"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ Ticarət Nazirliyinin yeni müstəqil dövlətlər üzrə müşaviri, enerji məsələləri üzrə səlahiyyətli şəxs Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən" (Bakı, 3 mart 2000-ci il) sənədinə tarixi arayış


3 mart 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Bakıda öz iqamətgahında ABŞ Ticarət Nazirliyinin yeni müstəqil dövlətlər üzrə müşaviri, enerji məsələləri üzrə səlahiyyətli şəxs Yan Kalitskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər arasında region üçün əhəmiyyətli olan üç əsas məsələ müzakirə edilib: bunlardan birincisi, ABŞ-Azərbaycan iqtisadi münasibətlərinin gələcək konturları, ikincisi, Xəzər neftini Avropa bazarlarına nəql edəcək əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı məsələlər, üçüncüsü isə Qafqazda iqtisadi-siyasi vəziyyət və onun perspektivləri olub. KİV nümayəndələrinin iştirakı ilə keçən görüşün birinci mərhələsində əsas diqqət çəkən müzakirə obyekti Bakı-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi ilə bağlı rəsmi sənədlərin imzalanmasına hazırlığın təşkili idi.

Söhbət zamanı həm də kəmərin keçdiyi ikinci ölkə olan Gürcüstanın danışıqları ləngitməsi məsələsinə də toxunulub. Azərbaycan Prezidenti Heydər Əliyev bunun əsas səbəbini kəmərə görə Gürcüstanın tranzit tariflərə nəzərən yüksək tələblər irəli sürməsi ilə izah edib. (Qeyd edək ki, 22-23 mart 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstana rəsmi səfər edib və Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı bu ölkənin tranzit tarifləri tələbinə yenidən baxılıb. Müzakirələrdən sonra hər iki ölkə prezidenti mətbuat nümayəndələri qarşısında bəyanat verib. Onlar tarif məsələsinin müsbət həll edildiyini bildiriblər.)

Xarici qonaqla söhbətində Azərbaycan Prezidenti Heydər Əliyev Baki-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin reallaşmasında ABŞ dövlətinin xüsusi rolu olduğunu vurğulayıb.

Bakı-Ceyhan boru kəməri marşrutunun tikintisi istiqamətində ilk addımlar 1999-ci ildə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ dövlət başçılarının imzaladıqları İstanbul bəyannaməsindən sonra atılıb. Bundan sonra Xəzər hövzəsi ölkələrinə məxsus karbohidrogen ehtiyatlarını Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Aralıq dənizinə çatdıracaq boru kəmərinin tikintisi, tranzit ölkələrin öz öhdələrinə götürəcəkləri vəzifələr, tranzit tarifləri, layihəni maliyyələşdirəcək sponsorların müəyyənləşdirilməsi işinə başlanılıb. Bu məsələlərin dəqiqləşdirilməsinə iki ildən artıq vaxt sərf edilib. 2002-ci ilin sentyabrında təməli qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ilin mayında tam istifadəyə verilib. Hazırda tam gücü ilə fəaliyyət göstərən kəmərlə gündəlik 740 min barrel xam neft dünya bazarlarına ixrac edilir. (http://www.bp.com/)
 
Qeyd edək ki, BTC əsas ixrac boru kəmərinə tikintisində müstəsna xidmətləri nəzərə alınaraq Heydər Əliyevin adı verilib.

ABŞ-Azərbaycan iqtisadi münasibətləri bu gün də dinamik inkişaf edir. İki ölkə arasında əmtəələrin idxal-ixracı, investisiya qoyuluşları özəl sektor arasında qarşılıqlı maraqlara söykənərək davam edir. Bu barədə ən son uğurlar 29 oktyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ-ın ticarət nazirinin müavini Con Sallivanın başçılıq etdiyi nümayəndə heyəti arasında Bakıda keçirilən rəsmi görüş zamanı müzakirə edilib. (http://www.president.az/)

2008-ci ilin birinci yarısının statistik göstəricilərinə əsasən Azərbaycandan ABŞ-a 2 milyard 136 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da ölkənin ümumi ixracının 12,22%-ni təşkil etməklə ABŞ-ın ixrac tərəfdaşlarımız arasında İtaliyadan sonra ikinci yerdə qərarlaşmasını təmin edib. Həmin dövr ərzində isə Azərbaycan ABŞ-dan 97 milyon 355 min ABŞ dolları dəyərində məhsul idxal edib. (http://www.az-customs.net/)

 

Tarixi arayış 2 noyabr 2008-ci ildə yeniləşdirilib.