"Azərbaycan" qəzetinin kollektivinə - Bakı şəhəri, 14 sentyabr 1998-ci il


Azərbaycanın dövlət müstəqilliyi tarixində xüsusi rol oynamış "Azərbaycan" qəzetinin 80 illiyi tamam olur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamış "Azərbaycan" qəzeti yarandığı gündən milli azadlıq mübarizəsinin ön sırasında addımlamış, xalqımızın çoxillik arzu və istəklərinin ifadəçisinə çevrilmiş, onun mənəvi dəyərlərinin, ictimai-siyasi ideallarının formalaşması işinə önəmli töhfə vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra fəaliyyətini dayandıran "Azərbaycan" qəzeti xalqımızın 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etmiş, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal surətdə iştirak etmişdir.

Ölkəmizin mütərəqqi mətbuat ənənələrini ləyaqətlə davam etdirən "Azərbaycan" qəzeti bu gün demokratiyanın, siyasi plüralizmin, aşkarlığın təmin edilməsində müstəsna rol oynayır. Onun səhifələrində Azərbaycan həqiqətləri, ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması, iqtisadi islahatların həyata keçirilməsi, sağlam mənəvi-psixoloji mühitin, vətəndaş həmrəyliyi və milli birliyin yaradılması sahəsində aparılan məqsədyönlü işlər və ictimai-siyasi proseslər qərəzsiz işıqlandırılır.

Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və azad, demokratik cəmiyyət qurulması işində ölkəmizin digər mətbuat orqanları kimi, "Azərbaycan" qəzetinin də üzərinə böyük vəzifələr düşür. İnanıram ki, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz yüksək amallarına dönməz sədaqət göstərmiş "Azərbaycan" qəzetinin kollektivi bundan sonra da respublikamızda baş verən həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, dünyaya yayılmasında yüksək professionallıq, obyektivlik, prinsipiallıq, əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirərək, xalqımızın mütərəqqi mətbuat ənənələrini layiqincə davam etdirə biləcəkdir.

Ölkəmizin adını daşıyan və demokratik, milli dövlətçiliyimizin yaşıdı olan "Azərbaycan" qəzetinin 80 illiyi münasibətilə sizi ürəkdən təbrik edir, kollektivinizə daha böyük yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış