Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Türkiyənin Baş nazirinin müavini, Dövlət naziri Dövlət Baxçalı və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı,7 may 2002-ci il


Heydər Əliyev: Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini hörmətli Dövlət Baxçalı!

Türkiyə Cümhuriyyəti hökumətinin hörmətli nazirləri!

Hörmətli qonaqlar!

Hamınız Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz. Türkiyə kimi, Azərbaycan da sizin vətəninizdir. Ona görə deyirəm ki, öz vətəninizə gəlmisiniz.

Hörmətli dostum, siz Azərbaycana ilk dəfədir gəlirsiniz və bu gəlişiniz də mənim dəvətimin nəticəsində olubdur. Mən sizi bir müddət bundan öncə dəvət etmişdim. Çox məmnunam ki, siz imkan tapıb mənim bu dəvətimi həyata keçirmisiniz, indi Azərbaycanda ziyarətdəsiniz.

Hörmətli Dövlət Baxçalı, mənim dəvətimi qəbul etdiyinizə görə, Azərbaycana rəsmi ziyarətə gəldiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Hesab edirəm ki, Sizin bu ziyarətiniz Türkiyə–Azərbaycan dostluğunun və qardaşlığının inkişaf etdirilməsində əlamətdar bir hadisədir.

Biz bu gün Sizinlə təkbətək, yaxud Sizin dillə desək, baş-başa, çox yaxşı söhbət etdik. Çox səmimi, dostyana, qardaşyana söhbət etdik. Təbiidir ki, Türkiyə–Azərbaycan məsələlərini, yaxud da ölkələrimizi maraqlandıran başqa məsələləri müzakirə etmək üçün bir saat, iki saat, üç saat azdır. Biz gərək saatlarla, günlərlə söhbət edək. Ancaq biz indi protokoldan çıxdıq. Ona görə ki, söhbətimiz çox səmimi və çox mehriban idi, eyni zamanda çox əhəmiyyətli idi.

Mən söhbət zamanı dedim, bir də bildirmək istəyirəm ki, Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra sürətlə – hər gün, hər ay, hər il inkişaf edir. Bu təbiidir. Bu həm Türkiyənin istəyidir, türk xalqının istəyidir, həm də Azərbaycanın istəyidir, Azərbaycan xalqının istəyidir. Ölkələrimiz xalqlarımızın tarixi kökləri, qədim dostluq-qardaşlıq əlaqələri üzərində, milli-mənəvi dəyərləri, ənənələri üzərində dövlətlərarası əlaqələri qurublar. Biz iki dövlət baş-başa verib bu əlaqələri inkişaf etdiririk. Bir millət, iki dövlət – bu, artıq həqiqətə çevrilibdir. Belə də var və bu da bizim əlaqələrimizin əsas forması olubdur.

Siz burada çox görüşlər keçirmisiniz. Görüşlər zamanı Türkiyə–Azərbaycan əlaqələrinə aid bir çox məsələləri müzakirə etmisiniz. İndi onlara yenidən qayıtmaq lazım deyildir. Biz, demək olar ki, sizinlə əsas məsələləri danışdıq. Burada hamı, mətbuat da bilməlidir ki, bizim apardığımız söhbətlər içərisində əsas yeri Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsi tutdu. Bu barədə çox ətraflı danışdıq, fikir mübadiləsi apardıq, yaranmış vəziyyəti təhlil etdik ki, nə etmək lazımdır, hansı yol ilə getmək lazımdır ki, biz bu məsələni həll edək. Biz bu məsələ barəsində daim Türkiyənin dəstəyindən bəhrələnmişik. Türkiyə ilə məsləhətləşmişik, bunun həll edilməsində Türkiyə ilə bərabər olmuşuq.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən Türkiyə Azərbaycanın problemlərinə böyük maraq göstərir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi elə o vaxt, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə edəndə də mövcud idi. O vaxtdan Azərbaycan Türkiyə ilə bu barədə əməkdaşlıq edir. Bizim əməkdaşlığımız da çox əhəmiyyətli nəticələr verir və bu gün də biz vaxtımızı əməkdaşlığın indi və gələcəkdə hansı yollarla aparılmasına sərf etdik.

Mən Sizinlə bu barədə apardığım danışıqlardan çox məmnunam. Çox məmnunam ki, Siz Azərbaycana çox böyük diqqət göstərirsiniz. Azərbaycanın məsələləri, problemləri ilə yaxından maraqlanırsınız və bizimlə bərabər Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün çalışırsınız. Siz də bu fikri irəliyə sürdünüz ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər. Mən də bu fikirdəyəm. Mən bu fikri dəfələrlə təhlil etmişəm, yoxlamışam və yenə də bu fikrə gəlmişəm ki, biz indi də məsələni sülh yolu ilə həll etməyə çalışmalıyıq. Biz bu məsələdə Sizinlə eyni fikirdə olduq və mən bundan çox məmnunam. Bundan sonra da əməkdaşlıq edəcəyik və bu barədə də Sizinlə danışıqlar apardıq.

Başqa elə bir məsələ yoxdur. Bizim ölkələrimiz arasında heç bir problem yoxdur. Bir problem var – dostluğu, qardaşlığı daha da yüksəklərə qaldırmaq. Biz bunu da birlikdə edirik. Bir də təkrar edirəm, Sizin ziyarətiniz bizim bu işimizdə çox əhəmiyyətli yer tutur və güman edirəm ki, öz nəticələrini verəcəkdir. Buyurun.

Dövlət Baxçalı: Hörmətli Cümhur başqanım!

Zati-alinizin dəvəti ilə Azərbaycana gəldiyimiz üçün, bu gün bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm, hörmət və ehtiramımı bildirirəm.

Azərbaycana ilk dəfədir gəlirəm. Burada hökumətinizin səlahiyyətli şəxsləri ilə çox önəmli ikitərəfli görüşlər keçirilmişdir. Nümayəndə heyətimizdə olan nazir həmkarlarımız buradakı nazir həmkarları ilə ikitərəfli görüşlər keçirmişlər.

Ziyarətimizin ikinci günündə çox əhəmiyyətli, çox gözəl görüşlər olmuşdur. Bu gün də bizi qəbul etdiniz və Zati-alinizin Azərbaycan–Türkiyə əlaqələri barədə dəyərləndirmələrinə görə təşəkkür edirəm.

Zati-alinizin ifadə etdiyi kimi, Türkiyə ilə Azərbaycan arasında başlanmış olan və davam edən çoxyönlü əlaqələr vardır. Bu əlaqələr Zati-alinizin Türkiyəyə həyata keçirdiyiniz ziyarətlər, Türkiyənin Cümhur başqanının və digər nümayəndələrin Azərbaycana ziyarətləri sayəsində çox gözəl inkişaf etmişdir. Biz inanırıq ki, Türkiyə və Azərbaycan Zati-alinizin «bir millət, iki dövlət» anlayışı çərçivəsində bu dostluq və qardaşlıq əlaqələrini çox yüksək səviyyədə inkişaf etdirməyi arzulamaqdadır. Azərbaycanın sabitlik şəraitində inkişafında Türkiyənin həmişə yanınızda olacağına əmin olmağınızı istəyirik. Azərbaycan üçün Türkiyə vardır.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan üçün çox önəmli bir məsələdir. Zati-alinizin bu münaqişənin sülh yolu ilə həlli istiqamətindəki zəhmətini hər kəs bilir. Ancaq demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi çözülmədən Türkiyə–Ermənistan əlaqələrində heç bir normallaşma ola bilməz. Bizim üçün Türkiyə ilə Ermənistan arasındakı əlaqələr Dağlıq Qarabağ məsələsinin ədalətli həlli ilə bağlıdır, ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından çıxması ilə bağlıdır. İnanıram ki, Türkiyə Azərbaycanın bu əsas məsələsinin həlli sahəsində bütün xidmətləri ilə Azərbaycanın yanında olacaqdır.

Hörmətli Cümhur başqanım, bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Sağ olun.

Heydər Əliyev: Hörmətli nazirlərinizin bir sözü var, yoxsa yox?

Hörmətli dostum, mən Sizə bu ziyarətinizə görə bir daha təşəkkür edirəm. İndi Sizin dediyiniz dəyərli sözlərə görə təşəkkür edirəm. Ümid edirəm ki, Azərbaycanla Sizin yaxından ilk tanışlığınız Azərbaycana olan marağınızı artıracaq və Azərbaycana yenə də gələcəksiniz. Mən Sizi yenə də Azərbaycana dəvət edirəm. Sağ olun.