Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin türkdilli dövlətlərin təhlükəsizlik xidmətlərinin rəhbərlərini qəbul edərkən söhbətindən - Prezident sarayı, 26 mart 1999-cu il


Heydər Əliyev:  Hörmətli dostlar, sizi salamlayıram və şadam ki, siz - türkdilli dövlətlərin xüsusi idarələrinin rəhbərləri bir yerə toplaşmısınız və öz başlıca problemlərinizi müzakirə edirsiniz.

Mən bilən, ilk belə görüş İstanbulda olmuşdur, ikinci görüş Bakıda keçir. Bu, yaxşı ənənədir və ümumi səylərimizə uyğundur. Siz bilirsiniz ki, Türkiyə prezidenti, dostumuz Süleyman Dəmirəlin təşəbbüsü ilə 1992-ci ildən türkdilli ölkələrin dövlət başçılarının görüşləri keçirilir. Bu görüşlər hər il keçirilir və sizə deməliyəm ki, onlar böyük fayda gətirir. Ötən il belə görüş Qazaxıstanda oldu, biz məsələlərimizi müzakirə etdik, sonra da Qazaxıstanın yeni paytaxtının təqdimat mərasimində iştirak etdik. Növbəyə uyğun olaraq, bu il iyunda görüş Bakıda keçiriləcəkdir. Beləliklə, türkdilli ölkələrin dövlət başçılarının görüşü dövlətlərarası münasibətlərin və əməkdaşlığın, xüsusən mədəniyyət, təhsil, elm, iqtisadiyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük fayda gətirən illik görüşlərin sabit sisteminə malikdir. Odur ki, bu baxımdan türkdilli dövlətlərin xüsusi xidmətləri rəhbərlərinin görüşünün artıq təşəkkül tapmış forması bəyənilməli və dəstəklənməlidir.

Belə düşünürəm ki, siz artıq bunun zəruriliyini duyaraq görüşürsünüz, ünsiyyətdə olursunuz, məsələləri müzakirə edirsiniz. Əminəm ki, siz buna getdikcə daha böyük tələbat duyacaqsınız. Təbii ki, bu, dövlətlərimizin maraqlarına tamamilə uyğundur. Xüsusən indi, dünyanın belə mürəkkəb dövründə, ölkələrimizin dövlət müstəqilliyi yolu ilə getdikləri, öz taleyini keçmişdə, Sovetlər İttifaqının tərkibində olduğumuz dövrdəkinə nisbətən müstəqil həll etdiyi bir vaxtda xüsusi idarələrin fəaliyyəti ilə bağlı məsələlər meydana çıxır. Beynəlxalq terrorizm, ekstremizm, narkotik maddələrin yayılması və artıq transmilli xarakter daşıyan bir çox digər cinayətlər bütün ölkələri xüsusilə narahat edir. Buna ölkələrimizin daxilində baş verən və təbii ki, xarici amillərlə sıx bağlı olan müxtəlif proseslər də əlavə edilir. Dövlətlərimiz, onlardan hər biri bəzi başqa ölkələrin bu və ya digər dərəcədə böyük maraq obyektidir. Bu isə ölkələrimizdə təxribat xarakterli tədbirlər həyata keçirilməsini şərtləndirir. Hər halda biz bunu ölkəmizin timsalında deyə bilərik. Buna görə də xüsusi idarələrin səylərinin əlaqələndirilməsi, qarşılıqlı fəaliyyət, təcrübə mübadiləsi, qarşılıqlı yardım olduqca böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən əvvəl də, sonra da daxili siyasi vəziyyətimizi nəzərə alsaq, görərik ki, bu baxımdan Azərbaycan bəlkə də daha mürəkkəb şəraitli ölkə olmuşdur. Digər tərəfdən, bir də ona görə ki, bildiyiniz kimi, Azərbaycan Ermənistan tərəfindən zorla müharibəyə cəlb olunmuşdur. 10 ildən də əvvəl Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini özünə birləşdirmək üçün, ərazi, qanunsuz iddialarını həyata keçirməyə çalışaraq müharibəyə başlamış və Azərbaycana hərbi təcavüz etmişdir. Siz bunun tarixini bilirsiniz. Siz bilirsiniz ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişdir və bir milyondan çox azərbaycanlı öz yaşayış yerlərindən didərgin salınmışdır və onlar çox ağır şəraitdə, çadır şəhərciklərində yaşayırlar.

Münaqişə hələ dayandırılmayıbdır, hərçənd ki, 1994-cü ilin mayında biz atəşkəsə nail olmuşuq. Lakin münaqişəni və onun nəticələrini hələ aradan qaldıra bilməmişik. Hazırda biz münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün fəal iş aparırıq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, işğal olunmuş Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrindən azad edilməsinə və vətəndaşlarımızın öz yaşayış yerlərinə qayıtmasına çalışırıq. Bu, mürəkkəb, çətin prosesdir, amma biz məsələnin məhz dincliklə tənzimlənməsi xəttini götürmüşük

Münaqişə vəziyyəti 80-ci illərin təxminən axırlarından başlayaraq Azərbaycanda daxili siyasi şəraitin mürəkkəbləşməsini şərtləndirdi. Bu, ölkəmizdə hakimiyyətin dəyişməsinə, 1993-cü ildə vətəndaş müharibəsinə gətirib çıxardı. Vətəndaş müharibəsi Azərbaycanın bütövlüyünü əslində təhlükə qarşısında qoydu, Azərbaycan fəlakət, parçalanma həddində idi. Ancaq iş bununla bitmədi, hərçənd biz vətəndaş müharibəsinin qarşısını almağa müvəffəq olduq. 1994-cü ildə Azərbaycanda dövlət çevrilişi cəhdi oldu, 1995-ci ildə silahlı dövlət çevrilişi cəhdi oldu. Bu hadisələr nəinki Azərbaycandakı müxtəlif ekstremist qüvvələrin əməlləri ilə, həm də bəzi xarici dövlətlərin xüsusi idarələrinin hərəkətləri ilə bağlı idi. Bunu əsas tutaraq biz dövlətlərimiz arasında əməkdaşlığı xüsusilə zəruri hesab edirik.

Məsələn, bu yaxınlarda Daşkənddə, Özbəkistanda amansız terror hərəkətləri törədildi. Bizə elə gəlirdi ki, bu Mərkəzi Asiya ölkəsində möhkəm, sarsılmaz daxili siyasi sabitlik mövcuddur. Orada dövlətin idarə edilməsi baxımından sabitlik var. Bununla belə, bir görün terrorçular nə kimi hərəkətlərə əl atırlar?!

Odur ki, xüsusi idarələrin fəaliyyətini əlaqələndirmək zamanın tələbidir. Təkrar edirəm, - yəqin siz bu məsələləri daha ətraflı müzakirə etmisiniz, - mən buna siyasi cəhətdən, dövlət mövqeyi cəhətdən belə yanaşıram ki, dövlətçiliyi, dövlət müstəqilliyini möhkəmlətmək üçün, ölkələrimizdə iqtisadi islahatlar planlarının həyata keçirilməsini və iqtisadi, sosial, siyasi islahatların aparılmasını təmin etmək üçün, ölkələrimizdə bazar iqtisadiyyatının formalaşdırılması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin təmin olunması nəzərə alınmaqla, daxili siyasi sabitlik tələb olunur. Ölkələrimizi, xalqlarımızı istər ölkələrimizdə pozuculuq fəaliyyəti, istərsə də terrorizm kimi azğın hərəkətlər törədilməsi baxımından kənardan göstərilən hər cür cəhdlərdən qorumaq tələb edilir.

Buna görə də sizin bu növbəti görüşünüzü alqışlayıram, inanıram ki, bu görüşlər ənənəvi xarakter daşıyacaqdır. Əminəm ki, ölkələrimizin xüsusi xidmət orqanları nə qədər çox ünsiyyətdə olsalar, qarşılıqlı fəaliyyət göstərsələr, bir-birinə kömək etsələr, dövlətlərimiz bir o qədər möhkəm olacaq və biz ölkələrimiz qarşısında duran vəzifələri bir o qədər uğurla həyata keçirəcəyik.

Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyi əldə etmiş ölkəmiz üçün qorxu odur ki, Azərbaycanın dövlət müstəqilliyi təhlükədə olmasa da, elə vəziyyətdədir ki, müstəqilliyimizin daim qorunmasının təmin olunmasına ehtiyac var. Əvvəlki idarəetmə formalarına qayıtmaq üçün dövlət müstəqilliyimizi tapdalamağa cürbəcür cəhdlər göstərilir. Biz bunu Azərbaycana münasibətdə hiss edirik. Hesab edirəm ki, belə vəziyyət digər ölkələrdə də bu və ya başqa dərəcədə mövcuddur.

Odur ki, vəzifə dövlət müstəqilliyini möhkəmlətməkdən ibarətdir. Azərbaycanda biz öz vəzifəmizi dövlət müstəqilliyini sabit, dönməz, əbədi etməkdə görürük. Bundan ötrü isə xalqlarımızı, ölkələrimizi mümkün ola bilən hər cür cinayət və hücumlardan qorumaq lazımdır.

Ölkələrimizdə xüsusi xidmət orqanları böyük tarixə malikdir. Lakin onların fəaliyyətində ən mürəkkəb, ən məsul dövr dövlət müstəqilliyi əldə etdiyimiz vaxtdan sonrakı dövrdür. Bununla belə, bu, ən şərəfli vəzifədir. Biz dövlət müstəqilliyinə malik olmaqla hər halda tarixi uğurlar qazanmışıq. Bu müstəqilliyi qoruyub saxlamaq, ölkələrimizin həmişəlik müstəqil olması, bir daha heç vaxt digər ölkələrin əlinə keçməməsini təmin etmək isə bizim şərəf işimizdir. Azərbaycanda biz vəzifəni məhz bu səpkidə qoyuruq.

Məz sizə bunu deyə bilərəm. Yəqin siz də mənə nəsə deyəcəksiniz. Bir sözlə, sizi salamlayıram, uğurlu iş münasibətilə təbrik edirəm.

Miktat Alpay (Türkiyə Cümhuriyyəti milli təhlükəsizlik xidməti rəhbərinin birinci müavini): Sayın cümhur başkanım, bu toplantını Süleyman Dəmirəlin və Sizin təşəbbüsünüzlə biz başladıq. Ancaq burada gördük ki, hörmətli nazirlər başda olmaqla əlbir şəkildə daha irəli getmək mümkündür. Azərbaycanda bu əməkdaşlıq altı dövlətin birliyi anlamına gələcək qədər gözəl oldu. Çox yaxşı anlaşmalar imzalandı və bunu etmək şərəfi bizə nəsib oldu. Zənnimcə, türkdilli dövlətlərin təşəbbüsləri başqalarına da örnək olar. İnanıram ki, bundan sonra Qazaxıstanda keçirəcəyimiz görüş daha səmərəli olacaq, bizi daha irəli aparacaqdır.

Rüstəm İnoyatov (Özbəkistan milli təhlükəsizlik xidmətinin sədri): Heydər Əliyeviç, Özbəkistanın daxili işlər naziri Zakircan Almatovla mən Bakıya gəlməzdən əvvəl prezidentimizin yanında olduq. İslam Əbdüqəniyeviç Sizə çoxlu salam göndərdi, ən yaxşı arzularını bildirdi. Ən başlıcası isə, səfər ərəfəsində bizə nəinki bugünkü konfransda, eləcə də gələcəkdə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ilə səmərəli işləməyi tapşırdı. Bu gün biz təkcə Özbəkistanı deyil, Azərbaycanı da narahat edən bir çox istiqamətlərdə uzunmüddətli qarşılıqlı iş haqqında müqavilə imzaladıq. İşimizin bir çox mərhələlərini müəyyənləşdirdik. Bizim işimiz isə gələcəkdə istər Azərbaycanın, istərsə də Özbəkistanın müstəqilliyinin möhkəmlənməsi işinə kömək edəcəkdir.

Siz yaxşı bilirsiniz ki, Özbəkistanın ətrafında çox da sağlam olmayan bir vəziyyət mövcuddur - Əfqanıstanda müharibə davam edir, Tacikistanda vəziyyət gərgindir. Bundan başqa bəzi məqamlar da var. Və bunlar Özbəkistanın da həm dünya miqyasında, həm də MDB miqyasında müstəqil siyasət yeritməsi ilə əlaqədar vəziyyətə təsir göstərir. Ona görə də elə dünən biz prezidentin belə bir göstərişini aldıq ki, azərbaycanlı həmkarlarla birlikdə işi daha yüksək səviyyədə, tam etimad şəraitində təşkil etmək lazımdır. Əlbəttə, əgər belə bir arzu olarsa. Qarşılıqlı münasibətlərimiz yeni, daha yüksək səviyyədə qurulacaqdır. Çünki Azərbaycanın da, Özbəkistanın da olduqca çox ümumi maraqları var. Diqqətinizə görə sağ olun.

Heydər Əliyev: Bu yaxınlarda biz İslam Əbdüqəniyeviçlə telefonla danışdıq, fikir mübadiləsi etdik. Danışdıq ki, siz buraya gələcəksiniz və biz daha ətraflı fikir mübadiləsi apara biləcəyik. Çox sağ olun.

Nurtay Abıkayev (Qazaxıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri): Hörmətli Heydər Əliyeviç, prezidentimizə, xalqımıza Sizin şəxsi münasibətinizi Qazaxıstanda bilirlər. Burada toplaşmağa imkan verdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Biz çox səmərəli işlədik. Bildirmək istəyirəm ki, dövlət başçılarının növbəti görüşü burada, bizim növbəti görüşümüz isə Astanada olacaqdır. Bizdə vəziyyət normaldır, tam etimad şəraitində işləyəcəyik və dövlət başçıları tərəfindən qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyik.

Heydər Əliyev: Dünən mən Nursultan Abişoviçlə telefonla danışdım, biz də fikir mübadiləsi apardıq.

Misir Aşirkulov (Qırğızıstanın milli təhlükəsizlik naziri): Hörmətli Heydər Əliyeviç, bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, bizim üçün böyük şərəfdir.

Bayaq qeyd etdiyiniz kimi, bəzi mütəşəkkil cinayətkar ünsürlər transmilli xarakterə malikdir. Buna görə də türkdilli dövlətlər qərara almışlar ki, onların xüsusi idarələri bir-biri ilə sıx əlaqə saxlamalıdır. Qırğızıstan çoxtərəfli sazişdən əlavə, Azərbaycanla da ikitərəfli saziş imzaladı. Biz dövlətlərimizin təhlükəsizliyini təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlıq edəcəyik.

Heydər Əliyev: Mən bu yaxınlarda Əsgər Akayeviçlə də danışdım. Biz belə bir razılığa gəldik ki, iyunda burada, Bakıda görüşək. Hazırda Parisdə YUNESKO-nun konfransı keçirilir. Konfrans Çingiz Aytmatovun yaradıcılığına həsr olunmuşdur. Mən bizim mədəniyyət naziri Polad Bülbüloğlunu da oraya göndərdim ki, konfransda iştirak və çıxış etsin. Yeri gəlmişkən, Çingiz Aytmatovun yazıçı Şaxanovla birlikdə yazdığı pyesi bizim Azərbaycan teatrı tamaşaya hazırlamışdır. Deyirlər ki, yaxşı tamaşadır, yəqin mayın əvvəllərində göstəriləcəkdir. Ola bilsin ki, biz bu pyesin müəllifi ilə burada görüşəcəyik. Gördüyünüz kimi, mədəniyyət sahəsində əməkdaşlıq çox fəal həyata keçirilir.

Tırkeş Tırmıyev (Türkmənistan Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini): İlk öncə, Saparmurad Atayeviçin xoş arzularını Sizə yetirmək istəyirəm. Sizin münasibətlərinizi Türkmənistan xalqı çox xeyirxahlıqla, dərin hörmətlə qarşılayır. Və münasibətlərimizdə, xüsusən iqtisadi sahədə münasibətlərimizdə müsbət irəliləyişlər yaxşı qarşılanır. Ümidvarıq ki, baş verən bütün hadisələr xalqlarımızın xeyrinə olacaqdır. Həmkarlarımın dedikləri kimi, xüsusi idarələr təhlükəsizliyin qorunub saxlanması, ölkələrimiz arasında təhlükəsizliyin təmin olunması üçün hər şeyi edəcəklər.

Heydər Əliyev: Bu yaxınlarda Saparmurad Atayeviçlə telefon söhbətimiz oldu. Biz əməkdaşlığımızın daha da inkişaf etdirilməsindən danışdıq. Yeri gəlmişkən, Türkmənistandan başlayaraq Xəzərdən keçməklə Azərbaycana, Gürcüstana və Türkiyəyə Transxəzər qaz kəmərinin çəkilişi sahəsində birgə böyük işə başlayırıq. Bu, tarixi əhəmiyyətli layihədir. Biz bu layihənin həyata keçirilməsinə razılıq vermişik. Mən bununla əlaqədar Saparmurad Atayeviçə məktub yazaraq, onu tamamilə dəstəklədiyimizi bildirmişəm. Telefonla sohbət zamanı biz bu işin təşkili sahəsində praktiki addımlar barədə fikir mübadiləsi apardıq. Bir sözlə, ölkələrimiz arasında iqtisadi əlaqələr getdikcə daha çox inkişaf edir, bizi daha da yaxınlaşdırır, digər bütün münasibətlərimizi möhkəmləndirir.

Ötən ilin oktyabrında Ankarada biz Türkiyə Cümhuriyyətinin 75 illiyini qeyd edərkən Bakı-Ceyhan neft kəmərinin inşası haqqında çox mühüm bəyannamə imzaladıq. Bu bəyannaməni Türkiyə, Gürcüstan, Azərbaycan, Özbəkistan və Qazaxıstan prezidentləri imzaladılar. İndi bəyannamə ardıcıl surətdə həyata keçirilir və inanıram ki, Bakı-Ceyhan neft kəməri çəkiləcək, Xəzər nefti bu kəmərlə Türkiyə ərazisi vasitəsilə dünya bazarlarına göndəriləcəkdir.

Eyni zamanda Ankarada Türkiyə ilə Türkmənistan arasında qaz kəməri haqqında bəyannamə imzalandı, indi isə bu Transxəzər qaz kəməri üzrə işə praktiki olaraq başlanmışdır.

Hazırda biz TRASEKA proqramının həyata keçirilməsi - böyük tarixi İpək yolunun bərpa edilməsi üçün böyük iş görürük. Sizin yadınızdadır ki, ötən ilin sentyabrında Bakıda beynəlxalq konfrans keçirildi. Konfransda İpək yolunun üstündə yerləşən 35-dən çox ölkənin nümayəndələri, bir çox dövlətlərin başçıları, o cümlədən Türkiyə prezidenti Süleyman Dəmirəl, Özbəkistan prezidenti İslam Kərimov, Qırğızıstan prezidenti Əsgər Akayev iştirak edirdilər. Qazaxıstan və Türkmənistandan çox mötəbər nümayəndə heyətləri gəlmişdi.

Bu, çox böyük layihədir və yeri gəlmişkən deyim ki, senator Braunbəkin "İpək yolu" strategiyası barədə təklifi hazırda Amerika Birləşmiş Ştatlarının senatında müzakirə edilir. Biz ümidvarıq ki, həmin qanun layihəsi qəbul ediləcək və onun çox böyük əhəmiyyəti olacaqdır.

Belə çıxır ki, tarixi "İpək yolu"nun bərpası ilə bağlı iqtisadi prinsiplərimiz də bir çox siyasi məsələlərlə birləşir. Bütün bunlar Mərkəzi Asiyanı, Qafqazı, Türkiyəni və Avropanı, qərbi coğrafi, coğrafi-siyasi cəhətdən çox sıx bağlayır. Əlbəttə, bununla əlaqədar ölkələrimizin xüsusi xidmət idarələri qarşısında çox mühüm və böyük vəzifələr durur. Çünki bu layihələrin həyata keçirilməsi ölkələrimiz üçün çox böyük iqtisadi, sosial, siyasi əhəmiyyətə malikdir. Bununla yanaşı, biz bilirik ki, bu layihələrin nə qədər əleyhdarları var, nə qədər adam bu layihələrə maneçilik törədir və ya onların olmasını istəmir. Məsələn, son illər ərzində biz Xəzərin enerji ehtiyatlarının - neftin və qazın dünya iqtisadiyyatının sərvətinə çevrilməsi üçün böyük iş görmüşük. Çox böyük işlərə başlanmışdır. Məsələn, biz dünyanın bir çox ən iri neft şirkətləri ilə bir çox müqavilələr imzalamışıq. Amma bu, heç də hamının xoşuna gəlmir, bəziləri buna mane olmaq istəyir, bəziləri isə indi belə bir təbliğat aparırlar ki, bəs Xəzərdə güman edildiyi qədər neft yoxdur və sair. Bütün bunlar işimizə mane olmağa yönəldilmişdir. Xəzərdə isə neft çoxdur, lap çoxdur, neçə-neçə nəslə çatacaqdır.

Bizim fəal hərəkətlərimiz, ümumi uğurlarımız xalqlarımız üçün, ölkələrimiz üçün, şübhəsiz, gözəl perspektivlər açır, amma bunun olmasını istəməyən ayrı-ayrı qüvvələrdə narazılıq və hətta düşmənçilik hissləri doğurur. Elə bunun özü də bizdən daha sıx birləşməyi, bir-birimizə kömək göstərməyi tələb edir. Bu isə, təkrar edirəm, xüsusi xidmət idarələri qarşısında çox böyük vəzifələr qoyur. Sağ olun.

"Azərbaycan" qəzeti, 27 mart 1999-cu il.