Sizinlə görüşdən şərəf duyduğumu bildirirəm. Cənab prezident, ölkəmizin rəhbəri Süleyman Dəmirəlin Sizə göstərdiyi diqqət və qayğı bütün Türkiyə xalqının müdrik dövlət xadimi Heydər Əliyev şəxsiyyətinə sonsuz məhəbbətinin ifadəsidir.

Heydər Əliyev: Səmimi və xoş sözlərə görə təşəkkürümü bildirirəm. Türkiyə ilə Azərbaycan bir -birinə çox yaxın dost ölkələrdir. Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdiyi indiki şəraitdə bizim vaxtaşırı görüşməyə, danışıqlar, məsləhətləşmələr aparmağa ehtiyacımız vardır. Ona görə də burada da əziz dostum, qardaşım Süleyman Dəmirəllə keçirdiyim hər görüşdə ölkələrimizi maraqlandıran bir sıra vacib məsələlər, xüsusi ilə ölkələrimizin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığının daha da inkişaf etdirilməsi barədə, beynəlxalq və bir sıra regional məsələlər haqqında fikir mübadiləsi apardıq.