"Azərbaycan Prezidenti Heydər Əliyevin tanınmış siyasi xadim, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissinceri qəbul edərkən söhbətindən" (8 yanvar 1999-cu il) sənədinə tarixi arayış


Azərbaycan Prezidenti Heydər Əliyev və ABŞ-ın keçmiş dövlət katibi, tarixçi və dövlət xadimi Henri Kissincer ilk dəfə 1995-ci il oktyabrın 21-də Heydər Əliyevin BMT-nin 50 illik yubileyində iştirak etmək üçün ABŞ-a səfəri zamanı Nyu-Yorkda görüşüblər. Henri Kissincer həmin görüşdə Azərbaycanın dövlət başçısına ABŞ və Qərblə müttəfiqlik siyasəti apardığına görə məmnunluğunu bildirib.

Heydər Əliyev Henri Kissincerlə Ermənistanın Azərbaycana qarşı təcavüzü, bunun nəticəsində ölkənin üzləşdiyi ağır çətinliklər barədə məlumat verib. O, ABŞ Konqresinin Azərbaycana yardımı qadağan edən 907-ci düzəliş adlı qərarının ədalətsizlik olduğunu deyib. Heydər Əliyev Azərbaycanın ABŞ-la dostluq əlaqələrinin sübutu kimi neft müqavilələrində beş iri ABŞ şirkətinin iştirak etdiyini göstərib.

27 iyul - 7 avqust 1997-ci ildə ABŞ-a ilk rəsmi səfəri zamanı Nyu -Yorkda Heydər Əliyev Henri Kissincerlə ikinci dəfə görüşüb. Azərbaycan prezidenti bir daha Azərbaycanın xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsi, ölkənin neft ehtiyatlarının istismarında ABŞ neft şirkətləri ilə əməkdaşlığı məsələlərindən danışıb. O, yenə də Azərbaycanın problemləri ilə bağlı dünya ictimaiyyətinin, böyük dövlətlərin diqqətinin vacib olduğunu bildirib və 907-ci düzəlişin ləğvinin ABŞ - Azərbaycan münasibətlərinin yaxşılaşdırılması üçün əhəmiyyətli addım ola biləcəyini deyib.

Henri Kissincer Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın müstəqilliyinin möhkəmləndiriləcəyi və çətinliklərinin aradan qaldırılacağına inandığını söyləyib.

Məşhur dövlət xadimi 1999-cu ilin yanvarında Azərbaycana səfərə gəlib. O, prezident sarayında Heydər Əliyevlə görüşüb. Heydər Əliyev bu görüşün, şəxsi əlaqələrin Azərbaycan - ABŞ münasibətlərinin inkişafına daha da köməklik göstərəcəyinə əminliyini ifadə edib: "Azərbaycan Amerika Birləşmiş Ştatları ilə dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri qurur və biz bu istiqamətdə öz işimizi davam etdiririk. Bu baxımdan, şübhəsiz ki, sizinlə bizim görüşlərimiz, danışıqlarımız, məsələləri müzakirə etməyimiz və sizinlə şəxsi əlaqələrimiz, hesab edirəm ki, ümumi işimizə çox kömək etməlidir".

Henri Kissincer 907-ci düzəliş məsələsində ümumilikdə Konqresin belə qərarlarının əleyhinə çıxdığını deyib və həmin məsələnin həllinə yaxın aylar ərzində ümid etdiyini söyləyib.

Qeyd etmək yerinə düşər ki, 907-ci düzəliş 2002-ci ilin yanvarında müvəqqəti olaraq dayandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il sentyabrın 22-də Almaniyada Beynəlxalq Bertelsmann - 2006 forumunda iştirak etmək üçün Berlində olarkən məşhur dövlət xadimi Henri Kissincerlə də görüşüb. Görüşdə beynəlxalq aləmdə baş verən proseslər, Azərbaycanda gedən iqtisadi, hüquqi-demokratik islahatlar barəsində ətraflı fikir mübadiləsi aparılıb.

2007-ci ildə uydurma erməni soyqırımının ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirələrə başlanması ərəfəsində ABŞ-ın sabiq dövlət katibləri - Madlen Olbrayt, Ceyms Beyker, Uorren Kristofer, Lorens İqlberger və başqaları ilə yanaşı Henri Kissincer də palatanın spikerinə müraciət edərək qondarma erməni soyqırımı layihəsinin səsverməyə çıxarılmamağını tələb ediblər. Onlar qondarma erməni soyqırımının tanınmasını tələb edən 106 nömrəli qanun layihəsinin Türkiyə ilə Ermənistanın barışmasını mümkünsüz edəcəyini, rəsmi Ankara ilə münasibətləri korlayacağını, Amerikanın xarici və milli maraqlarına ciddi zərbə vuracağını bildiriblər (http://www.news.trendaz.com/).

Tarixi arayış 12 mart 2008-ci ildə yeniləşdirilib.

***

Heydər Əliyevin tanınmış siyasi xadim Henri Kissincerlə ilk görüşü 1995-ci ildə Nyu-Yorkda, növbəti görüşü isə 1997-ci ildə Vaşinqtonda olub. Bununla da XX əsrin iki görkəmli siyasət adamı arasında sıx münasibətlər formalaşıb. Heydər Əliyevin dəvəti ilə 1999-cu ilin yanvarında Henri Kissincer Bakıda səfərdə olub.

Səfər zamanı keçirilən görüşlərdə ABŞ ilə Azərbaycan arasındakı siyası, iqtisadi əlaqələr, Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi, 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı qəbul olunmuş 907-ci düzəliş, onun aradan götürülməsi yolları, Qafqaz bölgəsində vəziyyət və bir çox başqa məsələlər müzakirə edilib.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.139