Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Corc Buşa - Bakı şəhəri, 25 fevral 2002-ci il


Hörmətli cənab prezident!

Qurban bayramı münasibətilə göndərdiyiniz səmimi təbrik məkubuna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələr qurulmasının 10 illiyi münasibətilə Sizi və bütün Amerika xalqını ürəkdən təbrik edirəm.

Müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Çox şadam ki, ötən dövrdə xalqlarımız arasındakı əlaqələr hərtərəfli inkişaf edərək möhkəm dostluq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Regionumuza yetirdiyiniz diqqətdən, onun iqtisadi cəhətdən çiçəklənməsinə xidmət edən irimiqyaslı enerji layihələrinin həyata keçirilməsinə verdiyiniz dəstəkdən böyük məmnunluq duyuram.

Azərbaycanın ən ağrılı problemlərindən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən Sizin göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm. Əminəm ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 fevral 2002-ci il.