Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan Prezidenti Fərrux Əhməd Xan Leqarinin Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin yataqxanasında müvəqqəti məskunlaşmış Füzuli, Kəlbəcər, Zəngilan, Cəbrayıl qaçqınları ilə görüşündə çıxışı - 11 oktyabr 1995-ci il


Əziz bacılar, qardaşlar!

Əziz uşaqlar, əziz vətəndaşlarımız!

Mən bu gün Pakistan Respublikasının prezidenti cənab Fərrux Əhməd xan Leqari ilə birlikdə sizin yanınıza, görüşünüzə gəlmişəm. Mən bura sizin vəziyyətinizlə bir daha tanış olmaq üçün gəlmişəm. Bilirsiniz ki, Pakistan prezidenti cənab Fərrux Əhməd xan Leqari üçüncü gündür Azərbaycanda rəsmi ziyarətdədir. İlk dəfədir ki, Pakistan kimi böyük bir dövlətin prezidenti respublikamıza rəsmi səfərə gəlibdir. O, mənim dəvətimlə Azərbaycanda səfərdədir. Üç gün müddətində biz çox səmərəli danışıqlar apardıq, iki dövlət - Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında, ticarət və iqtisadi əlaqələri inkişaf etdirmək haqqında və digər məsələlər barədə sazişlər imzaladıq. Bu, Azərbaycan torpağında Pakistan rəhbərliyi ilə ilk yüksək səviyyəli görüşümüzdür və ilk dəfə imzalanan sənədlərdir.

Pakistan böyük dövlətdir. O öz müstəqilliyini 1947-ci ildə əldə edibdir. Bu dövlət Asiya qitəsində geniş yer tutur, dünya siyasətində böyük mövqeyi var. Azərbaycan isə dörd il öncə öz müstəqilliyini qazanıb. Respublikamız müstəqillik yolunda ilk addımları atır, müstəqil dövlət quruculuğu ilə məşğuldur. Belə bir şəraitdə Pakistan kimi böyük bir dövlətlə müstəqil Azərbaycan Respublikası arasında sıx əlaqələrin yaranması ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini göstərir, eyni zamanda respublikamızın öz müstəqilliyini qoruyub saxlaması üçün, Ermənistanın təcavüzündən xilas olması üçün Azərbaycanın yeni bir dayağının olduğunu nümayiş etdirir.

Biz Pakistan ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrindən çox razıyıq. Son üç gündə apardığımız danışıqlarda bu əlaqələr daha yüksək səviyyəyə çatıbdır. Azərbaycan müstəqillik əldə etdiyi ilk vaxtlardan Pakistan respublikamıza öz müsbət münasibətini göstərib və beynəlxalq təşkilatlarda bizim mövqeyimizi həmişə müdafiə edibdir. Pakistanın baş naziri hörmətli xanım Bənəzir Bhutto ilə mən bir neçə dəfə görüşmüşəm. Bizim Qahirədə, Mərakeşdə, Aşqabatda və başqa yerlərdə görüşlərimiz, çox ətraflı danışıqlarımız, söhbətlərimiz olubdur. Biz əlaqələrimizin inkişaf etdirilməsi üçün həmfikir olduğumuzu bildirmişik.

İndi Pakistan prezidenti cənab Fərrux Əhməd xan Leqari ölkəmizə səfərə gəlibdir. Sonra mən Pakistana rəsmi səfərə gedəcəyəm. Pakistanın baş naziri xanım Bənəzir Bhuttonu respublikamıza səfərə dəvət etmişəm. Beləliklə, biz dövlətlərarası əlaqələri çox yüksək səviyyədə inkişaf etdirəcəyik. Bunların hamısı hər iki ölkə üçün - həm Pakistan üçün, həm də Azərbaycan üçün faydalıdır. Bu, Azərbaycan üçün xüsusən faydalıdır. Ona görə ki, respublikamız ağır vəziyyətdədir. Ermənistanın Azərbaycana qarşı yeddi ildən bəri davam edən hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Həmin ərazilərdən vətəndaşlarımız - siz, əziz bacı və qardaşlarımız, əziz övladlarımız zorla çıxarılmısınız, müvəqqəti olaraq köçkün düşməyə məcbur olmusunuz. İndi qaçqın vəziyyətində yaşayırsınız. Mən bilirəm, indi hər birinizin ürəyi Füzuli ilə, Kəlbəcər ilə, Zəngilan ilə, Laçın ilə, Şuşa ilə, Ağdam ilə, Qubadlı ilə döyünür, işğal altında qalmış başqa ərazilərimizlə döyünür. Azərbaycanın hər bir kəndi, hər bir bucağı, hər bir dağı, hər bir çayı, hər bir çeşməsi, hər bir ağacı sizin üçün də, mənim üçün də əzizdir.

Sizin yaşadığınız rayonlarda, kəndlərdə, şəhərlərdə ev-eşiyiniz də, yurdunuz da, obanız da, dağlarınız da, çaylarınız da, qayalarınız da, meşələriniz də, çeşmələriniz də bizim hər birimiz üçün əzizdir, hər birimiz üçün çox qiymətlidir. Onlar Azərbaycanın hər bir vətəndaşının abidəsidir, böyük bir məskəni, böyük bir məkanıdır. Məcburən çıxdığınız rayonlar, kəndlər təkcə sizin üçün əziz deyil, bütün Azərbaycan vətəndaşları üçün əzizdir. Mənim üçün isə Azərbaycanın prezidenti kimi, vətəndaş kimi, Azərbaycanı öz həyatından çox sevən insan kimi Azərbaycanın hər bir guşəsi, hər bir nöqtəsi əzizdir. Ona görə bizim yeganə və ən ali məqsədimiz ondan ibarətdir ki, torpaqlarımız tezliklə azad olsun, erməni işğalçıları ərazilərimizdən çıxsınlar.

Doğrudur, indi bizim torpaqlarımızı viran ediblər, dağıdıblar. Ancaq bunların hamısı müvəqqətidir. Əsas məsələ hər bir kəsin öz yerinə, yurduna, elinə, obasına qayıtmasıdır. İnsanlar yaradıcıdır. Azərbaycan xalqı yaradıcı xalqdır, qurucu xalqdır. Əminəm ki, biz torpaqları azad etdikdən sonra hər bir kənddə, hər bir məntəqədə, hər bir qəsəbədə, hər bir şəhərdə indi dağıdılanlar qısa müddətdə bərpa olunacaq. Siz evinizə, doğma yerlərinizə qayıdacaqsınız, öz elinizin ab-havasını yenidən duyacaqsınız. Buna əmin ola bilərsiniz. Sizin müvəqqəti olaraq düşdüyünüz bu ağır vəziyyət hamımızı narahat edir. Mənim ürəyimin ən böyük ağrısı sizin hər birinizin bu ağır şəraitdə yaşamağınızdır. Ona görə də var gücümüzlə, qüvvəmizlə və bütün imkanlarımızla Azərbaycanı bu vəziyyətdən çıxarmağa çalışırıq. Əmin olun ki, bu problemlərin həll edilməsi üçün mən daim, gecə-gündüz çalışıram, çalışacağam və sizinlə birlikdə ali məqsədimizə nail olacağıq.

Pakistan Respublikasının prezidenti cənab Fərrux Əhməd xan Leqari ilə danışıqlarımızda, söhbətlərimizdə bu mövzu, yəni Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması və yerlərindən didərgin düşmüş adamların öz torpaqlarına qayıtması ən əsas mövzulardan biri olubdur. Pakistanlılar da öz tarxində, öz həyatında qaçqınları çox görüblər. Onlar da belə təcavüzlərə məruz qalıblar. Öz azadlıqları uğrunda mübarizə aparıblar. Bizim güngüzəranımızı, düşdüyümüz vəziyyəti onlar başqalarından bəlkə də daha yaxşı bilirlər, daha yaxından hiss edirlər. Biz danışıqlarımızda da belə bir ümumi fikrə gəldik ki, bu haqq-ədalət işini başa çatdırmaq üçün Pakistan da Azərbaycana kömək edəcəkdir.

Ona görə də bu gün Pakistan prezidentinin özü xahiş etdi ki, gəlib burada sizinlə görüşsün. Mən də onunla birlikdə sizin görüşünüzə gəlmişəm. Güman edirəm ki, bu görüş sizə müəyyən qədər mənəvi dayaq olacaqdır. Bilin ki, - mən bu gün bir daha deyirəm, - mən də, bütün Azərbaycan da ağır vəziyyətinizi bilir, hiss edir, sizi unutmur və heç vaxt unutmayacaqdır. Siz daim mənim qəlbimdəsiniz, daim mənim fikrimdəsiniz, sizin həyatınız həmişə məni düşündürür. Çalışacağam ki, bütün beynəlxalq təşkilatların, dövlətlərin imkanlarından istifadə edərək sizi bu vəziyyətdən çıxaraq.

Azərbaycanın işğal edilmiş torpaqları azad olunacaqdır. Azərbaycan müstəqil dövlət kimi öz taleyinin, öz ərazisinin, öz torpaqlarının sahibi olacaqdır. Buna əmin ola bilərsiniz. Mən sizə hörmət və məhəbbətimi, sevgimi bildirirəm. Hamınızı salamlayaraq bu balaca uşağı bağrıma basıram. Onu öpərək sizin hər birinizi öpürəm, hər birinizi bağrıma basıram. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış