Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti zati-aliləri cənab Eduard Şevardnadzeyə təbriki - Bakı şəhəri, 24 yanvar 1998-ci il


Əziz Eduard Amvrosiyeviç!

Sizi, görkəmli dövlət xadimini, anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.

Bir neçə onilliklər ərzində bizi sıx əməkdaşlıq və səmimi, mehriban münasibətlər birləşdirir. Taleyin hökmü belə olub ki, bizim xalqlarımız da və biz - iki qonşu dövlətin siyasi rəhbərləri də öz yolumuzda ağrı-acını və sevinci, çətinlikləri və uğurları birgə hiss etmişik. 1970-1980-ci illərdə respublikalarımızın sosial-iqtisadi yüksəlişi və mədəniyyətinin çiçəklənməsi, Moskvada fəaliyyət, Sovet İttifaqının dağılması, ölkələrimizin müstəqillik qazanması, dərin siyasi və iqtisadi böhran və vətəndaş müharibəsi, qanlı münaqişələr, Gürcüstanı və Azərbaycanı parçalamaq cəhdləri, keçid dövrünün çətinlikləri, daxili siyasi vəziyyətin sabitləşdirilməsi, əsaslı siyasi və iqtisadi islahatlar, müstəqilliyi möhkəmləndirmək və azad, demokratik ölkələrin Dünya Birliyinə qovuşmaq sahəsində uğurlu addımlar - bütün bunları biz əl-ələ verərək, bir-birimızə kömək edərək və dəstək verərək birgə yaşamışıq və birgə yaşayırıq.

Ölkələrimizin əməkdaşlığı son dərəcə mühüm əhəmiyyətə malikdir və bütün Qafqazda və onun hüdudlarından kənarda sulhün və sabitliyin bərpasına səmərəli təsir göstərir.

Əziz dost, mən bizim dostluğumuzu və qarşılıqlı anlaşmamızı yüksək qiymətləndirirəm.

Hörmətli Eduard Amvrosyeviç, mən sizi gürcü xalqının tarixində görkəmli insanlardan biri, Gürcüstanın inkişafına, onun müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsinə böyük töhfə vermiş şəxs hesab edirəm.

Yüksək mənəvi, insani keyfiyyətləriniz sizə təkcə gürcü xalqının deyil, həm də Azərbaycan xalqının hörmətini qazandırmışdır. Sizin dövlət fəaliyyətiniz, 1980-ci illərdə beynəlxalq münasibətlərin sağlamlaşdırılmasına töhfəniz, indiki şəraitdə müstəqil Gürcüstanın xarici siyasətdə prinsipial mövqeyi dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir.

Əminəm ki, istedadlı və məğrur gürcü xalqı sizin müdrik rəhbərliyiniz altında özünün bütün milli arzularına çatacaqdır. Əminəm ki, Gürcüstanın ərazi bütövlüyü bərpa ediləcək və ölkənizin müstəqilliyi əbədi olacaqdır.

Əziz Eduard Amvrosiyeviç, səmimi qəlbdən sizə uzun illər səmərəli fəaliyyət, bütün ailənizə, qardaş Gürcüstanın bütün vətəndaşlarına səadət və əmin-amanlıq arzulayıram.

Sizin,

Heydər Əliyev,
A
zərbaycan Respublikasının Prezidenti.