Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qədri Ecvet Tezcanı qəbul edərkən söhbətindən - Prezident sarayı, 16 iyun 1999-cu il


Heydər Əliyev: Hörmətli səfir, birinci növbədə mən Amerika Birləşmiş Ştatlarında cərrahiyyə əməliyyatı keçirən andan indiyə qədər Türkiyə Cümhuriyyətinin və xüsusən, mənim əziz dostum, qardaşım, hörmətli prezident Süleyman Dəmirəlin mənə göstərdiyi qayğını, diqqəti, qardaşlıq, dostluq münasibətini yüksək qiymətləndirirəm. Bu münasibətlə bir daha öz minnətdarlığımı, təşəkkürümü bildirirəm.

Bilirsiniz ki, mən Amerikada, Klivlend xəstəxanasında olan zaman da, ondan sonra Ankaraya gələndə, sonra Antalyada olduğum zaman da dəfələrlə televiziya, mətbuat vasitəsi ilə bu fikirlərimi, bu hissiyyatlarımı bildirmişəm. İyun ayının 8-də Antalyada dostum, qardaşım, hörmətli Süleyman Dəmirəl ilə görüşən zaman bir daha bildirdim və ona böyük bir təbrik məktubu göndərdim. Bu məktub da Azərbaycan mətbuatında dərc olunubdur. Siz onu bilirsiniz. Ancaq bunlarla bərabər mən Bakıya dönəndən sonra, bu gün və hər gün yenə də Türkiyənin, dostum Süleyman Dəmirəlin qayğısını hiss edərək bir daha sizə, Türkiyə Cümhuriyyətinin səfirinə bu sözləri deməyi özümə borc bilirəm.

Bu dövr Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının nə qədər yüksək səviyyədə olduğunu, nə qədər möhkəm və nə qədər sarsılmaz olduğunu bir daha göstərdi. Siz də bunu yaxşı bilirsiniz ki, mənim üçün də o vacibdir ki, mən artıq yanvar ayından öz səhhətimi, sağlamlığımı Türkiyənin həkimlərinə, Türkiyə Cümhuriyyətinə etibar etmişəm. İndi mənim səhhətimlə məşğul olan professor Ərtən Dəmirtaşdır. Bunlar bir daha göstərir ki, Azərbaycan, Azərbaycanın prezidenti kimi şəxsən mən Türkiyəyə və Türkiyənin hökumətinə, əziz dostum Süleyman Dəmirələ güvənirik, inanırıq, etibar edirik. Bütün xalqımız da bunu görür ki, Türkiyə hökuməti və xüsusən prezident Süleyman Dəmirəl Azərbaycana nə qədər qayğı, diqqət göstərir və Azərbaycan prezidentinin səhhəti ilə, onun müalicəsi ilə şəxsən məşğul olur. Bu, bir daha sübut edir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı möhkəm təməllər üzərində qurulmuşdur, möhkəm köklər üzərində qurulmuşdur və bu dostluq, qardaşlıq günü-gündən inkişaf edir. Mənim buna heç şübhəm yoxdur.

Mən Türkiyədə olduğum zaman Ankarada, Antalyada prezident hörmətli Süleyman Dəmirəl ilə bir çox görüşlər keçirdik, bir çox məsələləri müzakirə etdik. Məsələlərin bir qismi beynəlxalq aləmdə olan vəziyyətə aid idi, biz bunları birgə təhlil edirdik. Digər qismi isə Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, Azərbaycanın erməni işğalından xilas olması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, qaçqın vəziyyətində çadırlarda yaşayan bir milyondan artıq soydaşlarımızın öz yerlərinə, yurdlarına qayıtması idi. Bu məsələ bir neçə dəfə müzakirə olundu, çox geniş fikir mübadiləsi aparıldı.

Mən bunlardan çox məmnunam. Çünki bizim bu məsələni birgə müzakirə etməyimiz, şübhəsiz ki, bundan sonra görəcəyimiz işlər üçün çox vacibdir. Bəlkə də mənim bu xəstəlikdən sonra Türkiyədə istirahət etməyim çox gözəl bir fürsət oldu ki, bir dəfə yox, iki dəfə yox, - məsələn, başqa vaxt mən Türkiyəyə gələrəm, bir-iki saat danışarıq. Yaxud da ki, dostum Süleyman Dəmirəl buraya, Azərbaycana gələr, bir-iki saat danışarıq, - amma indi nə qədər görüşdük. Siz onları televiziyada görmüsünüz. Bu görüşlərin hamısında Azərbaycan üçün ağır olan bu məsələni müzakirə etdik.

Mən hesab edirəm ki, bu dövr bir də Türkiyə-Azərbaycan münasibətlərinin sınaq dövrü oldu. Dünyaya bir də nümayiş etdirdik ki, biz bir-birimizə nə qədər yaxınıq, nə qədər dostuq, bir-birimizə nə qədər inanırıq. Çünki mən heç təsəvvür edə bilməzdim ki, cərrahiyyə əməliyyatı keçirməyim və müalicə olunmağım dünyada, çox ölkələrdə böyük maraq doğurmuşdur. Çox ölkələrin mətbuatında bu barədə yazılmışdır.

Bilirsiniz ki, mən Klivlenddə olarkən çox dövlət başçılarından, prezidentlərdən, siyasi xadimlərdən məktublar almışdım. Onlar Azərbaycan mətbuatında dərc olunubdur. Yəqin bunları siz bilirsiniz. Yəni ola bilər, indi hər bir dövlət başçısı müalicə olunsun, amma bu qədər geniş maraq göstərilməsini və buna geniş fikir cəlb olunmasını mən hər halda indiyə qədər görməmişdim.

Şübhəsiz ki, mən bundan məmnunam. Demək, mənim şəxsiyyətimlə, Azərbaycanla çox ölkələr maraqlanırlar. Amma eyni zamanda bu dövrdə hamı gördü ki, Türkiyə ilə Azərbaycan nə qədər yaxındırlar. Çünki mən Amerikada, Klivlenddə olarkən bizim əlaqələrimiz hər gün olubdur və bunların əksəriyyəti bizim mətbuatda gedibdir. Mən Ankarada beş gün qaldım. Beş gündə :bizim görüşlərimizin çoxu mətbuata getdi. Antalyada yenə də cənab Süleyman Dəmirəl hər gün telefon edirdi. İki dəfə də Antalyaya gəldi. Yenə deyirəm, bunlar hamısı mənim üçün nə qədər qiymətli, nə qədər əzizdirsə, eyni zamanda Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər sıx olduğunu göstərir.

Mən Ankarada olarkən yeni seçilmiş baş nazir hörmətli Bülənd Ecevitlə də görüşdüm. Çox yaxşı söhbətlər etdik. Çox məmnunam ki, hökumət formalaşan vaxt mən Ankarada oldum, sonra Antalyada oldum və onu təbrik etdim. Bir çox məsələləri müzakirə etdik.

Böyük Millət Məclisinin yeni sədri Yıldırım Akbulutla görüşdük. Onunla öncə tanış deyildim. Mənə çox yaxşı təsir bağışladı. Onunla da bəzi məsələləri müzakirə etdik.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu ilə görüşdük, başqa siyasi xadimlərlə görüşdük. Bunlar sizə mətbuatdan məlumdur. Demək olar ki, orada həm istirahət etmişəm, həm də böyük işlər görmüşəm və bu işləri də Türkiyənin dövlət, hökumət orqanları ilə görmüşük. Bu, mənim müalicə və istirahət zamanı Türkiyə-Azərbaycan dostluğunun irəliyə getməsi üçün böyük bir işim olmuşdur. Mən bundan çox məmnunam.

Xahiş edirəm, bir daha, bir daha mənim minnətdarlığımı, təşəkkürümü, bizim xalqımızın minnətdarlığını çatdırasınız. Yəqin siz bilirsiniz ki, bizim xalqımızda Türkiyəyə və xüsusən Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirələ indiyə qədər olan hissiyyatlar bu dövrdə qat-qat artmışdır.

Siz bilirsiniz ki, nə qədər məktublar gəlibdir, hörmətli Süleyman Dəmirəlin şəxsiyyətinə nə qədər çox şerlər qoşulubdur. Bunlar hamısı çox böyük işlərdir. Yəni ki, adi şeylər deyildir, böyük işlərdir. Bu işlər əvvəlcədən planlaşdırılmayıbdır. Heç kəs bunu düşünmürdü və heç kəs də bilməzdi ki, belə bir şey olacaq. Amma Allahın işi belə gətirdi ki, mən müalicə olunmalı oldum və bu münasibətlər burada daha da geniş, açıq göründü. Bir daha təşəkkür edirəm. Xahiş edirəm, mənim təşəkkürlərimi çatdırasınız.

Artıq sizə məlumdur, mən fərman imzalanan kimi Vəfa Quluzadə vasitəsilə sizə çatdırmışdım, sonra da mətbuatdan bilirsiniz ki, mənim fərmanımla Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl Azərbaycanın "İstiqlal" ordeni ilə təltif olunubdur. Siz burada yaşayırsınız, bilirsiniz ki, bu, Azərbaycanın ən yüksək mükafatıdır. Biz orden deyirik, siz dövlət nişanı deyirsiniz. Bu, ən yüksək ordendir və iş burasındadır ki, bunun adı "İstiqlal"dır. O fərmanda mən göstərmişdim ki, bu orden hansı xidmətlərə görə verilibdir. Onlardan biri də odur ki, Azərbaycanın istiqlaliyyətini daim dəstəklədiyinə görə hörmətli Süleyman Dəmirəl belə yüksək mükafata layiq olubdur. Fərmanda bunların hamısını geniş yazmaq mümkün deyildir. Çünki onun bir forması vardır. Amma mən dəfələrlə demişəm ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olubdur və bunu da məhz hörmətli Süleyman Dəmirəl edibdir. Bunları bizim xalqımız heç vaxt unutmur və unutmayacaqdır.

Mən təltifdən sonra telefon etdim, hörmətli Süleyman Dəmirəllə danışdım. O, çox məmnun olduğunu bildirdi. Mən də çox məmnun oldum ki, cənab Süleyman Dəmirəl bizim ölkəmizin, dövlətimizin mükafatını qəbul edibdir. Güman edirəm ki, indi bir fürsət tapacağıq, o, Azərbaycana gələcəkdir və mən bu ordeni böyük şərəf hissi ilə ona təqdim edəcəyəm.

Dünən bizim mətbuatda hörmətli Süleyman Dəmirəl haqqında böyük bir məqalə çıxıbdır. Onu da bilməlisiniz, - bu, mənim göstərişimlə olubdur. Bizim xalq, millətimiz hörmətli Süleyman Dəmirəli tanıyır. Amma mən istəyirdim ki, onun tərcümeyi-halı, keçdiyi həyat yolu, siyasi fəaliyyəti Azərbaycanda daha da geniş məlum olsun. Buna görə də belə bir məqalə dövlət qəzetlərində çıxıbdır.

Beləliklə, mən bu gün sizinlə görüşərkən ilk olaraq bunları sizə demək istədim. Hörmətli səfir, sizə də təşəkkür edirəm ki, bu işlərin təşkil olunmasında daim fəaliyyət göstərmisiniz və Türkiyə-Azərbaycan dostluğunun daha da möhkəmlənməsində xidmətlər göstərirsiniz. Sağ olun.

Qədri Ecvet Tezcan: Hörmətli cümhur başkanım, birinci növbədə mən Sizə öz minnətdarlığımı çatdırmaq istəyirəm ki, məni bu gün qəbul edirsiniz.

Siz, müalicə olunarkən Türkiyənin, cümhur başkanımızın, türk xalqının Sizə olan qayğılarından, ehtiramından, diqqətindən bəhs etdiniz. Mən bir Türkiyə səfiri kimi deyil, bir türk insanı kimi Sizə deyə bilərəm ki, bu, çox təbii bir haldır. Başqa cür də ola bilməzdi. Əgər siz Türkiyəyə gəlməsəydiniz, biz Sizdən ötrü darıxardıq. Sizdən ötrü darıxmamağımız mümkün deyildir. Ancaq deyərdik ki, hörmətli prezidentimiz Türkiyəyə niyə gəlməyibdir.

Cənab prezident, Siz çox gözəl bir fikir söylədiniz. Dediniz ki, mən özümü türk həkimlərinə əmanət etmişəm. Bu, bizim üçün ən yüksək şərəfdir. Əgər Azərbaycanın prezidenti öz sağlığını türk həkimlərinə əmanət etmişsə, onlara bu diqqəti, etimadı, inamı bəsləyirsə, bu, bizim üçün ən yüksək şərəfdir.

Hörmətli cümhur başkanım, Sizə öz düşüncəmi çatdırmaq istəyirəm. Siz bəhs etdiyiniz məktubu, yəni Sizə göstərilən diqqət barədə Süleyman Dəmirələ yazdığınız məktubu mən iki-üç dəfə oxumuşam.

Heydər Əliyev: Bu, bizim mətbuatda da dərc olunubdur.

Qədri Ecvet Tezcan: Mətbuatda da dərc olundu, özünüz də mənə çatdırmışdınız. Məncə, bu məktub bir ədəbiyyat şah əsəridir. Türk dilinin işlənilməsi baxımından icazə verin Sizə minnətdarlığımı ifadə edim ki, bizə belə bir əsər yazmısınız.

Siz həm cümhur başkanımızın, həm Türkiyədəki digər siyasi xadimlərin, həm xalqımızın Sizə olan diqqətindən, məhəbbətindən danışdınız və bu cərrahiyyə əməliyyatını keçirəndə dünyanın müxtəlif yerlərindən istər prezidentlər, istər adi adamlar, kişilər, xanımlar olsun, - onlardan çoxlu məktublar aldığınızı söylədiniz. Hörmətli cümhur başkanım, bu da təbii bir haldır. Çünki biz belə hesab edirik ki, Siz Azərbaycanı dünyaya açan kişisiniz, prezidentsiniz, Azərbaycanı dünyaya tanıdan kişisiniz. Mən belə güman edirəm ki, Azərbaycan adı harada çəkiləndə onunla bərabər prezident Heydər Əliyevin adı çəkilir. Bu baxımdan dünyanın Sizə göstərdiyi diqqəti normal və təbii hesab edirik.

Cənab prezident, Siz Antalyada olanda, istirahət edəndə hörmətli cümhur başkanımız Süleyman Dəmirəllə görüşlər, söhbətlər apardığınızı söylədiniz və Ermənistanla bağlı olan məsələlərdən söz açdınız. Hörmətli prezidentim, Siz çox yaxşı bilirsiniz ki, Türkiyənin siyasəti eyni olaraq qalır və heç dəyişməmişdir.

Onda siz özünüz Türkiyədə idiniz, bizdə yeni bir koalision hökumət quruldu, formalaşdı. Bildiyiniz kimi, bu hökumətin tərkibində üç partiya vardır. Onların dünyagörüşləri bir-birindən fərqlidir, iqtisadi baxışları və başqa düşüncələri - hamısı fərqlidir. Amma bilmirəm, Sizin diqqətinizə çatdırdılarmı, - bunların bir koalisyon hökumət proqramı vardır.

Heydər Əliyev: Yox, onu bilmirəm.

Qədri Ecvet Tezcan: İcazə verirsinizsə, mən bunu olduğu kimi ifadə edib çatdıraram. Bu proqramda xarici siyasət bölməsi vardır. Bu bölmədə bir cümlə var: Türkiyə Cümhuriyyəti Azərbaycanın torpaqları işğaldan azad olana qədər Azərbaycanı Ermənistanla olan münaqişədə dəstəkləyəcəkdir. Bu o deməkdir ki, Türkiyədə hansı partiya, hansı hökumət, hansı prezident olursa-olsun, biz mütləq Azərbaycanı dəstəkləyəcəyik. Təkcə bu barədə deyil, hər sahədə.

Hörmətli cənab prezident, bilirəm, vaxtınızı alıram, amma bir türk diplomatı kimi bu duyğumu da Sizə çatdırmaq istəyirəm.

Biz 7-8 il əvvəl hər hansı bir beynəlxalq konfransa gedəndə, - xüsusən Qərb dünyasının yığışdığı NATO, ATƏT olsun, - belə yığıncaqlarda özümüzü həmişə yalqız hiss edərdik. Tək müsəlman ölkə, tək müstəqil türk cümhuriyyəti biz idik. İndi Allaha çox şükürlər olsun, hansı türk diplomatı olursa-olsun, dünyanın harasında hansı beynəlxalq toplantıya getsə, - bilirsiniz, beynəlxalq toplantılarda hamısı əlifba sırası ilə oturur, Türkiyə masada bir az uzağa düşür, - amma hər diplomat gedəndə əyilib masanın başına baxar və görər ki, Azərbaycanın nümayəndəsi oradadır. Əgər Azərbaycan nümayəndəsi oradadırsa, biz özümüzü artıq yalqız hesab etmirik. Hesab edirik ki, başqa qardaş ölkələr də, dostlar da orada bizim yanımızda olacaqlar. Zənn edirəm ki, bu, insan üçün ən önəmli şeydir.

Hörmətli cümhur başkanım, bir xüsusi məsələni də çatdırmaq istəyirəm. Siz Türkiyə-Azərbaycan əlaqələrinin günbəgün inkişafından bəhs etdiniz. Bu, yüz faiz doğrudur. Çünki Siz əvvəlki iclaslarda da demisiniz. Dünyada bir iqtisadi böhran mövcuddur. Məsələn, Rusiya Federasiyasında, Uzaq Şərqdə, çox yerdə. Amma bu çətinliklərə baxmayaraq, Türkiyənin Azərbaycanla ticarət əlaqələri günbəgün daha yüksəyə qalxacaqdır və daha da yaxşı olacaqdır. Bu işdə mütləq sizin köməyiniz, Türkiyə Cümhuriyyətindəki prezidentimizin köməyi və digər hökumət rəhbərlərinin köməyi bizi mütləq bu yola gətirəcəkdir.

Hörmətli prezident, mən Süleyman Dəmirəl ilə bağlı dərc olunan məqaləni onun özünə çatdırmışam. O, dünən evində olmuş və bunlara baxmışdır.

Hörmətli prezidentim, son olaraq mən Türkiyə səfiri kimi, türk xalqı adından Sizə öz minnətdarlığımı çatdırmaq istəyirəm ki, Siz Azərbaycanın ən yüksək nişanını, ordenini bizim cümhur başkanımıza verdiniz. Əgər səhv etmirəmsə, bu orden ilk dəfədir Azərbaycanda xarici dövlət adamına verilir. Ümumiyyətlə, biz özümüzü yabançı hesab etmirik.

Heydər Əliyev: Yabançı deyil, ancaq yenə də başqa bir dövlətdir. Amma bu, birincidir. İndiyə qədər heç bir dövlət başçısına, heç bir yabançı şəxsə bu orden verilməyibdir.

Qədri Ecvet Tezcan: Hörmətli cümhur başkanım, mən də belə bilirəm. Ona görə də Sizə çox təşəkkür edirik. Bu "İstiqlal" ordeninin qiymətinin nə qədər yüksək olduğunu, bunun Türkiyənin cümhur başkanına zati-aliləriniz tərəfindən verilməsinin mənasının hər kəs tərəfindən yaxşı dərk edilməsinin gərəkliyini düşünürəm. Bizim üçün deyil, ətrafdakı başqa millətlər, ölkələr üçün bunun nə əhəmiyyəti olduğunu, - iki dost və qardaş ölkənin bir-birinə baxışını, bir-birinə olan əməkdaşlığını, məhəbbətini göstərməsi baxımından, - başa düşürəm. Mən Sizə həm hörmətli cümhur başkanım, həm hökumətim, həm də təkcə Türkiyədəki türk xalqı adından deyil, bütün dünyadakı türk xalqları adından öz minnətdarlığımı bir daha çatdırmaq istəyirəm. Çox sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 17 iyun 1999-cu il.