Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi. 2 oktyabr 2001-ci il


Hörmətli xanımlar və cənablar!

Məlum məsələdir ki, bu ilin mart ayında Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 10-cu ildönümü münasibətilə mən çox əhatəli bir fərman imzalamışam və o fərmanla 10 illiyin layiqincə qeyd olunması haqqında dövlətin fikirlərini bildirmişəm. Eyni zamanda, o vaxt biz hazırlıq dövründə müəyyən tədbirlərin həyata keçirilməsini də nəzərdə tutaraq, tədbirlər planı da hazırlamışıq. Ötən aylarda bu sahədə respublikada xeyli iş görülübdür, müxtəlif sahələrdə lazımi tədbirlər görülübdür. Ancaq biz indi 18 oktyabrın ərəfəsindəyik.

Bilirsiniz ki, oktyabrın 18-də Azərbaycanın Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edibdir. Həmin gün Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günüdür. Doğrudur, bizim ölkədə bu proses bir az uzanıbdır. Birincisi, Müstəqillik haqqında Konstitusiya Aktını biz SSRİ-nin başqa müttəfiq respublikalarının çoxuna nisbətən gec qəbul etmişik. İkincisi də, Azərbaycanda 1991-ci il mart ayının 17-də SSRİ-nin saxlanılması haqqında referendum keçirildiyinə görə və bu referendumda SSRİ-nin saxlanılmasının xeyrinə xalqın səs verdiyi bəyan edildiyinə görə, təbiidir ki, yenidən referendum keçirmək lazım idi.

Təəssüflər olsun ki, bu referendum da çox gec vaxtda - 1991-ci ilin sonunda elan olunubdur. Ancaq hər halda bu proseslər barədə indi müəyyən fikir söyləmək olar. Bunların hamısına baxmayaraq, 1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini elan edibdir. Sonra, 1992-ci ilin əvvəllərində Azərbaycan Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil bir dövlət kimi tanınıbdır. Bir çox dövlətlər Azərbaycanın dövlət müstəqilliyinin tanınması haqqında ardıcıl olaraq bəyanatlar vermişlər.

Beləliklə, 10 il bundan öncə Azərbaycan nəhayət, tarixi bir günə gəlib çatıbdır, müstəqil dövlət olubdur. İndi biz 10 ildir müstəqil dövlət kimi yaşayırıq. Təbiidir ki, bu, Azərbaycanın tarixində çox böyük hadisədir. Birincisi, dövlət müstəqilliyinin elan edilməsi, ikincisi də Azərbaycanın 10 il ərzində müstəqil dövlət kimi yaşaması və inkişaf etməsi həddindən artıq böyük bir hadisədir. Ona görə də bizim haqqımız var ki, dövlət müstəqilliyinin əldə edilməsinin 10-cu ildönümünü layiqincə qeyd edək. Qeyd etdiyim kimi, mən bu münasibətlə mart ayında böyük bir fərman imzalamışam və tədbirlər planı təsdiq olunubdur, işlər görülür. Artıq indi oktyabrın 18-nə az bir vaxt qalıbdır. Ona görə mən bu gün bu müşavirəni çağırmağı zəruri hesab etdim ki, görülən işlər haqqında bir az məlumat alaq, əgər hansısa iş hələ görülməyibsə, onları görək və oktyabrın 18-də bu tarixi hadisəni layiqincə yüksək səviyyədə qeyd edək.

Mən hesab etmirəm ki, bizim dövlət müstəqilliyi bir gündə qeyd edilir. Yox. Mənim verdiyim fərman əsasında elə bu ilin əvvəlindən, xüsusən mart ayından dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilir və keçirilməkdədir. Ancaq bunun son təntənəli günü ayın 18-nə düşür. Mən bax, bu məqsədlə bugünkü müşavirəni çağırmışam. Ramiz Mehdiyev indiyə qədər görülən işlər haqqında məlumat versin. Ondan sonra isə fikir mübadiləsi apara bilərik.

Yekun nitqi

Bu gün bizə verilən məlumatlar onu göstərir ki, mart ayından indiyə qədər Azərbaycanda dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd etmək üçün çox iş görülübdür. Mən müşavirəni açarkən də dedim, o fərmanı dərc edərkən, imzalayarkən nəzərdə tutulurdu ki, bütün tədbirlər ondan ibarət olmalıdır ki, oktyabrın 18-də hansısa böyük bir mərasim keçirilsin. İnanıram ki, bizim təşkilatlarımız, nazirliklərimiz, elmi, mədəni təşkilatlarımızın hamısı məsələni tamamilə düzgün istiqamətdə qurublar. Elə bu 2001-ci il əvvəldən axıradək tamamilə müstəqilliyin 10-cu ildönümü, müstəqilliyimizin 10 illiyinin qeyd edilməsi ilidir. Görülən işlərin hamısı müsbət qiymətləndirilməlidir. Ancaq hesab edirəm ki, biz ayın 18-də o əsas mərasimi keçirəndən sonra da gərək soyumayaq. Çünki bu müddətdə nə qədər çox iş görülməsinə baxmayaraq, hələ çox iş də görmək lazımdır.

Həqiqətən Azərbaycanda dövlət müstəqilliyinin əldə olunması bizim çoxəsrlik tariximizdə ən böyük hadisədir. 1918-ci ildə yaranmış vəziyyətdən, fürsətdən istifadə edərək Azərbaycan dövlət müstəqilliyini elan etdi, Xalq Cümhuriyyəti yarandı, fəaliyyətə başladı və əgər o, yaşaya bilsəydi, təbiidir ki, biz XX əsrdə tam müstəqil dövlət kimi inkişaf edə bilərdik. Ancaq bu gün biz onu da etiraf etməliyik ki, onun yaşaya bilməməsi o vaxt hakimiyyətdə olan qüvvələrin, yaxud şəxslərin günahı deyildir. Çünki o vaxt o fürsət ki yarandı, Azərbaycan dövlət müstəqilliyini elan etdi və təkcə Azərbaycan yox, Rusiya imperatorluğuna daxil olmuş bir neçə başqa xalqlar öz müstəqilliyini elan etdilər, həmin o imperatorluğu devirən, inqilab edən qüvvələr - bolşeviklər, təbiidir ki, təkcə Rusiya ilə qane ola bilməzdilər. Onlar keçmiş Rusiya imperatorluğunun bütün ərazisini əllərinə keçirmək istəyirdilər və bunun üçün də çox güclü imkanlar əldə etdilər.

Birinci dünya müharibəsindən sonra dünyada, ümumiyyətlə, bəzi imperatorluqların ləğv olunmasından, bir çox böyük dövlətlərin məğlub edilməsindən və dünyada yaranmış gərgin vəziyyətdən istifadə edilərək, qısa bir zamanda keçmiş Rusiya imperatorluğunun ərazisində sovet hakimiyyəti yarandı. Bu, güman edirəm ki, o vaxt tarixi zərurətdən meydana gəlmişdi. Bunu yəqin ki, bizim tarixçilər daha düzgün, dəqiq təhlil edə və daha düzgün fikir söyləyə bilərlər. Ancaq mən onu demək istəyirəm ki, o vaxt təkcə biz yox, istiqlaliyyətini elan edən başqaları da öz müstəqilliklərini saxlaya bilmədilər. Ona görə də bu, tarixi bir prosesdir.

İlk dəfə Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi o vaxt dünyada yaranmış, Birinci dünya müharibəsindən sonra mövcud olan vəziyyətdən irəli gələn hadisə idi. Böyük qüdrətə malik olan Rusiya imperatorluğunun dağılmasından irəli gəlirdi. Əgər bunlar olmasaydı, yüz illərlə tarixi olan Rusiya imperatorluğu Birinci dünya müharibəsi nəticəsində və dünyada əmələ gəlmiş bu qarışıq vəziyyətdə dağılmasaydı, - bunu düzgün demək lazımdır, o vaxtkı Xalq Cümhuriyyətini yaradan insanlar nə qədər can atsaydılar, onlar Azərbaycanın müstəqilliyini elan edə bilməzdilər. Ancaq o dövr, əlbəttə ki, bizim xalqımızda müstəqillik əhval-ruhiyyəsini yaratdı, beyinlərə həkk etdi. Baxmayaraq ki, ondan sonrakı 70 ildə həmin dövr təhrif olundu və heç qoymadılar ki, tarixçilər həmin dövrü öyrənsinlər. Təkcə Azərbaycanda yox, Sovetlər İttifaqı məkanında. Yeni qurulmuş sovet hakimiyyəti öz siyasətini, öz ideologiyasını həyata keçirərək, yeni nəsillərin beynində bu ideologiyanı daha da dərinləşdirərək, o dövrü unutdurmağa çalışdılar və buna da nail oldular. Belə bir hadisə əsrin əvvəlində baş veribdir. Belə bir hadisə də XX əsrin sonunda baş veribdir.

İkinci dünya müharibəsindən sonra, "soyuq müharibə", demək olar ki, sona çatan zaman dünyada gedən proseslər və sovet quruluşu artıq bütün başqa ölkələrdə olan iqtisadi quruluşla rəqabət aparmaq imkanına malik olmadığına görə və ümumiyyətlə, artıq bu dövrdə, məsələn, İkinci dünya müharibəsindən sonra bir çox imperatorluqlar ardıcıl surətdə dağıldığına görə, belə böyük imperiya da - sovet imperiyası da dağılmağa məhkum idi, dağılacaqdı və dağıldı da.

Bu da bizə imkan verdi ki, bundan istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini elan edək. Ancaq tək biz yox, SSRİ-yə daxil olan bütün 15 sovet respublikası müstəqilliyini elan etdi. Baltikyanı ölkələr bir az öncə müstəqilliyini elan etdilər. Rusiyanın özü də bunu iyun ayında etdi. Ancaq o biri respublikalar, o cümlədən, Azərbaycan bu barədə bir az gecikdi. Demək olar ki, müstəqilliyini elan edən respublikalar içərisində Azərbaycan ən son cərgədə olan bir respublikadır. Bunların hamısını düzgün təhlil etmək lazımdır. Mən dəfələrlə demişəm, indi də deyirəm, 1918-ci ildə Xalq Cümhuriyyətinin yaradıcıları o vaxt yaranmış tarixi şəraitdən ağıllı istifadə etdilər. XX əsrin sonunda, 1991-ci ildə nəhayət, SSRİ dağılarkən burada bu müstəqilliyi elan etmək ondan da asan idi. Çünki əgər bir imperiya dağılıbsa, imperiyanı təşkil edən respublikaların, necə deyərlər, hərəsi öz başına çarə qılmalı idi, qıldılar da. Hamı müstəqilliyini elan etdi. Mən bunu bir neçə dəfə demişəm. Azərbaycan isə başqalarına nisbətən fərqli, əlverişli olmayan ağır dövr keçirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü 1988-1989-cu illərdə başlanmışdı. Erməni təcavüzünə və Azərbaycanın daxilində olan ictimai-siyasi qrupların, qüvvələrin, silahlı dəstələrin bir-biri ilə mübarizəsinə görə ilk günlərdən Azərbaycanda müstəqil dövlətin qurulması, onun yaşaması, müstəqilliyin möhkəmləndirilməsi yolu ilə getməyə imkan vermədi. Ancaq biz şükür etməliyik ki, bütün o ağır proseslər bizim müstəqilliyimizi sarsıda bilmədi, bizim ölkəmizi dağıda bilmədi. Biz o ağır dövrdən çıxdıq və müstəqilliyimizi ilbəil, ardıcıl surətdə möhkəmləndiririk. Bu gün Azərbaycanda müstəqillk çox möhkəm təməl üzərində durur. Mən inanıram ki, o illərin acısını görən xalqımız bundan sonra, gələcəkdə də bu müstəqilliyin itirilməsinə yol verməz.

Beləliklə, biz indi nə qədər çətinliklərlə, məhrumiyyətlərlə rastlaşsaq da, özümüzü xoşbəxt hesab etməliyik. Xalqımızı xoşbəxt hesab etməliyik ki, biz artıq on ildir müstəqil dövlət kimi yaşayırıq. Artıq bunu dəyişmək, bunu sarsıtmaq mümkün deyildir. Baxmayaraq ki, buna cəhdlər var. Azərbaycanın daxilində hələ də ictimai-siyasi sabitliyi pozmaq istəyənlər, necə deyərlər, hansısa günlər elan edərək, o gündə hakimiyyəti devirmək istəyənlər var.

Yaxud da ki, indi dünyada başqa bir coğrafi-siyasi vəziyyət yaranıbdır. Bu coğrafi-siyasi vəziyyətdə, təbiidir ki, bəzi ölkələr bir çox səbəblərə görə Azərbaycanın müstəqil yaşamasını o qədər də qəbul etmir. Ona görə də bizim müstəqilliyimizin qorunub saxlanması üçün həm xaricdən, həm də daxildən təhlükələr vardır. Lazımdır ki, hər bir Azərbaycan vətəndaşı bu təhlükələri bilsin və heç vaxt hesab etməsin ki, artıq hər şey yaxşıdır.

Ümumiyyətlə, insan unutqan olur, çox şeyləri tez unudur. İndi burada oturanların hamısı, təbiidir ki, o dövrün şahidləridir. Amma yenə də get-gedə o dövrü unudurlar. Unudurlar ki, 1990-cı ildə Azərbaycana sovet hökuməti tərəfindən edilən təcavüz nə qədər böyük faciə yaratdı. Bunu heç vaxt unutmaq olmaz. Ancaq indi görürəm, oradan da, buradan da bu faciəni unudurlar. Bu faciənin gunahkarlarına bəraət qazandırmaq istəyirlər. Bu faciənin günahkarları artıq baş qaldırıblar. Onların baş qaldırmağını müəyyən qədər anlamaq olar. Nə üçün? Çünki artıq 1990-cı ilin yanvar hadisələri get-gedə yaddan çıxır. O yaralar sağalıb, sağalmalı idi. Ancaq ürəyimizdə olan o yara həmişə bizə deməlidir ki, Azərbaycanın XX əsrdəki tarixində 1990-cı ilin 20 Yanvarı ən dəhşətli faciələrdən biridir. Yaxud da ki, ondan sonrakı dövr - Azərbaycandakı hərc-mərclik dövrü, hakimiyyətsizlik dövrü, Azərbaycanda dövlət böhranı, Azərbaycanı parçalayan qüvvələr… İndi onların bəziləri azadlıqdan məhrum olunublar. Ancaq çoxları indi deyirlər ki, daha onlar niyə belə olsunlar. Onlar da bəraət qazansınlar, yaxud da ki, azad olunsunlar. Elə bil ki, bu, kiməsə lazımdır, amma başqasına lazım deyildir. Ancaq o insanlar ki, 1992-1993-cü illərdə Azərbaycanı parçalayırdılar, dağıdırdılar və Azərbaycanın müstəqilliyi artıq böyük bir təhlükə altında idi, o insanları bağışlamaq olarmı? Çox şeyi bağışlamaq olar, amma belələrini bağışlamaq olmaz! Bunu hamı bilməlidir. Ancaq dövlət mənafeyini kənara qoyaraq, öz şəxsi mənafeləri uğrunda mübarizə aparan adamlar istəyirlər ki, hər şey unudulsun, hər şey yaddan çıxsın. Buna imkan vermək olmaz.

Ona görə də bizim bu on illik tariximiz yazılmalıdır. İndii burada məlumat verildi ki, kitablar yazılıbdır, amma çox kitablar yazılmalıdır və özü də çox dəqiq kitablar yazılmalıdır. Bəlkə də bu on ilin gündəliyi yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan hansı gün nə vəziyyətdə olubdur, hansı gün nə fəlakət qarşısında olubdur. Çünki bu dövr, zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Ona görə də bu on il təhlil edilməlidir. İndi bizim tarixçilər adətən keçmiş əsrləri təhlil edirlər, əsərlər yazırlar, elmi dərəcələr alırlar. Buna etiraz yoxdur, çünki tariximizin hər səhifəsi bizim üçün əhəmiyyətlidir. Ancaq tariximizin bu səhifəsi, bu on illik səhifəsi, hesab edirəm ki, bizim xalqımız üçün və gələcək nəsillər üçün ən əhəmiyyətli bir dövrdür. O mənada ki, faciəli dövrdür, ağır dövrdür, amma eyni zamanda bu dövrü bizim xalqımız öz müdrikliyi ilə, öz iradəsi ilə yaşadı və bu çətinliklərdən çıxdı. Ona görə də sizin bu kitablarınız davam etməlidir. Burada deyilən məlumatları mən məmnuniyyətlə qəbul edirəm və hesab edirəm ki, iş bununla qurtarmır. Bu iş davam etməlidir və hər il biz bu barədə yeni-yeni əsərlər almalıyıq. Yenə də deyirəm, bu əsərlər 500, yaxud da 1000 nüsxə, 2000 nüsxə olmamalıdır. Lazım deyildir ki, bu kitablar belə gözəl, nəfis şəkildə olsun. Tələbə üçün bunun əhəmiyyəti yoxdur. Tələbə üçün, gənc üçün bu kitabın içərisində olan məlumatın əhəmiyyəti var. Bunlara mən etiraz etmirəm. Bunlar, ümumiyyətlə, bizim poliqrafiyanın yüksək səviyyədə olduğunu göstərir və bunu da biz göstərməliyik. Ancaq hələ ki, bizim o qədər vəsaitimiz yoxdur ki, 10 min nüsxə belə kitab çıxaraq. Amma sadə kağızda, sadə cilddə 10 min nüsxə kitab çıxarmaq və insanlara vermək olar. Mən təkcə bunu demirəm. Bütün tarix kitablarını da deyirəm. Hamısını deyirəm. Bəzən müəllif hesab edir ki, o, kitabı yazdı, gözəl, nəfis şəkildə onu çap etdirdi, - indi də bir dəb düşübdür - təqdim etdi, qohum-əqrəbasına, tanışlarına verdi; bununla iş qurtardı.

Hər müəllif o qədər də maraqlı deyildir ki, onun əsəri, yazdığı kitab geniş kütlələrə çatsın. Amma əsl əsər müəllifi, əsl kitab müəllifi birinci növbədə çalışmalıdır ki, onun əsəri, onun yazdığı fikirlər geniş kütləyə çatsın. Çünki 70 il ərzində bizim tariximiz təhrif olunubdur. İndi biz dövlət müstəqilliyinin on ilini yaşamışıq, on birinci ilə qədəm qoyuruq, artıq yol vermək olmaz ki, yenə də bir on, on beş, iyirmi ildən sonra kimsə gəlib bunu təhrif elə bilsin. Ona görə də dəlillərə, sübutlara əsaslanan kitablar, əsərlər yaradılmalıdır. Bu on illiyin tarixini yazan çox adamlar, - mən görürəm, burada oturanların əksəriyyəti elmi dərəcəni çox sevirlər, - çox-çox adamlar elmi dərəcə də ala bilərlər, professor da ola bilərlər, nə bilim, başqa adlar da ala bilərlər, hamısı ola bilər. Düzdür, onların mənim üçün o qədər əhəmiyyəti yoxdur, amma mənim üçün əhəmiyyətli olan o tarixin yazılmasıdır.

Qarşıdakı günlər haqqında, tədbirlər haqqında Ramiz Mehdiyev məlumat verdi. Tədbirlər də, hesab edirəm ki, qəbul oluna bilər. Amma indi və həmişə yubiley ərəfəsində bir yubiley əhval-ruhiyyəsi, yüksək əhval-ruhiyyə yaranmalıdır. Bunu yaratmaq lazımdır. Bunu bizim mətbuatda, radio, televiziya vasitələrində, bizim kollektivlərdə, ali məktəblərdə, iş kollektivlərində yaratmaq lazımdır. Yaratmaq lazımdır ki, insanlar elə təkcə ayın 18-də yox, gündən-günə, bizim bu onuncu ildönümünün sonuncu gününə qədər bu əhval-ruhiyyə ilə yaşasınlar. Bu, təbiidir ki, bizim cəmiyyətimizdə insanların daha da birliyinə gətirib çıxaracaqdır.

Ötən on il hər bir azərbaycanlının, hər bir Azərbaycan vətəndaşının, hesab edirəm ki, nailiyyətidir. Birincisi, bu, bütün xalqımızın əvəzsiz sərvətidir, ikincisi isə, hər bir insanın bunda öz payı var. Heç kəsin payı inkar olunmamalıdır, heç kəsin rolu inkar olunmamalıdır. Amma heç kəsin də fəaliyyəti, necə deyərlər, şişirdilməməlidir. Hər şey düzgün, doğru, obyektiv olmalıdır. Nəhayət, bu, bizim ümumi milli bayramımızdır. Mən hesab edirəm ki, indi artıq müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də bu, bizim xalqımızın hamısını eyni dərəcədə həm sevindirməlidir, həm həvəsləndirməlidir, həm də birləşdirməlidir.

Biz yol verməməliyik ki, son illərdə müşahidə etdiyimiz hallar - xalqı parçalamaq, bu iqtidardır, bu müxalifətdir, iqtidar gedən yolla müxalifət getmir, müxalifət gedən yolla iqtidar getmir - bunlar olmasın. Əgər həqiqətən hər birimiz ümummilli fikirlərlə yaşayırıqsa, demək, bu bayram, bu yubiley hər kəsin siyasi görüşlərindən, siyasi baxışlarından asılı olmayaraq, bizim xalqımızı daha da birləşdirməlidir, insanları bir-biri ilə daha da mehriban etməlidir. Yəni mən demək istəyirəm ki, bax, bu on illik yubiley, bayram gərək bizim xalqımızda dostluq, mehribanlıq əhval-ruhiyyəsi yaratsın. Azərbaycan dövlətinin başçısı kimi, prezident kimi mən bunu istəyirəm, bunun üçün çalışıram və ona görə də burada bu sözləri bəyan edirəm.

Mən ümidvaram ki, biz qarşıdakı günlərdə də nəzərdə tutulmuş tədbirləri həyata keçirəcəyik, 18 oktyabr bayramını hamımız yüksək əhval-ruhiyyədə qeyd edəcəyik və irəliyə gedəcəyik. Biz bu bayram ərəfəsindəyik. Ümumiyyətlə, bu on illiyi qeyd edərkən heç də hər şeyə çəhrayı eynəkdən baxmamalıyıq. Həqiqət həqiqət kimi olmalıdır. Bu gün burada nailiyyətlərdən danışdılar. Amma nöqsanlar da çoxdur. Mən də replikalarımda bu barədə dedim. Bir də deyirəm, çatışmazlıqlar da çoxdur, hakimiyyət orqanlarının işində qüsurlar da az deyil, bəzilərində həddindən artıq çoxdur. Bizim ən əsas vəzifəmiz xalqın həyat tərzini, - mən bütün xalqı nəzərdə tuturam, - rifah halını yaxşılaşdırmaqdır, bu sahədə hələ qarşımızda çox böyük vəzifələr var. Heç vaxt düşünməməliyik ki, biz hər şeyi etmişik.

Təbiidir ki, bu onilliyi qeyd edərkən hamımız üçün böyük yara Azərbaycanın torpaqlarının bir qisminin işğal altında olmasıdır. Bir milyondan artıq soydaşlarımızın yerlərindən-yurdlarından didərgin düşərək çadırlarda ağır şəraitdə yaşamasıdır. Ancaq bu, tarixin reallığıdır. Biz birinci növbədə çalışmalıyıq ki, belə insanlara, belə vətəndaşlarımıza, xüsusən qaçqın və köçkün vəziyyətində yaşayan insanlara bu günlrədə daha da çox yadım, qayğı və diqqət göstərək. İnsan elə bir məxluqdur ki, ona bəzən elə xoş söz də böyük təsəlli verir. Ona görə də mən yuxarıdan aşağıdək hakimiyyət orqanlarında, vəzifələrində işləyənlərin hamısından tələb edirəm ki, insanlara qayğı göstərsinlər, insanlara xoş münasibət göstərsinlər.

Xüsusən, ağır vəziyyətdə yaşayan insanlara, çadırlarda yaşayan insanlara, köçkün vəziyyətdə yaşayan insanlara, şəhid ailələrinə, müharibə əlillərinə hansı yardımı göstərmək olarsa, etmək lazımdır. Ancaq bununla yanaşı, onların könlünü almaq, onlarla bərabər olmaq, onların əhval-ruhiyyəsini qaldırmaq da bizim vəzifəmizdir, borcumuzdur.

Mən hesab edirəm ki, biz on il gərgin həyat keçirərək, bu on il içərisində Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışaraq, bundan sonra da bu işimizi davam etdirəcəyik. Mən inanıram ki, biz bu bəladan da çıxacağıq, mütləq çıxacağıq. Qaçqınlar, köçkünlər öz yerlərinə qayıdacaqlar. Sülh yaranacaqdır. Doğrudur, bu iş uzandı. Doğrudur, bu, bizim nəzərə aldığımızdan daha da çətin oldu. Ancaq biz buna nail olacağıq.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, müstəqilliyimizin qarşıdan gələn illərində biz bu nailiyyətləri də bəyan edə biləcəyik.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın bütün vətəndaşları bizim bu gün burada apardığımız danışıqlara, söylədiyimiz fikirlərə qoşulacaqlar və hamımız birlikdə Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü böyük bir bayram kimi layiqincə qeyd edəcəyik. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 oktyabr 2001-ci il

Tarixi arayış