"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının xarici işlər nazirinin müavini Murtuza Sərmadini və onu müşayiət edən şəxsləri qəbul edərkən söhbətindən" (17 may 2000-ci il) sənədinə tarixi arayış


2000-ci ilin mayında İran İslam Respublikasının xarici işlər nazirinin müavini Murtuza Sərmadinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Azərbaycan hökumətinin nümayəndələri İran diplomatı ilə ikitərəfli əməkdaşlıq məsələlərinə dair ətraflı müzakirələr aparıb.

17 may 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşən Sərmadi İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Tehranda keçiriləcək zirvə görüşünə dəvəti ona çatdırıb. Bu görüşdə Heydər Əliyev Azərbaycan-İran münasibətləri haqda yüksək fikirlər səsləndirib. Heydər Əliyev Azərbaycan və İranı dost, qardaş ölkələr adlandıraraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də İranla əməkdaşlığa hazır olduğunu bildirib.

10 iyun 2000-ci ildə ECO-nun Tehran toplantısında iştirak etmək üçün İrana gələn Azərbaycanın dövlət başçısı Heydər Əliyev ölkənin rəhbərləri ilə də görüşlər keçirib. ECO-nun zirvə görüşündə isə üzv dövlətlərin iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığını gücləndirməyə çağıran bəyanat qəbul olunub. (http://www.ecosecretariat.org/)

Murtuza Sərmadi Xəzərin statusu ilə bağlı müzakirələrdə də iştirak edib. Qeyd edək ki, Xəzərin statusu məsələsində Azərbaycan, Rusiya və Qazaxıstan müvafiq ikitərəfli müqavilələr və onlara əlavə protokollarla (2001, 2002, 2003) razılığa gəlsələr də İran və Türkmənistanla danışıqlar davam edir. (http://www.mfa.gov.az/)

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əlaqələr xarici işlər nazirləri səviyyəsində sonrakı illərdə də davam edib. Hər iki dövlətin xarici işlər naziri bir neçə dəfə qarşılıqlı səfərlər edib. Eyni zamanda xarici işlər nazirlərinin müavinləri səviyyəsində də səfərlərin olması əlaqələri daha da möhkəmləndirib.

9 fevral 2007-ci il tarixində İran İslam Respublikası Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyi idarəsinin rəisi Mehdi Səfərinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub. Səfər zamanı o, Prezident İlham Əliyev, xarici işlər nazirinin müavini, Xəzər məsələləri üzrə ölkə başçısının xüsusi nümayəndəsi Xələf Xələfov ilə görüşlər keçirib. Mehdi Səfərinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində İranın energetika nazirinin müavini Zərgər də olub.

4 sentyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın xarici işlər nazirinin müavini Mehdi Səfərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Mehdi Səfəri İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə Azərbaycanla İran arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Söhbət zamanı həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. (http://www.azerbaijan.news.az/)

Tarixi arayış 8 sentyabr 2008-ci ildə yeniləşdirili.