Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın Xarici İşlər Nazirinin birinci müavini Suqiura Seykenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən - Prezident sarayı, 17 iyul 2002 - ci il


S u q i u r a S e y k e n: Cənab prezident, səmimi qəbul üçün təşəkkür edirəm. Böyük İpək Yolunda mühüm nəqliyyat qovşağı olan, habelə zəngin tarixə və ənənələrə malik Azərbaycana gəlməyimi çoxdan arzulayırdım. İndi Azərbaycana ilk səfərə İpək Yolunun energetika missiyasının başçısı kimi gəlmişəm.

Nümayəndə heyətinə Yaponiya hökumətinin, işgüzar və elmi dairələrin nümayəndələri daxildirlər. Bu ilin sentyabrında dövlətlərimiz arasında diplomatik münasibətlər qurulmasının 10 ili tamam olacaqdır. Bazar iqtisadiyyatına keçmək üçün ardıcıl səylərinə və bunun sayəsində sanballı nəticələr əldə olunduğuna görə Azərbaycan prezidentinə səmimi təşəkkürümü və ehtiramımı bildirirəm.

H e y d ə r Ə l i y e v: Biz iqtisadi inkişafda, demokratiyanın, azadlığın və insani dəyərlərin inkişafında böyük uğurlar qazanmış ölkə kimi, Yaponiya ilə qarşılıqlı münasibətlərə böyük əhəmiyyət veririk. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur. Lakin bu münasibətlər yalnız 1997-98-ci illərdən sonra lazımınca inkişaf etmişdir. Belə ki, Yaponiya yeni müstəqil dövlətlərə göz qoyur, bu ölkələrin nəyə qadir olduqlarını və imkanlarını öyrənirdi. Azərbaycan da Yaponiya ilə yaxınlaşmaq, onunla müxtəlif istiqamətlərdə əlaqələr qurmaq imkanlarını öyrənirdi. Böyük İpək Yolunun bərpası proqramı da məhz o illərdə irəli sürülmüşdür. Yaponiyanın o vaxtkı Baş naziri cənab Haşimoto «Böyük İpək Yolu diplomatiyası» adlı xüsusi proqram elan etmişdi. Bu proqramda Yaponiyanın və Azərbaycanın mənafeləri üst-üstə düşür. Həmin dövrdən başlayaraq, Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusən iqtisadi sahədə əlaqələr daha intensiv inkişaf edir.

Azərbaycan Xəzərin ölkəmizə aid sektorundakı zəngin neft və qaz yataqlarında dünyanın iri neft şirkətlərinin köməyi və iştirakı ilə işlər görürdü və bu prosesə Yaponiya şirkətlərini də cəlb etmək qərara alınmışdı.

Müəyyən fəal iqtisadi münasibətlər qurulduqdan sonra, 1998-ci ilin fevral ayında Azərbaycan prezidentinin Yaponiyaya rəsmi səfəri oldu. Bu səfər zamanı Yaponiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafına dair bir sıra məsələlər müzakirə olundu. Səfər hökumətlərarası sənədlərin, o cümlədən Azərbaycan prezidentinin və Yaponiya Baş nazirinin imzaladıqları əsas sənədin qəbul edilməsi ilə başa çatdı. Həmin vaxtdan ölkələrimiz arasında təkcə iqtisadi sahədə deyil, həm də bir sıra digər sahələrə dair daha fəal əməkdaşlıq başlandı.

İndi Azərbaycanda Yaponiyanın neft şirkətləri işləyirlər. Bu ölkə bizə 400 MVT gücündə olan «Şimal» DRES-in tikintisi üçün güzəştli kredit ayırmışdır və stansiya artıq tikilir, bu ilin sonunadək işə salınacaqdır. «Niçimen» şirkəti ilə Azərbaycanın «Azərkimya» şirkəti arasında əməkdaşlıq yaranmışdır. Yaponiya İxrac-İdxal Bankının ayırdığı 90 milyon dollar məbləğində kreditlə iri buxar elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Yaponiya həyatımızın digər sahələrinə də maraq göstərir.

Mədəniyyət, səhiyyə, kənd təsərrüfatı sahələrinə qrantlar ayırdığına görə Yaponiyaya minnətdarlığımı bildirirəm. Məsələn, Azərbaycanın simfonik orkestri Yaponiyanın qrantı ilə «Yamaha» firmasından yeni musiqi alətləri almışdır. Kənd təsərrüfatı sahəsində özəl sektorun inkişafına kömək etmək üçün Yaponiyadan traktorlar, kombaynlar və digər kənd təsərrüfatı texnikası alırıq.

Böyük İpək Yolunun energetika missiyası Yaponiyanın Mərkəzi Asiya və Qafqaz ölkələri ilə, o cümlədən Azərbaycanla əməkdaşlığının daha geniş proqramını nəzərdə tutur. Ümid edirik, Yaponiya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı bir çox məsələlər konkretləşdirilə bilər. Son vaxtlar irəli sürülmüş «Şərqə baxış» ideyasını dəstəklədiyimi bildirirəm. Asiya Bankının üzvü olan Azərbaycana yardım göstərdiyinə görə də Yaponiya hökumətinə təşəkkür edirəm.

S u q i u r a S e y k e n: Yaponiya Mərkəzi Asiya və Qafqaz ölkələri arasında Azərbaycana öncül yer verir, çünki bu ölkə həm zəngin neft ehtiyatlarına, həm də böyük tarixə və ənənələrə malikdir, qədim Böyük İpək Yolu üstündə mühüm məntəqədir. Sabiq Baş nazir cənab Haşimoto «İpək Yolu diplomatiyası» proqramını hazırlayarkən belə bir əqidəni əsas tutmuşdur ki, bu proqram Rusiya, Çin, Hindistan, Ərəb ölkələri ilə həmsərhəd olan Mərkəzi Asiyaya və Qafqaza sülh, sabitlik və tərəqqi gətirəcək və Böyük İpək Yolunun bərpası nəinki bu yolun üstündə yerləşən dövlətlərə, həm də bütün regiona, bütün dünyaya sülh gətirəcəkdir. Yaponiya Azərbaycana öz dövlətini qurmaqda mümkün qədər yardım göstərir və bu zaman iqtisadi infrastrukturun təkmilləşdirilməsinə, sosial sahənin yaxşılaşdırılmasına və kadr hazırlığına önəmli əhəmiyyət verir. İndiki nümayəndə heyəti Azərbaycana bu proqram çərçivəsində gəlmişdir. Yaponiyanın Baş naziri bu ilin aprelində Çində keçirilmiş beynəlxalq forumda bir təşəbbüs irəli sürmüşdür. Bu təşəbbüs ondan ibarətdir ki, Şərqi və Cənub–Qərbi Asiya ölkələrində yüksək iqtisadi artım şəraitində enerji daşıyıcılarının mümkün ola biləcək qıtlığı ilə əlaqədar, zəngin enerji ehtiyatlarına malik Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əməkdaşlığın inkişafına səy göstərilməlidir.

Bu ideyadan məqsəd həm də bütövlükdə Asiya regionunun təhlükəsizliyini, o cümlədən enerji təhlükəsizliyini təmin etməkdir. Bilirik ki, Əfqanıstan ölkədə sülhün bərqərar olması və sabitliyin bərpa edilməsi yolunda ilk addımlar atır. Neft və qaz boru kəmərlərinə gəldikdə isə, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin həyata keçirilməsi ilə yanaşı, İran, Əfqanıstan, Pakistan, habelə Çin ərazisindən keçən boru kəmərləri çəkilişinə dair digər ideyalar da mövcuddur. Əgər Əfqanıstanda əmin-amanlıq və sabitlik bərqərar olarsa, Mərkəzi Asiya və Qafqaz ölkələri, Şərqi və Cənub-Qərbi Asiya ölkələri arasında möhkəm əlaqələr yaranacaqdır.

Bizim fikrimizcə, Mərkəzi Asiya və Qafqaz ölkələrinin Şərqi Asiya regionuna neft və təbii qaz nəql etməsi üçün 5–10 il tələb olunur. Məhz bu baxımdan Yaponiyanın Baş naziri bəyan etmişdir ki, belə bir marşrutu hazırlamağın vaxtı gəlib çatmışdır və missiyamızı da ona görə buraya göndərmişdir. Bizim ölkəmiz bundan sonra da öz səylərini digər ölkələrin, habelə beynəlxalq təşkilatların səyləri ilə birləşdirəcəkdir ki, Şərqə diqqəti gücləndirmək mümkün olsun. Onu da əlavə edim ki, ölkəmiz Yaponiya şirkətlərinin də iştirak etdikləri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi faktını ürəkdən alqışlayır və «bu layihə çərçivəsində hansısa digər əməkdaşlıq formalarını» müzakirə etmək istərdi.

***

Qəbulda yeni enerji mənbələri, o cümlədən külək, günəş enerjisi sahəsində Yaponiyanın təcrübəsindən istifadə olunması təklifləri də səsləndi. Suqiura Seyken Azərbaycan prezidentindən Yaponiya firmalarının ölkəmizə gələcəkdə də investisiya qoymasını dəstəkləməyi xahiş etdi.

Prezident Heydər Əliyev çox mühüm fikirlər və müddəalarla zəngin olan bu maraqlı informasiyanı məmnuniyyətlə dinlədiyini bildirərək dedi ki, bu baxımdan biz Yaponiya ilə Azərbaycan arasında əməkdaşlıq problemlərinə eyni mövqedən yanaşırıq. İrəli sürülmüş təkliflər əsasında konkret danışıqlar aparmaq və konkret əməli nəticələrə nail olmaq lazımdır.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya