Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl ilə görüşdə söhbəti - Ankara, "Çankaya" köşkü, 9 yanvar 2000-ci il


Süleyman Dəmirəl: Əziz dostum, qardaşım, cənab Heydər Əliyev! Xoş gəlmisiniz. Sizinlə hər görüşdən böyük sevinc duyuram. Mən Sizi, bütün Azərbaycan xalqını Yeni il və müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm. Dəvətimi qəbul edərək Ankaraya gəldiyinizə görə təşəkkür edirəm. Əminəm ki, 2000-ci ildə Qafqazın bütün ölkələrində sülh bərqərar ediləcək, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün səylər daha da artırılacaq və bu münaqişə Sizin uzaqgörən siyasətiniz nəticəsində öz həllini tapacaqdır.

Heydər Əliyev:  Dəvətə və xoş sözlərə görə minnətdarlığımı bildirirəm, əziz dostum, qardaşım Süleyman Dəmirəl. 2000-ci il və müqəddəs Ramazan bayramı münasibətilə Sizi və bütün Türkiyə Cümhuriyyətini və xalqını ürəkdən təbrik edirəm. Azərbaycanın haqq işini Türkiyənin daim müdafiə etməsini, Ermənistaınn respublikamıza təcavüzünü qətiyyətlə pisləməsini biz yüksək qiymətləndiririk. Hazırda Ermənistan -Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır.

Süleyman Dəmirəl: Bu bizə böyük ümidlər verir. Mən Azərbaycan-Türkiyə əməkdaşlığının hazırkı vəziyyətini yüksək dəyərləndirirəm. İkitərəfli əlaqələrimizin bütün sahələrdə daha da möhkəmləndirilməsi və durmadan inkişaf etdirilməsi vacibdir.

Heydər Əliyev: Mən ATƏT-in İstanbul zirvə görüşünün nəticələrini və bu sammit keçirilən zaman Bakı-Ceyhan əsas ixrac neft boru kəməri barədə ən yüksək səviyyədə imzalanmış sazişi tarixi hadisə kimi qiymətləndirirəm. Bu kəmərin tikintisinin sürətləndirilməsi zəruridir. Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması da mühüm məsələdir.

Süleyman Dəmirəl: Türkiyə Cümhuriyyəti qardaş Azərbaycan xalqını həmişə dəstəkləyir və dəstəkləyəcəkdir. Sizinlə görüşüm və etdiyimiz söhbətlər həmişə olduğu kimi, bir daha iki qardaş xalqın rifahına xidmət edəcəkdir.