Azərbaycan Prezidenti Heydər Əliyevin Rumıniya Senatının nümayəndə heyətini qəbul edərkən söhbətindən - 13 iyun 2000-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz! Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr dostluq və çox geniş əməkdaşlıq xarakteri daşıyır. Biz bu əməkdaşlığı daha da genişləndirmək, inkişaf etdirmək əzmindəyik.

Mən vaxtilə Rumıniyada rəsmi səfərdə olmuşam. Doğrudur, bu, beş il bundan öncə olubdur. Prezident cənab Emil Konstantinesku 1998-ci ildə Azərbaycanda rəsmi səfərdə olubdur. Biz hər iki səfər zamanı ölkələrimiz arasında mühüm sənədlər imzalamışıq.

Böyük İpək yolunun bərpası ilə əlaqədar, TRASEKA proqramının həyata keçirilməsi ilə əlaqədar 1998-ci ilin sentyabr ayında Azərbaycanda böyük beynəlxalq konfrans olmuşdur. Bu beynəlxalq konfransda da Rumıniyanın prezidenti hörmətli Emil Konstantinesku nümayəndə heyətinə başçılıq edirdi və biz bərabər burada çox geniş müzakirə apardıq və çox əhəmiyyətli ümumi sənəd imzaladıq.

İndi mənim qarşıda duran vəzifəm ondan ibarətdir ki, prezident Emil Konstantineskunun dəvəti ilə sizin ölkəyə yenidən səfərə gəlim. Mən bu vəzifəmi yerinə yetirəcəyəm. Bu yaxın günlərdə səfir ilə görüşəcəyəm. Onunla bu məsələni müzakirə edib, yəqin ki, hər iki tərəf üçün mümkün olan vaxtı müəyyən edəcəyik.

Mən bir dəfə görüşdə sizin səfirə dedim ki, gəlmisən, burada səfirlik edirsən, amma görünmürsən. O da mənə dedi ki, siz görünmürsünüz. Dedim, sən məni televiziyada görürsən, amma sən gəl ki, mən də səni görüm. Burada yaxşı səfiriniz vardır, güman edirəm ki, bu yaxın günlərdə görüşüb bir çox məsələləri müzakirə edəcəyik.

Hörmətli senatorlar, sizin bu səfəriniz, təbii ki, Rumıniya-Azərbaycan əlaqələrinin inkişaf etməsində mühüm əhəmiyyətə malikdir. Bilirəm ki, az da olsa Azərbaycan ilə tanış oldunuz. Milli Məclisdə çox səmərəli danışıqlarınız, görüşləriniz olubdur. Milli Məclisin sədri deyir ki, hətta bu gün parlamentin iclasında da olmusunuz. Bu, çox yaxşı haldır. Baş nazir ilə də görüşmüsünüz. Güman edirəm, Azərbaycan ilə daha da geniş tanış olmaq üçün hələ imkanımız vardır. Sizi bir də salamlayıram.

Giorgi Prisakaru (Rumıniya Senatının xarici siyasət komissiyasının sədri): Cənab prezident, mən hər şeydən əvvəl, bu gün bizi qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Sizi əmin edirəm ki, bütün nümayəndə heyəti üçün, eləcə də bizim səfirimiz üçün bu, çox böyük şərəfdir.

Cənab prezident, icazə verin, bizim prezidentimiz cənab Emil Konstantineskunun hərarətli salamlarını, eyni zamanda onun bu il ərzində Sizi Rumıniyada görmək ümidində olduğunu Sizə çatdırım. Amma Siz sözə başlayanda bizə çox xoş bir xəbər verdiniz.

Heydər Əliyev: Mən bildim ki, siz onu deyəcəksiniz.

Giorgi Prisakaru: Cənab prezident, bu təklifi qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanın ki, Rumıniya Sizə çox xoş qəbul hazırlayacaqdır. Yeri gəlmişkən deməliyəm ki, Sizin qeyd etdiyiniz beş il bundan əvvəlki səfəriniz zamanı rumın xalqı Sizi doğrudan da hərarətlə və çox dostcasına qəbul etmişdi.

Heydər Əliyev: Doğrudur, mən onu çox böyük minnətdalıq hissi ilə xatırlayıram.

Giorgi Prisakaru: Cənab prezident, mən hər şeydən əvvəl, bu gün bizi qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Sizi əmin edirəm ki, bütün nümayəndə heyəti üçün, eləcə də bizim səfirimiz üçün bu, çox böyük bir şərəfdir.

Cənab prezident, icazə verin, bizim prezidentimiz cənab Emil Konstantineskunun hərarətli salamlarını, eyni zamanda onun bu il ərzində Sizi Rumıniyada görmək ümidində olduğunu Sizə çatdıram. Amma Siz sözə başlayanda bizə çox xoş bir xəbər verdiniz.

Heydər Əliyev: Mən bildim ki, siz onu deyəcəksiniz.

Giorgi Prisakaru: Cənab prezident, bu təklifi qəbul etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanın ki, Rumıniya Sizə çox xoş qəbul hazırlayacaqdır. Yeri gəlmişkən deməliyəm ki, Sizin qeyd etdiyiniz beş il bundan əvvəlki səfəriniz zamanı rumın xalqı Sizi doğrudan da hərarətlə və çox dostcasına qəbul etmişdi.

Heydər Əliyev: Doğrudur, mən onu çox böyük minnətdarlıq hissi ilə xatırlayıram.

Giorgi Prisakaru: Cənab prezident, ümumiyyətlə, Siz Rumıniyada çox tanınan bir şəxsiyyətsiniz. Siz Azərbaycan xalqının səadəti və gələcəyi uğrunda nə etmisiniz, nə edirsiniz və nə edəcəksiniz - bütün bunlara görə xalqımız Sizi çox yaxşı tanıyır. Buna görə də Sizi Rumıniyada qarşılamaq, qəbul etmək bizim üçün bir daha böyük şərəf olacaqdır. Əlbəttə, Sizin -Azərbaycan prezidentinin Rumıniya prezidenti ilə görüşməsi də bizim üçün böyük şərəf olacaqdır. Cənab prezident, məsləhət görərdim ki, bir qədər tələsəsiniz. Çünki noyabr ayında Rumıniyada seçkilər olacaqdır.

Heydər Əliyev: Nə seçkiləri?

Giorgi Prisakaru: Həm ümumi seçki, həm də prezident seçkisi olacaqdır.

Heydər Əliyev: Noyabr ayında?

Giorgi Prisakaru: Bəli. Ona görə də biz çox ümid edirik Siz noyabr ayından əvvəl gələcəksiniz.

Heydər Əliyev: Yaxşı ki, bunu dediniz.

Giorgi Prisakaru: Cənab prezident, mən Sizə cənab İon İliyeskunun da ən xoş salamlarını çatdırmaq istəyirəm. O, Rumıniyanın keçmiş prezidenti olmuşdur, 1995-ci ildə Sizi Rumıniyada qarşılamışdı. O, mənim də üzv olduğum partiyanın rəhbəridir. Cənab İliyesku Azərbaycana gəlməymdən xəbər tutanda məndən çox xahiş etdi ki, onun ən xoş və hərarətli salamlarını Sizə çatdırım.

Cənab prezident, Siz çox haqlı olaraq qeyd etdiniz ki, biz Azərbaycana Milli Məclisin dəvəti ilə gəlmişik. Bizim çox maraqlı bir proqramımız oldu. Ümumiyyətlə, bu səfərimizlə, təvazökarlıqla desək, iki ölkə arasında əməkdaşlığın genişlənməsinə kiçik xidmətimizi göstərdik. Əlbəttə, bizim bu səfərimiz ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinə təsir edəcəkdir.

Əlbəttə, çox yaxşı bilirik ki, Rumıniya ilə Azərbaycan arasında münasibətlərin genişlənməsi üçün əsas baza, zəmin dövlət başçılarının bir-birinə, yəni ölkələrə səfərləri ilə qoyulmuşdur.

Lakin bununla belə, fikirləşirik ki, parlamentlər də - onların üzvlərinin hamısını xalq seçmişdir - bu, əlaqələrin inkişaf etməsinə öz kiçik xidmətlərini göstərirlər. Əlbəttə, biz parlament diplomatiyasına, ümumi diplomatiyaya, Sizi apardığınız siyasətə rəqib kimi yox, onu tamalayan bir forma kimi baxırıq.

Bu səfərimiz üçün hazırlanmış proqram - onu Sizin parlamentdəki həmkarlarınız hazırlamışlar - hər iki ölkə arasındakı əlaqələr, münasibətlər haqqında geniş fikir mübadiləsi aparmaq imkanı verir. Bu söhbətlərin, danışıqların, fikir mübadiləsinin nəticəsində biz Sizin ölkənizin müstəqillik qazandıqdan sonra əldə etdiyi gözəl nailiyyətlərlə tanış olduq.

Cənab prezident, mənə bunları bildirmək çox xoşdur ki, Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olmuşdur. Onu da özümüzdə bir daha təsdiq etdik ki, hər iki ölkədə baş verən proseslər, gedən islahatlar bir-birinə çox oxşayır.

Ümumiyyətlə, biz Sizin Avropada tanınmaq, ona yaxınlaşmaq əzminizi yüksək qiymətləndiririk. Rumıniya Avropa ölkəsidir. Demək istəyirəm ki, biz Azərbaycanı Avropa ölkəsi kimi qəbul edirik. Cənab prezident, bu fürsətdən istifadə edərək Sizə bildirmək istəyirəm ki, Rumıniya Azərbaycanın Avropa Şurasına daxil olması prosesində özünün bütün dəstəyini göstərəcəkdir. Biz dünən parlamentin rəhbərləri ilə bu barədə ətraflı söhbətlər apardıq. İndidən Sizi əmin edə bilərəm ki, Avropa Şurasında təmsil olunmuş Rumıniya deputatları orada bütün proseslərdə, yəni Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanı dəstəkləyəcəklər. Bununla belə, Rumıniya həm də Sizin ölkənizin müstəqilliyinin möhkəmləndirilməsi yolunda göstərdiyiniz güclü, qətiyyətli səyləri dəstəkləyir, ölkənizin ərazi bütövlüyünün qorunması üçün göstərdiyiniz səyləri dəstəkləyr və ümumiyyətlə, ölkənizdə tamamilə sabit iqtisadi inkişafa nail olmaq səylərinizi dəstəkləyir.

Cənab prezident, deməliyəm ki, ölkələrimiz arasında siyasi əlaqələr həddindən artıq yüksək səviyyədədir. Əminəm ki, Sizin Buxarestə səfəriniz bu siyasi əlaqələri daha da möhkəmləndirəcəkdir. Əlbəttə, bununla bərabər, həm də iqtisadi əməkdaşlığımıza yeni məzmun verəcəkdir.

Biz hökumət nümayəndə heyəti deyilik. Buna baxmayaraq, Siz də yaxşı blirsiniz ki, iqtisadi əməkdaşlığın səviyyəsi bizim üçün də böyük əhəmiyyət kəsb edir. İkitərəfli iqtisadi əməkdaşlığımızın ümumi həcmi aramızda olan münasibətlərin, yəni siyasi münasibətlərin səviyyəsinə gəlib çata bilmir.

Cənab prezident, icazə versəydiniz, bir neçə məsələ haqqında öz fikrimi bildirərdim. Bu, mənim əlimə düşmüş çox nadir bir imkandır. Ona görə də bu nadir fürsətdən istifadə edərək, bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm.

Birincisi, ümumiyyətlə, bunun ətrafında araşdırmalar apararaq, bu sahədə vəziyyəti qiymətləndirərək Azərbaycanın Rumıniyada səfirliyinin açılması məsələsinə baxmaq lazımdır. Əminəm ki, belə bir hadisə baş verərsə, Azərbaycanın Rumıniyada səfirliyi açılarsa, bu, iki ölkə arasında əlaqələrin müsbət istiqamətdə daha da inkişaf etməsinə və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin inkişafına kömək edəcəkdir.

İkincisi - ümumiyyətlə, neftin ixracı sahəsində əməkdaşlıq etmək məsələsidir. Bilirəm ki, Siz neftin ixracı ilə bağlı qərar qəbul etmisiniz və bu qərar neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac edilməsini nəzərdə tutur. Bizim xahişimiz və arzumuz ondan ibarətdir ki, bəlkə Siz gələcək fəaliyyətinizdə neftin ixracının həm də Konstansa şəhəri vasitəsilə realizə edilməsini nəzərdə tutasınız. Siz bir dəfə belə bir ifadə işlətmisiniz ki, hamı üçün neft olacaqdır. Elə ona görə də belə qərara gəldik ki, həm Bak-Tbilisi-Ceyhan kəməri üçün neft olacaq, həm də Konstansa vasitəsilə neft ixrac etmək mümkün olacaqdır.

Dostum cənab səfir mənə deyir ki, söhbət zamanı azərbaycanlı professor, mütəxəssis ona demişdir ki, təxminən 2004-cü ildə Azərbaycan Qərbə il ərzində 100 milyon ton neft ixrac edə biləcəkdir.

Heydər Əliyev: 100 milyon ton?

Giorgi Prisakaru: Bir qədər dəqiqləşdirim ki, yəni 100 milyon ton neft bu regiondan Azərbaycan vasitəsilə keçə biləcəkdir. Əlbəttə, burada Azərbaycan nefti əsas olacaqdır. Cənab prezident, ümid edirəm ki, bu neftdən bir hissə də Konstansanın payına düşə bilər. Çünki Rumıniya üçün iki yol vardır: Konstansadan Dunay çayı ilə yuxarıya və oradan da Şimal dənizinə gedən boru xətti. Bu yolun uzunluğu 1700 kilometrdir. Başqa bir boru kəməri də var ki, o da Triyest şəhərinə qədər gedir. Əminəm ki, belə bir layihənin həyata keçirilməsi ölkələrimiz arasındakı münasibətlərin son dərəcə inkişaf etməsinə çox təsir göstərəcəkdir.

Cənab prezident, nəhayət, üçüncüsü ondan ibarətdir ki, hər iki ölkənin neft sahəsində müəyyən ənənələrə malik olduğu bütün dünyaya məlumdur. İnsanlar, nümayəndələr var ki, Rumıniyaya birinci dəfə gəldilər və Rumıniyada neft qruplarını gördülər. Mən isə onları birinci dəfə Xəzər dənizində gördüm. Yəqin Siz yaxşı bilirsiniz və məlumdur ki, Rumıniyanın həm neft avadanlığı ilə bağlı çox böyük imkanları və həm də mütəxəssisləri vardır.

Əlbəttə, biz bu nöqteyi-nəzərdən Azərbaycan Neft Akademiyası ilə Rumıniyanın Ployeşti Neft Universiteti arasındakı olan əməkdaşlığı alqışlayırıq. Mənə belə gəlir ki, bizim bu sahədə çox səmərəli əməkdaşlığımız ola bilər. Ümumiyyətlə, Sizi əmin edirəm ki, Rumıniya Azərbaycan üçün Avropaya daxil olmağa bir qapı ola bilər.

Cənab prezident, bütün bunlarla bərabər, Sizin dəstəyinizə ümid bəsləyərək, münasibətlərimizin inkişafı barəsində özümü nikbin hesab edirəm.

Heydər Əliyev: Mən təşəkkür edirəm ki, prezident cənab Konstantinesku sizin vasitənizlə mənə salam göndəribdir. Xahiş edirəm, mənim də salamlarımı, ən xoş arzularımı prezident cənab Konstantineskuya çatdırasınız. Mən məmnunam ki, bizim aramızda çox yaxşı münasibətlər yaranıbdır. Biz beynəlxalq təşkilatların toplantılarında tez-tez mehribancasına, dostcasına görüşürük, söhbət edirik. Bir daha deyirəm, mən sizin prezidentin dəvətini qəbul etmişəm, yaxşı ki, onun vaxtını mənə anlatdınız. Mən çalışacağam ki, sizin ölkədə seçkilər olana qədər bu səfəri mütləq həyata keçirim.

Keçmiş prezident cənab İon İliyeskudan gətirdiyiniz salamlar da məni çox sevindirdi. Bizim onunla çox yaxşı dostluğumuz və əməkdaşlığımız olubdur. Məlumdur ki, Çauşesku hakimiyyəti yıxılandan Rumıniyada mövcud olan ağır, çətin bir zamanda İon İliyesku çox böyük xidmətlər göstərmişdir. Biz beynəlxalq təşkilatların toplantılarında onunla da çox görüşmüşük. Mən onun dəvəti ilə Rumıniyaya ilk dəfə rəsmi səfərdə olmuşam. Mənim dəvətimlə isə o, Azərbaycana rəsmi səfərə gəlmişdi. Xahiş edirəm, mənim salamlarımı və ən xoş arzularımı ona çatdırasınız. Çatdırın ki, o, ürəyi istədiyi vaxt Azərbaycanda mənim qonağım ola bilər.

Siz bir neçə məsələyə toxundunuz. Rumıniyada Azərbaycan səfirliyinin açılması çox zəruridir. Biz bunu istəyirik. Prezident cənab Emil Konstantinesku ilə bizim bu barədə söhbətimiz olubdur ki, Rumıniya Azərbaycanda, Azərbaycan isə Rumıniyada səfirlik açsın. Rumıniya bu vəzifəni yerinə yetirir və bu ölkənin səfiri artıq bir neçə aydır ki, Azərbaycandadır. Biz də çalışacağıq ki, Rumıniyada səfirliyimiz açılsın. Əlbəttə, Azərbaycan Rumıniyaya nisbətən kiçik bir ölkədir. Ölkəmizin iqtisadi imkanları da hələ məhduddur.

Siz Bakıda Azərbaycanın bir tərəfini görürsünüz, amma ikinci tərəfini görmürsünüz. O da ondan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan çox vətəndaşımız işğal olunmuş torpaqlardan zorla çıxarılıbdır. Onlar yeddi-səkkiz ildir ki, çadırlarda yaşayırlar.

Biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Ancaq təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə buna nail ola bilmirik. Mən yaxşı bilirəm ki, Rumıniya Azərbaycanın müstəqlliyini tanıyan ilk ölkələrdən biridir. Sizin bəyanatınız da bizim üçün əhəmiyyətlidir ki, Rumıniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, təkcə Azərbaycan üçün yox, hər bir ölkə üçün, Rumıniya üçün də lazımdır. Biz də Rumıniyanın ərazi bütövlüyünü dəstəkləyirik.

Məlumdur ki, sizin ölkədə də macar azlıqları tərəfindən bəzi problemlər olmuşdu. Mən çox şadam ki, siz bu problemi sülh yolu ilə həll etmisiniz.

Giorgi Prisakaru: Biz ikitərəfli bir saziş bağlamışıq.

Heydər Əliyev: Bilirəm, cənab Konstantinesku mənə bu barədə danışıbdır. Görürsünüz, siz saziş bağlamısınız, amma bizdə 12 il bundan öncə müharibə başlayıbdır, indi də qurtara bilmirik.

Bəyanatınıza görə mən sizə bir daha təşəkkür edirəm. Ümid edirəm ki, siz bundan sonra da bu mövqedə dayanacaqsınız.

Azərbaycan Avropa ölkəsidir. Birincisi, ona görə ki, biz Avropa qitəsindəyik. İkincisi, ona görə ki, Avropa dəyərləri artıq Azərbaycanın həyatında çox böyük kök salıbdır. Azərbaycanda öz milli-mənəvi dəyərlərimizlə bərabər, Avropa dəyərləri də mənimsənilir, qavranılır. İndi Azərbaycan demokratiya, iqtisadi islahatlar, bazar iqtisadiyyatı yolu ilə gedərək özünün ümumbəşəri dəyərlərə və xüsusən Avropa dəyərlərinə sadiq olduğunu bir daha göstərir. Ona görə də biz Avropa Şurasına daxil olmaq istəyirik.

İndi Azərbaycanda elələri var, deyirlər ki, bu Avropa Şurası bizə nəyə lazımdır? Çünki Avropa Şurasında Azərbaycana bal paylamırlar, əksinə, çox dəyərli tələblər irəli sürürlər. Amma biz özümüzü Avropadan ayıra bilmərik.

Mən təşəkkür edirəm, siz bəyanat verdiniz ki, bu ayın 28-də Avropa Şurasının Parlament Assambleyasında Avropa Şurasına qəbul olunması məsələsi müzakirə ediləcəkdir. Bəyanatınızı qəbul edərək, mən belə düşünürəm ki, sizin ölkənin orada olan deputatları Azərbaycana səs verəcəklər.

Siz neft məsələsinə də toxundunuz. Konstansa haqqında danışdınız. Birincisi, mən bildirdim, - biz burada böyük İpək yolunun bərpası və Avropa Birliyinin TRASEKA proqramının həyata keçirilməsi ilə məşğuluq. Rumıniya və xüsusən, onun böyük liman şəhəri olan Konstansa İpək yolunun bərpasında çox mühüm rol oynayır. Ona görə də bizim bu sahədə əməkdaşlığımızın böyük gələcəyi var. Siz doğru dediniz ki, Dunay çayı ilə Avropanın şimal nöqtəsinə qədər bu yolu davam etdirmək olar.

Mən bir neçə il bundan öncə Almaniyada səfərdə olduğum zaman federal kansler Helmut Kol ilə danışıq apararkən istəyirdim ona da bu məsələni bildirəm ki, Azərbaycandan, Gürcüstandan, Qara dənizdən, Konstansadan, sonra isə Dunay çayı ilə gəlib Almaniyadan daha şimala keçib getmək olar. Keçmişdə, bir neçə əsr bundan öncə Qərblə Şərq arasında ticarət əlaqələrində bu yoldan istifadə edilibdir.

Konkret neft məsələsinə gəldikdə isə, mən demişəm və yenə də deyirəm, - Azərbaycanda neft çoxdur və çox olacaqdır. Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına hələ indi başlayırıq. Biz keçən ilin aprel ayında Bakı-Supsa neft kəmərini istifadəyə verdik. Bakı nefti ilə doldurulmuş tankerlər oradan bir sıra ölkələrə gedir, bu il daha da çox gedəcəkdir. Ona görə də, yenə də deyirəm, bu işdə Konstansa limanından istifadə etmək mümkündür. Bakı-Supsa kəməri gələcəkdə daha da genişlənəcəkdir.

Azərbaycan kimi, Rumıniya da qədim neft ölkəsidir. Siz Ployeşti Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında əlaqələrə toxundunuz. Mənim yaxşı xatirimdədir, İkinci Dünya müharibəsindən sonra Sovetlər İttifaqı ilə Rumıniya arasında o vaxt dostluq əlaqələri var idi. Təxminən 1940-cı illərin axırında, 1950-ci illərin əvvəlində Azərbaycanın çoxsaylı mütəxəssisləri gedib bir neçə il Ployeştidə neft mədənlərində işləmişdilər. Bunlar da bizim ölkələrimiz arasındakı keçmiş əlaqələri göstərir.

Vaxtilə Piteşti və Sumqayıt şəhərləri arasında çox sıx əlaqələr qurulmuşdu. Sizin Piteşti şəhəriniz kimya şəhəridir, Azərbaycanda da Sumqayıt kimya şəhəridir. Yenə də deyirəm, vaxtilə bu şəhərlər arasında sıx əlaqələr yaranmışdı və mən bütün bunların iştirakçısı olmuşam.

Beləliklə, hesab edirəm ki, bütün sahələrdə, xüsusən neft sahəsində bizim əlaqələrimiz inkişaf etməlidir. Biz öz tərəfimizdən bunun üçün tədbirlər görəcəyik. Baxaq, görək, bəlkə də mənim Ruminiyaya rəsmi səfərimə qədər hansısa bir konkret məsələni həll etmək mümkün oldu.

Mən bilirəm, Konstansa-Triyest neft kəməri vardır. Bu neft kəmərindən istifadə olunması məsələsini məhz İtaliyanın Azərbaycanda geniş fəaliyyət göstərən "ENİ-ACİP" şirkəti irəli sürübdür. Onlar neftin Triyestdən İtaliyaya gətirilməsini nəzərdə tutublar. Görürsünüz, bütün variantlar mənə məlumdur. Biz bunların hər biri haqqında düşünürük.

Mən bir daha çox məmnunam ki, siz gəldiniz, görüşdük. Yenə də təkrar edirəm ki, Azərbaycan ilə Rumıniya arasında sıx dostluq və əməkdaşlıq mövcuddur. Ölkələrimizin parlamentləri də bu əlaqələrin inkişaf etdirilməsinə öz xidmətlərini göstərməlidirlər. Təşəkkür edirəm ki, siz bunu edirsiniz.

Giorgi Prisakaru: Cənab prezident, biz bilirik ki, vaxtınız çox azdır. Biz bundan sui-istifadə etmək istəmirik. Mən bizə vaxt ayırdığınıza və dediyiniz sözlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən onu da təsdiq etmək istəyirəm ki, bizim xalqlarımız öz problemlərinə, həyatlarında baş vermiş ictimai-siyasi proseslərə, hətta təfəkkür tərzinə görə də bir-birinə oxşayırlar. Rumıniya Avropa Şurasına daxil olmaq istəyəndə bizdə də deyənlər olub ki, Avropa Şurası bizə lazımdır, yoxsa yox? Mən Sizinlə tam razıyam ki, "Avropa" deyəndə dəyərlər məcmusu nəzərdə tutulmalıdır. Çünki indi proseslər elə xarakter almışdır ki, hazırda dünyada təcrid olunmuş şəkildə yaşamaq mümkün deyildir. Buna görə də biz bir dəyərlər sistemində birləşməliyik və yaşamalıyıq.

Cənab prezident, mən Sizə dərin minnətdarlığımı bildirirəm və Sizi Rumıniyada gözləyirik.

Cənab prezident, icazə verin, mən Rumıniyanın həyatı əks olunmuş bu fotoalbomu Sizə təqdim edim. Siz Rumıniyanı çox yaxşı tanıyıbsınız. Bu fotoalbom Rumıniyada gördüyünüz yerlərin bəzilərini Sizə bir daha xatırladacaqdır.

Heydər Əliyev: Çox sağ olun.


"Azərbaycan" qəzeti, 15 iyun 2000-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa