12 noyabr Konstitusiya günü münasibətilə Azərbaycan xalqına təbrik - Bakı şəhəri, 11 noyabr 1998-ci il


Əziz Azərbaycan vətəndaşları!

Sizi 12 noyabr Konstitusiya günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən bu Konstitusiya Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaratmışdır.

Xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu və parlaq təntənəsinin əksi olan konstitusiyamız xalqın iradəsini ifadə edərək dövlətimizin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini müəyyən etmişdir.

Azərbaycanda demokratik proseslərin getdikcə dərinləşdiyi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə Konstitusiyanın əsas müddəalarının həyata keçirilməst, respublika həyatının bütün sahələrinin yeniləşməsində onun açdığı geniş imkanlardan hərtərəfli istifadə olunması hər bir vətəndaşdan böyük səy və məsuliyyət tələb edir. Qarşımızda duran ən mühüm vəzifə Konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir.

Əziz vətəndaşlar!

Əmin olduğumu bildirirəm ki, müstəqil dövlətimizin möhkəmlənməsi və tərəqqisi yolunda hər bir vətəndaş böyük məsuliyyət hissi duyaraq, yeniləşən cəmiyyətimizin bütün sahələrində Konstitusiyanın əsas müddəalarının qorunmasına və həyata keçirilməsinə çalışacaqdır. Sizə bu yolda müvəffəqiyyət və səadət arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 noyabr 1998-ci il

Tarixi arayış