Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hüseyn Qıvrıqoğlunu qəbul edərkən söhbətindən - 25 avqust 2001-ci il


Heydər Əliyev: Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hörmətli cənab Hüseyn Qıvrıqoğlu, mən Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin dəvətini qəbul edib Azərbaycana rəsmi səfərə gəldiyinizə görə Sizə təşəkkür edirəm.

Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq, strateji əməkdaşlıq münasibətləri ilbəil inkişaf edir. Biz bütün sahələrdə çox geniş əməkdaşlıq edirik. Bizim dostluğumuz, qardaşlığımız, dəfələrlə dediyimiz kimi, həm gündən-günə möhkəmlənəcək, bərkiyəcək, həm də əbədi olacaqdır. Bizim buna heç də şübhəmiz yoxdur. Ancaq eyni zamanda bunun özü bir prosesdir. Bu prosesdə gərək daim hansısa hərəkətverici qüvvələr olsun. Ona görə də həm Türkiyədən Azərbaycana cümhur başqanının, nazirlərin, başqa şəxslərin və xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin - Sizin səfəriniz eyni zamanda Azərbaycandan Türkiyəyə Azərbaycan prezidentinin səfəri, başqa dövlət adamlarının səfərləri - bunlar həmişə bizim əlaqələrimizi daha da sürətlə inkişaf etdirməyə şərait yaradır.

Türkiyə Respublikası ilə Azərbaycan arasındakı əlaqələrin bir hissəsi də bizim hərbi sahədəki əməkdaşlığımızdır. Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan Ordusunun formalaşmasında, təhsil-təlim işlərinin təşkilində və müasir tələblərə cavab verən səviyyəyə çatmasında Türkiyə Silahlı Qüvvələrinin çox böyük rolu vardır. Biz bunu çox yüksək qiymətləndiririk. Güman edirəm ki, Sizin bu səfəriniz zamanı bizim gələcək işlərimiz haqqında da fikir mübadiləsi aparacağıq. Bu da ondan ibarətdir ki, bu əlaqələr daha da inkişaf etməlidir və genişlənməlidir. Buna görə də mən Sizin bu səfərinizi çox yüksək qiymətləndirirəm.

Sizin səfəriniz ərəfəsində və Azərbaycanda olduğunuz zaman "Türk ulduzları"nın Azərbaycan səmasında görünməsi də çox əlamətdar bir hadisədir. Çünki birincisi, Azərbaycanda heç vaxt belə şey görünməmişdi. İkincisi, bu, Türkiyə Silahlı Qüvvələrinin, xüsusilə Hərbi Hava Qüvvələrinin nə qədər yüksək səviyyədə, dünyanın ən yüksək standartları səviyyəsində olmasını nümayiş etdirdi və etdirir. Eyni zamanda bu, Azərbaycan xalqının, bizim millətimizin, vətəndaşlarımızın böyük sevgisinə və məhəbbətinə səbəb olubdur. Güman edirəm ki, Siz də Türkiyədə Azərbaycan televiziyası ilə bu hadisəni izləmisiniz. Bilirsiniz ki, bizim böyük dənizkənarı Milli parkımız vardır. Onun uzunluğu 4 kilometrdir. Böyük bir Azadlıq meydanımız vardır. Bunlar bir yerdədir və tama-milə adamla dolu idi. Mən deyə bilərəm ki, heç vaxt Azərbaycanda belə şey olmamışdı. Azərbaycanda belə bir söz var: "İynə atsan, yerə düşməzdi". Amma təkcə oralarda yox, şəhərin bir çox yerlərində bu hadisəni ı müşahidə edirdilər. Məsələn, bizim işçilərimizin bəziləri oraya gedə bilmədiklərinə görə, bu binanın 12-ci mərtəbəsinə qalxıb oradan "Türk ulduzları" nın uçuşlarına baxırdılar.

Yaxud da Şəhidlər xiyabanı şəhərin yüksək nöqtəsindədir, bu uçuşları oradan seyr edirdilər. Şəhərin bir çox yerlərindən həmin uçuşlar seyr edilmişdir. Yalnız Azadlıq meydanına və Milli Parka toplaşmış adamların sayı demək olar ki, bir milyondan artıq olardı. Bakının hər yerindən insanlar burada toplaşmışdılar. Əgər Bakıda 2 - 2,5 milyon insan yaşayırsa, demək olar ki, onun yarısı orada idi.

Yenə də deyirəm, bu, Azərbaycanda çox böyük maraq doğurubdur. İnsanlar bunu bir bayram kimi qəbul ediblər. Özlərini daha da güclü hesab ediblər. Eyni zamanda bu hadisə Türkiyə ilə Azərbaycanın əlaqələrinin bütün sahələrdə çox yüksək səviyyədə olduğunu nümayiş etdirmişdir. Bu təşəbbüsünüzə görə Sizə təşəkkür edirəm. Doğrusu, Siz Azərbaycana əvvəlcədən dəvət olunmuşdunuz. Ancaq Sizin bu təşəbbüsünüz, - bunu son günlər bildik, - çox gözəl bir təşəbbüs oldu. Ona görə də Sizin bu səfəriniz daha da təntənəli keçir və keçəcəkdir.

Bu gün bizim Sizinlə hələ görüləsi işlərimiz var. Birincisi, biz bir çox məsələlər barəsində təkbətək danışıqlar aparacağıq. 5-6 il dəqiqədən sonra burada Sizin şərəfinizə xüsusi bir mərasim keçiriləcəkdir. Daha sonra biz birlikdə Azərbaycanın ali hərbi məktəbinin ilk buraxılışında, yəni gənc zabitlərin ilk dəstəsinin bu ali məktəbi bitirib ordu sıralarına get-məsi mərasimində iştirak edəcəyik.

Mən Sizi bir daha salamlayıram və təşəkkürümü bildirirəm.

Hüseyn Qıvrıqoğlu: Cənab prezident çox sağ olun. Əvvəlcə məni qəbul etdiyiniz üçün Sizə öz təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

Türkiyə Respublikasının prezidenti cənab Əhməd Necdət Sezərin və ölkəmizin baş naziri cənab Bülənd Ecevitin hərarətli salamlarını çatdırmaq istəyirəm. Dost və qardaş Azərbaycanda Sizinlə üçüncü dəfə birlikdə olmaqdan duyduğum məmnuniyyəti xüsusi qeyd etmək istəyirəm. İlk dəfə Azərbaycana 1998-ci ilin mayında gəlmişdim. Daha sonra təyyarə limanının açılışında birlikdə olduq. Bu isə Azərbaycana üçüncü səfərimdir. Təyyarə limanından buraya gələnə qədər yol boyu gördüyüm dəyişikliklər və tərəqqi məni çox məmnun etdi. İnanıram ki, qardaş Azərbaycan qısa müddət ərzində daha sürətlə inkişaf edərək layiq olduğu səviyyəyə çatacaqdır. Türkiyə ilə Azərbaycan bir millət - iki dövlətdir. Bizim silahlı qüvvələrimiz də son dərəcə yaxın və faydalı əməkdaşlıq edirlər. Bu əməkdaşlığın konkret bir nümunəsini bu gün hərbi məktəbdə keçiriləcək mərasim zamanı görəcəyik.

Biz Azərbaycan Ordusunu NATO standartları səviyyəsinə qaldırmaq sahəsində görülən işləri diqqətlə izləyir və təqdirlə qarşılayırıq. Mən ürəkdən inanıram ki, bu gün ilk məzunlarmı buraxan hərbi məktəbin təşkili Azərbaycan üçün son dərəcə uğurlu addımdır.

İnanıram ki, Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində böyük uğurlara nail olacaqdır. Çünki bir ölkədə və bölgə-də sülh, əmin-amanlıq ordunun və iqtisadiyyatın inkişafından asılıdır. Azərbaycan bu işdə də böyük məsafələr qət etmişdir və həmin istiqamətdə irəliləməyə davam edəcəkdir. Bizim ən böyük arzumuz bölgədə sülhə nail olmaqdır, bölgənin sülh və əməkdaşlıq bölgəsi halına gəlməsidir. Bunu bölgədəki milli ordular təmin edə bilər. Bu baxımdan, mən Azərbaycan Ordusunun möhkəmlənməsini təqdirlə qarşılayıram. Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun inkişafına bundan sonra da kömək edəcəkdir.

Məni qəbul etdiyiniz üçün Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev:  Təşəkkür edirəm. Türkiyə Respublikasının prezidenti hörmətli Əhməd Nəcdət Sezərdən və baş nazir hörmətli Bülənd Ecevitdən mənə gətirdiyiniz salamlara görə təşəkkür edirəm. Rica edirəm, mənim salamlarımı, hörmət və ehtiramımı onlara çatdırasınız, bütün türk

vətəndaşlarına çatdırasınız. Bir daha Sizə təşəkkür edirəm. İndi isə hesab edirəm ki, biz başqa bir mərasimə getməliyik. Ondan sonra Sizinlə geniş söhbət aparacağıq.

Hüseyn Qıvrıqoğlu: İcazənizlə, mən "Türk ulduzları" eskadrilyası barədə Sizə bir neçə söz söyləmək istəyirəm. Dünən bir milyon insan Azadlıq meydanında, bütün Azərbaycan xalqı isə televiziya qarşısında "Türk ulduzları "nın məharətini seyr etdi. Eyni şəkildə Türkiyədə də 65 milyon insan televiziya vasitəsilə bu hadisəyə baxdı. Çünki televiziyalar canlı yayım vasitəsilə 22 dəqiqə ərzində bunları göstərdi. Mən özüm də kabinetimdə oturaraq bütün bunlara tamaşa etdim. Buradakı azərbaycanlı qardaşlarımız kimi, Türkiyədəki vətəndaşlarımızın da çox həyəcanlandılar, hətta bəzilərinin gözlərində sevinc yaşları da göründü. Mən öz pilotlarımla və onların komandirləri ilə qürur duyuram, İnşallah, onların bu gün də eyni müvəffəqiyyət əldə edəcəklər.

Heydər Əliyev: Sağ olun.

" Azərbaycan " qəzeti, 26 avqust 2001-ci il.