Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikası Prezidentinin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi və İran Xarici işlər nazirliyinin MDB ölkələri üzrə Baş idarəsinin rəisi Mehdi Səfərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 11 dekabr 2001-ci il


Heydər Əliyev: Cənab Səfəri, xoş gəlmisiniz, səfa gətirmisiniz. Mən çox məmnunam ki, siz İranın Xarici işlər nazirliyində yeni vəzifəyə təyin olunandan sonra bir neçə yaxın ölkəni, o cümlədən də Azərbaycanı ziyarət edirsiniz. Bir neçə gün bundan öncə mən İran İslam Respublikasının səfiri ağayi Qəzaini qəbul etmişdim. Biz ətraflı danışdıq. O mənə söylədi ki, siz təcrübli bir diplomat kimi, orada mühüm vəzifə tutaraq, ümumiyyətlə, İranın xarici siyasətində daha fəal bir hərəkət yaradacaqsınız, o cümlədən İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün səylər göstərəcəksiniz. Biz bunu istəyirik. Mən dəfələrlə demişəm ki, İran bizim ən yaxın qonşumuzdur, dostumuzdur. Bizim qədim tarixə malik əlaqələrimiz var. İran qardaş ölkədir, onun xalqı qardaş xalqdır. Ona gorə də İranın Azərbaycanla münasibətləri və eləcə də bizim İranla münasibətlərimiz başqa ölkələrlə münasibətlərə nisbətən daha üstun olmalıdır. Başqa cür ola bilməz. Biz bu istiqamətdə çalışırıq. İndiyə qədər müəyyən nailiyyətlərimiz var. Ancaq hələ həll olunmamış məsələlər də var. Mən arzu edirəm ki, birlikdə əl-ələ verib, müştərək olaraq bu məsələləri də həll edək, bizim münasibətlərimiz daha da yüksək səviyyəyə qalxsın. Buyurun.

Mehdi Səfəri: Bismillahir-rəhmanir-rəhim. Cənab Prezident, məni qəbul etdiyinizə görə, əvvəlcə Sizə öz təşəkkürümü bildirirəm. Mən Sizin səmimi qonaqpərvərliyinizə və eləcə də dünəndən qulluğunda olduğum cənab Xələfova qonaqpərvərliyinə görə minnətdarlığımı bildirirəm.

Mən buraya gəlməzdən əvvəl cənab doktor Xatəmi ilə görüşdum, onun Sizə çox hərarətli salamları var. Sizi İranda çox səbirsizliklə gözləyirlər. İran İslam Respublikasının məsul şəxsləri Azərbaycanla münasibətlərə xüsusi diqqətlə yanaşırlar. İran İslam Respublikası Azərbaycanla yaxşı olan münasibətlərini daha da yüskək səviyyəyə çatdırmağa çalışır. Mən şəxsən bu fikirdəyəm ki, İran-Azərbaycan munasibətləri strateji səviyyədədir və biz onu gündən-günə daha da möhkəmləndirməyə çalışmalı idik. Sizinlə görüşdən əvvəl mən cənab Baş nazir və Xarici işlər naziri ilə, cənab Xələfovla çox faydalı danışıqlar apardım. Xüsusilə də iki ölkə arasında olan bir sıra layihələr barədə söhbət getdi. Onların icra olunması haqqında razılıq əldə edildi. Bakl-Astara şose yolu ilə əlaqədar tezliklə ekspertlər qrupunun Bakıya gəlməsi qərara alındı. Sizin də dəfələrlə dediyiniz kimi, Şimal-Cənub dəhlizi layihəsinin reallaşmasında bu yol çox səmərəli rola malikdir. İran depozitor ölkə olduğuna görə, cənab Baş nazir Şimal-Cənub dəhlizinə qoşulmaq barədə xahişi hazırlayıb İrana göndərdiyini bildirdi. Mən də öz növbəmdə bildirdim ki, məsələyə müsbət yanaşmaqla onu araşdıracağıq. Mən iqtisadi sahədə və iki ölkə arasında mövcud olan iqtisadi layihələrə əsasən irəliyə doğru addım ata biləcəyimə ümidvaram. Mən Sizin vaxtınızı bundan artıq almaq istəmirəm. Yəqin ki, söhbət apardığım hörmətli şəxslər müzakirələrin təfsilatı barədə Sizə məlumat verəcələr. Sizin Səfərinizlə əlaqədar ilkin nümayəndə heyətinin Tehrana gəlməsi qərara alındı. Mən onu deməyi unutdum ki, cənab Xatəmi Sizi hətta mübarək ramazan ayında da Tehranda görməyə, qarşılamağa hazır olduğunu bildirmişdir.

Siz mənim bir neçə başqa ölkəyə səfərlərimə də toxundunuz. Əlbəttə, mən Səfərimə Bakıdan başlamağa çalışırdım. Lakin bir sıra məsələlərə görə bu alınmadı. Əlbəttə, bu məsələlərlə cənab Qəzai daha yaxından məşğul olurdu. Bununla belə, Sizinlə görüşumdən çox şadam. Təşəkkür edirəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Əvvəla, prezident cənab Xatəminin mənə göndərdiyi salama görə təşəkkürumu bildirirəm və xahiş edirəm mənim qardaşlıq salamımı, hörmət və ehtiramımı prezident cənab Xatəmiyə çatdırasınız. Sizin bu Səfərinizi bir daha çox əhəmiyyətli hesab edirəm. Bilirəm, mənə məruzə ediblər ki, Siz bu gun artıq çox səmərəli görüşlər keçirmisiniz, danışıqlar aparmısınız. Baş nazir bu barədə mənə geniş məlumat veribdir. Bir neçə məsələlər vardır ki, bunlar daim bizim gündəliyimizdədir. Bu barədə biz dəfələrlə danışmışıq. Səfir ağayi Qəzai ilə son dəfə görüşümüzdə ətraflı söhbət etmişik. Bilirsiniz ki, Azərbaycan-İran müştərək iqtisadi komissiyamız var. Bu komissiyanın sədri bizim İqtisadi inkişaf naziridir. Mən ağayi Qəzai ilə görüşəndən sonra İqtisadi inkişaf nazirini qəbul etdim və ona İranla əlaqədar bu işlərin daha da surətlə aparılması haqqında göstərişlər verdim. O, iki-uç günluyə xaricə gedibdir, gələcəkdir. Biz danışa bilərik ki, bizim komissiya sizinlə razılaşdığı vaxtda İrana səfər etsin və bu çərçivədə olan məsələlər müzakirə edilsin. Hesab edirəm ki, əgər qarşılıqlı razılıq olsa, həmin məsələlərin bir çoxunu irəli aparmaq olar.

Bəzi məsələlər var ki, Ermənistan tərəfindən işğal olunmuş bizim torpaqlarımızla əlaqədardır. Əlbəttə ki, onları indi biz həll edə bilmərik. Amma digər çox məsələlər vardır ki, onları biz həll edə bilərik. Şimal-Cənub dəhlizi layihəsi haqqında da biz danışıqlar aparmışıq. Son dəfə mən bu barədə ağayi Qəzai ilə danışmışam. Mən vaxtilə hətta anlaya bilmədim ki, necə Şimal-Cənub layihəsi ola bilər ki, Azərbaycan burada iştirak edə bilməsin. Mən bir dəfə demişəm, bir də təkrar edirəm: Bu layihə haqqında biz ilk dəfə Rusiyanın Yollar nazirindən eşitdik, buraya gəlmişdi, o bizə məlumat verdi. Sonra mən araşdırdım, bir az da narazı oldum ki, Azərbaycanı “oyundankənar” vəziyyətdə qoyublar. Amma coğrafiya belədir ki, Azərbaycan “oyundankənar” vəziyyətdə qala bilməz. Hər şeyi dəyişdirmək olar, amma coğrafiyanı dəyişdirmək mümkün deyildir. Ona görə də mən sizə bir də bəyan edirəm ki, bu layihəni dəstəkləyirik və bu sahədə əməkdaşlıq etməyə hazırıq. Güman edirəm ki, məhz Azərbaycanın burada iştirakı layihənin daha da real, daha da səmərəli olmasını təmin edəcəkdir. Rusiya, İran, Hindistan və Oman dövlətləri bunu imzalayıblar. Oman bizim bölgədən çox uzaqdadır.

Mehdi Səfəri: Oman dövləti hələlik imzalamayıbdır.

Heydər Əliyev: İmzalamayıbdır? Üç dövlət imzalayıbdır? Rusiya, İran və Hindistan. Gərək orada Azərbaycan da olsun. Ona görə də biz hazırıq və mən bu barədə Baş nazirə göstəriş vermişəm. Bakı-Astara yolu haqqında da biz ağayi Qəzai ilə danışdıq. Bu layihə bizi çox maraqlandırır. Butun başqa məsələlər də. Mənim Tehrana gəlməyim, təbiidir ki, çox vacibdir. Onun müəyyən qədər təxirə salınmasının səbəbləri məlumdur, bunu təkrar etməyə ehtiyac yoxdur. Ağayi Qəzai ötən dəfə mənə dedi ki, Tehranda hazırdırlar. Gözləyirlər ki, bizim nümayəndələr gəlsinlər, sənədlərin özərində birlikdə işləyib onları hazırlasınlar. Ağayi Qəzai dedi ki, dekabrın 22-də bizim nümayəndələr İrana gedəcəklər.

Xələf Xələfov: Cənab Prezident, dekabrın 18.19-da Xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı ilə konfrans keçiriləcəkdir. Moskvadan qayıtdıqdan sonra biz İrana gedəcəyik.

Heydər Əliyev: İndi baxarıq. Ya o konfransa gələn zaman, yaxud da ondan sonra mən bizim numayəndələri Tehrana göndərəcəyəm. Xələfov, mən sənə tapşırıq verirmə, ikinci dəfə bunu sənə deməyəcəyəm. Oraya gedərsiniz, birincisi, İranla Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqaviləni - hansını ki, biz 1994-cü ildə imzalamışıq, - yenidən hazırlayın, mən istəyirəm ki, yenisi olsun. Əgər yeni müqavilə olmasını istəmirsinizsə, - bu sizin öz işinizdir- siyasi bəyannamə olsun. Yəqin ki, iqtisadi sənədlər hazırdır, elədirmi?

Xələf Xələfov: İqtisadi sənədlərin əksəriyyəti hazırdır.

Heydər Əliyev: Bu iki sənəd də hazır olan kimi danışırıq, razılaşırıq. Sizin üçün və mənim üçün hansı gün məqbuldursa, mən Tehrana gəlirəm. Orada görüşuruk, danışırıq, dostluğumuzu daha da yüskəklərə qaldırırıq və sənədləri də imzalayırıq.

Mehdi Səfəri: Mütləq belə olacaqdər.

Heydər Əliyev: Çox yaxşı Sağ olun.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya