Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Eroziya ilə mübarizə həftəsi"nin açılışı mərasimində nitqi - 27 noyabr 1999-cu il


Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəl!

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti, əziz dostum Rauf Denktaş!

Dəyərli qonaqlar!

Xanımlar və cənablar!

Azərbaycan xalqı adından, öz adımdan sizi sevgi, sayğı ilə salamlayıram!

Hörmətli dostum, əziz qardaşım Süleyman Dəmirəl, Sizə çox təşəkkür edirəm ki, məni Türkiyəyə dəvət etmisiniz və bu qədər önəmli, mötəbər, möhtəşəm bir toplantıda iştirak etməyimə imkan vermisiniz.

Doğrusu, Siz məni dəvət edəndə və söyləyəndə ki, "Eroziya ilə mübarizə həftəsi" ilə bağlı burada bir toplantı var, mən bunu o qədər də dərindən anlaya bilmirdim. Sonra gəlib burada gözəl bir toplantı gördüm. Hörmətli Nihat Gökyigit mənə dedi ki, sizin də bu toplantıda nitq söyləməyiniz lazımdır. Soruşdum ki, nə danışacağam? Əziz dostum Süleyman Dəmirəl mənə dedi ki, indi oturub dinləyəcəyik və dinlədiklərimizin içərisindən də danışacaqlarımız çıxacaqdır. O, çox doğru və gözəl demişdir. Sizi dinlədikdən sonra mən də bir nitq söyləmək istəyirəm.

Əziz dostlar, bu gün TEMA vəqfinin təşkil etdiyi bu toplantı çox böyük əhəmiyyətə malikdir, çox önəmlidir və Türkiyənin həyatında son illərdə görülən böyük işlər haqqında mənim üçün çox dəyərli bilgilər verdi.

Mən Türkiyə Cümhuriyyətində hər il yeni-yeni böyük işlər görüldüyünü bilirəm. Türkiyə Cümhuriyyətinin ardıcıl olaraq inkişaf etməsini, türk xalqının rifah halının günü-gündən yaxşılaşmasını və Türkiyə Cümhuriyyətinin dünyada, dövlətlər arasında hörmətinin daha da artmasını görürəm. Eyni zamanda, Türkiyənin içində çox böyük problemlərin də olmasını görürəm. Bilirəm ki, burada çox işlər görülür. Ancaq eroziya, ekologiya məsələsinə, ətraf mühitin mühafizəsinə, torpağın qorunmasına bu qədər böyük əhəmiyyət verilməsini və bu qısa müddətdə bu qədər böyük işlər görülməsini təsəvvür edə bilmirdim.

Təbiidir ki, XX əsrdə dünyanın inkişafı, sənayeləşməsi, böyük-böyük şəhərlərin qurulması torpağa, ətraf mühitə zərər gətirir, suyu zəhərləyir və bir çox problemlər meydana çıxır. Demək olar ki, XX əsrin ortalarına qədər bu problemlər dünyada bir o qədər də önəmli yer tutmamışdır. Ancaq təxminən 50 il bundan öncə dünyada insanlar demək olar, oyandı ki, bəli, inkişaf var - sənaye, texnika inkişaf edir, insanlar həyatın bu imkanlarından daha da səmərəli istifadə edirlər. Amma unudublar ki, həyatın əsası torpaqdır, torpaqsız heç bir şey yoxdur, susuz, çaysız, dənizsiz heç bir şey ola bilməz, insan çeşməsiz, bulaqsız yaşaya bilməz. Ona görə də belə bir hərəkat başlandı. Bu hərəkat dünyanın müxtəlif ölkələrində müxtəlif səviyyədədir. Mən deyə bilərəm ki, Azərbaycanda və bizim keçmişdə yaşadığımız Sovetlər Birliyində də təxminən 70-ci illərdən bu proses, yəni ekoloji problemlər və onunla mübarizə çox sürətlə inkişaf etməyə başladı.

Ancaq dünyada da, bir çox ölkələrdə də bu barədə çox böyük nailiyyətlər əldə edilməyibdir. Deyə bilərəm ki, o cümlədən Azərbaycanda da bu problemlər bizim üçün ən çətin, ən ağır problemlərdir. Amma bu gün sizi dinləyərkən mən anladım ki, qısa bir zamanda, 7 il bundan öncə TEMA vəqfi yaranıb və bu vəqf dövlətlə birlikdə çox böyük işlər görübdür. Həmin işlər haqqında bu gün burada danışıldı.

Türkiyə böyük bir əraziyə, gözəl torpaqlara malikdir, ancaq dağları, daşları da var. Türkiyənin yeraltı sərvətləri də var, amma başqa ölkələrdəki kimi o qədər də çox deyildir. Lakin Türkiyənin yerüstü sərvətləri çoxdur. Hər bir ölkənin yerüstü sərvəti onun torpağıdır, meşəsidir, ormanıdır, dənizidir, suyudur, çayıdır, çeşməsidir, bulaqlarıdır. İnsan bunları qoruyub saxlaya bilməsə, şübhəsiz ki, onun həyatı ilbəil daha da çətinləşəcək, zorlaşacaq və insanın ömrü də azalacaqdır. Ona görə də sizin gördüyünüz bu işlər çox əhəmiyyətlidir.

Əziz dostum Süleyman Dəmirəl, mən çox məmnunam ki, Siz məni dəvət etdiniz və mən bu gün burada çox böyük bilgilər aldım. Ancaq bu barədə bir neçə kəlmə deməkdən öncə, bildirmək istərdim ki, mən bir həftə bundan əvvəl Türkiyədə, İstanbulda idim. İstanbulda ATƏT-in XX əsrdə sonuncu zirvə görüşü keçirildi. Zirvə görüşü Avropada və bütün dünyada gedən prosesləri təhlil etdi və çox önəmli, dəyərli qərarlar qəbul etdi.

Mən hesab edirəm ki, ATƏT-in indiyə qədər keçirilmiş bütün zirvə görüşlərinin içərisində İstanbul zirvə görüşü bu təşkilatı daha da yüksəklərə qaldırdı. Biz hamımız bu zirvə görüşündən sonra çox böyük məmnuniyyətlə ayrıldıq, hərə öz ölkəsinə getdi.

Məni sevindirən zirvə görüşünün təkcə bu hissəsi deyil. Məni sevindirən bir də odur ki, XX əsrin sonunda olmuş bu zirvə görüşü məhz Türkiyədə, İstanbulda keçdi. Türkiyədə, İstanbulda bu zirvə görüşü çox gözəl təşkil olunmuşdu. Mən bundan öncə də zirvə görüşlərində - ATƏT-in Budapeşt, Lissabon zirvə görüşlərində olmuşam. Tarixdə onların da hər birinin öz yeri vardır. Ancaq İstanbul zirvə görüşü həm bütün işlərin təşkilinə, həm buraya gəlmiş nümayəndələrin hər şeylə təmin olunmasına, həm də əzəmətli "Çırağan sarayı"nda hər bir dövlətin nümayəndə heyətinin səmərəli çalışması üçün imkanlar yaradıldığına və türk xalqının, Türkiyə vətəndaşlarının gözəl qonaqpərvərliyinə görə çox böyük əhəmiyyət kəsb edir və mənim gördüyüm bütün keçmiş zirvə görüşlərindən çox-çox yüksəkdir.

Mən bunları böyük qürur hissi ilə görürdüm, sevinirdim. Siz də bilirsiniz, biz də bilirik, ATƏT-in üzvü olan bütün ölkələr də bilirlər ki, bütün bu işlərin belə gözəl təşkil edilməsində Türkiyə Cümhuriyyətinin prezidenti, cümhur başqanı hörmətli Süleyman Dəmirəlin xüsusi xidmətləri olmuşdur. Bunu bütün ölkələrin başçıları söyləmişlər. Mən bir dost kimi, qardaş kimi buna sevinirəm.

Son zamanlar məni sevindirən bir də o oldu ki, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton ATƏT-in zirvə görüşündən öncə Türkiyəni ziyarət etdi. Bildiyimə görə, Amerika Birləşmiş Ştatlarının prezidenti 10 il idi ki, Türkiyədə olmamışdı.

Prezident Bill Klintonun bu ziyarəti də adi bir ziyarət olmadı. O, burada çox vaxt keçirdi, həm rəsmi görüşlər keçirdi, danışıqlar apardı - prezidentlə, hökumətin üzvləri ilə görüşdü, Böyük Millət Məclisində oldu, xalq ilə görüşdü, zəlzələ baş vermiş bölgəyə getdi, Türkiyənin tarixi yerləri ilə tanış oldu. Yəni dünyanın ən böyük dövləti olan Amerika Birləşmiş Ştatlarının prezidentini Türkiyə nə qədər maraqlandırmışdı! Şübhəsiz ki, bu da Türkiyənin hörmətini dünya miqyasında daha da yüksəltdi.

Prezident Bill Klinton burada həm Böyük Millət Məclisində, həm də zirvə görüşündə gözəl nitqlər söylədi. Onun nitqindəki iki fikir məni sevindirdi. Biri odur ki, o söylədi: "Soyuq müharibə"nin bitməsinə, sona çatmasına baxmayaraq, Türkiyə Amerika Birləşmiş Ştatları üçün, qərb üçün yenə də ən strateji əhəmiyyətli bir ölkədir və bu strateji əhəmiyyətini itirməyibdir. İkincisi isə, o dedi ki, Türkiyədə və bütün bu bölgədə prezident Süleyman Dəmirəlin liderliyi bu ölkələrin, Türkiyənin inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir. Türkiyənin dostu, Süleyman Dəmirəlin dostu olaraq mən bu sözlərə görə çox sevindim və çox şad oldum.

Bugünkü toplantı haqqında onu deyə bilərəm ki, bu, çox gözəl bir işdir. Bu, Türkiyə Cümhuriyyətinin vətəndaşları, gələcək nəsillər üçün çox dəyərli bir işdir. Sevindirici hal odur ki, bu işi həm vəqf, həm də hökumət, dövlət görür. Onlar bütün imkanlarını, qüvvələrini birləşdiriblər. Bu gün burada verilən bilgilərdən anladım ki, 1992-ci ildən, bu vəqfin təşkil olunmasından Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəl ona başçılıq, himayədarlıq edir və bu işin təşkilində öz xidmətlərini göstərir. Elə "Çankaya" köşkündə keçirilən bugünkü toplantı da mənim bu sözlərimi təsdiq edir.

Dediyim kimi, Azərbaycanda bu problemlər daha çox vardır. Çünki birincisi, biz keçmişdə Sovetlər İttifaqının tərkibində yaşayarkən müstəqil dövlət olmadığımıza görə hər bir sahəyə istədiyimiz qədər fikir verə bilməmişik. Bizdə hər bir şey dövlətin olubdur. Əgər dövlət vəsait ayırırdısa, demək, iş görmək olardı. Amma vəsait ayırmırdısa, iş görmək olmurdu. Lakin sizin ölkənizdə həm dövlətin, həm də özəl sektorun vəsaiti vardır. Özəl sektorun qurduğu vəqflər dövlətin və özlərinin vəsaitlərini birləşdirib çox işlər görürlər.

Azərbaycanın torpaqlarında da eroziya problemləri vardır və bunlar çoxdur. Suvarılan torpaqlarımızın duzlaşması, şoranlaşması da, ormanlarımızın, meşələrimizin qırılması da bizi rahatsız edir. Bizi ən çox narahat edən odur ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyon azərbaycanlı zorla çıxarılıbdır, didərgin düşübdür, çadırlarda yaşayır. Həmin torpaqlar Azərbaycanın ən məhsuldar, münbit torpaqlarıdır. İndi onlar hamısı viran edilibdir, dağıdılıbdır. Bir tərəfdən, istifadə olunmadığına, ikinci tərəfdən isə oradakı şəhərlər, kəndlər, bütün binalar - hamısı dağıdıldığına görə şübhəsiz ki, torpağa da çox böyük zərər dəyibdir. Ona görə də bizim ölkədə bu problemlər daha da kəskin durur.

Bizim üçün ən kəskin problem suyun zəhərlənməsi, çirklənməsidir. Bilirsiniz ki, Azərbaycana sular əsasən Araz və Kür çaylarından gəlir. Həmin çaylar öz mənbəyini, başlanğıcını Türkiyənin dağlarından götürür. Ancaq təəssüflər olsun ki, bu sular Azərbaycana çatana qədər Gürcüstanın və Ermənistanın ərazisindən keçir. İndi həm Gürcüstanda, həm Ermənistanda bu çaylara atılan zəhərli tullantılar, kirlər, çirkablar şübhəsiz ki, bu suyu zəhərləndirir. Bu çaylar - Kür və Araz birləşərək gəlib Xəzər dənizinə tökülür. Bu da bizim üçün çox ağır, çətin bir problemdir.

Xəzər dənizi təkcə Azərbaycana məxsus deyildir - Rusiyaya, Qazaxıstana, Türkmənistana, İrana, Azərbaycana məxsusdur. Amma Xəzər dənizi də çox zəhərlənir, kirlənir. Xəzər dənizinə ən çox zəhərli suları, maddələri həm Volqa çayından, həm də Xəzərin ətrafında olan sənaye müəssisələrindən tökən Rusiyadır. Bunlar da bizim üçün problemdir. Çünki Azərbaycan üçün Xəzər torpaq qədər əhəmiyyətlidir, dəyərlidir. Biz bu işlərlə məşğul oluruq. Ancaq şübhəsiz ki, sizin kimi məşğul ola bilmirik. Siz böyük dövlətsiniz, gözəl quruluşunuz var, demək olar ki, hər şeyi çoxdan təkər üstünə qoymusunuz. Amma biz gənc, müstəqil dövlətik. Müstəqilliyimizi, bağımsızlığımızı 8 il bundan öncə əldə etmişik.

Bilirsiniz ki, bu 8 ildə bizim çalışmağımız, vuruşmağımız, birincisi, müstəqilliyimizi qorumaq, ikincisi, işğal edilmiş torpaqları azad etmək, Azərbaycanın ərazi, torpaq bütövlüyünü təmin etmək uğrunda olubdur. Bir də keçmiş sosialist sistemindən yeni sistemə, yəni sərbəst iqtisadiyyat sisteminə keçmək, bazar iqtisadiyyatı sistemini yaratmaq, demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, demokratiyanı inkişaf etdirmək - bunlar hamısı bizim üçün yenidir. Biz 70 il kommunist ideologiyası altında yaşamışıq. Biz 70 il Sovet İttifaqının qanunları ilə yaşamışıq. Bizdə özəl mülkiyyət olmayıb, hamısı dövlət mülkiyyəti idi. Torpağın da hamısı dövlətin olubdur. Torpaq da dövlətin olduğuna görə onun qayğısına o qədər də qalmayıb, onu eroziyadan, duzlaşmadan, başqa şeylərdən qorumayıbdır.

İndi biz böyük inqilab edirik. Torpağı kəndlilərə, yəni torpaqda işləyənlərə, çalışanlara veririk. Amma təsəvvür edin, XX əsrdə iki inqilab oldu. Sovet hakimiyyəti qurulandan sonra 20-ci ildən 30-cu ilə qədər həm Azərbaycanda, həm də keçmiş Sovetlər İttifaqının hər yerində torpaqlar, mal-qara, bütün mülkiyyət insanlardan zorla alındı, ümumiləşdirildi, dövlətləşdirildi. Bu, əzablı bir proses oldu. 10-15 il davam etdi. Buna görə çoxlu insan şəhid oldu. Çünki bu prosesə müqavimət göstərənlər, mülkünü, torpağını, malını vermək istəməyənlər də var idi. Amma kim belə mövqe tuturdusa onlar ya həbs edilirdi, ya da yurdundan uzaq yerlərə sürgün olunurdu. Yəni 10-15 il belə proses getdi. Sonra kolxozlar, sovxozlar quruldu, insanlar buna bir az öyrənişdi.

İndi biz yeni bir inqilab aparırıq: dövlətdə olan bütün mülkiyyəti insanlara, xalqa veririk, torpağı kəndlilərə paylayırıq. Ona görə də 40, 50 il, bəlkə də 60 il torpağın sahibi olmamış adam, gedib ancaq torpaqda işləyib müəyyən miqdarda para almış adam indi gərək bu torpağın sahibi olsun, ondan istifadə edə bilsin. Gərək onun traktoru və başqa şeyləri olsun.

Bu, çox ağır bir prosesdir və biz bu proseslərin içindəyik. Amma buna baxmayaraq biz bütün bu problemlərə, yəni ekoloji, eroziya və digər problemlərə də fikir veririk. Ancaq bu gün burada olmağım mənim üçün ona görə çox əhəmiyyətlidir ki, mən sizin təcrübəni öyrəndim. Hesab edirəm ki, bizim müvafiq təşkilatlarımız, nazirliklərimiz, alimlərimiz əgər mümkün olsa gəlib müəyyən müddətdə buradakı təcrübədən istifadə edəcəklər. Çünki şəxsən mən sizin bu gözəl təcrübənizi Azərbaycan üçün, özümüz üçün bir örnək kimi qəbul edirəm. Hesab edirəm ki, bunlar bizə yardım edəcək və biz də gələcəkdə sizin kimi bu problemləri həll etməyə çalışacağıq.

Mən bir daha bildirmək istəyirəm ki, əziz dostum Süleyman Dəmirəlin dəvətinə əsasən buraya gəlməyimdən çox məmnunam, çox sevinirəm. Çox sevinirəm ki, sizinlə, belə çox dəyərli insanlarla görüşdüm, çox dəyərli nitqlər, fikirlər dinlədim. Burada oturarkən düşünürdüm ki, böyük öndər Mustafa Kamal Atatürk 76 il bundan öncə cümhuriyyət yaradıbdır. Bu cümhuriyyət yaşayır və böyük Atatürkün yolu ilə gedir. Bu cümhuriyyət çox güclü, qüdrətli cümhuriyyətdir.

Türkiyə demokratik, azad, müstəqil ölkədir və dünya birliyində öz yerini tutubdur. Allah isə Anadolu kimi gözəl bir məkanı və onun gözəl torpaqlarını türk xalqına, bizim qardaşlarımıza bağışlayıbdır. Mənim arzum odur ki, Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı daim Mustafa Kamal Atatürkün yolu ilə getsin, türk xalqı onun əlində olan bu neməti, torpağı, bütün imkanları qorusun. Beləliklə də Türkiyə Cümhuriyyəti Atatürkün nəsihətlərini yerinə yetirmiş olacaqdır.

Sizə təşəkkür edirəm. Sağ olun.