Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliya xarici işlər nazirinin müavini Marqarita Boniverin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir - Prezident sarayı, 16 iyul 2002-ci il


Dövlətimizin başçısı Heydər Əliyev qonağı və onu müşayiət edən şəxsləri səmimiyyətlə salamladı, eyni zamanda onların Azərbaycanla tanışlıq üçün çox az vaxt ayırmalarından təəssüfləndiyini söylədi.

Bununla belə, səfəri müsbət qiymətləndirən prezident Heydər Əliyev dedi ki, İtaliya ilə Azərbaycan arasındakı əlaqələr bizim üçün çox əhəmiyyətlidir. Son illər bu əlaqələri inkişaf etdiririk. Uzun müddətdir ki, Bakıda İtaliyanın daimi səfirliyi fəaliyyət göstərir. Əvvəlki səfir çox yaxşı işləyirdi. Yeni səfir gözəl xanlmdır, o da çox yaxşı işləyir. Biz neft sektoru sahəsində yaxşı əməkdaşlıq edirik. Başqa sahələrdə də əməkdaşlıq üçün imkanlarımız çoxdur.

İtaliyada kiçik və orta sahibkarlıq sahəsində yaxşı təcrübə olduğunu xatırladan dövlətimizin başçısı vurğuladı ki, biz indi bazar iqtisadiyyatını inkişaf etdirərək, Azərbaycanda milli sahibkarlarımızı yaratmaq istəyirik. Təbiidir ki, böyük sahibkarların yaranması hələ ki, çətindir. Ancaq kiçik və orta sahibkarlar təbəqəsi yaratmaq mümkündür. Bu sahədə də İtaliya ilə əməkdaşlıq etmək istəyirik.

Beləliklə, əlaqələrimizi inkişaf etdirmək üçün imkanlar çoxdur. Sadəcə, gərək hər iki tərəf daha da fəal işləsin. Güman edirəm ki, Bakıya, Azərbaycana qısamüddətli səfəriniz ölkəmiz haqqında sizdə şəxsi təəssüratlar yaradacaq və əlaqələrimizin inkişaf etdirilməsinə kömək edəcəkdir.

Səmimi qəbul üçün dövlətimizin başçısına təşəkkür edən Marqarita Boniver Azərbaycan prezidenti ilə görüşmək və ölkələrimiz arasında qarşılıqlı münasibətlərə dair fikir mübadiləsi aparmaq imkanından məmnun olduğunu söylədi.

Xanım Boniver dedi ki, İtaliya hökuməti bu fikirdədir ki, ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün sizin tərəfinizdən əzm, iradə var. Biz həm siyasi, iqtisadi, mədəni, həm də ticarət sahələrində əlaqələri inkişaf etdirmək istəyirik. Mən Azərbaycanın xarici işlər naziri, nazirin müavini, iqtisadi inkişaf naziri ilə, Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin başçısı İlham Əliyevlə, parlament sədrinin müavini ilə görüşlər keçirmişəm. Biz həqiqətən gördük ki, Azərbaycanda demokratiyanın möhkəmləndirilməsi, insan haqlarının qorunması və bazar iqtisadiyyatının inkişafı sahəsində böyük səylər göstərilir. Xüsusilə deyərdim ki, bazar iqtisadiyyatının dünyaya inteqrasiyası üçün çox önəmli ola bilər. İtaliya Azərbaycandan neft idxal edən ilk ölkələr sırasındadır. Mənim hökumətim Azərbaycanla iqtisadiyyat və ticarət sahələrində münasibətlərin daha da inkişaf etdirilməsində çox maraqlıdır.

Qonaq bildirdi ki, iqtisadi inkişaf naziri ilə görüşdə Azərbaycanda biznes imkanlarının təşviqi üçün İtaliyada Azərbaycan haqqında sərginin təşkili, Azərbaycanın iş adamlarının həmin tədbirdə iştirak etməsi barədə razılıq əldə olundu. Xanım Boniver Azərbaycanın Romada səfirliyinin açılması məsələsinə də toxunaraq dedi ki, bu, bizi çox sevindirərdi.

Prezident Heydər Əliyev bununla əlaqədar bildirdi ki, İtaliyada Azərbaycanın səfirliyinin açılmasını mən çox istəyirəm. Ancaq bəzi obyektiv səbəblərdən bu, mümkün olmayıbdır. Yaxşı bilirəm ki, səfirliyin indiyə qədər açılmaması birinci növbədə Azərbaycana zərər gətirir. Çünki İtaliya kimi bir ölkə ilə daha səmərəli əməkdaşlıq etmək üçün, təbiidir ki, orada Azərbaycanın səfirliyi olmalıdır. Siz Romaya dönən kimi deyə bilərsiniz ki, prezident söz verdi, yaxın vaxtlarda İtaliyada Azərbaycanın səfirliyinin açılması haqqında xahiş məktubunu göndərəcəkdir.

Bu, təkcə iqtisadi cəhətdən yox, siyasi cəhətdən də çox lazımdır və vacibdir.

Siz yəqin ki, Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə tanışsınız. Bunun tarixi haqqında sizə məlumat vermək istəmirəm. Ancaq onu bildirmək istəyirəm ki, bu münaqişə hələ 1989-cu ildə, sovet hakimiyyəti zamanı başlayıbdır.

Azərbaycan və Ermənistan dövlət müstəqilliyi əldə etdikdən sonra bu münaqişə daha da kəskinləşib və bəzi səbəblərdən Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir. İşğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıb və indi ağır şəraitdə, çadırlarda yaşayırlar.

Azərbaycan prezidenti daha sonra dedi ki, 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılarkən sədrlik İtaliyaya həvalə edilmişdi və bu işlə xarici işlər nazirinin müavini cənab Raffaello məşğul olurdu. O, 1993-cü ildə dəfələrlə Azərbaycana gəlib, elə bu otaqda, bu masanın arxasında mən onunla danışıqlar aparmışam. Nə qədər acı olsa da, mən bunu sizə deməliyəm, təəssüflər olsun ki, İtaliyanın və onun nümayəndəsi Raffaellonun bu sahədə fəaliyyəti çox uğursuz oldu. Bu, bizim günahımızdır ki, İtaliya ilə bu sahədə əlaqələrimizi zəiflətmişik. İtaliya da Minsk qrupunun üzvü kimi öz vəzifəsini müəyyən qədər unudubdur. Ancaq mən istərdim ki, İtaliya bu işə daha da yaxından cəlb olunsun.

Mən 1998-ci ildə sizin ölkənizdə rəsmi səfərdə olarkən bu barədə sizin ölkənin prezidenti ilə, baş naziri ilə və başqa vəzifəli şəxslərlə danışıqlar aparmışdım. İtaliya ilə əlaqələr bizim üçün çox əhəmiyyətlidir. İtaliyada Azərbaycanın səfirliyinin yaradılması ölkəmiz üçün daha çox lazımdır, nəinki İtaliya üçün. Bizim münasibətlərimiz təkcə bundan ibarət deyildir. Mən Ermənistan-Azərbaycan münaqişəsini xatırlatdım. Güman edirəm ki, İtaliya bundan sonra bu məsələyə diqqət yetirəcəkdir.

Xanım Marqarita Boniver dövlətimizin başçısını əmin etdi ki, İtaliyaya qayıtdıqdan sonra Mario Raffaellonun həmin dövrdəki fəaliyyəti, bu sahədə hansı işlərin görüldüyü ilə şəxsən maraqlanacaq, gələcəkdə İtaliyanın bu sahədəki rolunu gücləndirməyə çalışacaqdır. İtaliya iki ölkə arasında olan bu münaqişənin tezliklə həllinin tapılmasında vasitəçi kimi çıxış edə bilər.

Qonaq daha sonra dedi: Dağlıq Qarabağ kimi mürəkkəb problemin həlli məsələsində Azərbaycan, həqiqətən, böyük müdriklik, təmkinlik nümayiş etdirmişdir. Mən, həqiqətən, çox məyus oldum ki, Azərbaycanda böyük sayda qaçqınlar, məcburi köçkünlər var. Hətta deyərdim ki, belə vəziyyət heç bir ölkədə yoxdur. Biz elə bir ölkə adı çəkə bilmərik ki, əhalinin ümumi sayına nisbətən bu qədər qaçqın-köçkünü olsun. Cənab prezident, Sizi əmin edə bilərəm ki, İtaliya bu sahədə sona qədər fəal rol oynayacaqdır. Biz bunu həm beynəlxalq təşkilatlar, həm də Avropa təşkilatları çərçivəsində, eləcə də Minsk qrupunda etməyə çalışacağıq. Elə edəcəyik ki, Azərbaycanda sülh bərqərar olsun, bu problem sülh yolu ilə aradan qaldırılsın və ölkənizdə demokratiya daha da inkişaf etsin.

AzərTAc

 

"Azərbaycan qəzeti", 17 iyul 2002-ci il.