Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşdəki söhbətindən - Ankara, Gülhanə Tibb Akademiyası, 18 yanvar 1999-cu il


Süleyman Dəmirəl: Dostum, qardaşım Heydər bəy! Sizi səmimi qəlbdən salamlayıram. Türkiyə ilə Azərbaycan çox yaxın dost və qardaş ölkələrdir. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr son vaxtlar çox sürətlə inkişaf edir.

Əziz Heydər bəy! Xəstəliyiniz keçmiş olsun, Sizə ulu tanrıdan cansağlığı arzulayıram. Siz burada - bu möhtəşəm tibb ocağında müayinə və müalicəni tezliklə başa çatdırıb Azərbaycana qayıdacaqsınız.

Nəzərinizə çatdırıram ki, Gülhanə Tibb Akademiyası müasir texniki avadanlığı və həkimlərin səviyyəsi nöqteyi-nəzərindən təkcə Türkiyədə deyil, ümumiyyətlə, dünya miqyasında tanınan və mütəxəssislərin rəğbətini qazanan bir tibb ocağıdır. Burada Sizə hər cür qayğı və diqqət göstəriləcəkdir. Bir daha Sizə, Heydər bəy, cansağlığı və şəfa diləyirəm.

Heydər Əliyev: Əziz Süleyman bəy! Buraya gəldiyim ilk gündən yüksək qayğı və diqqət ilə əhatə olunmuşam. Buna görə Sizə, qardaş Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirələ öz dərin təşəkkürümü bildirirəm. Türkiyə xalqına öz salamımı yetirir, hörmət və ehtiramımı bildirirəm.

Süleyman Dəmirəl: Bir müddət bundan əvvəl mən ABŞ prezidenti Bill Klintona məktub göndərmişdim. Bildirirəm ki, bu görüş ərəfəsində cavab aldım və məktubda ABŞ prezidentinin Bakı-Ceyhan neft boru xətti layihəsinə tərəfdar olduğunu, bu məsələ ilə əlaqədar ABŞ-ın öz mövqeyini dəyişməyəcəyini, Bakı-Ceyhan layihəsini gələcəkdə də dəstəkləyəcəyini ifadə etmişdir. ABŞ prezidenti həmin məktubunda Azərbaycana qarşı tətbiq edilən ədalətsiz 907-ci maddənin və ümumiyyətə, Azərbaycana iqtisadi yardımlarda hər hansı bir məhdudiyyətin əleyhinə olduğunu yazmışdır.

Heydər Əliyev: ABŞ prezidenti Bill Klintonun 907-ci maddənin əleyhinə olan mövqeyini bəyənirəm və Türkiyə dövləti rəhbərinin də bu məsələdə respublikamıza verdiyi daimi dəstəkdən məmnun olduğumu bildirirəm.

Ölkəmizə qarşı lan 907-ci maddənin 1992-ci ildə qəbul edildiyini vurğulayıram. Xatırladım ki, Azərbaycanın ardıcıl surətdə apardığı fəal siyasət nəticəsində bu məsələ bir neçə ay bundan əvvəl ilk dəfə olaraq ABŞ Konqresinin müzakirəsinə çıxarılmış və bu istiqamətdə fəal iş davam etdirilmişdir.

Mən əminəm ki, Sizinlə bir daha görüşmək, bir çox məsələlər barədə fikir mübadiləsi aparmaq, məsləhətləşmək bizim üçün, xalqlarımız üçün çox faydalı olacaqdır.