Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin nümayəndə heyətlərinin iştirakı ilə görüşündə söhbətdən - Prezident sarayı, 17 sentyabr 2002-ci il


Heydər Əliyev: Hörmətli cümhur başqanı!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz. Qardaş ölkəmiz Türkiyədən Azərbaycana hər dəfə hər bir heyətin gəlməsi bizim üçün böyük hadisədir. Cümhur başqanının gəlməsi, onunla bərabər nümayəndə heyətinin gəlməsi ən böyük hadisədir. Mən buna görə çox təşəkkür edirəm.

Hörmətli cümhur başqanı, təşəkkür edirəm ki, siz mənim dəvətimi qəbul etmisiniz, gəlmisiniz və sizinlə bərabər 8 il bundan öncə başladığımız işin son mərhələsini tamamlayacaq, yəni Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasının başlanmasının təməlini qoyacağıq. Biz bu işi bir yerdə aparmışıq və 1994-cü ildə müqaviləni imzalayanda orada yazmışdıq ki, Xəzər nefti buradan Türkiyəyə gedəcəkdir, Ceyhana gedəcəkdir. Gürcüstandan keçib gedəcəkdir.

Bilirsiniz, bu illər bizim problemlərimiz olubdur. Onun əleyhinə çıxanlar, ona mane olmaq istəyənlər olubdur. Ancaq biz bu maneələrin hamısını aşmışıq, bu günə gəlmişik. İndi layihə hazırdır, hər şey hazırdır, sabah təməli bir yerdə qoyacağıq. Ona görə, hesab edirəm ki, bu, Türkiyə üçün də, Azərbaycan üçün də çox böyük bir işdir, böyük bir layihədir və bizim ölkələrimizi bir-birinə təkcə iqtisadi cəhətdən yox, siyasi cəhətdən bağlayan bir boru xəttidir. Cənubi Qafqazda təhlükəsizliyin yaranması üçün çox böyük bir amildir. Ona görə bunun mənası təkcə ondan ibarət deyil ki, buradan neft harasa gedəcəkdir. Bu, böyük iqtisadi məsələdir, amma mənası daha da böyükdür.

Hesab edirəm ki, biz başqa işlərdə də, amma xüsusən bu işdə həmişə bir yerdə olmuşuq, bir yerdə çalışmışıq və bir yerdə də bunun təməl daşını atmalıyıq. Biz sonra bunun inşasını Azərbaycanda, Gürcüstanda aparacağıq. Siz isə "Botaş" şirkəti vasitəsilə Türkiyədə aparacaqsınız. Gün o gün olacaq ki, 2005-ci ildə kəmər hazır olacaq, biz gəlib sizinlə ona buradan baxıb, sonra uçub Ceyhana gedəcəyik. Ceyhanda neftin oraya gəlməsini görəcəyik və bayram edəcəyik.

Xoş gəlmisiniz!

Əhməd Necdət Sezər: Çox hörmətli cümhur başqanı!

İki ildən sonra yenidən Azərbaycanda, Bakıda olmaqdan böyük məmnuniyyət hissi duyuram. Buraya gəldiyimiz andan bizə göstərdiyiniz böyük qonaqpərvərliyə görə öz adımdan və nümayəndə heyəti adından Sizə dərin təşəkkürümü bildirirəm.

Ötən illər ərzində Trabzonda və İstanbulda Sizinlə iki dəfə bir yerdə olduq. Bir az öncə təkbətək görüşdə oktyabrın 14-də İstanbulda keçiriləcək EKO-nun zirvə toplantısında iştirak edəcəyinizi də məmnuniyyətlə öyrəndim. Təxminən bir aydan sonra yenidən bir yerdə olacağıq.

Sizin də qeyd etdiyiniz kimi, istər ölkələrimizin, istərsə də bölgədə yaşayan xalqların sabitliyi və təhlükəsizliyinə böyük kömək olacaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin sabah təməlini qoyacağıq. Uzun illər davam edən bu işin son nöqtəyə çatmasında ən böyük pay sahiblərindən biri Sizin kişiliyiniz, şəxsiyyətinizdir. Bu baxımdan bölgə xalqları bu iqtisadi layihənin həyata keçirilməsində göstərdiyiniz qayğı və dəstəyə görə həmişə Sizə minnətdarlıq hisslərini bildirəcəklər. Buna əmin ola bilərsiniz.

Siz bu böyük layihə barədə "Üç dənizin əfsanəsi" konfransında demişdiniz ki, arzularımız var. Artıq bu, arzu, xəyal deyildir. Çünki Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xəyal olmaqdan çıxdı və artıq gerçəkləşdi. Həqiqətən sabah bunun real gerçəkliyini gözlərimizlə görəcəyik. İnşallah, bundan sonra digər xəyalların da reallaşması üçün çalışacağıq. Azərbaycan və Türkiyə indi xəyal kimi görünən digər bir layihəni, bir az öncə haqqında söhbət etdiyimiz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisini həyata keçirəcəkdir. Bu layihəni də həyata keçirmək üçün hər iki tərəfin böyük fəaliyyət göstərəcəyinə inanıram.

Heydər Əliyev: Təşəkkür edirəm. Hörmətli cümhur başqanı, biz Sizinlə indi təkbətək söhbət etdik, bir çox məsələlər haqqında fikir mübadiləsi apardıq. Həmişə olduğu kimi, bu dəfə də fikirlərimiz eynidir və Türkiyə-Azərbaycan əlaqələri, yaxud bizim bölgədə olan problemlərin hamısı barədə eyni dünyagörüşümüz, eyni baxışlarımız var. Bu da Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrinin təzahürüdür. Biz bu əlaqələri çox yüksək qiymətləndiririk. Onların bütün sahələrdə - iqtisadi, siyasi sahədə, sosial, mədəni sahədə, humanitar sahədə daim inkişaf etməsi üçün biz öz səylərimizi göstəririk və bundan sonra da göstərəcəyik. Dəfələrlə demişəm - bizim dostluğumuz əbədidir, sarsılmazdır. Bu, belə də olacaqdır. Mən hər dəfə bunu təsdiq edirəm. Çünki zaman keçdikcə kimsə düşünər ki, bəlkə bu, belə deyildir. Ona görə bu, elə bir şeydir ki, bunu ardıcıl surətdə təsdiq etmək lazımdır ki, xalq da bilsin, dünya da bilsin, dövlətlər də bilsin.

Əhməd Necdət Sezər: Hörmətli cümhur başqanı, təbii, ölkələrimiz arasında, iki qardaş ölkə arasında siyasi sahədə heç bir problem yoxdur. Ancaq iqtisadi və ticarət əlaqələri yetərli səviyyədə deyildir. Bunu inkişaf etdirmək məcburiyyətindəyik. Bunu inkişaf etdirmək üçün də hər iki tərəfin müştərək fəaliyyət göstərməsi vacibdir. Mən keçən ilin statistikasına baxdım. 2001-ci ilin ticarət həcmi ilə 2002-ci ilin ticarət həcmi arasında on bir faiz azalma var. Bildiyiniz kimi, Türkiyə iş adamlarının burada qoyduğu sərmayə 23 milyon dollar həcmindədir. Bunun daha da artırılmasını istəyirik, iş adamlarımızı buna çağırırıq. Ancaq iş adamlarımızın xarici sərmayənin təşviqi, vergi, gömrük sistemləri, hətta nəqliyyat və bank sistemində müəyyən sıxıntılı anlan vardır. Biz bu sıxıntıların aradan qaldırılması üçün buraya mütəxəssislər göndərib bu sahədə müəyyən işlərə yardımçı ola bilərik.

Heydər Əliyev: Ola bilər. Ancaq demək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan boru xətti ilə əlaqədar sabah terminalı görəcəyik. Türkiyənin "Tekvem" şirkəti 70 milyon dollarlıq bir müqavilə əldə edibdir. Orada işləyəcəkdir. Digər şeylər də var.

Abid Şərifov (baş nazirin müavini): Cənab prezident, "Şimal" elektrik stansiyasına boru xəttinin tikilməsini də biz Türkiyə şirkətinə vermişik.

Heydər Əliyev: Verilib, nə qədərdir?

Abid Şərifov: Haradasa 50 milyon dollara yaxındır. Amma bilavasitə Sizin göstərişinizi istər Naxçıvanda hava limanının yenidən qurulması - təxminən 22-23 milyon dollar həcmində - istərsə də Vayxır Su Elektrik Stansiyası da...

Heydər Əliyev: Türk iş adamlarına verilibdir.

Abid Şərifov: Bəli.

Cənab cümhur başqanı, demək istəyirəm ki, o türk şirkətləri ki, Azərbaycanda ihalə ilə pul qazanırlar, bu, siz söylədiyiniz rəqəmə girmir. Bakı-Qazıməmməd yolunu da türk şirkəti tikir.

Heydər Əliyev: Mən gördüm, gözəl bir yol çəkilir. Türk şirkəti çəkir. Nə qədərdir, 40 milyon?

Abid Şərifov: Cənab prezident, 27 milyon dollardan çoxdur.

Heydər Əliyev: Burada 27 milyon dollarlıq yol tikirlər. İndi bunu mənə xatırlatdı. Mən 20 gün bundan öncə Naxçıvana getmişdim. Naxçıvanda hava limanının tikilməsinə qərar verdim. Təxminən 20-22 milyon dollar həcmində işi Türkiyənin şirkəti - hansı ki, bizim Bakı hava limanını tikibdir - o görəcəkdir. Bunu tapşırdım. Sonra orada bizim böyük bir çay var, stansiya tikirik. Onun bir hissəsi də tikiləcəkdir. Onda həcm təxminən nə qədərdir?

Abid Şərifov: 22-23 milyon dollar.

Heydər Əliyev: 22-23 milyon. Sən o şirkəti dedin, yoxsa?..

Abid Şərifov: Cənab prezident, layihə tamamlanıbdır, bu ayın 30-dək hər şey başa çatacaqdır.

Heydər Əliyev: Onu da verdik.

Əhməd Necdət Sezər: Hörmətli cümhur başqanı, mənim demək istədiyim budur ki, xarici sərmayənin təşviqi əsasında vergi, gömrük, nəqliyyat və bank sistemlərində çağdaş qanunlar qəbul olunarsa, türk iş adamlarının sərmayəsi daha da artacaqdır. Bu çatışmazlığın aradan qaldırılması vəziyyətində türk sərmayəçiləri buraya daha çox gələcəklər. Bunları demək istəyirəm.

Heydər Əliyev: Doğru deyirsiniz, onları etmək lazımdır. Ancaq biz Türkiyənin böyük şirkətlərinə iri layihələr veririk. Kiçik şeylər, gedib bir mağaza açmaq və sairə yox. Bu yaxınlarda bir türk iş adamı Bakıda böyük bir ticarət mərkəzi açdı. Gərək ki, sizin nazir də gəlmişdi.

Abid Şərifov: Bəli, ticarət mərkəzi açıldı.

Heydər Əliyev: Böyük ticarət mərkəzi açdı. Bilmirəm, orada nə qədər mağaza, filan var. Hörmətli naziriniz də onun açılışına gəlmişdi. Hətta mənə dedilər ki, Tatlısəs də qəlib orada mahnı oxumuşdur. Mən görməmişəm, amma görənlər deyir ki, çox böyük bir ticarət mərkəzidir. Bunu da türk iş adamı etdi.

Abid Şərifov: Cənab prezident, icazənizlə bir məlumatı da Sizin diqqətinizə çatdırardım. Biz hörmətli türkiyəli nazirlə belə bir protokol imzalamışıq ki, iki-üç ay içində Türkiyə tərəfi 5 illik proqram hazırlasın. Biz bunu onlardan gözləyirik və bunu müvafiq nazirliklərlə razılaşdırdıqdan sonra Sizə təqdim edəcəyik. Bu, Türkiyə ilə Azərbaycan arasında uzunmüddətli iş proqramıdır. Bunu düşünürük, inşallah, edəcəyik.

Əhməd Necdət Sezər: Hörmətli cümhur başqanı, növbəti görüşlərimizdə danışacağıq. Amma son olaraq demək istəyirəm ki, nəqliyyatçılardan dövlət yol haqqı alınır. İndi Türkiyədən gələn malların doxsan faizini İran maşınları daşıyır. Çünki İran maşınlarından yol haqqı alınmır. Bu sahədə Rusiya və İrana güzəşt mövcuddur. Biz heç nə istəmirik, o güzəşti aradan qaldırın, hər şey yetər. Əgər bu olarsa, bizim yükdaşıyan şirkətlər də bu haqqı tanıyacaqlar.

Heydər Əliyev: (Abid Şərifova müraciətlə) Bu problemlər nə qədər olacaqdır? Söylə görüm, nədir bu problem, hər dəfə qaldırılır? Siz nə üçün bunu həll edə bilmirsiniz? Mən başa düşə bilmirəm.

Abid Şərifov: Cənab prezident, söhbət ondan gedir ki, biz İran yük maşınlarından vergilər tutmurduq. Bu, Naxçıvana gedən bizim yük maşınları üçün problem yaratmamaq məqsədi ilədir. Bir il əvvəl Türkiyə tərəfi bizə öz məsləhətlərini verdi. Mən də Sizə məruzə etdim. Artıq on gün əvvəl Siz o fərmana imza atmısınız. Yəqin ki, oktyabr ayının 1-dən İran tərəfindən də eyni cür vergilər tutulacaqdır.

Siz nəqliyyatla əlaqədar İstanbulda da mənə tapşırmışdınız. Biz orada müvafiq nazirlikdə görüş keçirdik. Mən Sizə məruzə etmişdim. Bir neçə problem var, ancaq düşünürəm ki, biz bunu ilin sonunadək həli edəcəyik. İstər humanitar yüklərin Avropadan Əfqanıstana daşınmasında, istərsə də başqa problemlər. Biz bu barədə müvafiq nazirliklərlə işləyirik və Türkiyənin ölkəmizdəki səfirinə də söyləmişik. Bunlar gələn ilin büdcəsinə salınacaqdır.

Heydər Əliyev: Bu, hər şeyə cavabdehdir.

Əhməd Necdət Sezər: Biz sərhədə daxil olanlardan 10 dollar həcmində gömrük pulu alırıq. Ümumiyyətlə, iş adamları 45-50 dollara yaxın pul ödəyir. Burada isə bu verginin həcmi 250 dollara çatır.

Heydər Əliyev: Hörmətli cümhur başqanı, mən bu məsələləri anlayıram. Buna sonra baxarıq.

Yaxşı, başqa bir sözünüz yoxdursa, biz sabah böyük bir mərasimdə olacağıq.

Məmməd Əliyev (Azərbaycanın Türkiyədəki səfiri): Möhtərəm prezident, icazənizlə bir məsələni demək istəyirəm.

Hörmətli cümhur başqanı Əhməd Necdət Sezər, Türkiyə tərəfi Azərbaycandan gələnlərdən 50 dolları almasa, çox yaxşı olar. Türkiyədə Kiprə gedənlərdən bunu almırlar. İndi qərar qəbul ediblər, Türkiyədən çıxan hər adamdan 50 dollar alırlar. Bu, xüsusilə Türkiyədən Naxçıvana gələn adamların qarşısını alır. Əgər Türkiyə tərəfi Kiprə gedənlərdən olduğu kimi, Naxçıvana, Azərbaycana gələnlərdən də bunu almasa, çox yaxşı olar.

Əhməd Necdət Sezər: Bəli, biz bunu türk puluna çevirdik. Türkiyədən haraya gedirlər getsinlər, bunu alırıq.

Məmməd Əliyev: Hörmətli cümhur başqanı, bunu almasanız daha yaxşı olar.

Heydər Əliyev: Yaxşı, sağ olun.

"Azərbaycan" qəzeti, 18 sentyabr 2002-ci il.