Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Türkiyənin daxili işlər naziri Abdukadir Aksunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 8 iyul 2003-cü il


Heydər Əliyev: Hörmətli nazir, Azərbaycana xoş gəlmisiniz. Mən çox məmnunam. Bizim ölkələrimiz bir-biri ilə dostdur, strateji əməkdaşlıq əlaqələri saxlayır. Ona görə təbii ki, ölkənin rəhbərləri, prezidentləri ilə yanaşı, baş naziri nazirlər və başqa təşkilat rəhbərləri də gərək bir-biri ilə yaxın olsunlar və bir-birinə yardım etsinlər, bir-birinə təcrübəsini öyrətsinlər. Bu barədə Türkiyə bizim üçün birinci, əsas yeri tutur. Mən çox məmnunam ki, Daxili İşlər Nazirliyi sistemində də belə bir ənənə yaranıbdır. Bizim nazirlər, Türkiyənin naziri, Azərbaycanın naziri vaxtaşırı görüşürlər, məsələləri müzakirə edirlər və bu da çox yaxşı nəticələr verir. Ona görə mən məmnunam ki, siz bu səfəri etmisiniz. Buyurun.

Abdulkadir Aksu: Hörmətli cümhur başkanım, əvvəlcə bizi qəbul etdiyiniz üçün öz adımdan və nümayəndə heyətinin adından dərin hörmət və ehtiramımızı bildiririk. Mən cümhur baskanı Əhməd Necdət Sezərin, baş nazir Rəcəb Tayyıb Ərdoğanın xüsusi salamlarını Sizə çatdırıram.

Heydər Əliyev: Çox sağ olsunlar.

Abdulkadir Aksu: Mən Sizi sağlam və gümrah görməkdən böyük məmnunluq duyduğumu da bildirmək istəyirəm. Səmimi sözümdür ki, Azərbaycana hər dəfə gələndə inkişaf görürəm. Ötən səfərim təqribən 6 ay

bundan əvvəl idi. İndiki baş nazirimiz ilə birlikdə gəlmişdik və bizi qəbul etmişdiniz. O vaxtdan bu zamanadək Bakıda, Azərbaycanda böyük dəyişikliklər gördüm. Zati-alinizin öndərliyi, rəhbərliyi altında doğrudan da Azərbaycanda gözlə görünən bir şəkildə dəyişiklik, gözəllik, yenilik diqqətə çarpmaqdadır. Buna görə də təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Çox sağ olun.

Abdulkadir Aksu: Mən buraya çox dəyərli həmkarım Ramil Usubovun dəvəti ilə ölkələrimiz arasında mövcud olan işbirliyini müzakirə etmək üçün gəlmişəm. Bizə böyük qonaqpərvərlik göstərdilər. Mən Sizin qarşınızda təşəkkür edirəm və bunu alqışlayıram. Doğrudan da keçən dəfə mən Azərbaycana gələndə tanımaq imkanım az olmuşdu. İndi bir yerdə çox olduq, tanıdım. Çox dəyərli, dəyanətli, bir çox üstün xüsusiyyətlərə sahib bir həmkarım vardır. Sizin hüzurunuzda onu təbrik edirəm.

Aramızda mövcud işbirliyi müqaviləsi və 2002-ci ildə Trabzonda Sizin, - Azərbaycanın, Türkiyənin, Gürcüstanın dövlət başçılarının iştirakı ilə imzaladığımız müqavilə ölkələrimiz arasında terrorla mübarizədə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayətkar dəstələrə qarşı mübarizədə önəmli bir hüquqi zəmin yaratmışdır. İndi biz həmin hüquqi zəmin üzərində fəaliyyətimizi birlikdə davam etdiririk və əlaqələrimizi daha da irəliyə aparmaq istəyirik. Çünki artıq bu gün bütün dünya bunu gördü və qəbul etdi ki, terrorizmlə mücadilədə mütləq beynəlxalq işbirliyinə ehtiyac vardır. Narkomaniyaya, cinayətkar dəstələrə qarşı, qaçaqçılıqla mübarizədə mütləq beynəlxalq işbirliyinə ehtiyac vardır.

Təbii, son zamanlar insan oğurluğu meydana çıxmışdır. Biz bu məsələ üzərində ciddi durmuşuq və bununla bağlı cəza qanunlarımızda dəyişiklik etdik. İnsan oğurluğu ilə bağlı ayrı-ayrı maddələr yazdıq. Bu sahədə qonşu, dost ölkələrlə də anlaşmalar imzaladıq. Azərbaycanla bu sahədə razılıq əldə etmək üçün bir ay bundan əvvəl xarici işlər nazirimiz Azərbaycanın xarici işlər nazirinə bir məktub çatdırmışdır. Bu, iki ölkəyə insan oğurluğu ilə bağlı birlikdə çox ciddi mücadilə aparmaq və tədbirlər görmək imkanı qazandıracaqdır. Hazırda əlaqələrimiz yaxşı zəmində davam edir. Bugünkü görüşümüzdə hər sahədə müzakirə açıldı, sadaladığım məsələlər barədə fikir mübadiləsi aparıldı və nəticədə protokol imzalandı. Ümid edirik ki, dost və qardaş Azərbaycanla sadəcə, təhlükəsizlik sahəsində deyil, iqtisadi, sosial, mədəni sahələrdə də əlaqələrimiz çox yaxşı səviyyəyə çatsın. Biz də buna çalışırıq.

Hörmətli cümhur başqanım, bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Çox sağ olun.

Beynəlxalq terrorizmlə mübarizə indi dünya, bəşəriyyət üçün çox vacib və aktual vəzifələrdən biridir. Çünki indi elə bir vəziyyət alınıb ki, o ölkə yoxdur ki, ora terrorizm sirayət etməsin, ora ayaq açmasın. Məsələn, beş-altı il bundan əvvəlki dövrü götürək, biz belə bir mənzərəni görmürdük.

Amma ABŞ-da 11 sentyabr hadisələrindən sonra və ondan sonra bir neçə çox böyük terror hadisələrindən sonra dünya, bəşəriyyət artıq inandı ki, beynəlxalq terrorizm nəinki ayrı-ayrı ölkələr üçün, bütün dünya, bəşəriyyət üçün çox böyük təhlükədir. Əgər bunun qarşısı alınmasa, lazımi tədbirlər görülməsə, bunlar genişlənəcəkdir.

Məsələn, bilirsiniz ki, bu günlərdə Moskvada iki nəfər qadın özünü öldürdü, onlarla bərabər 15 nəfər öldü, 60 nəfərə qədər adam da yaralandı. Bunlar özlərini ölümə verən insanlardır. Bu, adi məqsəd üçün deyil. Bu, müəyyən terrorçu qrupların həyata keçirdiyi tədbirlərdir. Bunun məqsədi də aydındır. Təkcə bu deyil. Elə bu dövrdə televiziyada baxırsan, məlumat alırsan, iki, üç gündən bir orada partlayış, burada terror, orada adam öldürdülər, dəhşətli bir mənzərə yaranıbdır. Biz Azərbaycan olaraq bütün bu hərəkətlərə qarşı mübarizəni aparmışıq və aparacağıq. Məsələn, bilirsiniz, biz Amerikanın yaratdığı antiterror koalisiyasına qoşulduq. Bu koalisiyada lazımi xidmətlərimizi göstərdik və bundan sonra da İraq məsələsi ilə əlaqədar göstərəcəyik. Amma təkcə İraq məsələsi deyil, bu-rada başqa məsələlər də var. Yəni bizim ölkə terror üçün mümkün olan bir yerdir. Çünki bizim Cənubda da kim var bilirsiniz, başqa yerlərdə kim var, bilirsiniz. Azərbaycanın geniş əlaqələri olubdur. Ona görə biz bu hərəkata qoşulmuşuq. Bu barədə sizinlə bizim hələ təqribən iki il bundan öncə Trabzonda imzaladığımız müqavilə var - biz iştirak edirdik, siz imzaladınız.

Ramil Usubov (Azərbaycanın daxili işlər naziri): Bəli, cənab prezident, biz ikimiz imzaladıq.

Heydər Əliyev: Orada biz, üç prezidentin - Türkiyə, Gürcüstan, Azərbaycan prezidentlərinin iştirakı ilə terrorizm əleyhinə müqavilə imzalandı. Demək, biz hələ o vaxt bu hadisəni başqalarından daha da yaxşı görürdük. Ona görə də o vaxt belə bir müqavilə imzaladıq. Bundan sonra da biz Türkiyə ilə daim əlaqədəyik və məsləhətləşmək, bəzi məsələlərdə birgə hərəkət etmək, başqa məsələlər bizim üzərimizə düşübdür. Gərək biz xalqlarımızı, ölkələrimizi qoruyaq.

Siz bu barədə dediniz ki, protokol hazırlamısınız?

Ramil Usubov: Cənab prezident, o zaman Trabzonda Sizin verdiyiniz tapşırıqla bağlı müqavilə imzaladıq. İndi onun icrası ilə əlaqədar müzakirələr apardıq və görüş protokolu imzaladıq.

Heydər Əliyev: Lap yaxşı.

Abdulkadir Aksu: Hörmətli cümhur başqanım, imzalanmış müqavilədə göstərilən məsələləri müzakirə etdik və protokol imzaladıq.

Heydər Əliyev: Bəli, biz bir yerdə hərəkət edəcəyik.

Türkiyənin də problemləri çoxdur, olduqca çoxdur. Terrorizm Türkiyəni neçə illərdi, on illərdi çox pis vəziyyətə saldı. Orada daim müharibə gedir, insanlar şəhid olur. Nə üçün? Ölkəni qorumaq üçün, xalqı qorumaq üçün. İndi İraq məsələsi ilə əlaqədar təbiidir ki, Türkiyəyə qarşı terror hərəkətləri daha da artmış olar. Ona görə biz bunu nəzərə alırıq və bizim ölkəmizə Türkiyə ilə əlaqədar hansı bir məlumat gəlirsə, o məlumat sizin tərəfə verilir.

"Azərbaycan" qəzeti, 9 iyul 2003-cü il.