Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vatikan dövlətinin Azərbaycanda apostol nunsisi Klaudio Qucerottinin etimadnaməsinin təqdim olunması mərasimində - Prezident sarayı, 12 aprel 2002-ci il


Öz etimadnaməsini Heydər Əliyevə təqdim etməkdən şərəf duyduğunu bildirən Klaudio Qucerotti dedi ki, Müqəddəs Ata Azərbaycana qarşıdakı səfərini həyata keçirməyi ürəkdən arzulayır və bu səfərə çox həvəslə hazırlaşır, Sizin gözəl xalqınızın və ölkənizin tarixini öyrənir. Vatikan dövlətinin başçısı II İohann Pavelin Azərbaycan xalqına sülh və əmin-amanlıq arzuladığını söyləyən cənab Klaudio Qucerotti bu səfərin baş tutması üçün göstərdiyi köməyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Apostol nunsi hələ tələbəlik illərində, institutun şərq elmləri fakültəsində oxuyarkən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərini tərcümə etdiyini bildirərək dedi ki, güman etməzdim ki, mən nə vaxtsa Azərbaycanı görəcəyəm. Cənab Klaudio Qucerotti Prezident Heydər Əliyevi əmin etdi ki, Vatikan dövləti ilə Azərbaycan arasında münasibətlərin və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi üçün çalışacaqdır.

Prezident Heydər Əliyev cənab Qucerottini Vatikan dövlətinin Azərbaycanda səfiri təyin olunması münasibətilə təbrik etdi və gələcək işlərində ona uğurlar arzuladı. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, səfirin Azərbaycanda fəaliyyəti müqəddəs taxt-tac ilə ölkəmiz arasında əlaqələrin inkişafını təmin edəcəkdir.

Müqəddəs Atanın Azərbaycana səfərinin ölkəmizdə səbirsizliklə gözlənildiyini vurğulayan dövlətimizin başçısı Heydər Əliyev bildirdi ki, bu, xalqımız və dövlətimiz üçün tarixi bir hadisə olacaqdır. Müqəddəs Atanın Azərbaycana qarşıdakı səfərə hazırlaşmasından, ölkəmiz haqqında əlavə məlumat toplamasından məmnun qaldığını bildirən Prezident Heydər Əliyev dedi ki, bu səfər Vatikan dövlətinin başçısına respublikamızla tanış olmaq imkanı verəcəkdir. Bu da ölkələrimiz arasında əlaqələrin inkişafına kömək edəcəkdir.

* * *

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev apostol nunsi Klaudio Qucerotti ilə xatirə şəkli çəkdirdi.

Sonra dövlətimizin başçısı ilə apostol nunsi arasında səmimi söhbət oldu.

Apostol nunsi bildirdi ki, o, ilk dəfə 1976-cı ildə Azərbaycanda qısamüddətli səfərdə olmuşdur.

Prezident Heydər Əliyev dedi ki, o vaxt Azərbaycan müstəqil dövlət deyildi. Azərbaycanın artıq on ildir müstəqil dövlət olduğunu, 1994-cü ildə Vatikanla diplomatik əlaqələr qurduğunu və bunu inkişaf etdirdiyini bildirən dövlətimizin başçısı 1998-ci ildə İtaliyaya rəsmi səfəri zamanı müqəddəs taxt-tacı ziyarət etdiyini, Müqəddəs Ata ilə görüşdüyünü, səmimi söhbət etdiyini və onu Azərbaycana dəvət etdiyini xatırlatdı. Azərbaycan prezidenti bu dəvətin qəbul edilməsindən məmnun olduğunu vurğuladı.

Azərbaycan prezidentinin Vatikana səfərini Müqəddəs Atanın yaxşı xatırladığını bildirən apostol nunsi dedi ki, o, Azərbaycana səfər etmək və Sizinlə yenidən görüşmək arzusundadır.

Cənab Klaudio Qucerotti vurğuladı ki, Vatikan dövlətinin başçısı bəzi ölkələrdə xristianlar və müsəlmanlar arasında baş verən münaqişələrdə və müharibələrdə heç bir dini əsas görmür. Roma Papası müxtəlif dinlərə mənsub olan insanların sülh şəraitində yaşamasını arzulayır.

Azərbaycanın həm Şərqə, həm də Qərbə açılan qapı olduğunu söyləyən cənab Qucerotti dedi ki, bu ölkə müxtəlif dinlərə mənsub insanların birlikdə sakit yaşamasının rəmzidir.