Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Bu gün mən Sizə insanlığın tarixində ən qəddar və amansız kütləvi terror hadisələrindən biri olan Xocalı soyqırımı münasibətilə müraciət edirəm.
Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir.
15 il əvvəl təcavüzkar erməni şovinistlərinin irəli sürdükləri ərazi iddiaları azərbaycanlıların qədim torpaqlarından kütləvi deportasiyasına, çoxsaylı terror aktlarına və tammiqyaslı amansız müharibəyə səbəb oldu. Nəticədə on minlərlə insan həlak oldu, əlil vəziyyətinə düşdü, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonumuz erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Lakin 1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı sovet alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır.
Xocalı soyqırımını törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalı müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq, əsl fədakarlıq və vətənpərvərlik nümayiş etdirdilər.
Xocalı faciəsindən danışarkən o zaman Azərbaycana rəhbərlik edən şəxslərin və xalqa rəhbərliyə iddialı olan qüvvələrin siyasi və mənəvi məsuliyyətini ayrıca qeyd etmək lazımdır. Öz vəzifə borcuna görə vətəndaşların asayişini və təhlükəsizliyini qorumalı olan dövlət orqanları şəhərin müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görməmiş, şəhər sakinlərini taleyin ümidinə buraxmışdılar. Uzun müddət mühasirə şəraitində qalan güclü düşmənlə mərdliklə vuruşan şəhərin müdafiəçilərinə heç bir kömək göstərilməmişdir. Respublikanın rəsmi rəhbərliyi baş vermiş ağır cinayət və soyqırım aktının miqyasları və ağırlığı haqqında dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə məlumat vermək, həqiqəti çatdırmaq əvəzinə, real vəziyyəti gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlik, məsuliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişdi. Sonradan da Xocalı soyqırımının mahiyyətini açmaq, onun təşkilatçılarını və icraçılarını ifa etmək üçün heç bir iş görülməmişdir. Xalqımızın faciəsi, yüzlərlə insanın məhv olmuş həyatı o zamankı hakimiyyət və müxalifət tərəfindən yalnız siyasi mübarizədə qarşılıqlı ittihamlar üçün vasitə rolunu oynamışdır.
1994-cü ildən başlayaraq Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı və bütövlükdə erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq xətti yeridir. Bu, Xocalı şəhidlərinin, Vətən müdafiəçilərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuz olmaqla bərabər, həm də faciənin beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına yönəlmişdir.
Azərbaycanın dövlət rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun ədalətli həlli, ərazimizin işğaldan azad edilməsi üçün məqsədyönlü və ardıcıl iş aparır. Haqq-ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir, zaman bizim xeyrimizə işləyir. Bu gün dövlətimiz və xalqımız iqtisadi, siyasi və mənəvi cəhətdən müqayisəolunmaz dərəcədə güclənib, müstəqil Azərbaycan dövləti dünya siyasətinin mühüm faktoruna çevrilib. İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır!
Bu milli matəm günündə Xocalı şəhidlərinin və qəhrəmanlarının müqəddəs ruhu qarşısında baş əyərək, Allahdan onlara rəhmət diləyir, onların yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti 26 fevral 2003-cü il.
Xocalı soyqrımı bəşəriyyətə qarşı cinayətdir