Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın xarici işlər naziri Erve de Şarettin şərəfinə təşkil edilmiş rəsmi qəbulda çıxışı - "Gülüstan" sarayı, 11 oktyabr 1996-cı il


Hörmətli cənab nazir, möhtərəm qonaqlar, xanımlar və cənablar!

Bu gün Azərbaycanda biz Fransanın xarici işlər naziri cənab Erve de Şaretti və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edirik. Fransa Respublikası xarici işlər nazirinin Azərbaycana ilk səfəri Fransa-Azərbaycan münasibətlərində əlamətdar hadisədir və bunu əsas tutaraq biz bu səfərə böyük əhəmiyyət veririk.

Azərbaycan ilə Fransa arasında münasibətlərin qısa, lakin çox yaxşı tarixi var və bu tarix Azərbaycan öz dövlət müstəqilliyini əldə etdiyi vaxtdan başlayır. Bu gün keçmişdə Fransa ilə Azərbaycan arasında mövcud olmuş böyük tarixdən də danışmaq olardı. Ancaq dövlətlərarası münasibətlərimiz Azərbaycan öz dövlət müstəqilliyini elan etdiyi vaxtdan başlayır. Bu gün razılıq hissi ilə demək istəyirəm ki, Fransa Azərbaycanın dövlət müstəqilliyini tanıdığını dərhal elan etmiş və onunla diplomatik münasibətlər yaratmışdır.

1992-ci ilin əvvəllərində, yəni ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldıqdan sonra tezliklə Fransa Azərbaycanda öz səfirliyini açmışdır. Bu, kifayət qədər inandırıcı sübutdur ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyaraq, ölkəmizlə münasibətlərin inkişafına böyük əhəmiyyət vermişdir və verir. Ola bilsin ki, başlanğıc mərhələdə münasibətlərimiz lazımınca inkişaf etdirilməmişdir. Buna baxmayaraq, ölkələrimiz arasında diplomatik münasibətlər yaradıldıqdan sonra ötən illərdə əldə olunmuş nə varsa, hamısı kifayət qədər yüksək qiymətə layiqdir.

Azərbaycan öz müstəqilliyini elan etdiyi dövrdə onun Ermənistanla hərbi münaqişə vəziyyətində olması və Fransanın Ermənistanla çox yaxın münasibətlər, dostluq münasibətləri saxladığı barədə ölkəmizdə fikirlər söylənməsi ilə əlaqədar belə bir əhval-ruhiyyə yaranmışdır ki, Azərbaycan Fransa ilə sıx dostluğa və əməkdaşlığa malik ola bilməz. Lakin bu fikir səhv və əsassızdır. Bunu münasibətlərimiz bərqərar olub sabitləşdikdən sonra keçən dövr də sübut etmişdir.

Məmnunluq hissilə qeyd etmək istəyirəm ki, üç il bundan əvvəl mən Azərbaycan prezidenti seçilikdən sonra tezliklə xaricə ilk rəsmi dövlət səfərimi Fransa prezidenti, mərhum Fransua Mitteranın dəvətilə bu ölkəyə etdim. Bu, 1993-cü ilin dekabrında olmuşdur. O vaxt biz nəinki prezidentlə, həm də xarici işlər naziri ilə, Senatda, parlamentdə çox səmərəli danışıqlar, kifayət qədər ətraflı söhbətlər apardıq, başlıcası isə çox mühüm dövlətlərarası sənədlər imzaladıq.

Ötən illər ərzində Fransa ilə Azərbaycan arasında münasibətlər dönmədən inkişaf etmiş və genişlənmişdir. Bu gün cənab nazir ilə danışıqlar zamanı bir yekdil fikirdə olduq ki, bu münasibətlər yaxşı səviyyəyə çatmışdır. Bununla yanaşı, biz bu qənaətə gəldik ki, münasibətlərimizin daha da dərinləşməsi və genişlənməsi üçün imkanlar var. Bu isə Fransa və Azərbaycanın maraqlarına tamamilə uyğundur.

Bir daha bildirmək istəyirəm ki, Azərbaycan Fransa ilə əlaqələrin daha da dərinləşməsini arzulayır və bundan sonra da hər şey edəcəkdir ki, əməkdaşlığımız bütün sahələri əhatə etsin. Təbiidir ki, biz iqtisadi, siyasi maraqları, mədəniyyət, elm və təhsilin daha da inkişaf etdirilməsi maraqlarını əsas tuturuq.

Fransa zəngin tarixə, mədəniyyətə, ənənələrə malik bir ölkədir. Azərbaycanda çoxları Fransa tarixini, onun yazıçılarının əsərlərini, mədəniyyət xadimlərini, habelə dünya sivilizasiyasına bu ölkənin verdiyi böyük töhfəni yaxşı bilir və tanıyırlar. Biz demokratiya prinsiplərinin, habelə demokratik dövlət quruluşunun bərqərar olmasında Fransanın xidmətlərini də yüksək qiymətləndiririk. Bu prinsipləri görkəmli fransızlar Jan Jak Russo, Monteskye, Didro işləyib hazırlamış, sonra da Fransanın dövlət, siyasi xidmətlərinin gələcək nəsilləri inkişaf etdirmişlər. İndi həmin prinsiplər demokratik inkişaf yolu seçmiş dövlətlər üçün demokratik prinsiplərin işlənib hazırlanmasında və həyata keçirilməsində əsasdır. Biz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət quraraq, bütün dünya təcrübəsindən, o cümlədən Fransanın təcrübəsindən bəhrələnirik. Fransa dövlətçiliyinin, demokratiyasının tarixi yoluna və təbii, bu ölkənin indiki reallıqlarına müraciət edirik. Keçən il biz müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasını qəbul etdik. Onun layihəsi hazırlanarkən şəxsən mən özüm müasir Fransa Konstitusiyasına, ötən onilliklər ərzində Fransada konstitusiya yaradıcılığına, konstitusiyalı quruluşa dəfələrlə müraciət etdim. Azərbaycanda nəinki indi, həm də on illərlə bundan əvvəl Fransa anlayışı həmişə yüksək mədəniyyətlə, savad və ziyalılıqla bağlanmışdır. Bütün bunlar azərbaycanlıların bir çox nəsillərinə Fransa tarixinə, mədəniyyətinə, mədəni-mənəvi dəyərlərinə ehtiram hissləri aşılamışdır. Hazırda Fransa Respublikası öz zəngin tarixi ənənələrindən istifadə edərək, onun əcdadlarının müəyyənləşdirdiyi yol ilə qətiyyətlə gedir və öz ölkəsini Dünya Birliyində layiqincə təmsil edir.

Azərbaycan gənc müstəqil dövlətdir. Biz tarixi keçmişimizi nəzərə alaraq, müstəqilliyi tarixi nailiyyət kimi çox yüksək qiymətləndiririk. Bu gün fürsətdən istifadə edərək bir daha bildirirəm ki, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir və biz müstəqilliyimizə, milli azadlığımıza qəsd olunmasına heç vaxt yol verməyəcəyik. Müstəqillik hissi bizə xüsusilə yaxın və əzizdir. Bununla əlaqədar demək olar ki, fransızlar öz müstəqilliyini həmişə əziz tutmuşlar, bütün dövrlərdə öz dövlət müstəqilliyi mövqeyində möhkəm dayanmışlar. İndi də İkinci dünya müharibəsindən sonra, o vaxtlar Avropada, bütün dünyada baş vermiş proseslər zamanı da Fransa özgürlüyünü, öz müstəqilliyini qorumuşdur və qoruyur. Bu, bizim üçün əyani və layiqli nümunədir. Biz öz dövlət müstəqilliyimizi daha da möhkəmlətməyə çalışaraq dünyanın bütün ölkələri ilə səmimi, təmiz, şərəfli münasibətlər yaradır və mütəqabilliyə ümid bəsləyirik. Məndə əsla şübhə yoxdur ki, Fransa ilə Azərbaycan arasında, xalqlarımız arasında dövlətlərarası münasibətlər həmişə mənəvi paklığı, səmimiliyi, açıqlığı ilə, ümumbəşəri dəyərlərə və demokratik prinsiplərə sadiqliyi ilə səciyyələnəcəkdir.

Azərbaycanın qarşısında da çox mürəkkəb problemlər durur, biz onların uğurla aradan qaldırılmasına çalışırıq. Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq xarakter alan problem olmuşdur. Bu münaqişə nəticəsində erməni silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər. Azərbaycanın ərazi bütövlüyü pozulmuş, bir milyondan çox vətəndaşımız öz doğma yurdlarından didərgin salınmışdır. Onlar çox ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayır. Böyük itkilərə, Azərbaycana çox böyük mənəvi və maddi ziyan vurulmasına baxmayaraq, biz Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması, regionumuzda möhkəm sülh yaradılması mövqelərində durmuşuq. Münaqişənin dincliklə aradan qaldırılması yalnız hamılıqla qəbul edilmiş prinsiplərin, beynəlxalq hüquq normalarının gözlənilməsi təqdirdə real ola bilər. Bu isə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, onun işğal altındakı torpaqlarının azad edilməsi, qaçqınların öz yaşayış yerlərinə qayıtması, Dağlıq Qarabağda erməni əhaliyə təhlükəsizlik üçün təminatlar və yüksək muxtariyyət statusu verilməsi deməkdir.

Bizim əsas götürdüyümüz dincliklə nizamasalma prinsipləri beynəlxalq aləmdə tanınmış prinsiplərdir. Bunlar ATƏT-in prinsipləridir, bu gün cənab nazirin bəyanatından öyrəndiyim kimi, Fransa Respublikasının da rəhbər tutduğu prinsiplərdir. Biz Ermənistanla Azərbaycan arasında münaqişənin dincliklə aradan qaldırılmasına, bölgəmizdə, Qafqazda sülhə nail olacağıq. Biz münaqişələrin, separatizmin, terrorizmin, hər hansı formada təcavüzün əleyhinəyik. Bu gün biz həmin məsələlər barəsində fikir mübadiləsi etdik və bir çox məsələlərdə qarşılıqlı anlaşma və baxışların uyğun gəldiyi aşkara çıxarıldı. Ümidvaram ki, Azərbaycanın, bütün regionun bu problemlərinin həllində biz Fransa Respublikasının bundan sonra da dəstəyini alacağıq.

Hesab edirəm ki, xarici işlər nazirinin, tərkibində Fransa parlamentinin. Senatının üzvləri də olan böyük və mötəbər nümayəndə heyətinin Azərbaycana səfəri ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etməsinə, əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəkdir. Ümidvaram ki, bizim bu söhbətləri, danışıqları Fransada davam etdirməyə imkanımız olacaqdır. Mən Fransa prezidenti cənab Jak Şirakın dəvətindən hökmən istifadə edəcək və Parisə gələcəyəm. Mən bu təklifi yüksək qiymətləndirirəm və ona Azərbaycana, Fransa-Azərbaycan münasibətlərinə diqqətin təzahürü kimi baxıram. Biz Fransa ilə dostluğu və əməkdaşlığı ürəkdən istəyirik.

Fransa Respublikasının şərəfinə, Fransa xalqının şərəfinə, Fransa dövlətinin şərəfinə badə qaldırmağı təklif edirəm. Fransa prezidenti hörmətli cənab Jak Şirakın sağlığına! Frnsanın xarici işlər naziri cənab Erve de Şarettin sağlığına, onun xanımının sağlığına! Fransa nümayəndə heyəti üzvlərinin sağlığına, Fransa parlamentinin və Senatının şərəfinə! Fransa qanunvericilik orqanının burada olan nümayəndələrinin sağlığına! Fransızların sağlığına, Fransanın şərəfinə! Sizin sağlığınıza!

Tarixi arayış

Azərbaycan - Avropa