Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Rəşid Abdulla əl-Nəimi ilə görüşdəki söhbətindən - Tehran, 10 dekabr 1997-ci il


Əl-Nəimi: Hörmətli cənab prezident Heydər Əliyev, sizinlə görüşümdən məmnun olduğumu bildirirəm, Sizi səmimiyyətlə salamlayıram və ölkəmin prezidenti cənab Şeyx Zaidin salamlarını, hörmət və ehtiramını Sizə çatdırıram və bundan şərəf duyduğumu hüzurunuza ərz edirəm.

Heydər Əliyev: Səmimi sözlərinizə görə təşəkkür edirəm. İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1994-cü ilin dekabrında Mərakeşdə keçirilən zirvə toplantısında mən Şeyx Zaidlə görüşümü, apardığım danışıqları məmnunluqla xatırlayıram və mənim də salamlarımı və xoş arzularımı Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısına çatdırmağı rica edirəm. Bildirirəm ki, İKT-nin VIII zirvə görüşü də yaxşı keçdı. Demək istəyirəm ki, islam ölkələri dövlət və hökumət başçılarının, bir yerə yığılması, müsəlman aləminin problemləri barədə müzakirələr aparması çox əhəmiyyətlidir. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, xüsusən ticarət əlaqələrinin genişlənməsindən məmnun qaldığımı bildirirəm və qeyd edirəm ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi vacibdir.

Əl-Nəimi: Hörmətli cənab Əliyev, Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səfər edən hər bir nümayəndə heyətinə böyük diqqət və qayğı göstərdiyinizə görə Sizə təşəkkürümü bildirirəm və nəzərə çatdırıram ki, mənim ölkəm respublikanızla əlaqələrin sıxlaşdırılmasına xüsusi maraq göstərir. Mən əmin olduğumu bildirirəm ki, prezidentlər Heydər Əliyevin və Şeyx Zaidin səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər gündən-günə daha da möhkəmlənəcəkdir.

Cənab prezident, Birləşmiş Ərəb Əmirliklərinin başçısı Şeyx Zaid Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən tədbirləri diqqətlə izləyir və nailiyyətlərinizdən çox məmnundur.

Prezident Şeyx Zaid və biz hamımız Sizin müdrik siyasətiniz və fəaliyyətinizlə fəxr edirik. Məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanın regional mərkəzə çevrilməsi bizi ürəkdən sevindirir. Prezident Şeyx Zaid Sizi Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə dəvət edir. Biz Sizi öz ölkəmizdə görməkdən böyük şərəf duyardıq.

Heydər Əliyev: Cənab əl-Nəimi, xoş sözlərinizə görə Sizə minnətdarlığımı bildirirəm və xatırladıram ki, mən Şeyx Zaidi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və bildirirəm ki, cənab Əl-Nəiminin də respublikamıza ziyarətə gəlməsini arzulayardım. Mən Birləşmiş Ərəb Əmirliklərinin azərbaycanlı qaçqınlara göstərdiyi humanitar yardıma görə minnətdarlıq edirəm. Mən ümidvar olduğumu bildirirəm ki, Birləşmiş Ərəb Əmirlikləri İKT-nin VIII zirvə görüşündə Ermənistanın Azərbaycana təcavüzünü qətiyyətlə pisləyən sənədlərin qəbul edilməsini dəstəkləyəcəkdir.