Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviközü qəbul edərkən söhbətindən - Prezident sarayı, 25 dekabr 2002-ci il


Heydər Əliyev: Görürsünüz, bizə necə qış gəlib?!

Əhməd Ünal Çeviköz: Hörmətli cümhur başqanım, deyildiyinə görə 30 ildir Azərbaycanda belə soyuq hava olmamışdır.

Heydər Əliyev: Amma mənə dedilər ki, Türkiyədə də çox güclü qış var.

Əhməd Ünal Çeviköz: Bəli, Türkiyədə də çox çətin qış keçir, İstanbulda, Ankarada və Şərqi Anadoluda xüsusilə sərtdir.

Heydər Əliyev: Hətta İstanbul-Ankara yolu bir vaxt bağlanmışdı. Sonra məlumat aldım ki, 7 min kənddə yollar bağlanıbdır.

Əhməd Ünal Çeviköz: Son zamanlar bütün dünyada iqlimdə çox böyük dəyişikliklər vardır. Bu, Türkiyəyə və Azərbaycana da təsirini göstərir.

Heydər Əliyev: Bizdə qış olması lazımdır. Olmasaydı, deyərdik, nə üçün bizdə yoxdur.

Əhməd Ünal Çeviköz: Əlbəttə, bunun Azərbaycanda əkinçilik üçün faydalı olduğunu söyləyirlər. O baxımdan, təbii ki, bu, sevindirici haldır.

Heydər Əliyev: Həm əkin üçün, həm təbiət üçün, həm də meşələr üçün - hər şey üçün faydalıdır. Bizdə yaşayış üçün müəyyən çətinliklər yaradır. Ancaq bunlar müvəqqətidir. Amma əsas məsələləri götürsək, bu, təkcə Azərbaycanın əkinçiliyi üçün deyil, bütün təbiəti üçündür. Çünki biz neçə illər idi Azərbaycanda normal qış görmürdük.

Keçmişdə Rusiyada böyük bir artist var idi - Arkadi Raykin, insanları orijinal komik səhnəciklərlə güldürürdü. O danışırdı ki, keçmişdə nə yaxşı idisə, indi yaxşı deyil. Deyirdi ki, keçmişdə qış qış idi, amma indi qış deyil. Başqa şeylər də deyirdi, amma bunu həmişə deyirdi. Azərbaycanda da belə olmuşdur.

Mən dünən Naxçıvan ilə telefonla danışırdım. Mən uşaqlığımı, gəncliyimi Naxçıvanda keçirmişəm. Orada çox sərt qış olardı, 30 dərəcəli şaxta 20-30 gün davam edərdi. Qarı küçələrdən iki aya təmizləmək mümkün olmurdu. Amma sonra orada da iqlim dəyişdi.

Mən orada gənc vaxtımda olmuşdum, sonra, bilirsiniz, bir müddət Naxçıvanda yaşamağa başladım. Təbii ki, buralara baxanda orada qar vardı, qış vardı. Başqa yerlər kimi deyildi. Amma mən gördüyüm qışı görmədim. İndi mənə deyirlər ki, gördüyün o qış var.

Əhməd Ünal Çeviköz: Naxçıvan Şərqi Anadoluya da yaxın olduğu üçün iqlim də eynidir. Bu il çox çətin bir qış keçir.

Heydər Əliyev: Bu, keçib gedəcək, amma xeyri çoxdur.

Kefiniz yaxşıdır. Türkiyədə də işlər yaxşı gedir. Yeni hökumət qurulubdur.

Əhməd Ünal Çeviköz: Cənab prezident, təşəkkür edirəm. Mən bunları Sizə ərz etmək üçün görüşmək istəyirdim. Vaxt ayırıb məni qəbul etdiyinizə görə minnətdaram. Bilirsiniz ki, bu il noyabrın 3-də keçirilən seçkilərdən sonra Türkiyədə yeni, təkpartiyalı hökumət quruldu, yeni parlament seçildi. Son illərdən fərqli olaraq, ilk dəfə bir partiyalı hökumət quruldu. Bu hökumətin qurulması, ölkəmizin sabitliyi, parlamentin bəzi qanunları daha yaxşı qəbul etməsi baxımından çox faydalı və mühüm hadisədir.

Bilirsiniz ki, hökumətimiz qurulan kimi, bəzi məsələlərlə qarşılaşdı və gündəmində bunlara əsas yer ayırdı. Daxili siyasət sahəsində Türkiyədə davam edən iqtisadi islahatlar amalına fayda verəcək bəzi addımlar atıldı. Dekabrın 13-də Avropa Birliyinin Kopenhagendə keçirilmiş zirvə toplantısının sonunda Türkiyənin Avropa Birliyinə üzv qəbul olunması haqqında danışıqlara başlanması üçün 2004-cü ilin dekabr ayı müəyyən edildi. Təbii, Türkiyə istədiyi nəticəni ala bilmədiyi üçün bu qərardan məmnun deyildir. Ancaq bu qərarın verilməsi Türkiyənin Avropa Birliyinə üzv qəbul olunmasının və Avropa ilə əlaqələrinin qarşısının açıq olduğunu göstərdi.

Avropa Birliyi Türkiyə ilə bağlı bu qərarı qəbul edərkən, Cənubi Kipr ilə bağlı bir qərar da verdi. Biz bu qərarın yanlış olduğunu və problemin həlli üçün yetərli olmayacağını düşünürük. Türkiyə Kiprlə bağlı atacaq addımlarını əvvəldən açıq şəkildə dilə gətirmişdir. Türkiyə Cənubi Kiprin Avropa Birliyinə üzv qəbul edilməsini siyasi və hüquqi baxımdan tanımayacaqdır. Türkiyə bu qərarı tanımadığını və onun əhəmiyyətsiz olduğunu bütün dünyaya açıq şəkildə bəyan etmişdir. Ümid edirik ki, önümüzdəki vaxtlarda Şimali Kipr Cümhuriyyəti ilə Cənubi Kipr arasında müzakirələr davam edəcək və bu məsələnin həlli üçün mühüm addımlar atılacaqdır. Ancaq Avropa Birliyinin verdiyi qərar, Cənubi Kipr bu məsələnin həlli üçün iradə sahibi olmadığı üçün, onu bir az arxayınlaşdıracaqdır. Bunun isə problemin həllinə mühüm fayda verməyəcəyini düşünürük.

Mən yeni hökumətimizin fəaliyyəti, xarici siyasətlə bağlı gördüyü işlər və bəzi başqa məsələlər barədə Sizə məlumat vermək üçün görüşmək istəmişdim.

Cənab prezident, hökumətimizin xarici siyasəti əvvəlki hökumətlərin həyata keçirdikləri proqramlara tam uyğun şəkildə davam edir. Xüsusilə Qafqazla bağlı siyasətimizin əsasını Siz bilirsiniz. Azərbaycanla, digər türk cümhuriyyətlərilə əlaqələr daim diqqət mərkəzindədir. Azərbaycanın ərazi bütövlüyünün tanınması, işğal altındakı torpaqlarının tezliklə azad olunması, Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa hörmət göstərilərək həlli Türkiyənin 58-ci hökumətinin siyasətini təşkil edir. Hesab edirik, bu sahədə əlavə heç bir şərhə ehtiyac yoxdur. Bunları Sizə demək üçün buraya gəldim. Sizi Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə də təbrik edirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.

Türkiyədə gedən proseslər bizi məmnun edir. İndi siz buyurdunuz, Türkiyədə ilk dəfə bir partiya əsasında yeni hökumət qurulubdur. Bu, təxminən indiki qışa bənzəyir, 4 ildir belə qış yox idi. İndi belə bir qış gəldi. Sizdə də bilmirəm, neçə ildir, bir partiya heç vaxt təkbaşına iqtidara gəlməmişdi, indi gəldi. Bu, hər halda, çox önəmli bir hadisədir. Çünki bir partiya siyasətini düzgün quraraq, Türkiyənin problemlərini daha da uğurlu həll edə bilər.

Sizdə illər boyu olan koalision hökumətlər həmişə işlərin müəyyən qədər əngəllənməsinin səbəbi olubdur. Bilirəm, Türkiyədə böyük siyasət adamlarının hamısı uzun illərdən bəri ilk dəfə bir partiyanın iqtidara gəlməsini çox müsbət qiymətləndirir. Azərbaycanın prezidenti olaraq mən də bunu çox müsbət qiymətləndirirəm. Parlamentdə də bu hökumətin bir müxalifəti var. Yəni bu baxımdan da elə bir problem yoxdur. Həm iqtidarda bir partiya var, həm də müxalifətdə. Qalan partiyalar parlamentdən kənarda qalıblar. Birincisi, yeni hökumət ölkə iqtisadiyyatının inkişafını təmin edəcək, ikincisi, ümumiyyətlə, Türkiyənin bütün problemlərini həll edəcək, onun xarici və daxili siyasətində yeni bir mərhələ açacaqdır. Mən də bunu bəyənirəm və sevinirəm. Mən bu barədə ilk olaraq hörmətli Ərdoğanı təbrik etdim, ona uğurlar dilədim.

Türkiyənin Avropa Birliyinə qəbul olunması ilə əlaqədar gedən prosesi biz sizinlə bərabər izləmişik. Hesab edirik ki, indiyə qədər gördüyü bütün işlərə görə Türkiyənin Avropa Birliyinə daxil olmağa 2004-cü ilin may ayında qəbul ediləcək 10 dövlətdən daha çox haqqı var. Ona görə də Kopenhagendə qəbul olunan bu qərar sizi məyus etdiyi kimi, bizi də məyus etdi. Həmin qərarın qəbul olunmasından öncə də biz o prosesləri hiss edirdik. Bəzi yerlərdə Türkiyənin əleyhinə bəyanatlar verirdilər. Bu da bizi narahat edirdi. Biz böyük diqqətlə bu prosesi izləyirdik və o mənada ki, sizin kimi, biz də istəyirdik Türkiyə bu dəfə Avropa Birliyinə ilk dövlətlər sırasında qəbul olunsun. Ancaq təəssüflər olsun ki, Kopenhagendə çox böyük ədalətsizlik etdilər. Mən bunu açıq deyirəm. Bəlkə siz bunu deməyə bir az çəkinirsiz. Amma biz çəkinmirik. Burada ikili standartlar tam açıq görünür. Çünki belə qərara heç bir əsas yoxdur. Üstəlik, qərara yunan Kiprini də salırlar ki, o da daxil olmalıdır.

Kipr problemi 28 ildir həll olunmur. Mən son 7-8 ildə Birləşmiş Millətlər Təşkilatının Kipr məsələsinin həlli üçün ciddi bir addım atmasını hiss etmədim. Ancaq indi Cənubi Kipri Avropa Birliyinə qəbul etmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibi təklif verdi ki, bu məsələni həll etsin. Demək, təklif verdi, ona görə yox ki, bu məsələ həll olunsun, xalqlar doğrudan da, rahatlıq əldə etsinlər. Ona görə ki, yunan Kiprinin Avropa Birliyinə daxil olmasına yol açılsın. Biz burada da ədalətsizlik, ikili standartlar görürük.

Məsələn, bir müddət bundan öncə, Jiskar d Estyenin bəyanatı olmuşdur ki, Türkiyə Avropa ölkəsi deyil, Avropa Birliyinə başqaları daxil ola bilməz. Bu, dəhşətli bir şeydir. Bir tərəfdən, onlar böyük dövlətlər olaraq və dünyanın siyasətini apararaq, istəyirlər ki, dünyada millətlər, ölkələr arasında sülh, əmin-amanlıq olsun. Amma digər tərəfdən isə, bu cür bəyanatlar verirlər. İndi görün, onlar nə qədər qatı fikirdədirlər. Əgər belə fikrin varsa da, heç olmasa, bunu açıq demə. Amma o, açıq bəyan edir. Bu da bizi çox narahat etdi və ondan sonra gedən prosesləri gördük. Biz bu məsələdə Türkiyəyə qarşı ədalətsizlik olunduğunu görürük və buna öz etirazımızı bildiririk.

Biz həmişə Türkiyə ilə bir yerdəyik, bir yerdə də olacağıq. Təkcə ona görə yox ki, Türkiyə ilə biz qədim zamanlardan dostuq, qardaşıq. Həm də ona görə ki, son 40 ildə demokratiyanı, bazar iqtisadiyyatını inkişaf etdirən, NATO-nun üzvü olan, Avropada böyük yer tutan Türkiyə Avropa Birliyindən kənarda qalır. Bu qədər də ədalətsizlik olarmı?! Mən də bilirəm, sizin hökumətləriniz və hamınız belə düşünürsünüz ki, bu ədalətsizliklər var. Ancaq Türkiyə hökuməti də, dövləti də öz siyasətini davam etdirəcəkdir. Nəhayət, güman edirəm ki, nə qədər ədalətsiz yanaşsalar da, onlar Türkiyənin qarşısını ala bilməyəcəklər.

Biz Kipr barəsində Türkiyəni tamamilə dəstəkləyirik. Siz Kipr barəsində hansı qərar qəbul etsəniz, - bunu siz bizdən daha yaxşı bilirsiniz, - ona yüz faiz tərəfdarıq, dəstəkləyirik. Çünki birincisi, bilirik ki, Türkiyəyə, türk xalqına qarşı ədalətsizlik olubdur. İkincisi də, indi təklif olunan plan məsələni, problemi həll etmir. Sadəcə, müvəqqəti, kosmetik bir şey yaratmağı nəzərdə tuturuq ki, Cənubi Kipri Avropa Birliyinə daxil etsinlər. Ondan sonra Şimali Kipr də, türklər də çabalaya-çabalaya qalsınlar. Biz bunu belə anlayırıq, belə başa düşürük. Təbii ki, bu da yolverilməzdir. Türkiyə buna yol verməz. Biz bu məsələdə də Türkiyənin siyasətini yüz faiz dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik. Buna həmişə arxayın ola bilərsiniz.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsində Türkiyənin indiyə qədər gördüyü işləri biz qiymətləndiririk. Əminik ki, - bunu mənə dəfələrlə deyiblər və buna inanıram, - Türkiyədə hansı partiyanın, hansı hökumətin hakimiyyətə gəlib-gəlməməsindən, Türkiyənin başında kimlərin durmasından asılı olmayaraq, Türkiyə Azərbaycana qarşı olan ədalətsizliklərə həmişə etiraz edibdir və bundan sonra da etiraz edəcəkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə tərəfdar olubdur, bundan sonra da tərəfdar olacaqdır.

Bəzən mətbuatda kimsə nəsə deyir. Bu yaxın zamanlarda bizim mətbuatda yazmışdılar ki, guya Türkiyədə xarici işlər naziri nəsə deyibdir. Sonra dedilər, belə deməyib, təkzib edibdir. Düzü, mən bunları eşidəndə, bilin, prezident kimi bunlara fikir vermirəm. Bizim bu adamlar dərhal hay-küy salmağa başlayırlar. Xüsusən, müxalifət qəzetləri bir tərəfdən, özlərini Türkiyənin ən yaxın dostu kimi göstərirlər, o biri tərəfdən də, araşdırmamış ha-küy salırlar. Mən bunlara fikir vermirəm. Çünki mən inanıram ki, belə şey ola bilməz. Hesab edirəm ki, mənim bu inamım heç vaxt itməyəcəkdir. Ona görə bu barədə sizinlə bir yerdəyik. Həmişə - indi də, sabah da sizin dəstəyinizlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmasında ən həlledici köməyi məhz Türkiyə etməlidir və Türkiyə də edəcəkdir. Mən buna inanıram.

Əhməd Ünal Çeviköz: Hörmətli cümhur başqanım, çox təşəkkür edirəm. Türkiyə ilə Azərbaycanın bir-birinə ən böyük dəstəkçi olmasını bilirik. Ancaq bunları Sizdən bir daha eşitmək, Türkiyənin qarşılaşdığı məsələlərdə Azərbaycanın daim onun yanında olduğunu Sizdən bir daha eşitmək bizi çox məmnun etdi. Sizin də vurğuladığınız kimi, Türkiyə də Azərbaycanın problemlərinin həllində ən böyük dəstək verən ölkə olmuşdur. Bu günə qədər olduğu kimi, bundan sonra bu şəkildə davam edəcəkdir.

Bəzi hökumət üzvlərimizin ifadələrinin müəyyən dairələr tərəfindən yanlış başa düşülməsi zehinləri bulandırmışdır. Ancaq bunların tamamilə yanlış olduğunu Sizin də dediyinizi məmnuniyyətlə görürəm.

Dağlıq Qarabağ münaqişəsi ədalətli həll edilməyincə, Ermənistanla əlaqələr barədə Türkiyənin siyasətində heç bir dəyişiklik yoxdur və olmayacaqdır.

Sizin bunları çox yaxşı şəkildə yaxından izləmiş olduğunuzu görmək məni bir daha məmnun etdi. Çox təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 26 dekabr 2002-ci il.