Azərbaycan Prezidenti Heydər Əlyevin Britiş Petroleum-Amoko şirkətinin nümayəndə heyəti ilə görüşdə söhbətindən - 14 noyabr 2000-ci il


Heydər Əliyev: Xoş gəlmisiniz, sizi xoş gördük. Necəsiniz?

Devid Vudvord: Cənab prezident, çox sağ olun, yaxşıyıq.

Heydər Əliyev: Sən həmişə buradasan. Sən bizim vətəndaşımızsan.

Cənab Adams çox uzun müddət burada oldu. Ondan sonra da siz buradasınız. Siz bilirsiniz ki, mən Terri Adamsın xidmətlərini çox yüksək qiymətləndirirəm. Amma o gedəndə mən çox təəssüfləndim. Düşündüm ki, yeni adam necə olacaq? Amma görürəm, Terri Adams kimisiniz.

Heydər Əliyev (Qəbulda iştirak edən Bi-Pi/AMOKO Şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Əndi İnglisə müraciətlə):

-Siz İngiltərədən gəlmisiniz? Buyurun.

Əndi İnglis: Cənab prezident, çox sağ olun. Azərbaycanda olmağımdan çox şadam. Onu da nəzərinizə çatdırım ki, ilk dəfə ölkənizə 1993-cü ildə cənab Con Braunla birlikdə gəlmişdim. O zaman Bi-Pi Azərbaycanda fəaliyyətə yenicə başlamışdı. Həmin vaxtdan bugünədək əldə edilən nailiyyətlərdən çox şadıq. Ölkənizdə qazanılmış uğurlar barədə cənab Con Braunla da söhbətimiz olubdur. Sizə bildirim ki, Con Braun da şirkətin Azərbaycanda əldə etdiyi uğurlardan çox məmnundur. O, məndən xahiş etmişdir ki, onun şəxsi məktubunu Sizə çatdırım. Bu məktubda Con Braun Bakı-Tbilisi-Ceyhan layihəsinə dair əldə olunmuş sazişdən nə dərəcədə məmnun olduğunu bildirir. Məktubda cənab Con Braun həmçinin "Azəri", "Çıraq", yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi barədə müqavilənin həyata keçirilməsinə Bİ-Pi-nin böyük ümidlər bəslədiyini bildirir.

Bildiyiniz kimi, Xəzərdəki bu ərazi Bİ-Pi üçün çox böyük əhəmiyyət kəsb edir. Gördüyünüz kimi, şirkətimiz Azərbaycanda çalışmaq, fəaliyyət göstərmək üçün ən bacarıqlı, təcrübəli nümayəndələrini buraya göndərmişdir. Mən çox şadam ki, Siz cənab Vudvordun fəaliyyətindən razısınız. Başqa sözlə desək, bizim şirkətin nöqteyi-nəzərindən baxdıqda, biz Azərbaycanda görülən işlərə, əldə olunan nailiyyətlərə görə çox şadıq.

İcazə versəydiniz, Bi-Pi-nin Azərbaycandakı fəaliyyəti barədə təqdimatı cənab Vudvord edərdi. "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi barədə müqavilənin həyata keçirilməsi sahəsində Bİ-Pi-nin gördüyü işlər haqqında sənədləri Sizə təqdim edirik.

Devid Vudvord: Cənab prezident, bilirik ki, vaxtınız bir qədər məhduddur. Ona görə də bu təqdimatla bağlı yalnız rəqəmləri oxuyacağam. Nəzərinizə çatdırım ki, "Azəri" yatağında hasilatın bu il 5 milyon tona çatdırılması realdır. Sizə məlum olduğu kimi, bu il Azərbaycan üçün proqnozlaşdırılmış gəlir 150 milyon dollara bərabər olacaqdır.

Cənab prezident, bu gəlirin əksər hissəsi Supsa terminalı vasitəsilə, az bir hissəsi isə Şimal neft kəməri ilə ixrac olunmuş neftdən əldə edilir.

Heydər Əliyev: Rəqəmlərdən görünür.

Devid Vudvord: Cənab prezident, gələn il üçün planlarımızda "Çıraq" yatağında hasilatı 15 faiz artırmaq nəzərdə tutulur.

Heydər Əliyev: Yəni hasilat 5 milyon 75 min ton olacaqdır?

Devid Vudvord: Dövlət Neft Şirkəti ilə danışıqlarımız və birgə işlərimiz nətcəsində gələn ilin fevral ayından başlayaraq "Çıraq" yatağından qaz hasilatını da artırmaq fikrindəyik.

Heydər Əliyev: İndi siz 1 milyard 800 milyon kubmetr qaz verirsiniz. Qaz hasilatını 2 milyard 400 milyon kubmetrə qaldırmaq istəyirsiniz.

Devid Vudvord: Təxminən 30 faiz artırmaq niyyətindəyik.

Heydər Əliyev: Doğrudur, amma son zamanlar orada bəzi nasazlıqlar olubdur, qaz vermirsiniz. Mən bundan çox narazıyam.

Devid Vudvord: Cənab prezident, tamamilə düzgün buyurursunuz. Bunun əsas səbəbi platformada müəyyən əməliyyatların keçirilməsi ilə əlaqədar idi. Bu barədə Dövlət Neft Şirkətinin məlumatı vardır. İndi Sizə açıq şəkildə bildirməliyəm ki, bu əməliyyatlar tam başa çatmışdır. Platformada hasil olunan qazın maksimuma çatmasına nail olmuşuq.

Heydər Əliyev: Nə vaxt?

Devid Vudvord: Dünən axşamdan başlayaraq.

Heydər Əliyev: Mən başa düşürəm ki, platformada sizin müəyyən işləriniz, problemləriniz vardır. Amma siz bilirsiniz ki, indi, payız-qış dövründə qaz Azərbaycanın insanları üçün nə dərəcədə lazımdır. Siz orada hər hansı texniki məsələyə görə müəyyən müddət qaz verə bilmirsiniz və bir o qədər də narahat olmursunuz. Amma həmin qaz gəlməyəndə Azərbaycanda insanlar narazı olurlar. Narazılığı da mən qəbul etməliyəm. Ona görə də xahiş edirəm, çalışın ki, belə problemləriniz olmasın. Xüsusən indi, payız-qış vaxtında bu, gərək tamamilə aradan qaldırılsın. Onsuz da səmt qazının bir hissəsini havaya buraxırıq və bu, bizdə narahatlıq doğurur. İctimaiyyətimiz də bilir ki, sizin hasil etdiyiniz qazın bir qismini biz sahilə gətirib istifadə edə bilmirik.

Bu, vaxtilə həm sizin, həm də bizim Dövlət Neft Şirkətinin buraxdığı səhv nəticəsində baş vermişdir. Doğrudur, mənə izah edirlər ki, siz də gözləmirdiniz ki, tezliklə oradan bu qədər neft və qaz çıxacaqdır. Bizim Dövlət Neft Şirkəti də belə izahat verir. Bunun özü də sizin işinizdəki çatışmazlıqdır. Siz gərək bunu düzgün müəyyən edəydiniz. Olan olub, keçən keçib. Mən bunları ona görə deyirəm ki, bundan sonra belə hallar təkrar olunmasın. Buyurun.

Devid Vudvord: Cənab prezident, icazə versəydiniz, cənab Əndi İnglisin də toxunduğu Bakı-Tbilisi-Ceyhan boru kəməri haqqında Sizə qısaca məlumat verərdim. Biz çox şadıq ki, boru kəməri üzrə əsas mühəndis-texniki işlərə və bu sahədə investor olacaq şirkətlərlə danışıqlara başlanılmışdır. Biz Dövlət Neft Şirkəti ilə əməkdaşlıq şəraitində boru kəməri tikintisinin maliyyələşdirilməsi üçün əlavə investorlar arayacağıq. Eyni zamanda, biz bu kəmərin maliyyələşdirilməsi üçün müxtəlif banklar və beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparırıq. Hazırda layihə üzrə bu işlər görülür və layihənin həyata keçirilməsi üçün biz fəaliyyətimizi davam etdiririk.

Heydər Əliyev: Mən sizin məlumatınızdan çox məmnunam. Çünki bilirsiniz ki, neçə ildir biz Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması üçün çox səylər göstərmişik və zəhmət çəkmişik. Təbiidir ki, sizinlə birlikdə. Nəhayət, buna nail olmuşuq. İndi maliyyə məsələsini həll etmək və inşaat işlərinə başlamaq lazımdır. Ona görə də mən sizin bu barədəki planlarınızı bəyənirəm. Ancaq istəyirəm ki, bunlar real olsun və həyata keçirilsin. Başqa şirkətlərin də bu işə qoşulması məsələsi çox vacibdir. Mənə dedilər ki, siz bu işlə məşğulsunuz. Mən bunu da bəyənirəm və hesab edirəm ki, bu, mütləq olmalıdır.

Devid Vudvord: Cənab prezident, təqdimatın sonrakı səhifəsində "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının tam miqyasda işlənilməsi göstərilmişdir və bildiyimiz kimi, biz artıq bu yataqların işlənilməsinin növbəti mərhələsinə başlamışıq. Bildiyiniz kimi, biz həmin yataqlardan 2004-cü ilin sonunda maksimum miqdarda neft hasil etməyi nəzərdə tuturuq. Sizə deyildiyi kimi, 2008-ci ildə bu yataqlardan ildə 40 milyon ton neft istehsal olunacaqdır.

Cənab prezident, növbəti səhifəyə nəzər salsanız, birinci mərhələnin konsepsiyası ilə tanış ola bilərsiniz. Biz artıq tikinti xidmətləri və işləri üçün tenderdə iştirak etmək məqsədi ilə müxtəlif şirkətləri dəvət etmişik.

Heydər Əliyev: Birinci mərhələ dedikdə, "Azəri" yatağını nəzərdə tutursunuz?

Devid Vudvord: Tamamilə doğrudur. Bu, "Azəri" strukturunun mərkəzində yerləşir.

Cənab prezident, birinci mərhələnin uğurla həyata keçirilməsi üçün orta hesabla məsrəflər, terminalın genişləndirilməsi və sairədən ötrü xərclər 2,2 milyard dollar olacaqdır.

Heydər Əliyev: Yəni, "Azəri"də platformanın tikilməsi də daxil olmaqla?

Devid Vudvord: Cənab prezident, bəli, tamamilə doğrudur. Orta məsrəflər dedikdə, mən buradakı terminalın genişləndirilməsini, platforma üzərindəki müxtəlif prosesləri həyata keçirən cihazları, qazma qurğularını, yaşayış ərazilərini, quruya qaz və neft ixrac edəcək boru kəmərlərini nəzərdə tuturam. Bundan əlavə, 8 quyunun qazılmasına bir milyard dollar vəsait sərf olunacaqdır.

Heydər Əliyev: Ancaq mən xahiş edirəm ki, oraya boru xətləri çəkərkən gələcəyi də nəzərə alasınız, gözlədiyinizdən artıq qaz hasil olduqda, hamısını sahilə verə biləsiniz. "Çıraq" yatağında yol verdiyiniz səhvdən nəticə çıxarmaq lazımdır. Çalışın ki, o səhv təkrar olunmasın.

Devid Vudvord: Cənab prezident, Sizi əmin edirəm ki, "Çıraq"dakı səhvimiz bizə ibrət dərsi olmuşdur. Bundan sonrakı platformaların dizaynında və digər xüsusiyyətlərində hər şey dəqiq hesablanmışdır.

Platformanın tikintisinə 2001-ci ilin avqust ayında başlanmalıdır. Bizim hesablamalarımıza görə, ümumi məsrəflərin təxminən 35-45 faizi məhz buna xərclənəcəkdir.

Heydər Əliyev: Yəni həmin 2 milyard 200 milyon dolların bu qədər hissəsi?

Devid Vudvord: Bəli. Cənab prezident, icazə versəydiniz, mən sözümü burada tamamlayardım.

"Azərbaycan" qəzeti, 15 noyabr 2000-ci il.