Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasına rəsmi səfərə gələrkən qarşılanma mərasimində mətbuat üçün bəyanatı - İstanbul, "Çankaya köşkü" 5 may 1997-ci il


Hörmətli cənab prezident, əziz dostum, qardaşım Süleyman Dəmirəl!

Hörmətli dostlar, qardaşlar!

Sizə Azərbaycan xalqından, Azərbaycan Respublikasından ən səmimi salamları və xoş arzuları çatdırıram.

Əziz dostum cənab Süleyman Dəmirəlin dəvəti ilə Türkiyə Cümhuriyyətinə rəsmi səfər etmək imkanı əldə etdiyimə görə çox məmnunam və Türkiyə torpağına gəldiyimə çox sevinirəm. Türkiyə bizim dost, qardaş ölkəmizdir. Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin ən dərin kökləri var. Bizim keçmiş əlaqələrimiz və son illərdə sürətlə inkişaf edən əlaqələrimiz indi Türkiyə-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldırıbdır. Azərbaycan bundan çox məmnunluq duyur. Azərbaycan xalqı, respublikamızın bütün vətəndaşları Türkiyə Cümhuriyyətinə, Türkiyə xalqına öz qardaş ölkəsi kimi daim sevgi, məhəbbət hisslərini bildirirlər.

Biz son illər tez-tez görüşürük. Ancaq hesab edirəm ki, bu rəsmi səfər, görüşlər zamanı əldə etdiyimiz nailiyyətlər əsasında Türkiyə-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq imkanına malik olacağıq. Hesab edirəm ki, bütün sahələrdə əməkdaşlığımızı genişləndırmək və dərinləşdirmək üçün imkanlarımız var. Bir müstəqil dövlət olaraq Azərbaycan Respublikası buna çox böyük ehtiyac duyur.

Bu günlərdəki görüşlərimiz zamanı mən bu sahələrdə danışıqlar aparmaq istəyirəm. Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında sənədin imzalanması da indiyədək əlaqələrimizin inkişafı yolunda atdığımız addımların ən dəyərlisi olacaqdır.

Azərbaycanın ən böyük dərdi - Ermənistan tərəfindən Azərbaycana edilmiş təcavüz və bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunması, işğal edilmiş ərazilərdən bir milyondan artıq Azərbaycan vətəndaşının didərgin düşməsidir. Biz bu məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Ermənistanın Azərbaycana təcavüzü başlanandan indiyə qədər Türkiyə bu məsələdə həmişə Azərbaycanla bir olubdur, biz Türkiyənin dəstəyini, yardımını hiss etmişik.

Güman edirəm ki, bu səfər günlərində də Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin keçən ilin dekabrında ATƏT-in Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sülh yolu ilə həll edilməsi sahəsində də danışıqlar aparıb məsələnin həlli üçün səylər göstərəcəyik.

Bir daha qeyd edirəm ki, Türkiyə bizim üçün dost, qardaş ölkədir. Biz - mən və mənimlə bərabər buraya gələnlər özümüzü öz məmləkətimizdə hiss edirik. Buraya ayaq basdığımız andan indiyədək bizə göstərilən hörmət və ehtirama, çox dostcasına, hərarətli münasibətə görə də həm sevinir, həm də təşəkkür edirik.

Əziz dostum, hörmətli prezident Süleyman Dəmirəl, dəvətinizə görə Sizə bir daha təşəkkür edir və ümidvar olduğumuzu bildirmək istəyirəm ki, bizim görüşlərimiz ölkələrimiz, xalqlarımız arasında olan əlaqələri daha da yüksəklərə qaldıracaqdır. Təşəkkür edirəm.

Türk dünyasının görkəmli xadimi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etdikdən sonra fəxri qonaqlar üçün xatirə kitabına ürək sözləri:

"Bu müqəddəs yeri, Türkiyə Cümhuriyyətinin banisi böyük Mustafa Kamal Atatürkün məzarını yenidən ziyarət edərkən onun ruhu qarşısında baş əyirəm. Onun ölməz xatirəsinə, bəşər tarixindəki xidmətlərinə dərin hörmət və ehtiramımı bildirirəm. Azərbaycan xalqı böyük Atatürkün xatirəsini qəlbində yaşadır, daim yaşadacaqdır. Allah rəhmət eləsin".

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.