"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq şairi Bəxtiyar Vahabzadəyə məktubu" (15 avqust 2000-ci il) sənədinə tarixi arayış


Azərbaycan ədəbiyyatının, XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəkidə anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub.

O, bədii yaradıcılığa Böyük Vətən müharibəsi illərində başlayıb. Məhsuldar bədii yaradıcılıqla yanaşı, Bəxtiyar Vahabzadə 40 ildən artıq universitetdə pedaqoji fəaliyyətlə məşğul olub. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib (http://www.az.wikipedia.org/)

Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Akademik Milli Dram Teatrında onun "İkinci səs", "Yağışdan sonra", "Fəryad", "Özümüzü kəsən qılınc" və başqa pyesləri tamaşaya qoyulub. Şair tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. (http://www.kultaz.com/)

1985-ci ildə ədəbiyyat sahəsindəki xidmətlərinə görə "Xalq şairi" adına layiq görülüb. 1995-ci ildə "İstiqlal" ordeni ilə təltif edilib (http://www.vahabzade.net/)

İctimai-siyasi fəaliyyətlə də məşğul olan Bəxtiyar Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinin deputatı seçilib (1980-2000).

1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək rus və fars imperiyasının pəncəsi altında inildəyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı mübarizəsini qələmə alıb. Şair hər zaman Azərbaycan dilinin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 75 illik yubileyi münasibətilə xalq şairi Bəxtiyar Vahabzadəyə təbrik məktubu göndərib. Məktubunda prezident öz dərin məzmunlu əsərləri ilə adını Azərbaycan ədəbiyyatına əbədi həkk elədiyini bildirərək, Bəxtiyar Vahabzadənin həm də vətəndaşlıq mövqeyini yüksək qiymətləndirib: "Vətənlə, xalqla, ana dilimizlə qırılmaz tellərlə bağlı olan hər bir misranızdakı hikmət ölkəmizin müstəqilliyi uğrunda vətənpərvər mübarizlərin yetişməsində böyük rol oynamış və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bir örnək olmuşdur. Siz yüksək ideallar tərənnüm edən poeziyanızla millətin birliyinə, ləyaqətinə ehtiram hissləri aşılamış və onların təntənəsi uğrunda səbrlə, yorulmadan, ardıcıl mübarizə aparmısınız". 

Tarixi arayış 6 fevral 2008-ci ildə tərtib edilib.