Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü - Nyu-York, Azərbaycan prezidentinin iqamətgahı, 1 fevral 2002-ci il


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Nikolay Qribkovu (Rusiya), Filip de Sürmeni (Fransa) və Rudolf Perinanı (ABŞ) qəbul etmişdir.

Dövlətimizin başçısını səmimiyyətlə salamlayan həmsədrlər Prezident Heydər Əliyev ilə hər bir görüşün onlar üçün çox əhəmiyyətli və faydalı olduğunu bildirdilər.

Söhbət zamanı 11 sentyabr faciəsindən sonra Nyu-Yorkda keçirilən Dünya İqtisadi Forumunun beynəlxalq terrorizmə və təcavüzkar separatizmə qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynayacağı vurğulandı.

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün danışıqlar prosesinin gedişi haqqında ətraflı fikir mübadiləsi aparıldı.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq uzun illərdən bəri çadırlarda, ağır vəziyyətdə yaşadığını bir daha xatırladan Prezident Heydər Əliyev dedi ki, bu münaqişənin sülh yolu ilə tezliklə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin öz səylərini artırması çox vacibdir.

Söhbət zamanı Minsk qrupu çərçivəsində aparılan danışıqların, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa görüşlərinin davam etdirilməsinin zəruriliyi vurğulandı və bildirildi ki, münaqişənin tezliklə sülh yolu ilə həll olunması üçün bütün səylər səfərbər edilməlidir.

* * *

Fevralın 1-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin birinci müavini Riçard Armitac Dünya İqtisadi Forumunda iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə telefon etmişdir.

Cənab Armitac dövlətimizin başçısını Amerika torpağında mehribanlıqla salamlamış, Azərbaycanın terrorizmə qarşı mübarizədə göstərdiyi dəstəyə və antiterror koalisiyasında ölkəmizin iştirakına görə Prezident Heydər Əliyevə təşəkkür etmişdir.

Səmimi sözlər üçün cənab Armitaca minnətdarlığını bildirən dövlətimizin başçısı Amerikanın beynəlxalq terrorizmə qarşı həyata keçirdiyi tədbirlərin ölkəmiz tərəfindən dəstəkləndiyini vurğulamışdır.

Prezident Heydər Əliyev Nyu-Yorka işgüzar səfəri zamanı 11 sentyabr faciəsi nəticəsində baş vermiş ağır itkilərə görə Amerika xalqına dərin ehtiramla başsağlığı verdiyini, Dünya Ticarət Mərkəzinin dağıntılarını ziyarət etdiyini, oraya Azərbaycan xalqı adından əklil qoyduğunu bildirmişdir.

907-ci düzəlişin qüvvəsinin dayandırılması nəticəsində Azərbaycan–Amerika münasibətlərində yeni mərhələ açıldığını vurğulayan Riçard Armitac demişdir ki, hər iki tərəf bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinə çalışmalıdır.

Tərəflər telefon danışığı zamanı ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanlarını müzakirə etmişlər.

Cənab Armitac bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ bu münaqişənin dinc vasitələrlə aradan qaldırılması sahəsində səylərini artırmağa hazırdır.

Səmimilik və mehribanlıq şəraitində keçən telefon danışığı zamanı cənab Riçard Armitac ABŞ-da səfərdə olduğu müddətdə Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşmək istədiyini bildirmişdir.