Azərbaycan prezidenti Heydər Əliyevin Filippin səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 10 fevral 2000-ci il


Jayme C.Bautista: Zati-aliləri, mən böyük şərəf hissi keçirirəm ki, Filippin hökumətinin Azərbaycan Respublikasında ilk səfiriyəm. Filippin mühüm bir bölgədə - Asiya ilə Avropanı birləşdirən vacib bölgədə yerləşən Azərbaycanı çox əhəmiyyətli bir ölkə hesab edir.

Cənab prezident, Filippin dövlətinin prezidenti cənab Cozef Ehapa Kostreda Siz zati-alilərinə ən xoş salamlarını göndərir, Sizə möhkəm cansağlığı və daimi uğurlar diləyir.

Filippinin Azərbaycanda ilk səfiri kimi Sizə söz verirəm, əlimdən gələni edəcəyəm ki, Azərbaycan-Filippin münasibətlərinin daha da möhkəmlənməsinə kömək göstərim.

Zati-aliləri, mehribanlığınıza görə Sizə, Azərbaycan hökumətinə, Xarici İşlər Nazirliyinə minnətdarlığımı bildirirəm ki, mənə və xanımım Bautistaya bu günlər ərzində böyük qonaqpərvərlik göstərmisiniz.

Zati-aliləri, etimadnaməmi Sizə təqdim etməkdən böyük şərəf duyuram.

Heydər Əliyev: Hörmətli cənab səfir, mən Sizi Filippin Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə təbrik edirəm və Sizə işinizdə uğurlar arzu edirəm.

Filippin Respublikası dünyanın Cənub-Şərq bölgəsində böyük bir ölkədir. Onun həm əhalisi çoxdur, həm də böyük iqtisadi potensiala malikdir. Son ildə, bəlkə də onilliklərdə Filippin demokratikləşmə yolu ilə gedərək bir çox mübarizələr aparmışdır. Çox məmnunuq ki, indi Filippində sabit vəziyyət var, xalq rahat yaşayır və dövlətiniz inkişaf edir. Dünya siyasətində də, beynəlxalq aləmdə də Filippinin özünəməxsus yeri vardır.

Biz Azərbaycan ilə Filippin arasında yaranmış diplomatik əlaqələri qiymətləndiririk və bu ölkənin Azərbaycana səfir təyin etməsini yüksək məmnuniyyətlə qəbul edirik. Şübhə etmirəm ki, Filippinin Azərbaycana səfirinin təyin olunması ölkələrimiz arasında əlaqələrin bundan sonra inkişaf etməsinə yardım göstərəcək və onu sürətləndirəcəkdir.

Biz Azərbaycanda Filippin ilə bütün sahələrdə sıx əlaqələr yaratmaq və əməkdaşlıq etmək arzusundayıq. Əminəm ki, Siz bu sahədə öz səylərinizi göstərəcəksiniz. Azərbaycanın dövlət və hökumət orqanları burada Sizin səmərəli fəaliyyət göstərməyiniz, Filippin-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəklər.

Ölkənizin prezidentinə mənim səmimi salamlarımı və hörmətimi çatdırın. Xalqınıza sülh, əmin-amanlıq və rifah arzulayıram.

Sizi bir daha təbrik edirəm, işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

 
"Azərbaycan" qəzeti, 11 fevral 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya