Ümumdünya sülh zirvə görüşünün baş katibi cənab Bava Çayna - 27 avqust 2000-ci il


Hörmətli cənab Bava Çayn!

28 avqust 2000-ci ildə BMT-də keçirilən dini və mənəvi rəhbərlərin yeni minilliyə həsr olunmuş ümumdünya sülh zirvə görüşü ilə bağlı göndərdiyiniz məktuba görə təşəkkürümü bildirirəm. Sülh, qlobal anlaşma və beynəlxalq əməkdaşlığa nail olunması məqsədi ilə dünyanın dini rəhbərlərinin iştirakı və BMT-nin vasitəçiliyi ilə keçirilən tədbirin məramı və məqsədi müstəqil Azərbaycan Respublikası üçün çox vacibdir. Ümid edirəm ki, bu forum bütün dünyada hərbi münaqişələrdən və təcavüzkar müharibələrdən əzab çəkən milyonlarla insanın sülh və əmin-amanlıq şəraitində yaşamaq arzusunun parlaq təzahürü olacaqdır.

Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir. Bu zərurət həm də onunla bağlıdır ki, qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və əsassız ərazi iddiaları müstəqil dövlətimiz və xalqımız üçün böyük problemlər yaratmışdır. Ərazimizin 20 faizi işğal olunmuş, on minlərlə insan öldürülmüş və yaralanmış, yüzlərlə qadın, uşaq və qoca əsir və yaxud girov götürülmüş, 1 milyondan çox insan və tarixi-etnik torpağında qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu gün ölkənin hər 8 vətəndaşından biri qaçqın və yaxud məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Güman edirəm ki, erməni təcavüzünün Azərbaycanda həyatın bütün sahələrinə nə dərəcədə mənfi təsir göstərdiyini anlamaq heç də çətin deyil.

Təcavüz nəticəsində xalqımızın böyük mənəvi və maddi itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan Respublikası daxili və xarici siyasətində demokratiya və müstəqil dövlətçilik prinsiplərinə, eyni zamanda beynəlxalq hüquqi normalara daim sadiqlik nümayiş etdirir. Biz bu yolda xalqımızın sülhsevərlik, humanizm və dözümlük kimi yüksək mənəvi dəyərlərinə arxalanırıq.

Tarixin heç bir mərhələsində Azərbaycanda dini, milli ayrı-seçkilik, diskriminasiya faktı olmamışdır. Əsrlər boyu burada dünya dinləri dinc yanaşı fəaliyyət göstərmiş, bütün xalqlar dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq mehriban ailə şəraitində yaşamışlar. Azərbaycan xalqı öz milli mentalitetinə uyğun olaraq həm də qonşu dövlətlər və xalqlarla mehriban qonşuluq münasibətlərində olmuşdur. Bu mütərəqqi tarixi ənənələr bu gün də davam edir və Azərbaycan dövləti bölgədə sülhün və sabitliyin bərqərar olunması istiqamətində səylərini əsirgəmir.

Təbiidir ki, bütün bu məqsədlərə çatmaq üçün yalnız bir tərəfin istəyi kifayət deyildir. Beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, milli və dini azlıqların hüquqlarının müdafiəsi kimi prinsiplərini əsas tutmaqla qarşılıqlı hörmət, anlaşma etimad və hər şeydən öncə bütün tərəflərin maraqlarının təmin olunması məqsədi ilə güzəştlər edilməsi ümdə şərtlərdəndir. Əks halda bəşəriyyət müharibə və münaqişə ocaqlarından xilas ola bilməz.

Ümidvar olduğumu bildirirəm ki, dünyanın mötəbər dini və mənəvi rəhbərlərinin xeyirxah məqsədlərə xidmət edən zirvə görüşü zəmanəmizin narahat məsələlərini dərindən müzakirə edəcək, bəşəriyyətin tarixi haqqı olan sülh, əmin-amanlıq şəraitində yaşaması işinə öz layiqli töhfəsini verəcəkdir.

Bu müqəddəs amal uğrunda hər birinizə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 avqust 2000-ci il.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış

Azərbaycan - BMT