Azərbaycan Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


Leonid Kuçma: Əziz Heydər Əliyeviç! Xoş gördük. Sizinlə hər bir görüş məndə çox böyük məmnunluq hissi yaradır. Ukrayna Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərir.

Heydər Əliyev: Səmimi sözlərə görə təşəkkürümü bildirirəm. Ölkələrimiz arasında getdikcə möhkəmlənən iqtisadi əməkdaşlığa və strateji tərəfdaşlığa Azərbaycan böyük əhəmiyyət verir.

Leonid Kuçma: Sizin müdrik və uzaqgörən siyasətiniz, ardıcıl və məqsədyönlü fəaliyyətiniz sayəsində ötən ilin noyabrında İstanbulda ATƏT-in zirvə görüşü zamanı imzalanmış tarixi sənədləri - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri və Transxəzər qaz kəməri ilə bağlı sazişləri bir daha yüksək dəyərləndirirəm. Xəzərin zəngin enerji ehtiyatlarının nəqli və emalı sahəsində Azərbaycan-Ukrayna əməkdaşlığının daha da möhkəmləndirilməsi olduqca zəruridir.

Heydər Əliyev: Cənab prezident. Sizin söylədiyiniz fikirlərdən məmnunam. Deməliyəm ki, region dövlətlərinin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində, İqtisadi tərəqqisində bu layihələrin həyata keçirilməsi böyük rol oynayacaqdır. Biz dövlətlərimiz arasında ikitərəfli əlaqələrin daha da sıxlaşdırılması, regionda vəziyyətin sabitləşməsi üçün çalışmalıyıq.

Leonid Kuçma: Əminəm ki, Azərbaycanla Ukrayna arasında olan ənənəvi dostluq və səmimilik həmişə davam edəcəkdir.